Tehranda partlayış oldu

Tehranın Çitqar bölgəsində hündürmərtəbəli yaşayış binasında partlayış olub. Sozcu.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Şahidlərin sözlərinə görə, partlayışa səbəb kiçik ölçülü pilotsuz uçan aparat zərbəsi olub. Tehran Fövqəladə Hallar Təşkilatı isə partlayışın qaz sızması nəticəsində baş verdiyini bildirib.

55 yaşlı kişi faciəvi şəkildə öldü

Hacıqabulda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun İkinci Udulu kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Yusif Əli oğlu Ağayev yaşadığı evin həyətyanı sahəsində yerləşən artezian quyusundan su götürmək istəyən zaman, nasosa qoşulmuş və gərginlik altında olan elektrik naqilinin izolyasiyasız hissəsinə toxunması nəticəsində cərəyan vurmasından hadisə yerində ölüb. Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Avropada 2300 adam istidən öldü

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin alimlərinin araşdırmasında qeyd olunub.

Zığ şosesində yanğın olub

Paytaxtın Suraxanı rayonunda, Zığ şosesi yaxınlığındakı açıq ərazidə yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Abşerondakı partlayışda yaralananların son durumu - GÖRÜNTÜ

Abşeronda Gənclər şəhərciyindəki binalardan birində baş verən partlayış zamanı yaralananların vəziyyəti açıqlanıb.  Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib.  Bildirilib ki, ötən gün saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub. Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. 1980-ci il təvəllüdlü (qadın cinsli), 2010-cu il təvəllüdlü (kişi cinsli), 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxslərə müxtəlif bədən üzvlərinin çoxsaylı yanığı diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, partlayış onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində baş vermişdi. 

"Ukrayna dronları Rusiyanın cənubundakı neft emalı zavodunu vurub" - Ukrayna BKİ

"İlsk Neft Emalı Zavoduna zərbə və Rusiyanın hərbi infrastrukturlarına ardıcıl hücumlar..." Ukraynanın Hərbi Kəşfiyyat İdarəsinin (BKİ) uzaqmənzilli döyüş dronları iyulun 7-də Rusiyanı  Krasnodar diyarında yerləşən A. Şamar adına İlsk Neft Emalı Zavoduna zərbə endirib. Bu zavod Cənub Federal Dairəsinin aparıcı neft emalı müəssisələrindən biri sayılır. Sozcu.az xəbər verir ki, bu barədə "pravda.com" nəşri məlumat yayıb. Hədəfdə əsas enerji infrastrukturudur Ukrayna kəşfiyyat mənbələrinin verdiyi məlumata görə, hücum nəticəsində zavodun texnoloji sexlərindən biri ciddi şəkildə zədələnib. Yerli Rusiya KİV-ləri də hadisəni təsdiqləyib və zərbənin nəticələrini işıqlandırıb. Hərbi təyinatlı enerji mərkəzi A. Şamar adına İlsk Neft Emalı Zavodu həm neft və qaz kondensatının qəbulu, saxlanması və emalı, həm də hazır məhsulların avtomobil və dəmir yolu ilə daşınması üzrə fəaliyyət göstərir. Kəşfiyyat məlumatlarına görə, bu müəssisə Rusiyanın hərbi-sənaye kompleksinin bir hissəsi kimi Ukraynaya qarşı müharibədə dolayı rol oynayır. Zavodun istehsal etdiyi yanacaq məhsulları Rusiya ordusunun texnikası üçün strateji əhəmiyyət daşıyır, xüsusilə Cənub Hərbi Dairəsinin ehtiyaclarını qarşılayır. İkinci zərbə: Vladivostokda partlayış və yanğın İlskdəki hücumdan bir neçə gün oncə, iyulun 5-nə keçən gecə Rusiyanın Uzaq Şərqində, Vladivostok yaxınlığında magistral qaz kəməri partladılıb. Kəşfiyyat məlumatlarına əsasən, bu partlayış və ardınca baş verən yanğın nəticəsində Yapon dənizi sahil xətti boyunca uzanan "Vladivostok" qaz magistralının bir neçə hissəsi məhv edilib. Bu qaz kəməri Rusiyanın Sakit Okean Donanmasının 155-ci dəniz piyadaları briqadası da daxil olmaqla, sahil boyu yerləşən bir sıra hərbi obyektlərin qazla təminatında mühüm rol oynayır. Kəmərin bir hissəsinin yalnız bu ilin mart ayında istismara verildiyi bildirilir. Eyni zamanda hərbi qarnizonları içməli su ilə təmin edən mühüm bir su xətti də partladılaraq sıradan çıxarılıb. Enerji infrastrukturuna hücumların strateji məqsədi Ukrayna son aylarda Rusiya ərazisində yerləşən enerji, yanacaq və kommunikasiya infrastrukturuna ardıcıl zərbələr endirir. Bu strategiya xüsusilə hərbi logistikanı iflic etmək, yanacaq təminatını pozmaq və Rusiya ordusunun müharibə aparmaq qabiliyyətini zəiflətmək məqsədi daşıyır. Əsasən uzaqmənzilli kamikadze dronlar və partlayıcı yüklü pilotsuz uçuş aparatlarından istifadə olunur. Hədəf alınan müəssisələr isə çox vaxt sivil maskalanma altında hərbi ehtiyaclara xidmət edən enerji obyektləri olur. Rusiya tərəfindən açıqlama Rusiya Müdafiə Nazirliyi son hücumlarla bağlı hər zamankı kimi yalnız "dronların məhv edildiyini" bildirir, amma nəticədə baş verən ziyan və ya yanğınlar barədə ya məlumat vermir, ya da onları texniki qəza kimi təqdim edir. Müstəqil müşahidəçilər isə Ukraynanın bu hücumlarının artmaqda olduğunu və Rusiya ərazisindəki kritik infrastrukturun getdikcə daha həssas hala gəldiyini qeyd edir.

Bakıda məşhur brendin anbarı yandı: geyimlər məhv oldu

“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib. Sozcu.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə iyulun 6-da gecə saat 02:00 radələrində olub. Hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında yaşanıb. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub. İlkin məlumata görə hadisə qısapanmadan baş verib.

Laçında yük maşını dərəyə aşdı

Laçında "HOWO" markalı yük maşını dərəyə aşıb. Sozcu.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma başlanıb.

Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı Hüseynov Sübhan İlham oğlu vəfat edib.  "Unikal"ın əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant Ucar rayonunun Qazyan kəndindəndir.  Məlumata görə o, bir müddət öncə Ucar rayon Mərkəzi Xəstəxanasında qıl dönməsi səbəbi ilə əməliyyat olunub. S.Hüseynov burada narkozun təsirindən komaya düşüb. Daha sonra onu Bakıdakı özəl xəstəxanaların birinə çatdırıblar. Maliyyə çatışmazlığı səbəbindən Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən baş leytenant komadan ayılmağı bacarsa da, bu gün dünyasını dəyişib.  Marqarita pizza O, doğulduğu Qazyan kəndində dəfn olunacaq. 

19 yaşlı gənc Kürdə boğuldu

09:43 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. *** Sabirabadda Kür çayında boğulan şəxsin meyiti tapılıb. Bildirilib ki, çayda çimərkən boğulan kənd sakini 2006-cı il təvəllüdlü Eldəniz Sabir oğlu Məmiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə 3 uşaq göldə batdı - İkisi qardaşdır

18:45 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin (uşaq) göldə batması barədə məlumat daxil olub. FHN-dən Sozcu.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. *** Şəmkir rayonunun Qədimqala kəndində suni göldə batan 7 yaşlı Rəvan Nadirli və onun qardaşı 9 yaşlı Fərdi Nadirlinin meyitləri sudan çıxarılıb. Teleqraf-ın məlumatına görə, hazırda Fövqaladə Hallar Nazirliyin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 4 yaşlı İsmayıl Nadirlinin meyitinin axtarışları davam edir. Məlumat üçün bildirək ki, hər üç uşaq sözügedən kənddə yaradılan süni göldə çimərkən boğulublar. *** Qədimqala kəndində suni göldə batan İsmayıl Nadirlinin də meyiti sudan çıxarılıb. İ.Nadirli digər iki uşağın əmisi oğludur.

Şərurda ŞOK! Deputat sakini döydü

Naxçıvan MR Ali Məclisinin deputatı Əli Abbasov Şərur rayonun Şəhriyar kəndində sakin B.B- ni yumruqla döyüb. Qısqanclıq zəminində baş verən hadisəyə deputatın kənddə etik olmayan hərəkətlər etməsinin səbəb olduğu bildirilir.  Sozcu.az xəbər verir ki, bu haqda xəbəri “Gündəlik Naxçıvan” yayıb. Sakinlərin bildirdiklərinə görə, deputat tez-tez kəndə gələrək, xoşa gəlməyən hərəkətlər edirmiş: “Onun son gəlişində isə, məlum mübahisə baş verib. Mübahisə zamanı deputat sakini yumruqla vurub.  pizza B.B. həm deputatın etdiklərinin, həm də döyülməsinin qisasını almaq üçün bıçaq götürüb, onun yaşadığı Siyaqut kəndinə gəlib. Burada Əli Abbasovu bıçaqlamaq istəyərkən, sonuncunun əmisi oğlu qabağa keçib və bıçaq ona dəyib. Yaralanan şəxs xəstəxanaya götürülüb, B.B. isə həbs olunub”.  Hadisənin şahidi deyib:  “Davadan sonra Əli müəllim kəndə gəlib, qohumlarını bir yerə yığıb, kömək istəyib. Deyib ki, “məni öldürməyə gələcəklər, kömək edin”. Sonrakı hadisələr bizim gözümüzün önündə oldu. Qonşu kənddən gələn şəxs onu bıçaqla vurmaq istədi. Bu vaxt deputatın əmioğlusu ara girmək istəyəndə bıçaq ona dəydi. Polis gəlib, bıçaqlayanı tutdu. Yaralanan şəxsi isə, xəstəxanaya apardılar, indi vəziyyəti yaxşıdır” Şərur rayon Polis İdarəsindən döyülmə və bıçaqlanma hadisəsini təsdiqləsələr də, əlavə məlumat vermək istəmədilər.