Abşeronda Gənclər şəhərciyindəki binalardan birində baş verən partlayış zamanı yaralananların vəziyyəti açıqlanıb.
Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ötən gün saat 21:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Abşeron Gənclər şəhərciyində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə çağırış daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (2-si kişi, 1-i qadın cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunub. 1980-ci il təvəllüdlü (qadın cinsli), 2010-cu il təvəllüdlü (kişi cinsli), 1976-cı il təvəllüdlü (kişi cinsli) şəxslərə müxtəlif bədən üzvlərinin çoxsaylı yanığı diaqnozu təyin edilib.
Hazırda hər birinin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, partlayış onbirmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində baş vermişdi.