Qızıl qaçaqmalçısı BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Fevralın 20-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda zərgərlik məmulatlarını (1.683.298 manat dəyərində) Azərbaycan Respublikasının dövlət sərhəddində bəyan etmədən qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməkdə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi) ittiham edilmiş Azərbaycan vətəndaşı Səmədzadə Tural Akif oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib. Ədliyyə Nazirliyinin sorğusunun və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində ölkəmizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir. Səmədzadə Tural Akif oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.

Çalışdıqları şirkətdən 10 minlik oğurluq etdilər

Paytaxtın Yasamal rayonunda yerləşən özəl şirkətlərin birindən 10 000 manat dəyərində təmir-tikinti materialları oğurlanıb. Sozcu.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə qabaqcadan əlbir olaraq talama cinayətini törətməkdə şübhəli bilinənlər - 26 yaşlı N.Məmmədov və 23 yaşlı E.Allahverdiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, həmin şəxslər çalışdıqları şirkətin anbarından bir neçə ay ərzində hissə-hissə tikinti materialları oğurlayaraq satıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakıda sərnişin avtobusunda ölüm...

Bakıda 72 yaşlı kişi avtobusda ölüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Məlumata görə, 65 saylı xətt avtobusunda 1954-cü il təvəllüdlü İzzət İsgəndərov ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırma aparılır.

ANAMA əməkdaşı Xocalıda minaya düşdü

2026-cı il 18 fevral tarixində işğaldan azad edilmiş Xocalı rayonu Muxtar kəndi ərazisində mina hadisəsi baș verib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Bildirilib ki, agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Vasif Fizuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

İki gün əvvəl itkin düşən kişinin meyiti kanalda tapıldı

Ucar rayonunda itkin düşən şəxsin meyiti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qaracallı kəndi ərazisində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Vahid Məmmədov iki gün əvvəl itkin düşüb. Yaxınlarının axtarışları nəticəsində V.Məmmədovun meyiti fevralın 17-də axşam saatlarında kənd ərazisindən keçən su kanalında aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.

Kollec tələbəsi zəhərləndi

Bu gün saat 15:10 radələrində 1 nəfər qadın zəhərlənmə şübhəsilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Sozcu.az xəbər verir ki, 2007-ci il təvəllüdlü şəxsə dərman vasitələrinin yaratdığı toksiki effekt diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən pasiyentin vəziyyəti kafi qiymətləndirilir. Xatırlatma: hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Biləsuvar rayon sakini, 2007-ci il təvəllüdlü A. Əliyeva qəbul etdiyi dərman vasitəsindən zəhərlənib. O, dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta ağır qiymətləndirilir. A.Əliyeva Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsidir.

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib. İlkin məlumata görə, "Qazel" markalı yük maşını kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub. Xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.

Şəkidə epilepsiya xəstəsi kanala düşərək ölüb

Şəkidə epilepsiya xəstəsi kanala düşərək ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib. Cəyirli sakini 1993-cü il təvəllüdlü Abuzər Əsgərov kənd ərazisindəki kanala düşüb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Mərhumun epilepsiya xəstəsi olduğu bildirilir. (Report)

Gəncədə tələbə qızlar zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü F. Həsənova, 2006-cı il təvəllüdü İ. Mollayeva və 2005-ci il təvəllüdlü N. Musayeva yaşadıqları evdə dəm qazından zəhərləniblər. Hər üç şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal onlara yardım edilib, hazırda vəziyyətləri kafidir. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Zaqatala rayon sakinləri olan hər 3 şəxsin tələbə olduğu bildirilir.

Suriyalı məşhur müğənni Hələbdə öldürüldü

Suriyanın keçmiş rəhbərliyini tərifləyən mahnılar ifa etməsi ilə məşhur olan müğənni Camal Əsəf Hələb şəhərində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə “Suriya TV” məlumat yayıb. “Camal Əsəf Hələbin Əl-Furdus rayonunda onu saxlamağa cəhd edən təhlükəsizlik patrulu ilə atışma zamanı öldürülüb”, - telekanal bildirib. Məlumata görə, atışma zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşı da yaralanıb.

Bakıda 10 yaşlı məktəbli qripdən öldü

Bakıda 4-cü sinif şagirdi qəfil vəfat edib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, 211 nömrəli məktəbin şagirdi olan Elcan Məmmədovun qripdən dünyasını dəyişdiyi bildirilir. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, fevralın 12-də saat 06:38-də Yasamal rayonundan çağırış qeydə alınıb. "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada tərəfindən 2016-cı il təvəllüdlü azyaşlının həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.

Salyanda bir ailənin dörd üzvü zəhərləndi: ölən var

16:13 Salyan rayonunun Çadırlı kəndində bir ailənin dörd üzvü zəhərlənib, 11 yaşlı uşaq xəstəxanada ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun Sarxanbəyli kəndində qeydə alınıb. Cəfərovlar ailəsinin dörd üzvü zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Lakin kənd sakini, 2015-ci il təvəllüdlü Hüseyn Cavanşir oğlu Cəfərovun vəziyyəti pisləşdiyi üçün yenidən xəstəxanaya göndərilib. Xəstəxanaya çatdırılanadək həkimə qədər ölüm faktı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydiyyatda olan ailə Salyanın Çadırlı kəndində yaşayır. *** Salyan rayonunun Çadırlı kəndində bir ailənin üzvlərinin nədən zəhərləndiyi məlum olub. Şirvan Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, fevralın 12-də 01:20 radələrində zəhərlənmə şübhəsilə 3-ü qadın, 1-i kişi olmaqla 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib. Pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü (kişi) azyaşlı 12.02.2026-cı il tarixində 15:00 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib. Hazırda digər 3 nəfərin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.