Türkiyəyə F-16-ların satışı... - ABŞ-dan açıqlama

ABŞ administrasiyası Türkiyəyə F-16-ların satışını və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmür. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. “Bu iki məsələni bir-biri ilə bağlı görən ABŞ Konqresinin üzvləridir. Məsələ ilə bağlı Konqresdə bəzi problemlər mövcuddur. Biz F-16-lar da daxil olmaqla, iki ölkə ilə bağlı məsələlər üzərində həssaslıqla çalışırıq”, - Miller bildirib.

Tokayev yenidən prezidentliyə namizəd olmaq niyyəti ilə bağlı yayılan xəbərləri təkzib edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hakimiyyətin prezident seçkilərində yenidən iştirak etmək üçün 2026-cı ildə Konstitusiyaya dair referendum keçirmək niyyəti ilə bağlı bəyanatları dezinformasiya adlandırıb. Sozcu.az "Kazinform"a istinadən xəbər verir ki, bunu Tokayev "Egemen Qazaqstan" qəzetinə müsahibəsində deyib. "Bu dezinformasiyadır. Əminəm ki, Konstitusiyaya, xüsusən də belə fundamental məsələ ilə bağlı özbaşına əlavələr edilməsi artıq mümkün deyil. Konstitusiya islahatı Əsas Qanuna özbaşına dəyişikliklərin edilməsi məqsədilə aparılmayıb", - o qeyd edib. Tokayev vurğulayıb ki, Konstitusiyada vahid prezidentlik müddəti ilə bağlı müddəa dəyişməzdir: “Bu norma dövlətimizin müstəqilliyi, unitarlığı, ərazi bütövlüyü və idarəetmə forması ilə bağlı normalar kimi sarsılmazdır”. Qeyd edək ki, yenilənmiş Konstitusiyaya əsasən, Qazaxıstanda prezidentlik yeddi il müddətinə təyin edilir və dövlət başçısı yalnız bir dəfə seçilə bilər.

Rusiyanın atdığı 10 “Xəncər”in 10-u da vuruldu - Təcili

Rusiyanın atdığı 10 “Xəncər” raketinin 10-u da “Patriot” hava hücumundan müdafiə sisteminin köməyi ilə məhv edilib. Bu, rekorddur. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı deyib. O əlavə edib ki, raketlər hədəfi vursa, bunun ölkə üçün nəticələri fəlakətli olacaq. Zalujnı təhvil verilmiş hava hücumundan müdafiə sistemlərinə görə tərəfdaşlarına təşəkkür edib və əlavə silahların ötürülməsinə çağırıb. Qeyd edək ki, yanvarın 2-də ruslar Ukrayna ərazisinə 35 PUA, müxtəlif, o cümlədən 10 ədəd X-47M2 “Xəncər” aeroballistik raketi və s. ilə kütləvi hücum həyata keçirib. Nəticədə 4 nəfər ölüb, 100-dən çox yaralı var.

İsraildən Ərdoğanla bağlı sərt BƏYANAT

İsrailin Xarici İşlər Nazirliyi bəyan edib ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti olduğu müddətdə rəsmi Tel-Əviv Ankaradakı səfir vəzifəsinə diplomat göndərməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Koen X mikrobloqunda yazıb. “Nə qədər ki, Ərdoğan Türkiyənin prezidentidir, İsrail səfirinin geri dönəcəyi yer yoxdur”, - o qeyd edib. Bundan əvvəl Ərdoğan İsrailin baş naziri Benyamin Netanyahunu Adolf Hitlerlə müqayisə edərək Netanyahu ilə Hitlerin hərəkətləri arasında heç bir fərq olmadığını bildirmişdi.

Azərbaycanlı alimin qızı Fransada faciəvi şəkildə öldü

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundovanın qızı Dilavər Axundova faciəli şəkildə vəfat edib. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Fransada baş verib. Belə ki, orada təhsil alan D.Axundova yol qəzasında dünyasını dəyişib. O, bu ölkədəki universitetlərin birində ikinci kurs tələbəsi imiş. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi prosesi aparılır. Məlumata görə, həmin vaxt N.Axundova özü də Polşada ezamiyyətdə olub. Qeyd edək ki, N.Axundova İnstitutun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisidir.

Arif Hacılı Azərbaycan xalqını təbrik edib

Müsavat Partiyasının başqanı Arif Hacılı  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:   "Əziz  həmvətənlərim!  Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə  təbrik edir, sizə qarşıdan gələn 2024-ci ildə uğurlar arzulayıram.  31 dekabr 1989-cu ildə Araz çayı boyunca uzanan və bizi cənublu soydaşlarımızdan ayıran tikanlı  məftillərin sökülməsi bir il əvvəl başlayan xalq hərəkatının mühüm mərhələsi oldu.  Bu hadisə Bütöv Azərbaycan ideyasının soydaşlarımız arasında yenidən və daha böyük miqyasda yaylmasına təkan verdi.  Həmin gün xalqımız üçün əziz bayramlardan birinə çevrildi.  1992-ci idə prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanun əsasında 31 dekabr Dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi rəsmiləşdirildi.  Ərazilərimizin işğalına qarşı apardığımız mübarizə, istiqlal, azadlıq, Bütöv Azərbaycan şüarlarının 70 illik fasilədən sonra yenidən açıq şəkildə irəli sürülməsi bütün dünyada geniş əks-səda doğurdu.  Şimali Azərbaycanda vüsət alan ümummilli hərəkat o zaman dünya azərbaycanlılarında, ilk növbədə isə Güney Azərbaycanda yaşayan milyonlarla soydaşlarımızda böyük ruh yüksəkliyi yaratdı. Qarşıdan həm də Yeni İl bayramı gəlir.  Təssüf ki, yola saldığımız ildə demokratiya, azad cəmiyyətin qurulması istiqamətində ciddi addımlar atılmadı. Siyasi, iqtisadi azadlıqların məhdudlaşdırılması, korrupsiyanın tüğyan etməsi ölkə əhalisinin həyat səviyyəsinin daha da pisləşməsinə gətirib çıxardı. Siyasi məhbuslar azad edilmədi. Əksinə siyasi həbslər davam etdi. Belə idarəçəlik nəticəsində ölkə həm siyasi, həm də sosial-iqtisadi böhran içərisindədir.  Cəmiyyətdə təbəqələşmə daha da dərinləşir. Amma bütün çətinliklərə baxmayaraq 2023-cü ildə xalqımızın iradəsi, əsgər və zabitlərimizin şücaəti nəticədində torpaqlarımızın tamamilə işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün təmin olunması, Qarabağ üzərində suverenliyimizin əsasən bərpa edilməsinə nail olundu. Bu vətənimizin, xalqımızın tarixində böyük, möhtəşəm hadisədir. Bu böyük qələbəyə xalqımızın ordu və böyük milli ideya ətrafında sıx birləşməsi, şəhidlərimizin canı və qazilərimizin qanı bahasına nail olduq. Bayram günündə ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olan bütün şəhidlərimizi sevgi, sayğı ilə anır və onlara Allahdan rəhmət, qazilərimizə tezliklə şəfa diləyirəm. Qarşıdan gələn 2024-cü ildə ümummili problemlərin həlli üçün ciddi addımlar atılmalıdır.  Azərbaycanın inkişaf etmiş, firavan bir dövlətə çevrilməsi yolunda ciddi işlər görülməli, ölkədə hüquqi dövlət, demokratik cəmiyyət qurmaq, həm iqtisadi, həm də siyasi sahədə bərabər imkanlar yaradılmalıdır.  Bütün siyasi məhbuslar azad edilməli, millinbirliyə nail olunmalıdır.  Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması sürətləndirilməli, işğaldan azad edilmiş ərazilərimizin bərpası, məcburi köçkünlərin məskunlaşması ilə bağlı ciddi addımlar atılmalıdır.  44 günlük Vətən Müharibəsi də göstərdi ki, xalqımız ən çətən, bəzən həlli kimlərəsə mümkünsüz görünən problemləri də həll etməyə qadirdir. Ümid edirəm, inanıram ki, Qarabağ problemini həll etməyə nail olmuş xalqımız ölkəmizdə azad, demokratik cəmiyyətin, hüquqi dövlətin qurulmasına da nail olacaq.  Əziz  həmvətənlər!  Sizi bir daha qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, sizə uğurlu, xoşbəxt illər arzulayıram. Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Prezidentliyə namizəd: “Erməniləri Qarabağa qaytaracam, status veriləcək”

ABŞ prezidentliyinə müstəqil namizəd, sabiq prezident Con Kennedinin qardaşı oğlu Robert Kennedi Azərbaycanla bağlı böhtan məzmunlu, saxta fikirlər səsləndirib.  Sozcu.az xəbər verir ki, R.Kennedi prezident seçiləcəyi təqdirdə Ermənistana dəstək olacağını və ermənilərin Qarabağa qayıdışını təmin edəcəyini deyib. Absurd iddialarına davam edən Kennedi deyib ki, ABŞ hökumətini Qarabağ ermənilərinin öz “vətən”lərinə qayıtmasını təmin etmək, “müqəddəratını təyinetmə hüququnu qorumaq” üçün səfərbər olmalıdır. O qeyd edib ki, dünyanın diqqəti Qəzzaya yönəlib və heç kim Qarabağdan köç barədə danışmır. “ABŞ prezidenti kimi mən bu yolda diplomatiyadan, nüfuzumuzdan, iqtisadi rıçaqlarımızdan və sanksiyalardan istifadə edəcəyəm”, – Kennedi müraciətində bildirir. O həmçinin Azərbaycanı hansısa “etnik təmizləmə”, “Ermənistana təcavüz”də ittiham edib. Qeyd edək ki, R.Kennedinin videomüraciətinin Amerika Erməniləri Milli Komitəsi tərəfindən tez bir zamanda tirajlanması xüsusi diqqət çəkib. Onun belə qatı ermənipərəst mövqe sərgiləməsi erməni lobbisindən dəstək alaraq hakimiyyətə gəlmək məqsədi ilə əlaqələndirilir. Xatırladaq ki, Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünya, o cümlədən ABŞ da təsdiq edib.globalinfo)

Ukraynalıların yarıdan çoxu qısa müddətdə müharibədə qalib gələcəklərinə inanır

Ukraynalıların yarıdan çoxu (58%) ölkələrinin qısa müddətdə müharibədə qalib gələcəyinə inanır. Bu, İlka Kuçeriva adına Demokratik Təşəbbüslər Fondunun keçirdiyi sosioloji sorğu nəticəsində məlum olub. Respondentlərin yalnız 5%-i qələbəyə şübhə edib. Qeyd olunub ki, bütün yaş qruplarında Ukraynanın qələbəsinə inam üstünlük təşkil edir. Qələbəyə inananların 6%-i yaxın bir neçə ayda, 21%-i 2024-cü ilin yayına qədər, 31%-i isə 1-2 ildən sonra zəfərin əldə olunacağına ümid edir. Onların 15%-i qarşıdakı 3-5 il ərzində qalibiyyətin təmin olunmasına inanır. Sorğu iştirakçılarının 2,5 %-i isə düşünür ki, onlar öz sağlıqlarında zəfərin şahidi olmayacaqlar. Həmçinin, respondentlərin 69%-i savaşın sonunda bütün məhbusların azad edilməsinə və deportasiya olunmuş ukraynalıların geri qaytarılmasına inanır. Soğru iştirakçılarının 42 faizi rəsmi Kiyevin NATO-ya daxil olunacağını düşünür. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

İmişlidə 10 yaşlı uşaq su kanalında batdı

İmişli rayonunun Qaragüvəndikli kəndində 10 yaşlı uşaq su kanalına düşüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, İmişli rayonu Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyev "Boztəpə" su kanalının İmişli rayonu Qaragüvəndikli kəndindən keçən hissəsində su kanalına düşüb. Hazırda onun tapılması istiqamətində axtarış işləri davam etdirilir. Faktla bağlı İmişli Prokurorluğunda araşdırma aparılır.

Ruslar qorxuda: İki gəmi Krımı təcili tərk etdi

Ukrayna Hərbi Hava Qüvvələrinin “Novoçerkassk” desant gəmisinə hücumdan sonra iki Rusiya gəmisi Krımın Feodosiya buxtasını tərk edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilib ki, gəmilər “Novoçerkassk” vurulduqdan bir neçə saat sonra ərazini tərk edib. Qeyd edilib ki, duman və böyük məsafə səbəbindən gəmiləri müəyyən etmək mümkün olmayıb. Ehtimal edilir ki, bunlar Rusiya Qara dəniz Donanmasının bir döyüş gəmisi və bir hərbi kateri olub.

Ukraynanın vurduğu nəhəng “Novoçerkassk” - Foto

Xəbər verdiyimiz kimi, bu gün Krımdakı Feodosiya limanında Rusiya Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisi Ukrayna HHQ-si tərəfindən vurulub. Sozcu.az xəbər verir ki, gəmi 1987-ci ildə Polşanın Qdansk şəhərində inşa olunub və həmin ilin 30 noyabrında istismara verilib. Gəmi desant çıxarmaları və dəniz yolu ilə qoşunların və yüklərin daşınması üçün nəzərdə tutulub. Müxtəlif növ zirehli texnikaları, o cümlədən tankları daşımaq qabiliyyətinə malikdir. “Novoçerkassk”ın uzunluğu 112.5 metr, eni isə 15 metrdir. Gəminin ağırlığı adi vəziyyətdə 3450 ton, yüklə birlikdə isə 4080 tona çatır. Gəminin heyəti 87 nəfərdən ibarətdir. “Novoçerkassk” iki ədəd 57 mm-lik 2 lüləli AK-725 pulemyotu, iki ədəd 20 lüləli 122 mm-lik “Qrad” reaktiv yaylım atəş sistemi və “Strela” zenith-raket kompleksi ilə silahlanıb. Qeyd edək ki, 2022-ci ilin martın 24-də Berdyansk limanında da gəmiyə hücum olunmuşdu. Həmin vaxt gəminin 3 heyət üzvü ölmüşdü.

Qətlə yetirilən hansı tanınmış vəkilin qardaşıdır?

Xəbər verdiyimiz kimi, tanınmış vəkilin qardaşını tamah məqsədilə qətlə yetirməkdə şübhəli bilinən keçmiş məhkum Rəsul Ağazadənin məhkəmə iclası başlayıb. Sozcu.az xəbər verir ki, qətlə yetirilən şəxs vəkil, 2020-ci ildə keçirilən parlament seçkilərində namizəd kimi iştirak edən Vasif İsrafilovun qardaşıdır. V.İsrafilov 1983-cü ildə Xaçmaz rayonu Şollar kəndində anadan olub, iki ali təhsili var, 2014-cü ilə kimi Bakı şəhərində bir neçə məhkəmədə hakim köməkçisi, məsləhətçi vəzifələrində işləyib. 2014-cü ildən Vəkillər Kollegiyasının üzvüdür.