Anna Malyar: “Ukrayna Berdyansk və Melitopol istiqamətlərində 8 yaşayış məntəqəsini azad edib”

Ukrayna Silahlı Qüvvələri Berdyansk və Melitopol istiqamətlərində iki həftəlik əks-hücum əməliyyatları zamanı 8 yaşayış məntəqəsini azad edib. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. O bildirib ki, Novodarovka, Levadnoe, Storojevoe, Makarovka, Neskuçnoe, Blaqodatnoe, Lobkovo və Pyatixatki yaşayış məntəqələri azad olunub. Nazir müavini vurğulayıb ki, ümumilikdə, Ukrayna ordusu Tavriya istiqamətində 7 kilometr irəliləyib və cənubda azad edilən ərazi 113 kvadrat kilometrdir.

Ruslar cəbhə xəttindən qaçırlar – Ukrayna

Luqansk vilayətinin işğal olunmuş ərazilərində ruslar cəbhə xəttindən qaçırlar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının yaydığı məlumatda qeyd olunub. Məlumata görə,Novorassoş yaşayış məntəqəsi yaxınlığındakı meşə massivində fərarilərin axtarışlarına başlanılıb. Axtarışlarla Rosqvardiyanın əməkdaşları məşğul olur. Ukrayna Baş Qərargahının spikeri Aleksey Qromov bildirib ki, təkcə Luqansk vilayətində gündəlik 50-dək fərari saxlanılır.

“Dövlət normal uşaqpulu verməlidir, 80-120 manat yox” - Xalq artistinin fiqura söhbətinə cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ailələrində 5 uşaq olması ilə bağlı çağırışı geniş müzakirələrə səbəb oldu. Bəziləri çoxuşaqlılığın tərəfini tutdu, bəziləri bunun qadını robot olaraq görmək olduğunu iddia etdi.  Xalq artisti Afaq Bəşirqızı da açıqlamasında  çoxuşaqlı ailələrin tərəfdarı olduğunu qeyd etdi və bəzi qadınları sərt şəkildə qınadı: "Fiqura qorumaqla ailə olmur. Onlara "ailə” deməzlər. Onlar həftəlikdirlər. O adam ki ərə gedib, istəyir fiqurası yaxşı olsun, uşaq da doğmur, onun ailə həyatı ancaq həftəlik ola bilər". Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ailələrin çoxuşaqlı olmasındansa, az uşaqla daha yaxşı tərbiyə və təhsilin verilməsinin tərəfdarıdır: "Ailə quruculuğu deyə bir şey var. Əgər ailə 5 uşağı saxlaya biləcəksə, onda bu qədər uşaq dünyaya gətirə bilər. 1-2 uşağı dünyaya gətirib ona mükəmməl tərbiyə, təhsil verib, mükəmməl şəkildə cəmiyyətə qazandırmaq daha vacibdir. Yoxsa dünyaya 5 uşaq birdən gətirib işsiz vəziyyətdə onları yetim kimi saxlamaq hesab edirəm ki, düzgün deyil.  Bu məsələyə fiqura söhbətinin isə aidiyyatı yoxdur. Azərbaycan cəmiyyəti onsuz da hər zaman çoxuşaqlı olmağı sevib. Əvvəllər hətta ziyalı ailələrdə də minimum 4 uşaq olub. Sadəcə olaraq bu gün 4-5 uşağa baxmaq çətindir.  Biz ayağımızı öz yorğanımıza görə uzatmalıyıq ki, sabah cəmiyyətə yiyəsiz uşaqlar verməyək. Onlara yaxşı təhsil, yaxşı tərbiyə verə bilməyəcəyiksə, o uşaqlar onsuz da Vətənə fayda verməyəcək. İndi isə belə uşaq böyütmək həm də maddi baxımdan çətindir. Rəcəb Tayyib Ərdoğan tövsiyə  verə bilər. Amma kimin imkanı varsa, 5 uşağı saxlaya biləcəksə, onlar uşaq sahibi olmalıdır. Əgər baxa biləcəksənsə, əlbəttə ki, çoxuşaqlı olmaq gözəldir. Yenə qeyd edirəm ki, bunu bacaran etməlidir". Ekspert uşaqpulu məsələsinə də toxunub: "Uşağına təhsil verib  yolunu açıq edə biləcək olan valideynlərin dünyaya çox uşaq gətirməsində heç bir problem yoxdur.  Əgər dövlət də uşaqpulu verəcəksə, bu da gənc ailələrə dəstək olub onları çoxuşaqlı etməyə təşviq edə bilər. Amma dövlət normal uşaqpulu verməlidir, 80-120 manat yox. Əgər uşağa baxmaq üçün normal uşaqpulu veriləcəksə, sözsüz ki, bu ailələrin çoxalmasına dəstək verə bilər".

Qaradağda milyonluq abadlıq və yol təmiri - Süleyman Mikayılovun sevimli şirkətləri yenə qalib oldu

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) abadlıq və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderlərə yekun vurub.  Sozcu.az xəbər verir ki, tenderlərin qalibləri "Qara Qaya” MMC və "Təmir-Təchizat-4” MMC-dir. "Qara Qaya” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 571.962,2 AZN, "Təmir-Təchizat-4” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri isə 720.131,46 AZN-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumata rast gəlinmir.  "Təmir-Təchizat-4” MMC isə 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 50, mənzil 2-də yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur.  Bu şirkət və qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.  Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, hər iki şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur.  Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 13 ildir ki, bu rayona rəhbərlik edir. (qaynarinfo)

Düşmən Naxçıvana atəş açdı, Ordumuz tədbir görür

İyunun 16-sı saat 09:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülür", - məlumatda qeyd olunub.

Hərbçimizi yaralayan 2 snayper məhv edildi

Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib. Sozcu.az xəbər ki, 15 iyun 2023-cü il tarixdə Laçın dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçunu yaralamış Ermənistan Silahlı Qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.

"Laçın" postu atəşə tutuldu: hərbçimiz yaralandı - Rəsmi

09:40 Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb. Atəş erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib. Nəticədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir. Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atəşdən sonra erməni hərbçiləri postlarını tərk ediblər. *** 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. "Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilmiş, həyatı təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda bildirilib.

Ukrayna ordusu rusların ilk müdafiə xəttinə girdi

Əks-hücum əməliyyatının başlamasından bir həftə sonra Ukrayna ordusu Zaporojye və Donetsk vilayətlərində cənubda dörd istiqamətdə irəliləyir. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb. Nəşr Britaniya Müdafiə Nazirliyinə istinad edərək bildirib ki, bəzi bölgələrdə Ukrayna qüvvələri əhəmiyyətli irəliləyiş əldə edərək, Rusiyanın birinci müdafiə xəttinə sızmağı bacarıb. Digər cəbhələrdə isə Ukraynanın irəliləyişi daha yavaş olub. “Ukrayna hərbçiləri üçün ən ciddi istiqamət Orexov və Malaya Tokmaçkadan cəbhə xətti boyunca Tokmaka qədərdir. Əgər ukraynalılar Tokmak ətrafındakı xəndəkləri yarıb Tokmak çayını keçə bilsələr, Azov dənizinin sahilindəki strateji şəhər olan Melitopola girə bilərlər. Melitopolun azad edilməsi Krıma olan quru tədarükü yollarını kəsəcək, rus işğalçılarını qovmaq üçün yarımadadakı vəziyyəti Ukraynanın xeyrinə yumşaldacaq”, - “Forbes” bildirib. Qeyd olunub ki, Ukrayna ordusunun bu xəttə ağır briqadalarını və ən yaxşı yeni texnikasını yerləşdirməsi və rusların xətti saxlamaq üçün çox çalışması Tokmakın fövqəladə əhəmiyyətini izah edir. London Kral Kollecinin Müharibə Araşdırmaları Departamentinin əməkdaşı Mayk Martinin sözlərinə görə, Tokmak ruslar üçün son dərəcə vacib dəmir yolu qovşağı və logistika mərkəzidir: “Rusiyalı mühəndislər Tokmak və ətrafında böyük istehkam tikiblər. Lakin şəhərdən cənuba doğru səngər və torpaq istehkamlar, eləcə də minalanmış sahələr olduqca nazikdir. Bu istehkamlar böyük, yaxşı təchiz olunmuş rus dəstəsini qoruyur. 503-cü, 291-ci, 70-ci və 429-cu motoatıcı alaylar, bəzi ehtiyat birləşmələr və muzdlu batalyonlar şimaldan cənuba doğru yerləşdirilib. Ola bilsin ki, cəbhə xəttində 10 min və ya daha çox insan və yüzlərlə zirehli texnika cəmlənib. Bu qoşunlar sıx minalanmış sahələrin və artilleriyanın məhvetmə zonalarının arxasında gözləyirlər. Rusiya PUA-ları, hücum helikopterləri və qırıcı-bombardmançı təyyarələr havada patrul uçuşları aparır. Təəccüblü deyil ki, Ukraynanın 33-cü Mexanikləşdirilmiş Briqadası və 47-ci Hücum Briqadası ötən həftənin əvvəlində Tokmak boyunca cənuba doğru hərəkət edərkən, onlara ağır zərbə vuruldu”. Nəşr yazıb ki, Ukraynanın 33 və 47-ci briqadalar “Leopard 2” tankları və “M2” PDM-ləri ilə təchiz olunub. Bu texnikalar Malaya Tokmaçkada minaya düşdülər: “Leopard 2A6” tankı, minatəmizləyən İMR2 maşını və bir neçə PDM-in minaya düşməsindən sonra əraziyə “M2” PDM-lərinin xilasetmə qrupu yola düşdü. Görüntülər “Leopard 2” və “M2”lərin necə etibarlı olduğunu göstərdi. 33-cü və 47-ci briqadalar ən azı bir tank və onlarla döyüş maşını itirsələr də, görünür, döyüşçülər arasında az sayda itki veriblər. Ukrayna bölmələri yenidən hücuma keçdilər. Cümə günü Rusiya PUA-larının Malaya Tokmaçkanın cənubundakı Ukrayna kolonlarını təqib etmələri onu göstərdi ki, 33-cü və 47-ci briqadalar rusların ilk müdafiə xəttini ötüb keçə biliblər”. Mayk Martin Ukraynanın əks-hücum üçün 9 ədəd briqada formalaşdırdığını və onların da əsasən Qərb sistemləri ilə silahlandığını bildirib: “33 və 47-ci briqadalar bu briqadaların yalnız ikisidir. Onların itirdikləri “Leopard” və “M2”lər ümumi 9 briqadaya verilənlərin cəmi 10 faizini təşkil edir. Bu da onu göstərir ki, Ukrayna ordusunun kifayət qədər odlu sistemləri var. Görünür bu istiqamətə böyük güc tətbiq edilir, amma biz hələ də əsas qüvvələri görməmişik”.

Müharibədə ölən rus generalların sayı...

Açıq mənbələrə görə, Rusiya-Ukrayna müharibəsində dörd rus generalı, 58 polkovnik və 176 polkovnik-leytenantın ölümü təsdiqlənib. Sozcu.az xəbər verir ki, bu barədə “Haqqın.az” “Moksva Tayms”a istinadən məlumat yayıb. “General-mayor Kanamat Botaşev, “dxr”in 1-ci Ordu Korpusunun komandiri general-mayor Roman Kutuzov, Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci Əlahiddə Ümumqoşun Ordusu komandanının müavini general-mayor Andrey Suxovetski və 8-ci Ordu komandirinin müavini general-mayor Vladimir Frolovun ölümü təsdiqlənib. Bir gün əvvəl isə Rusiyanın Teleqram kanalları Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiyanın 35-ci birləşmiş silahlı qüvvələrinin Qərargah rəisi general-mayor Sergey Qoryaçovun öldürüldüyünü bildirib”, - məlumatda deyilir. Qeyd olunur ki, ABŞ Müdafiə Nazirliyi Rusiya ordusunun yüksək komandanlığının itkilərini iki dəfə çox qiymətləndirir. Pentaqonun kəşfiyyat rəhbəri Skott Berriyer mayın 10-da azı 8 rus generalının öldüyünü açıqlayıb: “Hələ ötən ilin avqustunda Böyük Britaniya müharibə zamanı Rusiya ordusunun 10 generalının həlak olduğunu bildirmişdi. Yapon kəşfiyyatının 2023-cü ilin fevralına olan məlumatına görə, Ukraynadakı müharibədə 20 rus generalı ölüb”.

İki erməni hərbçi öldü

Ermənistanın Sünik rayonundakı (Qərbi Zəngəzur) Vardavank-Qafan yolunda qəza baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Məlumata görə, sürücü idarəetməni itirib və avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində müqaviləli 2 erməni hərbçi ölüb.

Lukaşenko ölüm ayağındadır

Belarus Prezidenti Aleksandr Lukaşenko ölüm ayağındadır. Onun varis məsələsini həll etmək üçün Kreml Minsklə birgə informasiya oyunu oynayır. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın BRIEF nəşri məlumat yayıb. “Bunun sübutu kimi Putinlə Lukaşenkonun son görüşünü göstərmək olar. Həmin görüşün videogörüntülərini bir il əvvəlki görüntülərlə müqayisə etdikdə, bir çox mətləblər üzə çıxır. Ümumiyyətlə, Lukaşenkonun səhhətində problem yaranıb. O, Putinin Aİİ ölkələrinin Baş nazirləri ilə görüşlərində də iştirak etməyib. Lukaşenko Soçidə də gözdən itib. Onu sonuncu dəfə xüsusi tibbi korsetdə görüblər”, - məlumatda deyilir. Xatırladaq ki, 2 iyunda Lukaşenkonun səhhətinin kritik olması səbəbi ilə hakimiyyətin ötürülməsi üçün Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Narışkin və Təhlükəsizlik Şurasının katibi Patruşevin təcili Belarusa getdiyi haqda da məlumat yayılmışdı.

Rusiya Silahlı Qüvvələrinin polkovniki Denis Buyanov Ukraynada məhv edilib

Rusiya Silahlı Qüvvələrinin polkovniki Denis Buyanov Ukraynada davam edən müharibədə məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib. Qeyd olunub ki, həmçinin qarşı tərəfin daha bir yüksək rütbəli zabiti, baş leytenant Nikita Sosnovski həlak olub. Bundan başqa, qondarma Donetsk Respublikasının 110-cu mühafizəçilər motoatıcı briqadasının “Fırtına” bölməsinin komandiri Sergey Arqunov da zərərsizləşdirilib. Qeyd edək ki, Rusiyanın Ukraynadakı şəxsi heyət itkisi 216 mini keçib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.