2024-cü ildə azad olunan ərazilərə ilk köçün - Tarixi

Bu il azad olunan ərazilərə ilk köçün yanvarın 18-də yola düşməsi planlaşdırılır. Sozcu.az xəbər verir ki, bunu Report-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib. Onun sözlərinə görə, ilk köç Füzuli şəhərinə olacaq: “İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlətimizin başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2024-cü ildə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edəcək. İlk köç yenidən qurulan Füzuli şəhərinə olacaq". Komitə rəsmisi qeyd edib ki, yanvarın 12-də müxtəlif müvəqqəti məskunlaşma obyektlərində də ağır və qəzalı şəraitdə yaşayan Füzuli şəhər sakinləri arasında püşkatma keçiriləcək: "Şəffaflığı və ədalətliliyi təmin etmək üçün keçirilən püşkatma zamanı məcburi köçkünlər əvvəlcədən onların ailə tərkibinə uyğun olaraq ayrılmış mənzillərin yerləşdiyi bina və mərtəbənin yerini müəyyənləşdirəcək. Püşkatmada iştirak etmiş sakinlər mərhələli şəkildə doğma yurdlarına köçürüləcək. İlk köçün yanvarın 18-də yola düşməsi planlaşdırılır".

“Ermənilər sülhə yox, müharibəyə hazırlaşırlar”

“İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətində revanşist açıqlamalar, habelə müharibəyə hazırlıq kimi fikirlər hər zaman olub. Son vaxtlar isə bu çağırışlar intensivləşib”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında “Turan” İnformasiya Agentliyinin direktoru, politoloq Mehman Əliyev deyib.  Analitik Prezident İlham Əliyevin ölkə televiziyalarına verdiyi müsahibədə Ermənistanın yenidən mühairbəyə hazırlaşması ilə bağlı səsləndirdiyi fikirlərəi şərh edib.  Xatırladaq ki, dövlət başçısı Fransa tərəfindən Ermənistanın silahlandırılmasını qəbuledilməz bir addım kimi qiymətləndirib. Prezident əlavə edib ki, Ermənistanı bir müharibəyə hazırlayan ölkə Fransadır. “Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, onların hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə mən deyəndə ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur, məhz bunu nəzərdə tuturdum”, – deyə Prezident vurğulayıb.  M.Əliyevin fikrinsə isə ermənilər sülhə yox, müharibəyə hazırlaşırlar: “Hələlik ideoloji müharibə özünü göstərir ki, bu da yekunda hərbi qarşıdurmaya gətirib çıxarır. Çünki paralel olaraq Ermənistanda bu istiqamətdə hazırlıq gedir. Ermənilər gözləyirlər ki, nə vaxtsa geosiyasi vəziyyətlə bağlı maraqlar dəyişəcək və onlar bundan istifadə edib öz fəaliyyətlərini yenidən Azərbaycana qarşı həyata keçirəcəklər. Ermənilərin strategiyası məhz bundan ibarətdir”.  “Zəngəzur yolu ilə bağlı məsələyə gəldikdə isə bu konsepsiya çərçivəsində, əlbəttə ki, onlar bu yolun açılmasını istəmir. Onlar həmişə Böyük Turandan danışırlar, Zəngəzur dəhlizini Böyük Turan dəhlizi kimi təsnif edirlər və yolu bağlı saxlamağı Turanın qarşısının alınması üçün bir missiya kimi görürlər. Ona görə də biz alternativ variantlara üz tutduq və İran ərazisindən bu yolu çəkdik”, – müsahibimiz fikirlərini yekunlaşdırıb. 

Ordumuz dünyanın ən güclüləri sırasında

“Global Fire Power” 2024-cü il üzrə dünyanın ən güclü ordularına malik ölkələrin siyahısını açıqlayıb. Sozcu.az xəbər verir ki, siyahı ölkələrin ordularının hərbi bölmələrinin sayı, maliyyə, logistika imkanları və sair kimi 60 individual faktor nəzərə alınmaqla hazırlanıb. 145 ölkənin yer aldığı siyahıda Türkiyə ordusu dünyanın ən güclü ordusuna malik 8-ci ölkə olub. Reytinqin ilk onluğu aşağıdakı kimidir: 1. ABŞ 2. Rusiya 3. Çin 4. Hindistan 5. Cənubi Koreya 6. Böyük Britaniya 7. Yaponiya 8. Türkiyə 9. Pakistan 10. İtaliya Fransa (11) dünyanın ən güclü ordularının ilk onluğuna daxil ola bilməyib. İran 14-cü, Misir 15-ci, İsrail 17-ci, Ukrayna 18-ci, Almaniya isə 19-cu pillədə qərarlaşıb. Azərbaycan Ordusu 145 ölkə arasında 59-cu, Gürcüstan 84-cü, Ermənistan 102-ci yerdə qərarlaşıb. Siyahıya əsasən dünyanın ən zəif orduları Benin (141), Somali (142), Surinam (143), Moldova (144) və Butandır (145).

2 il əvvəl köhnə məhsulla “tutulan” şirkət uşaq baxçalarına yemək satacaq

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Sabko” MMC (VÖEN- 1402899701) olub. Sozcu.az xəbər verir ki, “Sabko” MMC Elm və Təhsil Nazirliyinin sifarişi ilə Mingəçevir şəhəri və Yevlax rayonunun ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin 2024-cü il ərzində yeməklə təchizatını həyata keçirəcək. Nazirlik yeməklər üçün “Sabko” MMC-yə 5 milyon 984 min 196 manat 12 qəpik ödəyəcək. Məlumat üçün bildirək ki, “Sabko” MMC 1 sentyabr 2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili, ev 30, m. 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Sadıqov Amil Telman oğludur. Qeyd edək ki, “Sabko” MMC ötən il – 2023-cü ildə də Elm və Təhsil Nazirliyinin keçirdiyi analoji tender müsabiqəsinin qalibi olub. Bu şirkət 2023-cü ildə Mingəçevir şəhəri ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrini yeməklə təchiz edib və qarşılığında 4 milyon 702 min 748 manat 12 qəpik alıb. Son 2 il ərzində Elm və Təhsil Nazirliyinin 10,7 milyon manatlıq tender müsabiqəsində qalib olan “Sabko” MMC-də 2021-ci ilin fevral ayında Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yoxlama keçirib. AQTA-nın açıqladığı məlumatda göstərilir ki, Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8 ünvanında yerləşən “Sabko” MMC-yə məxsus anbarda yoxlama keçirilib. Keçirilən yoxlama zamanı məhsulların saxlanma qaydaları və temperatur rejiminin kobud şəkildə pozulduğu məlum olub. Belə ki, müəssisənin dondurucu və soyuducu kamerasında, rəflərdə məhsulların açıq vəziyyətdə, mal qonşuluğu qaydalarına, saxlanma temperaturuna riayət olunmadan, qida və qeyri-qida məhsularının eyni sahədə yanaşı saxlanıldığı müəyyən olunub, həmçinin istifadə müddəti bitmiş məhsullar aşkarlanıb. Eyni zamanda içkilərin saxlanma sahəsində divarın tamlığının pozulduğu, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.yenavaz)

Azərbaycanda generalın qardaşı oğlu həbs edildi

İmişli şəhər icra nümayəndəsinin müavini Elvin Heydər oğlu Babayev həbs edilib. Sozcu.az Unikal-a istinadən xəbər verir ki, Elvin Babayevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Qeyd edək ki, Elvin Babayev Azərbaycan Ordusunun general-mayoru Münasib Babayevin qardaşı oğludur.

Bakıda özəl klinikada ölüm... - Rəsmi

Bakıda özəl klinikada ölüm faktı ilə bağlı araşdırma aparılır. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. “Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”, - məlumatda vurğulanıb.

Ermənistan İsraildən PUA əleyhinə sistemlər alır

Ermənistan Ədliyyə Nazirliyi PUA-larla mübarizə məqsədilə avadanlıqlar alacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib. “Biz PUA-ların cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmasının qarşısını almaq üçün İsrail istehsalı olan xüsusi avadanlıq almalıyıq”, - Minasyan bildirib. Onun sözlərinə görə, müasir texnologiyalar kifayət qədər böyük məsafədən bir metrə qədər dəqiqliklə narkotiklərin cəzaçəkmə müəssisəsinin ərazisinə atılmasına imkan verir. Qeyd edək ki, son vaxtlar dronlar vasitəsilə Ermənistandakı cəzaçəkmə müəssisələrinin ərazisinə narkotik vasitələrin atılması halları artıb.

“7 bal gücündə zəlzələ gözlənilir” - Qorxulu PROQNOZ

Alimlər yaza qədər Türkiyədə güclü zəlzələ olacağını proqnozlaşdırıblar. Sozcu.az news24.az-a istinadən xəbər verir ki, bu barədə professor Ahmet Ercan məlumat verib. Onun sözlərinə görə, Anadoluda çox gərgin vəziyyət hökm sürür: "Yeraltı təkanların dəqiq yerini müəyyənləşdirmək çətindir. 2011-ci ildə Van zəlzələsi zamanı gərginliyik Hatay bölgəsinə, Bitlis zonasından isə Hakkariyə doğru gedib. Yer qabığını qırmaq üçün kifayət qədər gərginlik toplanarsa, təxminən 7 bal gücündə zəlzələ gözlənilir".

Hacı Şahin, Qənirə və Aygünün ölümündə şok detal

Azərbaycanda son bir ildə vəfat edən üç tanınmış sima – Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli, deputat Qənirə Paşayeva və əməkdar artist Aygün Bəylərin ölümündə qəribə məqam üzə çıxıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, ictimaiyyətdə kifayət qədər tanınan hər üç şəxs ömrünün 48-ci ilində vəfat edib. Belə ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənli və 1975-ci il təvəllüdlü deputat Qənirə Paşayeva 2023-cü ildə – 48 yaşlarını tamamladıqdan sonra dünyalarını dəyişiblər. Ötən gün isə Əməkdar artist Aygün Bəylər 48 yaşında həyatını itirib. Üç məşhur şəxsin eyni yaşda vəfat etməsi diqqət çəkib. Allah rəhmət eləsin!

Şəhid anası: Arzum var ki, Qarabağ Universitetində magistratura oxuyum

Kürdəmir rayon sakini 52 yaşlı Simuzər Bağıyeva orta məktəbi bitirdikdən 35 il sonra, bu il ali məktəbə qəbul olub. Sozcu.az xəbər verir ki, hazırda Lənkəran Dövlət Universitetinin 1-ci kurs tələbəsi olan Simuzər xanım uzun illər orta ixtisas təhsili üzrə rayon xəstəxanasında tibb bacısı işləyib. Bununla kifayətlənməyərək ötən il fərdi qaydada hazırlaşaraq imtahanlarda iştirak edib, keçid balını toplayaraq tələbə adını qazanıb. “Özümə inanırdım, qarşıma məqsəd qoydum və hədəfə çatdım. Düzdür, bu, o qədər də asan olmadı, həm işləmək, həm də uzun illər məktəbdən ayrılandan sonra yenidən dərs vəsaitləri ilə məşğul olmaq... Bir neçə müəllim yanına getməklə, müxtəlif fənlərdən hazırlaşdım, sonra da imtahanlardan uğurla keçdim”, - deyə o bildirib. Simuzər Bağıyeva ilk dərs günündən də söz açaraq deyib ki, əvvəl bir qədər həyəcanlı olsa da, sonradan öyrəşib: “Düzdür, auditoriyaya girəndə bir az qəribə oldum, çünki hamısı uşaq idi, ən yaşlısı mən idim. Onlar mənim kiçik oğlumdan da balacadırlar. Amma bu, məndə kompleks yaratmadı, əslində onlardan güc aldım, kiçik olmaqlarına baxmayaraq, mənə mənəvi dəstək verdilər”. Simuzər ananın 3 oğulu İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Böyük və kiçik övladı müharibədən sağ-salamat qayıtsa da, ortancıl oğlu gizir Cəmil Həşimli şəhidlik zirvəsinə ucalıb. Oğlunun şəhidlik zirvəsinə yüksəlməsindən bir müddət sonra özünü toparlayaraq yenidən ayaqları üstə durmağı bacaran ana, övladının arzularını reallaşdırmağa qərar verib. “Oxumaq arzum həmişə olsa da, bunu əsasən şəhid oğlumun istəyinə görə reallaşdırdım. Mən həmişə təhsilə, savada üstünlük vermişəm, öz zəhmətimlə övladlarımın ali təhsil almasına dəstək olmuşam. Düşünürdüm ki, nə vaxtsa mən də ali təhsil alacağam, görünür, bu günə qismət imiş. Bütün şəhid analarına da deyirəm ki, bu hadisələr artıq bizim başımıza gəlib, balalarımız şəhid olub. Ona köklənib həyatımızı məhv etməməliyik, yaşamalıyıq ki, onları da yaşadaq. Çünki ağlamaqla, sızlamaqla şəhidlərimizi narahat edirik. Bu səbəbdən də bir şeylə məşğul olmalıyıq, ona görə də mən elə bu yolu seçdim”, - deyə o vurğulayıb. Günün bir neçə saatını dərslərinə ayıran Simuzər xanım qarşıdan gələn imtahanlara hazırlaşır. Əsas hədəfi və planları isə hələ irəlidədir: “Mən şəhid anasıyam, dərsimi oxumayım deyə bir şey yoxdur. Dərslərimi oxuyuram. Hələ bundan sonra arzum var ki, Qarabağ Universitetində magistraturanı oxuyum. Allahdan mən ömür yox, möhlət istəyirəm”. Bu payız tələbə adı ilə bərabər nənə adını da qazanan qəhrəmanımız, asudə vaxtlarını nəvəsi ilə keçirir. Vaxtı olanda ev işlərində gəlininə də kömək etməyi unutmur. (AZƏRTAC)

Rusiyanın Ukraynadakı itkiləri 363 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 790 hərbçisini itirib. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 363 070 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 9 tank, 14 zirehli döyüş maşını, 30 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Laçında həlak olanlara şəhid statusu veriləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu gün Laçında həlak olan hərbçilərə şəhid statusunun verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Modern.az-a bildirib ki, şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir. Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək. Qeyd edək ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.