Azərbaycanda 19 nəfər həbsxanadan qaçıb

Ötən il 19 nəfər cəzaçəkmə müəssisələrindən qaçıb. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin nəşr etdiyi "Azərbaycanda hüquqpozmalar" məcmuəsində məlumat yayıb. Bildirilib ki, bu, 2023-cü ilə nisbətən 10 nəfər azdır.

Zelenski çağırış etdi: Rusiyaya təzyiq göstərilməlidir

ABŞ Prezidenti Donald Trampın cümə günü Alyaskada Vladimir Putinlə görüşəcəyini təsdiqləməsindən sonra Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtona təsir etmək üçün tərəfdaş ölkələrlə intensiv əlaqələrə başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb. Məlumatda bildirilir ki, Zelenski Kiyevin əsas prinsiplərindən birinin pozulmaması - “Ukraynasız Ukrayna haqqında heç nə ola bilməz” prinsipinin qorunması üçün dəstək axtarır. Vladimir Zelenski də bu gün Berlinə səfəri ərəfəsində qeyd edib ki, bu məqsədlə dünyanın müxtəlif ölkələrindən tərəfdaşlarla otuzdan çox danışıq və məsləhətləşmə aparılıb: “Bu müharibə başa çatmalıdır. Ədalətli sülh naminə Rusiyaya təzyiq göstərilməlidir. Ukraynanın və tərəfdaşlarımızın təcrübəsi Rusiyanın aldatmasının qarşısını almaq üçün istifadə olunmalıdır”.

Saatlıda qadın faciəvi şəkildə öldü

Saatlıda 52 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Saatlının Qaranuru kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Abışovanı soyuducunu elektrik şəbəkəsinə qoşarkən cərəyan vurub. Faktla bağlı araşdırma aparılır.

Kəlbəcərdə ağır qəza: ölən var

09:07 Kəlbəcər rayonunda yük avtomobilinin dərədən aşması nəticəsində bir nəfər ölüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Qılınclı kəndində qeydə alınıb. İlkin məlumata görə, vəfat edən avtomobilin sürücüsü olub. Faktla bağlı araşdırma başlanılıb. *** Kəlbəcərdə yol-nəqliyyat hadisəsi nəticəsində ölən sürücünün kimliyi məlum olub. Məlumata görə, Kəlbəcərdə yük maşınının dərəyə aşması nəticəsində aldığı xəsarətdən ölən sürücü, 1967-ci il təvəllüdlü Söhrab Süleymanovdur. Faktla bağlı araşdırma aparılır.

Avropa liderləri Ukrayna ilə bağlı çağırış etdi

Ukraynadakı münaqişənin həlli ilə bağlı birgə bəyanatda Avropa liderləri danışıqları hazırkı cəbhə xəttinə əsaslanaraq aparmağa çağırıblar. Sozcu.az xəbər verir ki, bəyanat Britaniya Xarici İşlər Nazirliyinin saytında yayımlanıb. “Biz beynəlxalq sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yolverilməzliyi prinsipinə sadiq qalırıq. Hazırkı təmas xətti danışıqların başlanğıc nöqtəsinə çevrilməlidir”, - bəyanatda bildirilib. Sənədi Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliya Baş naziri Corciya Meloni, Polşa Baş naziri Donald Tusk, Böyük Britaniya Baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merz imzalayıblar.

Bu, imkan vermədi ki, sülh sazişi imzalansın - Əliyev

Ermənistanın ev tapşırığı var. Ermənistan Konstitusiyasında olan ərazi iddiaları bu gün imkan vermədi ki, sülh sazişi imzalansın. Sozcu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev müsahibəsində bildirib.

Üç liderin imzaladığı bəyannamənin TAM MƏTNİ

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar. Sozcu.az Birgə Bəyannamənin tam mətnini təqdim edir: "Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik: 1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq; 2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq; 3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir; 4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik; 5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik; 6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik; 7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik. Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanıb". 00:19 Azərbaycan, ABŞ və Ermənistan arasında üçtərəfli bəyannamə imzalanıb. Sozcu.az xəbər verir ki, imzalanma mərasimi Ağ Evdə Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə baş tutub. Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar.

Əli çölə çıxardınsa, 40 manat cərimə - DYP-dən xəbərdarlıq

Bəzi sürücülərin avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarması qəza riskini artırır. Sozcu.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub. Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir:  "Təəssüflə qeyd edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır". Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə tətbiq ediləcək.

Polis dağlarda əməliyyat keçirdi: silahlı dəstə saxlanıldı

Balakən rayonunda polis əməkdaşlarının sərhədçilərlə birgə həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sozcu.az-a verilən məlumata görə, çətin relyefli yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 narkotik plantasiyası aşkarlanıb. Çətənə kollarını əkən, əvvəllər məhkum olunmuş 54 yaşlı Tahir İsmayılov, qohumu 49 yaşlı Oktay Gülüyev və tanışları 59 yaşlı Nizami Qarayev müəyyən olunaraq saxlanılıb. Əraziyə baxış keçirilərkən narkotik tərkibli bitkilər, qanunsuz saxlanılan 2 ədəd ov tüfəngi və digər maddi sübutlar aşkarlanıb. Şübhəli şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər. Həyata keçirilən digər tədbirlərlə narkotik vasitələrin dövriyyəsini təşkil edən və digər cinayətlər törədən daha 3 nəfər – Oruc Orucov, Elvin Papayev və Nasir Yetimov tutulublar. Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirdikləri əməliyyat nəticəsində isə dağlıq ərazilərdə gizlədilən 2 ədəd “Kalaşnikov” avtomatı və 4 ov tüfəngi də aşkar edilib. Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şəmkirdə dəhşətli qəza: 7 nəfər öldü

08:26 Şəmkirdə ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. *** Şəmkir rayonunda 7 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların adları məlum olub. Məlumata görə, yaralananlar arasında Ağstafa və Bakı sakinləri, həmçinin bir Gürcüstan vətəndaşı da var: - M.Qəribov – 1995-ci il təvəllüdlü, Ağstafa rayon sakini - N.Qəribova – 2004-cü il təvəllüdlü, Ağstafa rayon sakini - K.Məmmədov – 1969-cu il təvəllüdlü, Ağstafa rayon sakini - Ş.Pənahova – 1975-ci il təvəllüdlü, Bakı şəhər sakini - B.Gözəlova – 1970-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Yaralılardan K.Məmmədovun vəziyyəti ağır olduğundan o, Gəncə şəhər xəstəxanasına aparılıb. Qeyd edək ki, ölənlərin də bir neçəsinin Ağstafa rayon sakini olduğu bildirilir. *** Şəmkirdə ağır qəzada ölənləri adları məlum olub. Məlumata görə, ölənlərin 4-ü kişi, 3-ü qadındır: - 1992-ci il təvəllüdlü Şadət Bayramov, - 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva, - 1977-ci il təvəllüdlü Aydın Pənahov, - 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, - 2008-ci il təvəllüdlü Kənan Məmmədov, - 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova - 1966-ci il təvəllüdlü Arif Bağırov. *** Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə avqustun 7-də saat 05:00 radələrində 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib. 1975-ci il təvəllüdlü qadının müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970-ci il təvəllüdlü qadının və 1995-ci il təvəllüdlü kişinin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü kişi öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb. 2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub. Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

Azərbaycanda kişi istidən öldü

Gəncədə küçədən kişi meyiti tapılıb. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Sözügedən ərazidə təxminən 70 yaşlarında olan kişinin meyiti aşkarlanıb. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təhvil verilib. Məlumata görə, yaşlı kişi isti havada ürək tutmasından dünyasını dəyişib. Onun kimliyi dəqiqləşdirilir. Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

Kəlbəcərdə hərbçilərin minaya düşməsi barədə RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Baş Prokurorluq da Kəlbəcərdəki mina partlayışı barədə məlumat yayıb. Sozcu.az-ın məlumatına görə, Qurumdan bildirilir ki, avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır. *** 10:56 Müdafiə Nazirliyi Kəlbəcərdəki mina partlayışı barədə məlumat yayıb. Sozcu.az-ın məlumatına görə, Nazirlikdən bildirilib ki, avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.  Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bundan əvvəl mətbuatda 5 hərbçinin minaya düşdüyü barədə xəbərlər yayılıb.