“Türkiyə Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmir”. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyənin Suriya ilə bağlı prioriteti sabitlikdir: “İsrail Suriyada təxribatlardan çəkinməlidir”. Nazir, həmçinin İsrailin uzun müddətdir Suriyada sabitliyə zərbə vurduğunu diqqətə çatdırıb.
ABŞ Prezidenti Donald Tramp smartfonlar və kompüterlərə tətbiq olunan tarifləri 90 günlük ertələyəndən sonra texnologiya nəhənglərini istehsallarını ABŞ-a köçürməyə çağırır. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt danışıb. "Prezident Tramp açıq şəkildə bildirib ki, Amerika yarımkeçiricilər, çiplər, smartfonlar və noutbuklar kimi həyati əhəmiyyətli texnologiyaların istehsalında Çinə arxalana bilməz", – deyə o bildirib. Onun sözlərinə görə, "Əpl", TSMC və "Nvidia" da daxil olmaqla dünyanın ən böyük texnologiya şirkətləri Trampın göstərişi ilə istehsallarını mümkün qədər tez ABŞ-a köçürməyə tələsirlər. CNN nəşri isə bildirir ki, smartfonlar, kompüterlər, monitorlar və müxtəlif detallara tətbiq olunan rüsumların ləğvi "Əpl" kimi texnologiya nəhəngləri üçün böyük xəbər ola bilər. Qeyd olunur ki, "Əpl" Ayfon istehsalı və yığımının təxminən 90%-ni Çində həyata keçirir.
Tez-tez yas mərasimləri ilə bağlı müzakirələr olur. Əsas vurğu israfçılığa yönəlir. Lakin toylarımızın acınacaqlı vəziyyətdə olduğu da istisna edilmir. Əksinə, toylarda daha çox israfçılığa yol verildiyi, lazımlı-lazımsız qidaların masaya düzüldüyü bildirilir. Pandemiya zamanı deyilirdi ki, həyat normala döndükdən sonra yəqin israfçılıq da azalar. Əksi oldu. Pandemiyadan sonra toy qiymətləri və israfçılıq daha da artdı. Bəs bunun qarşısı alına bilərmi? Hər hansı bir tədbir görülməsi mümkündürmü? Sozcu.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat Gülşad Rüstəmova danışıb. “Doğrudan da toylarda israfçılığa çox yol verilir. Dinimiz də bizə israfçılığın olmamasını buyurur. Amma yaslarda məsələ bir az fərqlidir. Hər kəs əzizi üçün ehsan vermək istəyir. Şəxsən mən bu gün şəhid balamın tədbirlərində hər gələn adamın ehsandan dadmasını, rəhmət oxumasını istəyirəm. Biz şəhid anaları da belə mənəvi rahatlıq tapırıq. Amma onu da sizə deyim ki, Naxçıvanda keçirilən yaslarımızda qəti israfçılıq olmur”, - deputat bildirib. G.Rüstəmova deyib ki, əslində, yeyilməyən yeməklər süfrəyə qoyulmaya bilər: “Məsələn, 5-6 növ salat olacaqsa və onun çoxu yeyilməyəcəksə, elə bir qab salat olması daha yaxşıdır, 5-6 yemək növündənsə 2 cür yemək olsun. İnsanın mədəsi guya nə qədər qida qəbul edir ki?! Toya gedəndə bir dənə salatdan götürərik, bir növ də yemək əlavə edirik. Hər cür yeməyi süfrəyə düzəndə doğrudan da israfçılıq olur. Təki həmişə süfrələrimiz bol olsun, Azərbaycanımızda şad günlər keçirilsin, amma israfçılığa yol verilməsin. Anlayıram, hamı övladının xoş günündə belə şeylərlə rahatlıq tapır, bir söz deyə bilmərəm. Lakin israfçılığın olmamasına diqqət edilməlidir. Ən azından qalan yeməklər sonra ehtiyaclı kəslərə verilə bilər. Bununla bağlı tədbir görmək mümkündür”.
Beyləqanda vəzifəli şəxs iş başında ölüb. Hadisə 8 saylı ərazi vergi idarəsində baş verib. Burada kiçik vergi xidməti müşaviri işləyən Ağcabədi şəhər sakini 64 yaşlı Arif Qasım oğlu Qasımlı infarktdan ölüb. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (lent.az)
Heydər Əliyev prospektində "JAC” markalı (BYD şirkəti - red.) avtomobilin sayca 3-cü qəzası baş verib. Bir xaric olmaqla, bu qəzaların eyni prospektdə və oxşar qızası, üstəlik, “Bolt” taksi xidmətinə məxsus olması müəyyən şübhələr və ehtimallar yaradıb. Mövzu ilə bağlı "Yeni Sabah" danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, məsuliyyəti birbaşa taksi şirkətlərinin üzərinə atıb: “Öncə ondan başlayaq ki, avtomobilin məsələyə heç bir aidiyyəti yoxdur. Tam standarta uyğun nəqliyyat vasitəsidir. Əvvəllər, adətən, “Toyota Prius”ları adı daha çox hallanırdı, indi onları “BYD”lər əvəz edib. Bu nəqliyyat vasitələri, yəqin ki, taksi fəaliyyətində özlərini doğrultduğuna göə şirkətlər məhz həmin maşınlara üstünlük verirlər. Odur ki, əsas yük taksi şirkətlərinin üzərinə düşür. Sürücülərin iş rejimi, onlar avtomobilin sükanına oturmazdan öncə tibbi yoxlanışdan keçməsi, qeydiyyatda olan şəxsin nəqliyyat vasitəsini idarə etməsi məhz şirkətinin məsuliyyətindədir. Bütün hallarda, maşın kimə etibar olunursa, sima kimi şirkət cavabdehdir. İkincisi, klaviatura arxasında oturub, sosial şəbəkədə özünü qəhrəman hesab edənlər anlasınlar ki, onların özlərinin də məsuliyyəti var. Ən azı istifadəçi olaraq, sifariş etdiyimiz nəqliyyat vasitəsinin sürücüsü, maşının markası və digər məlumatlar tətbiqdə göstərilir. Bunlar uyğun olmadıqda, həmin nəqliyyat vasitəsinə oturmağın heç bir mənası yoxdur. Vətəndaşlar bu məsələyə ciddi yanaşmalıdır”. Ekspert qeyd edib ki, belə halların tez-tez baş verməsi taksi şirkətinin fəaliyyətinə xitam verilməsi ilə nəticələnə bilər: “Əsas məsuliyyət birmənalı olaraq, şirkətin üzərindədir. Buna nəzarət edən qurum Dövlət Yol Polis İdarəsidir. Onlar da mütəmadi olaraq reydlər keçirməlidir. Doğrudur, bunu müəyyən etmək nəzarət edən qurum üçün çox çətindir. Söhbət insan həyatından gedir. İnsanlar ödənişini etdiyi halda, qəzalarla rastlaşır. Bu kimi hallarda, əlbəttə, hər hansı taksi şirkəti ilə bağlı müəyyən tədbirlər görmək olar. Bir neçə xəbərdarlıqdan sonra aydın məsələdir ki, cərimələr və məhdudiyyətlərin tətbiq olunması ilə yanaşı, şirkətin fəaliyyətinə xitam da verilə bilər. Bu kimi qəzalar insan həyatı, xəsarət və maddi baxımdan yol infrastrukturuna dəyən ziyandır. Hər halda şirkətlər taksi fəaliyyətində məsuliyyətin altına giribsə, nəzarəti də yerinə yetirməlidir. Bunun başqa yolu yoxdur”.
12:15 “QHT işi” üzrə saxlanılan Aytac Ağazadənin barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanın təqdimatına baxılıb. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanın təqdimatı təmin olunub. Aytac Ağazadə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır. "İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib. Binəqədi Rayon Məhkəməsi hər 3 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Gəncə Dövlət Universitetinin qadın əməkdaşı işdən çıxarıldığı üçün özünə xəsarət yetirib. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə universitet binasında baş verib. 1988-ci il təvəllüdlü Günay Məmmədova kəsici alətlə damarlarını kəsib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) Gəncə regional qrupundan verilən məlumata görə, sözügedən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Xəbər verdiyimiz kimi, Bakıda taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov metronun "Bakmil" stansiyası yaxınlığından sərnişin götürərək yüksək sürətlə hərəkət edib. O, avtomobili əvvəlcə körpünün beton dirəklərinə çırpıb, daha sonra isə prospektin əsas hissəsinə düşüb. Sozcu.az xəbər verir ki, onun oğlu Elvin Nəcəfovun sözlərinə görə, atasının sudurqa xəstəliyi var. Hadisə baş verən zaman onun sudurqası tutub və bu, qəzaya səbəb olub. "Atam Nəcəfov Anarın sudurqası var, sükan arxasında olarkən sudurqası tutub, qəza bu səbəbdən baş verib.Atam Sabunçu xəstəxanasındadır, vəziyyəti ağırdır, iki ayağı da sınıb.Evimizin tək çörək gətirəni atamdır. Atamın ayağındakı elektron qandal isə banka olan borcumuzu ödəyə bilmədiyimiz üçün məhkəmə qərarı ilə vurulub.Xahiş edirəm, kimin nəyə gücü çatsa, bizə kömək edin. 4098 5844 6019 9662ş Leo Bank. Oğlu: Nəcəfov Elvin", - deyə o qeyd edib.
Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı mübarizə davam etdirilir. Baş Prokurorluğun Mətbuat xidmətindən Sozcu.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb. Qeyd olunan dövrdə Baş Prokurorluq tərəfindən mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb. Belə ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin, 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb. Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqləndiyindən, onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyəti üzrə SHXÇDX-ə təqdim olunub. Sözügedən dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 1 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır. SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı Baş İdarədə 2 cinayət işi üzrə istintaq davam etdirilir, 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub. Araşdırmalar nəticəsində aşkar edilən pozuntularla əlaqədar ümumilikdə 157 həkim və tibb işçisi barəsində aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdimatlar göndərilib. Həkim-Məsləhət Komissiyalarının tərkibinə yenidən baxılması üçün də SHXÇDX-ə müraciət edilib. Qeyd edək ki, bu sahədə daha kəsərli tədbirlərin görülməsi nəticəsində Baş İdarədə 2023-cü ildə 23, 2024-cü ildə isə 49 material üzrə araşdırma aparılıb, ümumilikdə 6 əməliyyat-axtarış tədbiri həyata keçirilərək nəticədə 6 cinayət işi başlanaraq məhkəmələrə göndərilib. Həmçinin, 2023–2024-cü illər ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin vəzifəli şəxsləri barəsində 5 halda prokuror təsir tədbirləri tətbiq olunub. Ümumilikdə isə, 2023–2024-cü illər ərzində Baş İdarədə SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı 13 cinayət işi istintaq olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaq.
Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə aprelin 9-12-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Naxçıvan MR, Quba, Siyəzən, Şirvan, Astara, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Şabran, Xaçmaz, Biləsuvar, Salyan, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Göyçay, Cəlilabad, Masallı, Lənkəran, Göygöl, Füzuli, Qubadlı, Gədəbəy, Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı və Ağsuda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Gəncə, Naftalan, Mingəçevir, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Qobustan, Daşkəsən, Lerik, Yardımlı, Qusar, Xızı və Neftçalada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
2024-cü ildə İranda 972 edam hökmünün icrası qeydə alınıb və bu, ötən il dünyada edam cəzalarının 64%-i deməkdir. Sozcu.az xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının bəyanatında deyilib. “İran hökuməti edam cəzasından etnik və dini azlıqlar və müxaliflərin susdurulması üçün vasitə kimi istifadə edir”, - bəyanatda bildirilib. 2024-cü ildə dünya üzrə ümumilikdə 1518 nəfər edam edilib və ən çox edam İran, İraq və Səudiyyə Ərəbistanında olub. Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, ötən il İranda edam edilənlərin sayı 1050 nəfərdir.
“Xarici İşlər Nazirliyinin son məlumatına görə, mina xəritələri ilə bağlı məlumatların cəmi 25 faizi həqiqəti əks etdirir. Yəni 75 faiz məlumat dəqiq və həqiqətə uyğun deyil. Bu o deməkdir ki, hələ uzun illər mina təhlükəsi ilə baş-başa qalacağıq”. Bu sözləri "Yeni Sabah"a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib. O qeyd edib ki, mina təhlükəsi uzun müddət davam edəcək: “Son günlər mina partlayışlarından faciələr baş verir. Mina bəlası hələ uzun illər davam edəcək. Nə qədər çalışsaq da, istər ANAMA, istərsə də güc strukturları təmsilçiləri bunun qarşısını tam almaqda acizdir. Çünki onlar elə basdırılıb ki, onların harada saxlanmasını hətta ermənilərin özləri də unudublar. Xarici İşlər Nazirliyinin son məlumatına görə, mina xəritələri ilə bağlı məlumatların cəmi 25 faizi həqiqəti əks etdirir. Yəni 75 faiz məlumat dəqiq və həqiqətə uyğun deyil. Bu o deməkdir ki, hələ uzun illər mina təhlükəsi ilə baş-başa qalacağıq. İşğaldan azad edilmiş ərazilərə köçən insanlar son dərəcə diqqətli olmalıdır. 2023-cü ildəki antiterror əməliyyatından sonra 390 vətəndaşımız minaya düşüb. Onların arasında şəhid olan da var, ağır xəsarət alan da. Əksəriyyəti isə ömürlük şikəstdir. Bu statistika artacaq”. Hərbi ekspert qeyd edib ki, mina təhlükəsi ilə bağlı mütəmadi məlumatlandırma aparılmalıdır: “Hətta əsrlər keçsə belə, hardasa undulub qalan mina müəyyən dövrdən sonra özünü büruzə verir. Uzun illər sovet dövründə Lənkəran ərazisində, Xəzər dənizi yaxınlığında poliqon olub. Həm Masallının Mahmudavar kəndində, həm də Lənkəran ərazisində təlimlər keçirilib. Həmin ərazilərdəki karoziyaya uğrasa da, hələ də təhlükəlidir. Zaman-zaman sözügedən ərazidə həmin minaların peydə olmasının şahidi oluruq. Azərbaycan teleməkanını bürüyən çal-çağır verilişlərin heç olmasa bu barədə reklamlar, xəbərdarlıqlar getməlidir. İşğaldan azad olunmuş ərazilərdə yaşayan vətəndaşlar üçün mina təhlükəsi ilə bağlı məlumat vərəqələri paylanmalıdır. Minanın aktual təhlükə olması insanların şüuraltına yeridilməlidir. Çox təəssüflər olsun ki, bu məsələyə biganə yanaşırıq”. Xatırladaq ki, son 2 gündə Cəbralı və Ağdamda 3 mina partlayışı baş verib. Nəticədə, 1 hərbçi, 1 ANAMA əməkdaşı və 3 mülki şəxs xəsarət alıb və ya həlak olub.