Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib.
Sozcu.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
"Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib.
Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür", - məlumatda deyilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, oktyabrın 11-də saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb.
Hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.