İsrail Haniyənin 12 qohumunu qətlə yetirdi - İran

İsrail Qəzza zolağında HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin övladları və nəvələri də daxil olmaqla 12 qohumunu qətlə yetirib. Sozcu.az xəbər verir ki, bu barədə İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali Haniyənin qətlini şərh edərkən deyib. "Son hücum zamanı sionistlər qəsdən övladları və kiçik nəvələri də daxil olmaqla, Qəzzada Haniyənin ailəsinin 12-dən çox üzvünü qətlə yetiriblər. Əminik ki, terror aktları Fələstin xalqının işğal olunmuş torpaqlarını azad etmək əzminə təsir etməyəcək",- o bildirib.

ATƏT-in müşahidə missiyası sabahdan fəaliyyətə başlayır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyası sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq. Sozcu.az xəbər verir ki, bunu Ceyhun Bayramovla ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati deyib. O, müşahidə missiyasının fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransının keçiriləcəyini qeyd edərək, növbəti 6 həftə ərzində missiya tərəfindən görüləcək işlərin xülasəsi barədə məlumat təqdim edib.

Beyruta zərbə: Bir nəfər öldü, 17-i yaralandı

İsrailin Livanın paytaxtı Beyruta zərbələri nəticəsində bir qadın həlak olub, 17 nəfər isə xəsarət alıb. Sozcu.az xəbər verir ki, bu barədə “Əl Axbar” məlumat yayıb. Yaralılar arasında uşaqlar da var. Onlar Bahman xəstəxanasına çatdırılıb. Xatırladaq ki, İsrailin Beyruta zərbələri nəticəsində Hizbullahın iki komandiri öldürülüb.

Bakıda DƏHŞƏT: Arvadını həyətdə soyundurub, ürəyi gedənədək döydü

Bakıda ər arvadına işgəncələr verib. Hadisə Xəzər rayonunda baş verib. Rayon sakini olan 40 yaşlı A.C. Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinir. Məlumata əsasən, A.C. arvadı 41 yaşlı L.Q.-ni müxtəlif səbəblərlə döyərək işgəncələr verib. Belə ki, birinci dəfə qadın ərindən 100 manat pulu gizlədib. Bunu öyrənən ər arvadını təpikləyərək döyüb. Tərəflərin növbəti münaqişəsi telefona cavab verməmək üstündə yaranıb. Qadının zəngə cavab verməməsindən hiddətlənən kişi evə gələrək arvadını həyətdə görüb. Onu oradaca soyundurub və əllərini toyuq hininə bağlayıb. Soyundurduğu paltarı qadının ağzına basaraq, onu döyüb. Aldığı zərbələrin təsirindən qadının huşu özündən gedib. Ancaq ər yenidən onu ayıldaraq, döyməyə davam edib. Məlumata görə, cütlüyün bir övladı var. Qadın gördüyü işgəncələr barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayətdən sonra tədbirlər görülməyə başlanılıb və kişi barəsində "işgəncə, əzab vermə" maddəsi ilə cinayət işi açılıb. İstintaq zamanı tərəflər arasında barışıq əldə olunub. Təqsirkar A.C. barəsində ev dustaqlığı haqqında qətimkan tədbiri seçilib. Hazırda iş üzrə Xəzər Rayon Məhkəməsində araşdırmalar davam edir.//Lent.az

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edildi

Müdafiə Nazirliyinin (MN) Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir Bölməsinin müdiri Rəhim Laçınov həbs edilib.  Sozcu.az xəbər verir ki, məlumatı Hərbi prokurorunun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev təsdiqləyib.  Bildirilir ki, Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Laçınov Rəhim Mirzə oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilib.  Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyev sədrliyi ilə keçirilən istintaq orqanın təqdimatı təmin edilib və Rəhim Laçınov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  "Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - açıqlamada deyilir.  Qeyd edək ki, Rəhim Laçınovun həbs olunması barədə ilk xəbəri "bizim.media" saytı yayıb. 

Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Azərbaycanda məhkum həbsdə ölüb. Lent.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İlqar Ağa oğlu Məmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Siqaret bahalaşır - Hansı problemlər yaranacaq? - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanda siqarlar və siqaretlər üçün aksiz dərəcəsi artırılıb. Belə ki, ölkəyə gətirilən, tərkibində tütün və tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün aksiz dərəcəsi 43 manatdan 45,5 manata qaldırılıb. Aksiz dərəcəsi tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərın 1000 ədədi üçün isə 46,5 manatdan 53,5 manata qaldırılıb. Bəs aksiz dərəcəsinin artırılması siqaretlərin qiymətinə necə təsir edəcək? Sozcu.az xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, siqaretin qiymətində artım müşahidə olunacaq. O qeyd edib ki, istənilən vergi, aksiz dərəcəsi artırılan kimi ona tətbiq olunan məhsulun da qiyməti qalxır: "Çox güman ki, siqaretin də qiymətində artım baş verəcək. Siqaretin qiymətinin hökumət nümayəndələri bu yolla daha rahat şəkildə artırırlar”. Ekspertin sözlərinə görə, aksiz dərəcəsinin artmasını bahanə edən sahibkarlar dərhal məhsulun qiymətini qaldıracaqlar: “Qeyd edim ki, tütün bazarında kifayət qədər inhisarçılıq var. Tütün məmulatlarını bazara çıxaran və satan şirkətlərin sayı barmaqla sayılacaq qədərdir. Onlar bazarda inhisarçı mövqeyindən istifadə edərək, sərbəst şəkildə qiymət artımına gedə bilirlər. Bununla bağlı heç bir qadağa, ən azından hüquqi əngəllər yoxdur. Ona görə də, bu addımın əsas səbəbi onlar tərəfindən belə izah olunur ki, son zamanlar yükdaşıma bahalaşıb. Azərbaycan tütün məmulatlarının idxalından kifayət qədər asılıdır. Logistikanın bahalaşmasından qiymət artımı üçün bir bəhanə kimi istifadə edirlər. Tütün məmulatları sosial məsələ olmadığına görə açığı, onun bahalaşması cəmiyyət tərəfindən bir o qədər narazlıqla qarşılaşmır. Ona görə də, bu sahədə rahat şəkildə addımlar ata bilirlər". Natiq Cəfərli qeyd edib ki, siqaretlər bahalaşacağı təqdirdə, qaçaqmal hallarının sayı artacaq.

Bu prospektdə hərəkət tam məhdudlaşdırılacaq

İyulun 26-sı saat 00:00-dan 30 iyul saat 00:00-dək Bakı şəhərinin 8 Noyabr prospektində (Sadıqcan küçəsindən Zığ dairəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Sozcu.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Sərhəddə insident: Ermənilər yenə təxribat törətdilər

Sərhədin demarkasiyasından sonra Qazaxla üzbəüz yerləşən Tavuş rayonunun Kirants kəndində Azərbaycan və Ermənistan sərhədçiləri arasında ilk insident yaşanıb.  Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Məlumata görə, hadisə Kirantsda yeni salınan yolun yaxınlığında qeydə alınıb. Belə ki, sərhədin demarkasiyası nəticəsində Ermənistandan Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi olan Kirantsdakı körpü Azərbaycan tərəfinə təhvil verilib və yeni, alternativ yolun tikintisinə başlanılıb. Lakin ermənilər yeni yolu sərhəd pozuntusu ilə çəkməyə cəhd göstəriblər. Nəticədə insident yaşanıb. Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan məlumatı təsdiqləyib. “Kirants sakinlərindən öyrəndim ki, ötən gün Kirantsa gedən yeni yolda insident baş verib. Azərbaycan sərhədçiləri gəlib erməni sərhədçiləri ilə mübahisə edib və bildiriblər ki, yeni salınan yolun bir hissəsi Azərbaycan torpaqlarından keçir”, - o deyib. Ermənistan mediası və erməni deputat bununla da təxribatı etiraf etmiş olub. Azərbaycan tərəfindən olayla bağlı hələ ki rəsmi məlumat verilməyib. 

Rusiyanın Ukraynadakı ümumi itkisi açıqlandı - Şok rəqəm

Rusiyaya Ukraynadakı genişmiqyaslı müharibə zamanı verdiyi itkilərdən sonra ordusunu bərpa etmək üçün beş il lazım olacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Britaniya Müdafiə Qərargahının rəisi Entoni Radakin deyib. “Rusiya müharibə başlayandan indiyə qədər 555 min əsgər itirib və biz hesab edirik ki, Putinə Rusiya ordusunu 2022-ci ilin fevralında olduğu səviyyəyə çatdırmaq üçün beş il, müharibənin üzə çıxardığı zəif cəhətləri düzəltmək üçünsə daha beş il lazım olacaq”, - o bildirib.

Ağadadaş Ağayevə cinayət işi açıldı

Xalq artisti Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır: "Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir".

Ağadadaş Ağayev tanışını balta ilə buna görə vurub – DETALLAR

DİN-in mətbuat xidmətindən məsələ ilə bağlı Sozcu.az-a bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib. N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb. X X X Xalq artisti Ağadadaş Ağayev və tanışı arasında əlbəyaxa dava olub. “Report” xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Məlumata görə, A.Ağayev tanışı ilə söyüş üstündə dava edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq faktı təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, hazırda faktla bağlı Binəqədi rayon Polis Şöbəsində araşdırma aparılır. *** Xalq artisti Ağadadaş Ağayevlə bağlı yeni məlumatlar məlum olub.  Sozcu.az lent.az-a istinadən bildirir ki, müğənninin tanışı ilə küçədə mübahisəsi düşüb. Mübahisə zəminində Ağadadaş Ağayev əlindəki baltanı tanışına atıb. Nəticədə qarşı tərəf xəsarət alıb. A.Ağayevin saxlanıldığı bildirilsə də hələlik bu rəsmi təsdiqini tapmayıb. Hadisə ilə bağlı rəsmi məlumat yayılacaq. ***10:53 Daxili İşlər Nazirliyindən Lent.az-a müğənni ilə bağlı insident yaşandığını təsdiqləyiblər.  ***10:42 Xalq artisti Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zamanı tanışına balta ilə xəsarət yetirib. Hadisə Binəqədi rayonu ərazisində baş verib.  Sozcu.az news24.az-a istinadən bildirir ki, yaralanan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Məsələ ilə bağlı A.Ağayevin özü ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.