Qəzzada silahlar yenidən işə düşdü - SON DURUM

Qəzzə a zolağında elan olunmuş atəşkəs yenidən pozulub.

Sozcu.az-ın məlumatına görə, İsrail Müdafiə Ordusu bu gün HƏMAS-a məxsus bir neçə hədəfi bombalayıb.

Hərbi hava qüvvələrinin zərbələri əsasən zolağın mərkəzi hissəsində, Əz-Zəvaydə və Əl-Bureyc qaçqın düşərgəsində yerləşən obyektlərə yönəlib.

Məlumata görə, Xan-Yunis şəhərinin Mavazi bölgəsində ağır artilleriya atəşi də açılıb. Yaralıların olduğu bildirilir.

İsrail ordusu Qəzza sakinlərinə növbəti dəfə xəbərdarlıq edib ki, HƏMAS-ın hərbi infrastrukturu hədəfə alınmağa davam edəcək.

İsrail ordusunun ərəb dilindəki rəsmi nümayəndəsi Avihay Edrai bildirib ki, HƏMAS-ın bu səhər törətdiyi terror hücumu və atəşkəs rejimini dəfələrlə pozması nəticəsində İsrail Müdafiə Ordusu HƏMAS döyüşçülərinə və onların infrastrukturuna qarşı güclü zərbələr endirəcək.

Ordu sakinlərdən “sarı xəttin qərbindəki” təhlükəsiz zonanı tərk etməmələrini xahiş edib. Bildirilib ki, “qırmızı rənglə işarələnmiş ərazilər döyüş zonasına daxildir və orada qalmaq həyati təhlükə yaradır”.

"Axios" portalının məlumatına görə, İsrail hakimiyyəti Qəzzanın cənubuna planlaşdırılan əməliyyat barədə ABŞ administrasiyasını əvvəlcədən məlumatlandırıb.

Bu məlumat ABŞ-ın atəşkəsin icrasına nəzarət edən komanda mərkəzi vasitəsilə ötürülüb. Mənbə bildirib ki, İsrail “HƏMAS-a qarşı cavab zərbələri üçün icazə istəməyib.”

Bundan əvvəl xəbər yayılıb ki, İsrailin baş naziri Binyamin Netanyahu ordunun ali rəhbərliyinə “terror hədəflərinə qarşı qəti tədbirlər” görmək göstərişi verib. Baş nazirin ofisindən yayılan açıqlamada bildirilib ki, bu addımlar HƏMAS-ın atəşkəsi pozmasına cavab olaraq atılır.

Qeyd olunur ki, oktyabrın 19-da HƏMAS qüvvələri Rafah bölgəsində İsrail hərbçilərinə qarşı tank əleyhinə raket atıb və artilleriya atəşi açıb.

İsrail ordusu cavab olaraq bölgədəki tunelləri və HƏMAS tərəfindən istifadə edilən hərbi tikililəri hədəfə alıb.

Fələstin hərəkatı Rafahdakı insidentlə əlaqəsinin olmadığını və atəşkəsi pozmadığını bildirib.

Xatırladaq ki, atəşkəs razılaşması bir neçə gün əvvəl ABŞ vasitəçiliyi ilə əldə edilmişdi.

Share on Facebook