ABŞ-ın Suriyadakı bazasına raket atıldı

ABŞ-ın Suriyanın şimal-şərqindəki hərbi bazası raket atəşinə tutulub. Sozcu.az  xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının mətbuat xidməti bildirib. "Suriyanın Konoko dəstək məntəqəsində koalisiya qüvvələrinə uğursuz raket buraxılışı həyata keçirilib. Atəşin açıldığı yerdə daha bir raket tapılıb. Nəticədə xəsarət alan olmayıb, koalisiya qüvvələrinin bazasına və əmlakına heç bir ziyan dəyməyib", - deyə qeyd olunub.

Reznikov dəvət etdi: F-16-nı idarə edə bilənlər...

Ukraynanın müdafiə naziri Aleksey Reznikov F-16 qırıcılarını idarə edə bilən xarici pilotları Ukraynanın müdafiəsinə qoşulmağa dəvət edib. Sozcu.az xəbər verir ki, Reznikov bunu danimarkalı həmkarı Troels Lund Poulsenlə birgə brifinqdə deyib. Nazir, həmçinin müvafiq icazələri və sənədləri əldə etmək imkanı olan xarici mütəxəssisləri də Ukraynaya işləməyə dəvət edib: “Bu, pilotlara da aiddir. F-16-nı idarə etməyi bilən və müharibədə iştirak etməyə hazır olan pilotlar varsa, xarici legion qapını açmağa hazırdır”, - Reznikov bildirib.

Ruslar panikaya düşdü, ərazini minalamağa başladılar

Ruslar Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan əvvəl açıq-aşkar panikaya düşür və buna hazırlaşmağa çalışırlar. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin polkovniki Aleksey Dmitraşkovski deyib. Polkovnik rusların xüsusilə cəbhənin iki istiqamətində təşvişə düşdüyünü qeyd edib: "Əks-hücum həqiqətən də Rusiya silahlı qüvvələrinin sıralarında belə çox güclü çaxnaşma yaratdı. Düşmən panikaya düşdü və bu, təkcə Donetsk istiqamətində deyil, Zaporojyedə də nəzərə çarpır". O qeyd edib ki, ruslar işğal etdikləri əraziləri aktiv şəkildə minalamağa başlayıblar.

Ukrayna Rusiyanın Mi-24 helikopterini məhv etdi

Ukrayna müdafiəçiləri Rusiyaya məxsus Mi-24 helikopterini vurublar. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, Mi-24 Ukraynanın Donbas bölgəsinin Avdeyevka ərazisində məhv edilib.

"Vaqner" rəhbəri etiraf edib: “Ukraynanın əks-hücumu kifayət qədər ciddi olacaq”

“Ukraynanın əks-hücumu kifayət qədər ciddi olacaq”. Bunu Rusiyanın “Vaqner” muzldu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin deyib. Onun sözlərinə görə, Ukrayna təxminən 1 həftəyə əks-hücum əməliyyatlarına başlayacaq: “Ukrayna gələcək əks-hücum üçün 400 minə qədər şəxsi heyət toplayıb və təxminən bir həftə sonra hücuma keçəcək. Ukrayna Silahlı Qüvvələrini qiymətləndirməmək olmaz”. Y.Priqojinin sözlərinə görə, Rusiya KİV-i yerli əhalini sakitləşdirməyə çalışmaqla səhv edir: “Problemləri gizlədə bilməzsiniz - düşmən ciddi və yaxşı hazırlıqlıdır. Əgər bu gün gedib Ukrayna Rusiya sərhədlərinə çatsa, vəziyyət dəyişəcək. Biz buna imkan verə bilmərik”. Qeyd edək ki, daha əvvəl Prezident Volodimir Zelenski Ukrayna ordusunun əks-hücum əməliyyatına hazırlaşdığını açıqlamışdı. Ukrayna müdafiə naziri Oliksiy Reznikov isə söyləmişdi ki, əks-hücum əməliyyatları aprel-may aylarında başlaya bilər. Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın əks-hücum əməliyyatına hazırlaşdığını təsdiqləmiş və Kiyevi dəstəkləyəcəyini demişdi.

Rusiya özünü daha çox təcrid edir - Zelenski

Rusiya Zaporojyenin yaşayış məntəqələrini növbəti dəfə atəşə tutmaqla özünü dünyadan və bəşəriyyətdən daha çox təcrid vəziyyətinə salır. Sozcu.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Ukrayna lideri rusların Zaporojyeni S-300 raketləri ilə vurduğunu, nəticədə ata və 11 yaşlı qızın həlak olduğunu, uşağın anasının isə ağır yaralandığını bildirib.

Ukrayna Krımı vurdu: Rusların S-300-ü məhv edildi

Aprelin 8-də Krımın Feodosiya şəhərinə raket hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb. Məlumata görə, atılan raketlərdən biri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulsa da, ikinci raket S-300 zenit-raket sistemini məhv edib. Raket zərbələri nəticəsində 3 rusiyalı hərbçi də yaralanıb.

Bu ölkədən İsrailə xəbərdarlıq: Fəlakətli nəticələr olacaq...

Əgər İsrail qüvvələri Əqsa məscidinə yenidən basqın etsə, bunun fəlakətli nəticələri olacaq. Sozcu.az xəbər verir ki, bunu İordaniya Xarici İşlər Nazirliyinin rəsmisi Sinan Məcali deyib. “İsrail polisi yenidən dindarlara hücum edərsə, bu, vəziyyəti daha da gərginliyə və zorakılığa sürükləyəcək və bunun əvəzini hər kəs ödəyəcək”, - Məcali bildirib. Onun sözlərinə görə, İsrail hakimiyyəti Qüdsdə və bütün işğal olunmuş Fələstin ərazilərində eskalasiyaya görə məsuliyyət daşıyır.

Bu ölkədə silahlılar 40-dan çox insanı öldürdü

Burkina-Fasonun şimalında silahlılar tərəfindən azı 44 mülki şəxs öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb. Silahlı qrup Kuraku və Tondobi kəndlərinə hücum edib. Hücuma görə hansı qrupun məsuliyyət daşıdığı barədə məlumat yoxdur.

Rusiyanın canlı qüvvəsi və hərbi texnikası məhv edildi

Ukraynanın raket qüvvələri və artilleriya bölmələri son sutka ərzində Rusiyanın canlı qüvvə, silah və hərbi texnikasının cəmləşdiyi iki bölgəni vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib. Qeyd olunub ki, həmçinin, ukraynalı hərbçilər hava hücumundan müdafiə sistemlərinin bir mövqeyini, üç elektron döyüş stansiyasını və düşmənin bir sursat anbarını vurublar. "Müdafiə Qüvvələrinin aviasiyası bir sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 8 zərbə endirib. Düşmənin kəşfiyyat PUA-sı da vurulub", - Baş Qərargah vurğulayıb.

409-cu gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 409-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 177 680 hərbçi, 3636 ədəd tank, 7020 ədəd zirehli döyüş maşını, 2727 ədəd artilleriya sistemi, 533 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 282 hava hücumundan müdafiə sistemi, 307 ədəd hərbi təyyarə, 292 ədəd helikopter, 5599 ədəd avtomobil texnikası, 2298 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 304 xüsusi avadanlıq itirib.

Ukraynada hava hücumu xəbərdarlığı

Ukraynanın bir sıra regionlarında hava hücumu xəbərdarlığı elan edilib. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb. Məlumata görə, Sum, Poltava, Çerkassı, Kirovoqrad, Dnepropetrovsk, Nikolayev, Odessa və Xarkov vilayətlərində hava hücumu təhlükəsi elan olunub.