Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 168 150 nəfər canlı qüvvə itirib. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 570 tank, 6 898 zirehli maşın, 2 608 artilleriya sistemi, 511 reaktiv yaylım atəşi sistemi, 273 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 2 203 PUA, 909 qanadlı raket, 18 gəmi/qayıq, 5 452 avtomobil texnikası və avtosistern, 273 xüsusi texnikadan ibarətdir.

Ukraynaya uran tərkibli mərmilər göndərilir? - ABŞ

ABŞ Ukraynaya tərkibində tükənmiş uran olan sursatlar göndərmir. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib. "Adətən, göndərilən döyüş sursatları ilə bağlı təfərrüatı açıqlamırıq, lakin uran tərkibli sursatları tədarük etmirik", - Kirbi bildirib. Qeyd edək ki, Böyük Britaniyanın müdafiə nazirinin müavini Baronessa Annabel Qoldi Ukraynaya “Çellenger 2” əsas döyüş tankları ilə yanaşı, tərkibində tükənmiş uran olan zirehli deşici mərmilər də daxil olmaqla, döyüş sursatlarının tədarükünün planlaşdırıldığını bildirmişdi.

"Şəhərlərimizə hər zərbəyə görə işğalçıya mütləq cavab verəcəyik!"

Rusiyanın bütün zərbələrinə hərbi, siyasi və hüquqi cavab veriləcək. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Kramatorskda demək olar ki, daimi hava hücumu sirenası, davamlı atəş təhlükəsi, daimi həyat təhlükəsi var. Məhz orada, Donbasda, Xarkov vilayətində aydındır ki, terror dövlətini başqa heç nə dayandıra bilməz. Amma biz bunu təmin edəcəyik. Şəhərlərimizə hər zərbəyə görə işğalçıya mütləq cavab verəcəyik. Bu gün Rusiyanın Zaporojyeyə zərbələri, Kiyev vilayətinə gecə hücumu... Rusiyanın bütün zərbələrinə həm hərbi, həm siyasi, həm də hüquqi cavab veriləcək. Moskva bu müharibədə itirir", - o bildirib.

Rusların məşhur PUA-sı məhv edildi

Ukrayna ordusu Rusiyaya məxsus "Orlan-10" pilotsuz uçuş aparatını (PUA) məhv edib.  Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb.  PUA-nın ölkənin şimalında vurulduğu bildirilir. Sistemin zenit-raket bölmələri tərəfindən məhv edildiyi qeyd olunur.  Qeyd edək ki, bu gecə ruslar İrana məxsus 21 pilotsuz uçan aparatı ilə Ukraynaya hücum edib, onlardan 16-sı vurulub. 

Rusiya ordusunda hərbi hissəni özbaşına tərk etmə halları artıb

Rusiya hərbi məhkəmələrinə rusların Ukraynadakı müharibəyə səfərbər olunduğu dövrdə hərbi hissənin icazəsiz tərk edilməsi ilə bağlı artıq 471 cinayət işi daxil olub. Bu barədə Mediazona portalı məlumat yayıb. Hərbi hissəni özbaşına tərk etmək maddəsi üzrə açılan işlər səfərbərlik dövründə qaldırılan işlərin 88%-ni təşkil edir. Onlardan 225 nəfərə artıq hökm çıxarılıb. Cəza hərbçilərin bölməni hansı vaxta görə tərk etməsindən asılıdır. Səfərbərlik başlayandan sonra cəza daha da sərtləşdirilib. İndi bir aydan çox hərbi hissəyə gəlməyəni on ilə qədər həbs gözləyir. Mediazonanın topladığı statistik məlumatlara görə, əksər hallarda bu şərtlər realdır, cəzaların yalnız üçdə biri təxirə salınır. Adı çəkilən maddə üzrə ən çox iş Moskva vilayətində başlanıb. Bundan başqa Kalininqrad, Samara və Çelyabinsk vilayətlərində iyirmidən çox belə hal qeydə alınıb. Eyni zamanda, Rusiyanın 25 vilayətində, o cümlədən Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində bu maddə ilə bir dənə də olsun iş açılmayıb. “Səfərbərlik dövründə” cinayətlərin qalan 12%-i isə “əmrin icra edilməməsi”, “komandirə qarşı zorakılıq” və “fərarilik” kimi cinayət maddələri ilə açılıb. Nizamnamə qaydalarının pozulması və hərbi əmlakın itirilməsi ilə bağlı cinatət işlərinin sayında artma müşahidə olunur. Ümumilikdə araşdırmaçılar 536 belə iş aşkar ediblər.

Yaponiya Ukraynaya 500 milyon dollara qədər təmənnasız yardım ayırıb

Yaponiya hakimiyyəti Ukraynaya təmənnasız yardım formasında 470 milyon dollar ayırmağa qərar verib. Sozcu.az "Nikkei" qəzetinə istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida Kiyevə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib. "Biz Ukraynaya enerji və digər sahələrdə kömək üçün 470 milyon dollar ianə verəcəyik", - hökumət başçısı bildirib. Yaponiya lideri Kiyevə martın 21-də gedib. O, Ukraynaya Yeddilik Qrupu liderlərindən sonuncusu olaraq səfər edib. “Gündoğar ölkə” bu il G7-yə sədrlik edir və may ayında Xirosimada sammitə ev sahibliyi edəcək. Bu şəhər 6 avqust 1945-ci ildə Amerikanın atom bombasına məruz qalıb. Kişida Zelenskini videobağlantı vasitəsilə sammitdə iştiraka dəvət edib.

Aİ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirəcək

Avropa İttifaqının martın 23-24-də keçiriləcək sammitinin iştirakçıları Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdən keçirəcək. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşkilatın 27 ölkəsinin liderlərinə göndərdiyi və Avropa Şurasının mətbuat xidməti tərəfindən dərc edilmiş yazılı dəvətdə deyilir. Toplantıda Aİ ölkələrinin hərbi istehsal imkanlarının genişləndirilməsi və yaxın 12 ay ərzində Ukraynaya 1 milyon mərmi tədarükü planını müzakirə edəcək. "Fevraldakı son görüşümüzdən indiyədək biz Ukraynaya döyüş sursatı istehsalı və tədarükün təcili artırılması üzərində işləyirik. Məqsədimiz 12 ay ərzində Kiyevi 1 milyon mərmi ilə təmin etməkdir", - Şarl Mişelin yazılı dəvətində bildirilir.

Hər gün buna daha da yaxınlaşırıq - Zelenski

Rusiyanı təcavüzə görə cəzalandırmaq üçün birgə işləməyə hazır olan Ukrayna tərəfdaşlarının dairəsi genişlənir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı xüsusi tribunalın yaradılmasına hazırlaşan qrupa qoşulduğuna görə Avstriya və İrlandiyaya təşəkkür edən Zelenski təcavüz nəticəsində törədilmiş cinayətlərdə təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsinin kifayət olmadığını vurğulayıb: "Həm də bu müharibənin bütün cinayətlərinə səbəb olanları kifayət qədər ədalətli və qanuni şəkildə cəzalandırmaq lazımdır. Xüsusi tribunal bunu təmin edəcək. Hər gün onun yaradılmasını daha da yaxınlaşdırırıq".

Baydendən Novruzla bağlı gözəl sözlər

Novruz minilliklər boyu formalaşan bayramdır və bu gün dünyada milyonlarla insan tərəfindən qeyd olunur. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Tvitter hesabında yazıb. “Ən qaranlıq anlarda belə qarşımızda duran ümidi xatırladan yeni ilin başlanğıcıdır”, - Bayden qeyd edib.

"Rusiyanın Baxmutu ələ keçirmək planları iflasa uğramaqdadır..."

"Rusiya Baxmutda strateji hücum əməliyyatı apara bilmir, ətalətlə hücumlar edir..." Rusiyanın Baxmut şəhərini zəbt etmək planları uğursuzluqlara düçar olub, rusiyalılar ətalətlə hücumlar edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisinin rəhbəri Andrey Yermak "Telegram-kanal"ında məlumat verib. "Müdafiə qüvvələri düşmənə şərqdə müqavimət göstərməkdə davam edir, hazırda onların Baxmutu işğal etmək planları iflasa uğramaqdadır", - Yermak yazıb. Öz tərəfindən Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qruplaşmasının mətbuat katibi Sergey Çerevatı deyib ki, Rusiya qüvvələri Baxmutun zəbt edilməsi əməliyyatını başa çatdıra bilmir və "ətalətlə" hücumları davam etdirir. "Hazırda onlar mahiyyətcə taktiki olaraq Baxmut rayon mərkəzinin zəbt edilməsi üzrə əməliyyatı başa çatdıra bilmir. Bəli, orada çox aktiv döyüşlər gedir, onlar hələ də ətalətlə onlarla hücumlar edir, lakin böyük itkilərə məruz qalır. Sutka ərzində şəhərdə 16 döyüş toqquşması baş verib. Bu zaman işğalçılar yaşayış məntəqəsini və ətraf əraziləri 55 dəfə atəşlərə məruz qoyub. O, vurğulayıb ki, rusiyalıların indiki hərəkətləri strateji hücum əməliyyatına bənzəmir. Bu arada Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) ekspertləri bəyan edib ki, Rusiya mətbuatının Rusiya Silahlı Qüvvələrinin Baxmutun çox hissəsinə nəzarət etməsi barədə bəyanatları həqiqətə uyğun deyil. "ISW Priqojinin "vaqnerçilər"in, guya, Baxmut inzibati mərkəzinin və Baxmutka çayının qərb sahilinin 600-700 metrliyində olması barədə bəyanatının vizual sübutlarını görmür. Həmçinin Rusiyanın şəhərin, guya, 70 faizini işğal etməsi də həqiqətə uyğun deyil. ISW-nin dəyərləndirməsinə görə, martın 8-nə Rusiya Baxmutun 50 faizinə nəzarət edib, o zamandan rusiyalılar əhəmiyyətli irəliləyişə nail olmayıb", - amerikalı mütəxəssislər vurğulayıb.

Ukrayna əsgərləri bir gündə işğalçıların 5 komanda məntəqəsini məhv edib

Ukrayna müdafiəçiləri rus işğalçılarını məhv etməyə davam edir. Böyük canlı qüvvə və texnika itkisinə baxmayaraq, düşmən hücum əməliyyatlarını dayandırmır. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. "Düşmən əsas səylərini Limanski, Baxmutski, Avdeyevski, Maryinski və Şaxtyorski istiqamətlərində cəmləşdirir. Son sutka ərzində düşmən ora 70-dən çox hücum edib", - Baş Qərargah qeyd edib. Bildirilib ki, Volınski, Polesski, Severski və Slobozhanski istiqamətlərində əməliyyat vəziyyətində ciddi dəyişiklik yoxdur, düşmənin hücum qruplarının formalaşması aşkar edilməyib. Belarusun poliqonlarında rus işğalçılarının bölmələri hazırlanır: "Baxmut istiqamətində düşmən Baxmuta hücum etmək cəhdlərindən əl çəkmir. Orexovo-Vasilovka, Baxmut, İvanovskoye və Qriqorovka yaşayış məntəqələri ərazilərində düşmənin çoxsaylı hücumları dəf edildi.  Düşmən itkilər verməkdə davam edir. Belə ki, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisinin Oleşkovski rayon xəstəxanasının ərazisinə 20-dən çox ağır yaralı işğalçı müalicə üçün gətirilib". Xatırladaq ki, ISW analitikləri Rusiyanın Donetsk vilayətinin Baxmut şəhərinə hücumunun kulminasiya nöqtəsinə çatdığını bildirir.

Tatarıstan məktəbliləri xorla "Mən rusam" hayqırmağa məcbur edilir...-VİDEO

Tatarıstan paytaxtı -  Kazandakı məktəblərdən birinin şagirdləri 23 fevral bayramı zamanı faşistlərin təbriklərini xatırladan jestlə müharibə haqqında "vətənpərvər" mahnılar oxumağa və əllərini qaldırmağa məcbur ediliblər. Sozcu.az xəbər veri ki, bu barədə "DOXA" nəşri yazır. Konsertdə məktəb işçilərindən biri müğənni Şamanın “Mən rusam” mahnısının sədaları altında uşaqları sağ əlini qaldırmağa məcbur edib. "Məsələ ondadır ki, Şaman da, ümid etdiyim kimi, sizin hamınız təki Rusiya Federasiyasının vətəndaşıdır",- deyib müəllim. O, tələbələrdən sağ əllərini yumruq halına gətirərək qaldırmalarını tələb edib. O, uşaqlara izah edib: "Təkan səmaya olmalıdır, NATO-ya tərəf olmalıdır". Şagirdlər isə bu tələbə məhəl qoymayanda müəllim şəxsiləşərək uşaqları milli zəmində təhqir etməyə başlayıb. "Yaxşı, hamınız necəsiniz, rus deyilsiniz, yoxsa nə? Yaxşı, başa düşürəm ki, kimsə rus deyil. Vətəndaşdır, ya yox? Yox?! Təcili mühacirət edin" -deyib müəllim. Oxşar hadisələr Novosibirskdə də baş verib. 6-cı sinif şagirdlərindən birinin anası fevralın 23-də keçirilən bayram konsertində hamının hərbi mahnıları öyrənməyə necə məcbur edildiyini danışıb. Rusiya məktəblərində vətənpərvərlik tərbiyəsi gücləndirilib - onlar Donbass haqqında şeirlər oxumağa, "Kalaşnikov" avtomatını söküb-yığmağa və qaz maskalarının etibarlılığına dair müsabiqələrdə iştirak etməyə məcburdurlar. Xatırladaq ki, müvəqqəti işğal olunmuş Melitopolun məktəblərində ruslar məktəblilərin mənlik şüurunu məhv edir, onlara öz “rus dünyası” əqidəsini sırımağa çalışırlar.