Ukrayna yarım milyon əsgər toplayır

Ukrayna yarım milyon insanı səfərbər etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” Ukrayna MN-ə istinadən məlumat yayıb. Məlumatda onlardan 330 min nəfərinin cəbhə xəttindəki hərbçilərin əvəz edilməsinə cəlb olunmasının planlaşdırıldığı qeyd olunub.

Ukraynanın AB üzvlüyü ilə bağlı mühüm qərar

Avropa Komissiyası martın 12-də Ukraynanın Avropa Birliyinə üzvlük üçün danışıqlar çərçivəsini təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bəyanatla çıxış edib. "Avropa Komissiyası Ukraynanın Avropa Birliyinə üzv olması ilə bağlı danışıqlar formatını təsdiqləyib. Müvafiq təkliflər AB Şurasına təqdim edilib", - deyə Baş nazir bildirib. Şmıqal qeyd edib ki, Ukrayna danışıqların başlanmasına və Avropa Birliyinin üzvlüyünə bir addım yaxınlaşıb: "Bu addım Ukraynanın nailiyyətlərinin, bizim transformasiyamızın və Ukraynanın mütləq AB-nin üzvü olacağı faktının sübutudur. Hökumətimizin prioriteti bunun mümkün qədər tez baş verməsinə əmin olmaqdır".

NATO-nun 300 min əsgəri bu ölkəyə girməyə hazırdır

NATO 300 min əsgəri Polşaya göndərilmək üçün yüksək səviyyədə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Polşa Baş Qərargah rəisinin müavini Karol Dımanovski deyib. “Əvvəllər NATO-nun qalxanı olmaq üçün 40 min əsgər hazırlaşdırılırdısa, hazırda 300 min əsgər yüksək hazırlıq vəziyyətindədir. Bu əsgərlər ölkəyə müharibə başlayandan sonra deyil, ondan əvvəl gələcəklər”, - Dımanovski bildirib.

Putinə həbs qərarı çıxaran hakim sədr seçildi

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) hakimləri Putinin həbsinə qərar verən Tomoko Akaneni məhkəmənin prezidenti seçiblər. Sozcu.az xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb. Hakim Rosario Salvatore Aitala birinci vitse-prezident, hakim Reyn Alapini-Qansu isə ikinci vitse-prezident olub. Rəyasət Heyətinin üzvləri üç il müddətinə seçilir və dərhal səlahiyyətlərinə başlayırlar. O, ədliyyə orqanları, müdafiə nümayəndələri və zərərçəkmişlər arasında dialoqun təşviqinə, eləcə də iştirakçı və hələ Roma Statutunu ratifikasiya etməmiş dövlətlərlə dialoqun gücləndirilməsinə diqqət yetirəcəyini vəd edib. Qeyd edək ki, Tomoko Akane 17 mart 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verən hakimlərdən biridir.

NATO Baş katibi də Roma Papasına cavab verdi – “Kapitulyasiya sülh deyil”

Roma Papasının Ukrayna ilə bağlı növbəti qalmaqallı açıqlaması təkcə Ukraynada deyil, bir sıra Qərb ölkələrində və təşkilatlarda da böyük etirazla qarşılanıb. Məlum olduğu kimi, Papa Fransisk İsveçrə televiziyasına müsahibəsində deyib ki, Ukrayna “ağ bayraq cəsarəti”nə sahib olmalı və danışıqlara başlamalıdır. Sozcu.az xəbər verir ki, Roma Papasına etiraz edənlər arasında NATO-nun Baş katibi Yens Stoltenberq də var. Stoltenberq Fransiskin müsahibəsilə bağlı deyib: “Kapitulyasiya sülh deyil. Rusiya Prezidenti Vladimir Putin bu müharibəni başladı və bu gün də bitirə bilər. Ukraynanın isə belə bir imkanı yoxdur”. Baş katib həmçinin bütün müttəfiqləri Ukraynaya hərbi dəstəyi davam etdirməyə çağırıb: “Biz Prezident Putinə döyüş meydanında istədiyini ala bilməyəcəyini göstərmək üçün Ukraynanı gücləndirməyə davam etməliyik. Biz oturub Ukraynanın müstəqil ölkə kimi tanınacağı həll yolu ilə razılaşmalıyıq”.

Ukrayna ordusu bu tarixdə əks-hücuma keçəcək

Ukrayna ordusu kifayət qədər döyüş sursatı və şəxsi heyəti olduğu halda bütün cəbhə xətti boyunca hücuma keçə bilər. Sozcu.az xəbər verir ki, bunu "Aydar" batalyonunun keçmiş tağım komandiri Yevgeni Diki deyib. Onun sözlərinə görə, Ukrayna bir ay, ya da ay yarımdan sonra cəbhədə fürsət pəncərəsi açacaq: "Cəbhədə iki kritik problemimiz var idi: sursat və kadr çatışmazlığı. Ordumuzda iriçaplı sursat çox qıt idi. Bu problem artıq demək olar ki, həll olunub, çünki döyüş sursatları artıq cəbhəyə gedib. Və bunu artıq birbaşa cəbhədə müşahidə etmək olar. Artilleriya yenidən işə başladı və canlandı".

Yaxın gələcəkdə Ukraynaya ordu göndərə bilərik - Sejurne

Ukrayna Qərb qoşunlarının ölkəsinə göndərilməsini tələb etməyib. Sozcu.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Stefan Sejurne deyib. “Yaxın aylarda və ya illərdə Ukraynaya necə kömək edəcəyimizə Rusiya deyil, biz qərar verməliyik”, - nazir qeyd edib. O bildirib ki, yaxın gələcək üçün ordu göndərilməsi mümkün ola bilər.

Zelenski Ərdoğana bu siyahını təqdim etdi

Ukrayna Prezidenti Vladimir Zelenski İstanbula səfəri zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Rusiya tərəfindən saxlanılan ukraynalı əsir və məhbusların siyahısını təqdim edib. Onların arasında repressiyaya məruz qalan Krım tatarları da var. Sozcu.az xəbər verir ki, bu barədə Vladimir Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı açıqlama verib. “Bu gün mən Rusiya tərəfindən repressiyaya məruz qalan və ən ağır şəraitdə həbsxana və düşərgələrdə saxlanılan Ukrayna vətəndaşlarının, xüsusən də Krım tatarlarının siyahısını verdim”, - Zelenski bildirib. Prezident vurğulayıb ki, hər kəsi, istər mülki, istərsə də öz xalqını müdafiə edərkən əsir düşənləri azad etməliyik.

Yunan baş nazir də Kremlə meydan oxudu

Avropa Birliyi o qədər qətiyyət nümayiş etdirib ki, düşmənlərini təəccübləndirib. Sozcu.az xəbər verir ki, bu sözləri Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Avropa Xalq Partiyasının Buxarestdə keçirilən konfransında deyib. “Avropa üçün bu qaranlıq vaxtda, müharibə qitəmizə qayıtdıqda, biz Ukraynaya görünməmiş qətiyyətimizi və sarsılmaz dəstəyimizi göstərdik, bəzi düşmənlərimizi təəccübləndirdik və birlik nümayiş etdirdik. AB əvvəllər heç vaxt təhdidlərə bu cür reaksiya verməyib”, - baş nazir bildirib. Miçotakis əlavə edib ki, bizim Kremlə yalnız bir mesajımız olmalıdır: “Siz bizi qorxuda bilməzsiniz, biz lazım olduğu qədər Ukraynanı və onun vətəndaşlarını dəstəkləməyə davam edəcəyik. Və təbii ki, qərarımızda tam yekdil qalacağıq”. Yunanıstanın baş nazirinin Odessa səfərinin ertəsi günü belə bir bəyanatla çıxış etməsi diqqət çəkib.

Zelenski razılaşdı: Zalujnı bu ölkəyə səfir göndərilir

Ukrayna Prezidenti Vladimir Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi ilə razılaşıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. “2024-cü il martın 7-də, cümə axşamı Ukrayna Prezidenti Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyinə razılaşıb. Ukrayna Xarici İşlər Nazirliyi Britaniyaya agreman üçün müvafiq sorğu göndərib”, - məlumatda bildirilib. Qeyd edək ki, Zalujnı ordunun baş komandanı vəzifəsindən 8 fevralda azad edilmişdi.

“Putini Haaqa məhkəməsi gözləyir” - Ursula fon der Lyayen

“Vladimir Putini Haaqa məhkəməsi gözləyir”. Sozcu.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib: “Haaqa Məhkəməsi ilk növbədə Putini Ukraynada elədiklərinə görə cəzalandıracaq”.

Ukraynadan Rusiyaya daha 1160 tabut göndərildi

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1160 hərbçisini itirib.  Sozcu.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 421 430 nəfərə çatıb.  Həmçinin son sutka ərzində Rusiyaya məxsus 17 tank, 51 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.  Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.