Qubada ağır qəza: 1 ölü, 3 yaralı

Qubada iki minik avtomobili toqquşub, bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün Quba-Xaçmaz yolunun Quba rayonu, Zərdabi qəsəbə ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü Azər Xantəmirovun idarə etdiyi “Mersedes” markalı avtomobillə 1986-cı il təvəllüdlü Firuz Yusifovun idarə etdiyi Vaz-2107 markalı avtomobil toqquşub. Nəticədə Firuz Yusifov aldığı xəsarətdən hadisə yerində ölüb. “Mersedes” markalı avtomobilin sürücüsü Azər Xantəmirov və avtomobildə olan sərnişinlər Yeganə Kərimova və İlahə Mirzəyeva müxtəlif bədən xəsarətləri alıblar. Faktla bağlı cinayət işi başlanıb və araşdırma davam etdirilir.

Azərbaycanla müharibə riski yüksəkdir - Paşinyan

Sülh müqaviləsi imzalanana və hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunana qədər Azərbaycanla yeni müharibə ehtimalı yüksəkdir. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Frans Press” agentliyinə müsahibəsində deyib.

Çin Rusiyaya hərbi yardım göndərir - Makronun müşaviri

Çin Rusiyaya hərbi texnikalar göndərir. Sozcu.az xəbər verir ki, bu barədə Fransa prezidentinin xarici siyasət üzrə müşaviri Emmanuel Bonnet bildirib. Bonnetin sözlərinə görə, Çindən Rusiyaya hərbi yardımla bağlı siqnallar var. “Çinin bizim istəmədiyimiz şeyləri etdiyinə dair siqnallar var. Onlar Rusiyanı əhəmiyyətli miqdarda hərbi texnika ilə təmin edirlər”, - Fransa rəsmisi vurğulayıb.

Ağcabədidə əməliyyat: saxlanılanlar var

Ağcabədidə müxtəlif cinayət əməllərində şübhəli bilinən şəxslər saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə rayonun Avşar kəndi ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb, iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkar edilib. Keçirilən əməliyyatla oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Yuxarı Avşar kənd sakini Aslan Xanlarov olduğu müəyyən edilib. Araşdırmalarla onun mağazadan kontur, siqaret və pul oğurladığı aşkar olunub. Polis əməkdaşların keçirdikləri digər bir tədbirlə isə narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil etməkdə şübhəli olan şəxs də saxlanılıb. Onun rayon sakini Vüqar Əliyev olduğu müəyyən edilib. Saxlanılan şəxsin yaşadığı ünvanda aparılan müvafiq axtarış zamanı aqrotexniki üsulla yetişdirilən çətənə bitkiləri aşkarlanaraq götürülüb. Faktlarla bağlı Ağcabədi RPŞ-də istintaq davam edir.

Sülhməramlıların Ağdamda qurduğu “erməni barrikadası”

Qarabağda separatçıların təşəbbüsü ilə bir qrup erməni Ağdam yolunda barrikadalar qurub: məqsəd erməni əhalisinin ərzaq təminatının Ağdam marşrutu vasitəsilə təmin edilməsinin qarşısını almaqdır. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. Onun sözlərinə görə, reinteqrasiyaya qarşı qurulan barrikadaların arxasında separatçılarla birlikdə Rusiya sülhməramlıları da dayandığı aydındır: “Moskva tərəfindən Qarabağa göndərilən Ruben Vardanyan faktoru bunu təsdiq edir. Barrikada quranlar da Vardanyanın rəhbərlik etdiyi qondarma “artsaxın təhlükəsizlik və ikişafı cəbhəsi” adlı hərəkatın üzvləridir. Artıq “mülki əhali” kartını işə salıblar. Bu halda Bakının ata biləcəyi addım Laçın yolundakı hazırki rejimi – yüklərin buraxılmaması – davam etdirmək və Ağdam marşrutu təklifini gündəmdə saxlamaqdır. Zamanla separatçıların təsir rıçaqları zəifləyəcək və erməni əhalisi bu marşrut üzrə təminatı qəbul edəcək”.

Daha 18 ailə Laçına yola salındı

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb. Sozcu.az xəbər verir ki, daha 73 nəfərdən ibarət 18 ailə doğma yurduna geri dönür. Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər. Bununla da Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.

Ata oğlunun toyundan sonra özünə niyə qəsd edib? - TƏFƏRRÜAT

Oğuzdakı müəmmalı intihar hadisəsi araşdırılır.  Övladına toy edəndən bir neçə gün sonra intihar edən atanın bu addımı hansı səbəbdən atması hüquq-mühafizə orqanlarının diqqətindədir. Hadisədən ən çox acı təəssüf hissi keçirənlər isə kənd sakinləridir. Sozcu.az Bizim.media-ya istinadən xəbər verir ki, müəmmalı hadisə rayonun ucqar Böyük Söyüdlü kəndində qeydə alınıb. Belə ki, 51 yaşlı kənd sakini Ceyhun Məmmədkərimovun cansız bədəni ailə üzvləri tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki tövlədə asılı vəziyyətdə aşkar edilib. Hadisə yeri hüquq-mühafizə orqanları tərəfindən analiz olunduqdan sonra meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birlinin Oğuz rayon şöbəsinə təhvil verilib. İlkin baxış zamanı meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. Adlarının çəkilməsini istəməyən kənd sakinləri bildiriblər ki, mərhum bir neçə gün əvvəl oğluna toy edib. Məclis yüksək səviyyədə təşkil edilib və Ceyhun da üzərinə düşən atalıq yükünü layiqincə yerinə yetirib. Ümumiyyətlə, Məmmədkərimovlar kənddə sakit və problemsiz ailələrdən biri kimi tanınır. Elə Ceyhun Məmmədkərimovun da hamı ilə ünsiyyətli və zəhmətkeş insan kimi münasibətləri olub. Baş verən hadisə sakinlərin dərin təəssüfünə səbəb olub. Hazırda baş verən intihar hadisəsi Oğuz Rayon Prokurorluğunda araşdırılır.

DİM qəbul imtahanı ilə bağlı məlumat yaydı

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də I ixtisas qrupu, iyulun 23-də isə IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Mərkəzdən Sozcu.az-a bildirilib ki, iyulun 23-də I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə də imtahan təşkil olunacaq. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Cəlilabad, Lənkəran və Xaçmazda təşkil olunacaq. Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Moskva dizi üstə çökəcək və elan edəcək ki... - Piontkovski

Rusiya taxıl sazişində iştirakını davam etdirməyə məcbur olacaq. Sozcu.az xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski deyib. “Azovstal”dan olan əsir ukraynalı hərbçilər Türkiyədən evlərinə qayıtdılar. Rusiya bildirdi ki, taxıl sazişindən çıxacaq. Ərdoğanla Zelenski bildirdilər ki, aclıqdan əziyyət çəkən Afrika xalqlarını çörəksiz qoymayacaqlar və bunu davam etdirəcəklər”, - Piontkovski bildirib. Onun sözlərinə görə, taxıl sazişi Rusiya Prezidenti Vladimir Putinin növbəti ictimai alçaldılması olacaq: “Əgər Rusiya istəmirsə, öz işidir. Qoy afrikalılara özü başa salsın. Türkiyə və Ukrayna isə Afrikaya taxıl tədarük edəcəklər. Lazım olsa, Türkiyə bunun üçün hərbi donanmasını da istifadə edəcək. Təxmin edirəm ki, Moskva dizi üstə çökəcək və iyulun 17-də taxıl sazişinin müddətinin uzadılmasını elan edəcək”.

"Krımı azad etmək üçün mənə hətta Qərb rəsmiləri də mane ola bilməyəcək..."

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı deyib ki, Ukraynanın lazımi resursları olan kimi Rusiyanın işğalı altında olan Krımı azad etmək istəyir. O, Putinin reaksiyasından qorxan Qərb rəsmilərinin belə, ona mane ola bilməyəcəklərinə eyham vurub. Sozcu.az xəbər verir ki,  Zalujnı bu haqda "Washington Post" qəzetinə müsahibəsində danışıb. "Əlimdə lazımi silahlar, vasitələr olan kimi nəsə edəcəm. Mənə dəxli yoxdur - heç kim mənə mane ola bilməyəcək".- deyə Baş Komandan vurğulayıb. Zalujnı Ukraynanın sursat baxımından başqa ölkələrdən asılı olduğundan şikayətlənir. Onun sözlərinə görə, Ukrayna nə qədər çox atəş aça bilsə, Rusiya qoşunlarını sıxışdırsa, o qədər az itki verəcək, lakin indi bu, Qərb silahlarından və hərbi sənaye kompleksindən asılıdır, hətta tərəfdaş ölkələr də Ukraynanı sursatla təmin etməyə çatdırımır. Qeyd olunur ki, işğal olunmuş əraziləri geri qaytarmaq, Rusiyanı məğlub etmək və Ukraynanın itkilərini minimuma endirmək üçün əks-hücum əməliyyatı keçirmək hələ də çatışmayan resursları tələb edir.

Bakıda 36, bölgələrdə 38 dərəcə isti olacaq - PROQNOZ

Azərbaycan ərazisində iyulun 15-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 55-65%, gündüz 35-45% olacaq. Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava olacaq. Bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Putinin ətrafından da məlumatlar alırıq - Budanov

"Kəşfiyyatımızın Rusiya prezidenti Vladimir Putinə yaxın mənbələri var". Sozcu.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kiril Budanov məlumat verib. "Bizim öz mənbələrimiz var. Belə demək mümkünsə, Putinə ən yaxın otaqlarda. Ona görə də biz adətən nə baş verdiyini bilirik", - Budanov deyib. O əlavə edib ki, Ukrayna 2014-cü ildə informasiya müharibəsində tamamilə uduzub, lakin nəticə çıxarıb və ona görə də 2022-ci ildə tamamilə fərqli şəkildə başlayıb: "İndi ruslar artıq uduzurlar". Jurnalistlər Ukraynanın düşmənləri məhv etmək prinsipini İsraillə müqayisə ediblər. Budanov belə bir bənzətməni inkar etməyib.