Ruslar böyük itkilər verir: İki yük maşını dolu meyit...

Çaplinkadakı morqa Xerson istiqamətindən iki yük maşını dolu rus hərbçilərin meyitləri gətirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Düşmən ağır itkilər verməkdə davam edir və onu hər vasitə ilə gizlətməyə çalışır. Belə ki, Çaplinka yaşayış məntəqəsindəki morqun ərazisinə Xerson istiqamətindən Rusiya ordusunun hərbçilərinin cəsədləri ilə dolu iki yük maşını gəlib”, - məlumatda qeyd olunub.

İsmayıllıda 19 yaşlı qız və oğlan itkin düşdü

İsmayıllı rayonunda 19 yaşlı qız və oğlan itkin düşüb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İsmayıllı şəhər sakini, 2004-cü il təvəllüdlü Aytac Hikmət qızı Mayılova və həmyaşıdı, rayonun Kürdmaşı kənd sakini Ağaverdi Tofiq oğlu Xəlilov iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar. Şəkillərdəki şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Eyyub Hüseynov: “Çörəyə donuz və insan tükünün qatılmasına rəsmi olaraq icazə var və buna icazə verə bilən insanlar isə susurlar” - VİDEO

Azərbaycanda satılan çörəyin tərkibinə donuz və insan tükünün qatılması iddiaları yenidən gündəmə gəlib. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, çörəyə donuz və insan tükünün qatılmasına rəsmi olaraq icazə var və buna icazə verə bilən insanlar isə susurlar: “Bu qatqılar yumşaq və elastik çörəklərdə mövcuddur”. Qeyd edək ki, bir müddət əvvəl sözügedən iddia ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, yayılan məlumatlar qeyri-ciddidir və iddia edilən məsələ ilə bağlı əgər hansısa bir əmtəə nişanında, çörək istehsalı müəssisəsində, satış şəbəkəsində fakt varsa, xahiş olunur agentliyə təqdim etsinlər. AQTA həmin məlumatları dərhal nəzarətə götürərək araşdıracaq. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Nazirlik məktəbli geyimi ilə bağlı valideyinlərə müraciət etdi

Elm Və Təhsil Nazirliyi valideynlərə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə deyilir: "Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Övladınızın təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur".

Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə deyilir: Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 3-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Xaçaturyanın işgəncə verdiyi keçmiş əsir: "Başıma qaynayan çaydanı tökdü"

Birinci Qarabağ müharibəsində yaralı vəziyyətdə əsir düşən və bir müddət sonra əsirlikdən qayıdan Ucar sakini ötən gün Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı erməninin ona verdiyi işgəncələrdən danışıb. Sozcu.az xəbər verir ki, Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Mail Məhəmmədəli oğlu Məmmədov könüllü olaraq 1990-cı ildə Qarabağa yollanıb və döyüşlərində iştirak edib. Yaralı vəziyyətdə əsir düşüb. Bir müddət sonra erməni əsirləri ilə dəyişilərək vətənə qayıdıb. Mail Məmmədov ötən gün Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı ermənini tanıyıb və ona olmazı işgəncələr verdiyini deyir: "Mən əsirlikdə olduğum müddətdə olmazın işgəncələrə məruz qalmışam. Amma mənə ən çox dözülməz işgəncələr verən isə Vaqif olub. Mənim başıma qaynayan çaydanı töküb. Qaynar su başımın dərisini tamamı ilə sıyırıb çıxartdı. Ürəyi soyumayan erməni daha sonra əvvəlcədən hazırlanmış dəmir xaçı odun sobasında qızdıraraq sinəmə basdı. Ümumiyyətlə, əsirlik dövründə azərbaycanlılara ən çox işgəncə verən keçid məntəqəsində saxlanılan Vaqif olub. Ötən gün televiziyada onu görən kimi tanıdım. Və mənə verdiyi işgəncələr gözümün önümə gəldi. Onu televiziyada görəndən bu vaxta kimi hələ də özümə gələ bilməmişəm”. Qeyd edək ki, Ötən gün Laçın keçid məntəqəsində Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşayan, Azərbaycan əsirlərinə olmazın işgəncələr verən, 1955-ci il təvəllüdlü Xaçaturyan Vaqif Çerkezoviç saxlanılıb.

Alman müxalifəti çağırış etdi: Bu raketləri Kiyevə verin...

Siyasətçilər və diplomatlar Almaniya hakimiyyətini Ukraynaya “Taurus”raketlərini verməyə çağırırlar. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Bundestaqın müxalif Xristian Demokratik İttifaqından deputat Roderix Kizevetter bildirib ki, Berlin təcili olaraq Ukraynaya daha çox “Leopard 2” tankı, minatəmizləmə avadanlığı, zenit sistemləri, sursatlar və “Taurus” qanadlı raketləri verməlidir. Onun sözlərinə görə, hazırda alman ordusunun arsenalında 600 “Taurus” raketləri var. Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi Kiyevə “Taurus” uzaqmənzilli qanadlı raketlər verməkdən imtina etmişdi.

İcra başçısının qardaşı oğlu atasını niyə öldürüb?

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı bəzi detallar məlum olub. Sozcu.az xəbər verir ki, mərhumun ailə üzvləri Bizim.media-ya açıqlamasında Azər Qaraşovun oğlu 2005-ci il təvəllüdlü Azay Qaraşov tərəfindən qəsdən ov tüfəngi ilə vurulduğunu bildiriblər. Məlumata görə, mərhum Azər Qaraşov evdə həyat yoldaşı ilə mübahisə edib. Bu zaman bunu görən Azay Qaraşov evdəki odlu silahla atasına bir neçə dəfə atəş açıb. Azər Qaraşov aldığı ağır xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib. Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı İstintaq İdarəsində cinayət işi başlanılıb.

Afrika liderləri Rusiyaya səfərdən imtina etdi

Sankt-Peterburqda Rusiya-Afrika konfransı keçirilib. Keçən dəfəki konfransda Afrikadan 43 lider iştirak etmişdisə, budəfəki sammitə 17 dövlət başçısı qatılıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir. “Konfrans Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasından on gün sonra baş tutub. Taxıl təşəbbüsü Efiopiya, Keniya, Somali və Sudan kimi ölkələrin əsas ərzaq məhsullarının tədarükünü təmin edərək, 30 milyon ton Ukrayna taxılını Afrikaya ixrac etməyə imkan verirdi. Tədarükün birbaşa kəsilməsi ilə yanaşı, Rusiyanın Ukraynanı blokadaya alması da taxılın qiymətlərini artırır. Ukraynadakı müharibənin nəticələri, demək olar ki, ən azı yaxın iki il ərzində Afrikada ərzaq problemini daha da artıracaq”, - məlumatda deyilir.

Dünən 43 yanğın olub, 7 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. FHN-dən Sozcu.az-a verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 43 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər xilas edilib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı zamanı 2 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - TARİX

Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Elm və Təhsil Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək. Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36 mm, Şəmkirdə 13 mm, Ağstafada 9 mm, Gədəbəy, Balakən, Tovuz, Şahdağ, Zaqatala, Şəki, Qusar, Şahbuz, Daşkəsən, Gəncə, Ceyrançöl, Oğuz, Mingəçevir, Yevlax, Cəfərxan, Qəbələ, Biləsuvar, Naftalanda 8 mm-dək olub. Gecə saatlarında isə Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb. Şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Tərtər, Neftçala, Gəncədə 20 m/s, Ağdamda 18 m/s, Mingəçevirdə 17 m/s, Şəmkir, Bərdədə 16 m/s, dək, Bakıda və Abşeron yarımadasında 28-30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb. Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.