Həyatda hər kəs səhv edə bilər. Ancaq elə peşələr var ki, burada yol verilən kiçik səhv belə ağır nəticələrə səbəb ola bilir. Tibb sahəsinə də sözügedən mövzuya aiddir. Bəzən həkimin gözdən qaçırdığı nüans, ya da yalnış təsbit insanın həyatını qaralda, hətta onu sonlandıra bilir. Bu kimi təhlükələrdən yayınmaq üçün nə etməliyik? Yaxud həkimlərin səhv təyin etdiyi diaqnozun kökündə hansı məsələ var? Bu barədə həkim-radioloq Aydın Əliyev “Yeni Sabah”a danışıb. Həkim bildirir ki, səhv diaqnoz qoyulan xəstələr ona da rast gəlib: “Yanlış diaqnozla bağlı hadisələr mənim də qarşıma çıxıb. İstər bölgələrdən, istərsə də paytaxt sakinlərindən bu barədə müraciət edənlər olur. Təəssüflər olsun ki, belə hallarla qarşılaşırıq. Həkim olaraq, hamımızda səhv ola bilər. Təbii ki, heç kəs ideal deyil. Bunu dünyanın hər bir yerində müşahidə etmək mümkündür. Amma burada vacib məqam ondan ibarətdir ki, kobud səhvlərə yol vermək olmaz. Çünki bu bəzən xəstənin həyatı bahasına başa gələ bilər. Bu problemin əsasında düzgün müayinələrin və yoxlamaların aparılmaması dayanır. Bunun qarşısını almaq üçün KİV vasitəsilə insanlar maarifləndirilməlidir. Həkim müalicə yazmadan əvvəl xəstə ondan öz diaqnozunu soruşub öyrənməlidir. Bu diaqnoz isə xəstəyə sübutla göstərilməlidir. Məsələn, “soyuqdəymə” deyə bir diaqnoz yoxdur. Ya da hər hansısa bir nahiyə ağrayan zaman həkim “sinirin sıxılır” deyirsə, xəstə sual verməlidir ki, bunu sübut edən nədir? Doğrudur, hər kəs bu məsələlərdə o qədər də məlumatlı deyil. Amma bu sualları verdikdə həkim özündə bir məsuliyyət hiss edir. Xəstəliyin hansı üsullarla təsbit edildiyi haqda məlumat almağa pasientin hüququ var”. Həkim ölkə ərazisindəki tibb müəssisələrindəki çatışmazlıqlardan da söz açıb: “Bu kimi halların yaşanmaması üçün ilk növbədə ölkədə diaqnostik təbabətin inkişafına böyük bir ehtiyac var. Diaqnostik təbabətin əsas hissəsini radiologiya əhatə edir. Bu sahə üzrə institut yoxdur. Lakin radiologiya institunun yaradılması mütləq məsələlərdəndir. Digər bir məsələ ilə ölkə ərazisindəki tibb müəssisələrinin maddi-texniki bazasının zəif olmasıdır. Bu məsələ qaldırılmalıdır. KT, MRT, ultrasəs və digər cihazlar bütün klinikalarda mövcud olsun. Aidiyyatı qurumlar sözügedən problemdən danışan zaman 1-2 məhşur klinikaların adını çəkib, orada həmin cihazların olduğunu nəzərə çatdırırlar. Ancaq bununla kifayətlənmək olmaz”.
Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi istismara hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılması üzrə Türkiyədən pozitiv siqnallar gözləyir”, - deyə məlumatda qeyd edilib. Qeyd edək ki, bir müddət bundan əvvəl erməni KİV-ləri Ermənistan hökumətinin Türkiyə ilə sərhəddəki Əlican sərhəd-buraxılış məntəqəsinin özünə aid hissəsində gömrük məntəqəsi tikmək niyyətində olduğunu yazmışdı. Qərarın Ermənistan hökumətinin iclasının gündəliyinə daxil edilməsi də vurğulanmışdı.
2017-ci ilin aprel-iyun aylarından sonra mütəmadi olaraq mətbuatda işıqlandırılan, cəmiyyətdə də birmənalı qarşılanmayan “Tərtər işi” ilə bağlı zaman-zaman müxtəlif detallar üzə çıxır. Zərərçəkənlər dindirildikcə yeni sirlərin üstü açılır və prosesdə əli olan simaların adı çəkilir. Məsələnin maraqlı tərəfi isə yüksək rütbəli şəxslərin verdiyi ifadələrdə öz əksini tapır. Belə ki, dindirilənlər prosesdə sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun adını çəkir və israrla onun da dindirilməsini tələb edirlər. Bu isə bir sual yaradır: belə olan halda Nəcməddin Sadıkov “Tərtər işi” ilə bağlı niyə dindirilmir və ümumiyyətlə, onun ifadə verməsi gözləniləndirmi? Mövzunu KONKRET.az – a dəyərləndirən Ağ Partiya sədri Tural Abbaslı bildirir ki, “Tərtər işi” ilə əlaqədar ilk gündən bəri tək Nəcməddin Sadıkov yox, prosesdə adı hallanan digər iri fiqurların da məsuliyyətə cəlb olunması, istintaq tərəfindən dindirilməsi və təkcə icraçıların deyil, həm də tapşırıq verənlərin cinayətə cəlb olunması ilə bağlı fikirlər səsləndirilib: “Hərçənd bir zamanlar hakimiyyət bu hadisələri inkar edirdi, ancaq yenidən gündəmə gəldi və nəticədə məhkəmələr oldu, günahsız yerə cəza çəkənlər bəraət aldı, müəyyən günahkar şəxslər cəzalandırıldı. Məncə, bu proses yenə də davam edəcək. O ki qaldı Nəcməddin Sadıkov və onun timsalında rəhbərlikdə təmsil olunanların hələ də məsuliyyətə cəlb olunmamasına, mən burada siyasi səbəblər görürəm. Çünki bunun başqa izahı yoxdur. Əminəm ki, siyası səbəblər istintaqa təsir göstərməsə, bu prosesi 1-2 ay ərzində ədalətli şəkildə həll etmək olar. Amma müxtəlif siyasi və dövlət maraqları, daxili münasibətlər sistemi bu istintaqın ədalətli və şəffaf aparılmasına imkan vermir”. Partiya sədrinin sözlərinə görə, icraçılar tutulub cəzalandırılırsa, sifarişçilər də həbs olunmalıdır: “Yəni burada səbəb sırf siyasidir, nəinki texniki. Bir sözlə, siyasətin istintaq prosesinə müdaxiləsi dayanan kimi bu məsələ də həllini tapacaq”. Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev da hesab edir ki, “Tərtər işi”ndə ən çox adı hallananlardan biri Nəcməddin Sadıkovdur: “Bu səbəbdən də, təbii ki, o, mütləq dindirilməlidir. Bu, çox həssas cinayət işidir. Bu işdə günahı, cinayəti sübut olunan hər kəs tutduğu vəzifədən asılı olmayaraq, çox sərt surətdə cəzalandırılmalıdır”, – deyə BAP sədri əlavə edib.
"Məktəblərdə şagirdlər arasında dava və ya toqquşma halları olur, yəqin bundan sonra da olacaq". Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin xəsarət almasına münasibət bildirərkən deyib. "Təbii ki, biz bunu istəmirik. Çünki hamımız məktəbdə oxumuşuq, başımıza bu cür hadisələr gəlib. Məktəb direktorları üzərinə düşən işləri görməlidir. Biz də yekunda günahı olan barədə tədbir görürük", - nazir qeyd edib.
Dünyada və dünyanın bir parçası olan ölkəmizdə psixoloqa ehtiyac duyanların sayı artır. Ailədə, işdə yaranan gərginlik, gündəlik qayğıların yaratdığı narahatlıqdan qurtulmağın yolu həm də psixoloji sakitlik və rahatlığın tapılmasındadır. Bu rahatlığı təmin edənlər psixoloqlardır. Əvvəllər cəmiyyətimizdə psixoloqun məsləhətlərindən yararlanmaq adət olmasa da, indi bu xidmətdən istifadə edənlər kifayət qədərdir. Maraqlıdır, daha çox hansı peşə sahibləri psixoloqa müraciət edir? Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Vəfa Rəşidova gördüyü işdən asılı olmayaraq psixoloqun məsləhətlərindən yararlananların olduğunu deyib: “Bütün sahənin insanları müraciət edir desəm, inanmayacaqsınız. Məmurundan tutmuş soyuducu ustasına qədər seanslara üz tuturlar. Bu məsələ insanı çox düşündürür. Bəzən elə bir sahənin insanı ilə rastlaşırsan ki, çox önəmli bir işin sahibidir. Amma o insanın belə psixoloqa ehtiyacı olur və psixoloqla görüşür”. Psixoloq seanslara müraciət edənlər barədə məlumatların məxfi saxlanıldığını desə də, onların arasında, müəllimlərin çoxluq təşkil etdiyi qənaətindədir: “Bütün sahənin insanları, xüsusən, müəllimlər və digərləri müraciət edirlər. Məmurlar, iş adamları da müraciət edir. Bütün oxumuş, təhsilli, özünə hörmət qoyan və psixoloqa dəyər verən insanlar bu xidmətdən yararlanırlar. Hər bir peşə sahiblərinin müraciəti gözəl bir haldır. Deyirlər ki, bir psixoloqa iki psixoloq lazımdır, yəni psixoloqun özü də psixoloqa müraciət edir. Psixoloqsuz indiki zamanda addım atmaq olmur, indi düşüncə dəyişib, hər şey fərqlidir, heç nə əvvəlki kimi deyil”.
Son günlər orta məktəblərdə baş verən hadisələr barədə yayılan xəbərlər heç də ürəkaçan deyil. Artıq bir neçə məktəbdə tüğyan edən şiddət olayları ilə bağlı sosial şəbəkələrdə müxtəlif foto və məlumatlar paylaşılır. Ancaq şagirdlərin kimin hücumuna məruz qaldığı hələlik məlum deyil. Hər bir halda bu hallar bütün ictimaiyyəti, əsas da valideynləri dərindən narahat edir. Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, məktəbdə yaşanan şiddət halları ilə bağlı müəllimlərin günahlandırılması doğru deyil: “Ölkə ərazisində 4200-dən çox tam və orta ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 1 milyon 600 mindən çox şagird təhsil alır. İstər müəllim, istərsə də şagird yoldaşları tərəfindən hər hansı şagird şiddətə məruz qalmamalıdır. Əgər belə hal yaşanarsa, hadisənin təkrarlanmaması üçün bunu edənlər məsuliyyətə cəlb olunmalıdırlar. Ancaq şagirdlərin çoxluğu səbəbindən burada yaşanmasını istəmədiyimiz mənfi hallar mütləq olacaq. Doğrudur, heç kəs bunun tərəfdarı deyil. Bu səbəbdən sözügedən hadisələrin qarşısını almaq üçün şagirdlər, müəllim heyəti və məktəb rəhbərliyi ilə müntəzəm olaraq psixoloji davranış qaydaları, psixoloq münasibətləri və bu kimi məsələlər yerində olmalıdır. Mənim bu məsələdə ən çox təəssüfləndiyim məqam hər kəsin birbaşa müəllimləri ittiham etməsi və hədəf göstərməsidir. Artıq müəllim nüfuzunun cəmiyyətdə o həddə endiriblər ki, hər hansı situasiyada dərhal müəllim günahlandırılır. Mən isə sözügedən mövzuda ilk günahı valideyndə görürəm. Çünki şagirdin şiddətə məruz qaldığı ilə bağlı kiçik bir ehtimal belə olsa, bu həmin an açıqlanmalı və aidiyyatı qurumlar məlumatlandırılmalıdır. Belə olduğu təqdirdə, məsələ anında araşdırılır və bu barədə müvafiq tədbirlər görülür”. Ekspert bu kimi məsələlərdə daha bir önəmli məqama toxunub: “Məktəblərdə baş verən son hadisələrlə bağlı müəllim və məktəb rəhbərliyi adına səsləndirilən ittihamlar öz əksini tapmadı. Ehtimal olunur ki, şiddət halları məktəblilərin arasında baş verən mübahisələrdə meydana gəlib. Bu kimi xəbərlərin tirajlanmasını vəzifə uğrunda mübarizə aparan şəxslərin kəllə-kəlləyə gəlməsi kimi qiymətləndirmək olar. Çünki bəzən olmayan bir məsələnin, yaxud təhsillə əlaqəsiz situasiyanın hədsiz dərəcədə şişirdilməsi vasitəsilə aidiyyatı qurumu və məktəb rəhbərliyini qaralamaq kampaniyası həyata keçirilir. Təbii ki, əgər məktəb rəhbərliyi və ya hər hansı bir müəllim tərəfindən şagird şiddətə məruz qalarsa, bunu dərhal hüquq-mühafizə orqanlarına bildirmək lazımdır. Ancaq şagirdlər bir-biri ilə oynayan zaman, yaxud onlar arasında mübahisə baş verəndə məktəbli xəsarət alırsa, bunu başqa cür qələmə vermək düzgün deyil. Bu halda valideynlər məktəbə dəvət olunmalı və həm onlarla, həm də şagirdlərlə bu halların yenidən yaşanmaması üçün profilaktik söhbətlər aparılmalıdır. Fəqət, belə hadisələrdə heç kəs şagirdləri öz vəzifə oyunlarına alət etməməlidir”.
"Orta məktəblərdə tibbi xidmətin səviyyəsi ürəkaçan deyil”. Bunu Qaynarinfo-ya açıqlamasımda təhsil eksperti təhsil eksperti Kamran Əsədov deyib. Ekspert bildirib ki, orta təhsil müəssisələrində şagirdlərin sağlamlığının qeydinə qalmaq məqsədilə tibb məntəqələr fəaliyyət göstərir: "Qanunvericilikdə bütün məktəblərdə şagirdlərə ödənişsiz tibbi xidmət göstərilməsi qeyd edilsə də, bəzilərində bu formal xarakter daşıyır. Son günlər orta məktəblərdə baş verən bədbəxt hadisələr tibbi xidmət ilə bağlı nöqsanın olduğunu göstərdi. Məktəblərdə kifayət qədər bədbəxt hadisələr baş verir. Bu zaman ilkin tibbi yardımı elə orta təhsil müəssisəsi göstərməlidir. Xəstə şagirdin məktəbdə halı pisləşmə ehtimalını nəzərə alsaq, təcili yardım komplekti olmalıdır. Müəllim və rəhbər heyət ciddi xəstəliyi olan şagirdlər barədə bilgilərə sahiblənməlidirlər. Çünki şəkər, epilepsiya kimi xəstəliklərdə kəskinləşmə ola bilər”. Təhsil ekspertinin fikirincə, tibb məntəqələri ilkin tibbi yardım üçün hər bir vəsaitlə təhciz olunmalıdır: "Qəfil bir hadisə olsa, yardım edə bilsinlər. Nazirlər Kabinetinin 218 nömrəli "Təhsil sahəsində iaşə və tibb xidmətinin təşkili” qaydalarında nəzərdə tutulub. Qaydaya əsasən, orta ümumtəhsil məktəblərinin binasında tibb otağı ayrılmalıdır. Bu otaq zəruri avadanlıqlarla təmin olunmalı, həmin ərazi üzrə tibb işçiləri bura təyin edilməlidirlər. Onların maaşları isə müvafiq icra hakimiyyəti tərəfindən ödənilir. Bu, qanunla tənzimlənir, amma reallıq da vəziyyət tam fərqlidir. Reallıq isə bundan ibarətdir ki, maddi texniki-bazası yüksək olan şəhər məktəbləri hər şeylə təmin olunduğuna görə, bu işi yüksək səviyyədə təşkil etmək mümkün olur. Amma bəzi region məktəblərində nəinki otaqların təminatı, hətta sinif otaqlarının təşkili ilə bağlı da problemlər mövcuddur”. Təhsil eksperti deyib ki, məktəblərdə tibbi xidmətlər üçün otaqlar olsa belə, oradakı kadrların heç biri məktəbin balansında olan işçilər hesab olunmur: "Onlar yerli poliklinikalar tərəfindən məktəblərə təhkim olunublar”.
“Təhsil sistemində müəyyən dəyişikliklər etmək lazımdır, məsələn, fənlər azaldılmalıdır. Şagirdlər 9-cu sinifdə buraxılış deyil, ixtisas seçim imtahanı verməlidir. Bu gün ölkədə bəzi pilot məktəblərdə bu tətbiq edilir. Amma fikrimcə, bütün dövlət məktəblərində belə olmalıdır...” Bu sözləri Yenisabah.az-a Beynəlxalq Təhsil Mərkəzinin təsisçisi və direktoru, təhsil eksperti Ramal Şəmşədli deyib. Onun sözlərinə görə, orta məktəb şagirdləri imtahan verərək hazırlaşacaqları qruplara uyğun fənləri öyrənməlidir: “Şagirdlər hansı ixtisas qrupuna hazırlaşırsa, həmin fənlər üzrə təhsil almalıdır. Belə olan halda, onlar özlərinə lazım olanı öyrənir, əlavə dərslərlə yüklənmirlər. Gənclərin istədiyi də budur. Biz hər şeyi öz beynimizlə ölçməməliyik. Gənclər 55-60 yaşlı insanlar kimi fikirləşmir və biz onların istəyini nəzərə almalıyıq. Gənclər arasında heç bir sorğu keçirilməyib. Sorğu keçirilməli, məktəblilərin nə istədiyi aydınlaşdırılmalıdır. Onların dərs yükü artıqdırdırmı, hansı dərs modelini istəyirlər, bütün bunlar araşdırılmalıdır. Əgər biz bunları görməsək, problemi heç vaxt həll edə bilməyəcəyik. Ona görə də uşaqlar Avropa məktəblərinə, xarici ölkələrə üz tuturlar. Əgər abituriyent gedib xaricdə uğur qazana bilirsə, deməli, öz ölkəsində də bunu edə bilər. Sadəcə onları düzgün istiqamətləndirmək lazımdır, çox sıxmaq lazım deyil. Əvvəlki illərdə keçid balı 600 olan ixtisaslar vardı, onları bu il 200 bala qədər azaltdılar. Deməli, seçimlər düzgün deyil”. Ekspert bildirib ki, bəzi ali təhsil müəssisələrində ixtisaslara uyğun olaraq, tədris ili müəyyənləşdirilməlidir: “Bu gün məktəblilərin daha çox kurslara yönəlməyinin səbəbi də odur. 7-8-ci siniflərdən valideynlər övladlarına istiqamət verir və şagirdi o yöndə aparır, təməlini bu cür qoyur. Valideyn istəyir ki, övladı daha yaxşı nəticə göstərsin. Bu səbəbdən hətta 8-ci sinifdən başlayaraq ixtisas dəyərləndirmə testi edilməli, şagirdlərə oxuyacaqları ixtisasa uyğun dərslər keçilməlidir. Bu, bütün məktəblərdə qanun olmalıdır. Eyni zamanda, bəzi ixtisaslarda təhsil müddəti azaldılıb-çoxaldılmalıdır. Məsələn, elə ixtisaslar var ki, onu öyrənməyə 4 yox, 5 il vaxt lazımdır, amma elələri var ki, onu 4 il oxumaq artıq vaxt itkisidir, 2 il təhsil almaq yetərlidir. Bu, çox önəmli məsələdir”.
“Ayakve” təşəbbüsünün Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərin qəbulu zərurətdir. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində keçirilən dinləmələr zamanı keçmiş müdafiə naziri Seyran Ohanyan danışıb. “Mövcud vəziyyətin səbəbi təkcə Azərbaycanın siyasəti deyil, həm də Ermənistan hakimiyyətinin düşünülməmiş addımlarıdır və bu səbəbdən onun ətrafındakı halqa hər dəfə kiçilməkdə davam edir”, - deyə Ohanyan bildirib. Qeyd edək ki, Ermənistanda revanşist “Ayakve” təşəbbüsü bir qrup yerli ictimai xadim tərəfindən yaradılıb. 2023-cü ilin iyununda o, Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verilməsinin cinayət sayılması haqqında qanunvericilik təşəbbüsü ilə çıxış edib və bu məqsədlə 50 mindən çox imza toplayıb.
Noyabr ayının 20-də saat 17:16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən "Dayan!” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisədə yükün olması müşahidə edilib. Əmrə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, üzərlərindəki yükü ataraq əlverişsiz hava şəraitindən və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçıblar. Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çəkisi 95 kiloqram 100 qram narkotik vasitə (10 kq 100 qr metamfetamin, 85 kq tiryək) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Məhz qızılgül inqilabının 20 illiyi ərəfəsində sizə demək istəyirəm ki, Gürcüstanın çox böyük dəyişikliklərə ehtiyacı var”. Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili məhkəmədə distant dinləmə zamanı bildirib. Onun sözlərinə görə, Gürcüstana Aİ-yə namizəd ölkə statusunun verilməsi ilə bağlı Avropa Komissiyasından müsbət cavabı hökumət deyil, xalq alıb. “Gürcüstan Rusiyanın əyalətinə çevrilib. Sizə demək istəyirəm ki, bu, ümidsiz vəziyyət deyil, biz bunu bacardıq – statusla bağlı Avropa Komissiyasından müsbət tövsiyə aldıq və hökumət yox, biz bunu bacardıq. Gürcü xalqı belə qərara gəldi ki, onlar Rusiyanın çəkmələri altında yaşamaq, kiminsə malı olmaq istəmir. Təbii ki, biz öz gücümüzə inanmalıyıq.”, – deyə Saakaşvili əlavə edib.
“Bir çox ekspertlər sənədsiz torpaq sahələrində tikilən evlərə kommunal xidmətlərin göstərilməsinin qadağan olması ilə bağlı proqnozlar vermişdilər ki, bu qanundan sonra ev qiymətlərində kəskin azalma müşahidə olunacaq”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tikinti və əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib. O, cari ilin oktyabr ayının 1-dən etibarən sənədsiz evlərlə bağlı yaranmış məlum qanundan sonra ev qiymətlərinin son durumu və yeni qanunun yarada biləcəyi problemlər haqqında söz açıb. Xatırladaq ki, oktyabr ayının 1-dən Şəhərsalma və Tikinti Məcəlləsinə bir sıra düzəlişlər edilib. Dəyişikliyə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan və s. obyektlərin kommunal xidmətlərə qoşulması qadağandır. Mütəxəssis aydınlaşdırıb ki, cəmiyyətimiz bu aktı hələlik tam bilmir: “Sadəcə, az sayda vətəndaşlar bunu bilirlər. Mən proqnoz vermişdim ki, hansı ərazidə bu kimi evlərin və torpaqların sayı çoxdursa, bu amil orada daha çox özünü büruzə verə bilər. Lakin digər ərazilərdə bunun özünü büruzə verməsini bir o qədər proqnoz etmirdim”. E. Azadov aydınlaşdırıb ki, Azərbaycandakı bəzi kənd və qəsəbə ərazilərində yerləşən torpaqların təyinatı kənd təsərrüfatı torpaqlarına aiddir: “Vətəndaşlar, adətən, ata-babasından onlara miras qalmış torpaqlarda fərdi evləri tikirlər. Ümumiyyətlə, Azərbaycanda kənd yerlərində mülkiyyəti təsdiq edən sənəd olmur. Mən problemi köklü şəkildə məhz burada görürəm. Bu gün ölkə vətəndaşlarının 40%-ə qədər kənd yerlərində yaşayır ki, bu da böyük bir rəqəmdir”. “Bundan sonra bunların problemi hansı formada büruzə verəcək, bilinmir. Əgər hökumət buna göz yumsa, onda artıq diskriminasiya yaranacaq. İnsanların bəziləri deyəcək ki, bu qanun kənd yerlərində tətbiq olunsa da, bir çox yerlərdə tətbiq olunmur. Bunu da zaman göstərəcək. Lakin Bakıətrafı ərazilərdə elə yerlər də var ki, orada bələdiyyə torpaqlarının sayı, eləcə də orada məskunlaşma çoxdur, torpaqların çoxu satılıb. Təbii ki, bu kimi ərazilərdə vətəndaşlarımız öz evlərini tikib qurtara, köçə və yaşaya bilməyəcəklər”, – deyə əlavə edib. Ekspert diqqətə çatıdırb ki, son 3 il ərzində evlərin qiyməti 30%-ə qədər bahalaşıb: “Ona görə də vətəndaş artıq gedib mənzil və yaxud sənədli ev ala bilmir. Məcburdur ki, şəhərətrafı bir ərazidə torpaq alsın, vəsaiti çatdıqca, evini tikib bitirsin və oraya köçüb yaşasın. Vətəndaşların qanunsuz torpaqlarda evlər tikməsinin səbəbi budur. Bələdiyyə torpaqları da dövlət tərəfindən verilmiş ilkin sənəddir ki, bunun da davamı olmalıdır. Bununla bağlı son illər müəyyən məhdudiyyətlər yaranıb. Bu torpaqların hamısının təyinatı isə yaşayış məntəqəsindən çox kənd təsərrüfatı təyinatlıdır”. Onun sözlərinə görə, belə olan halda vətəndaş da torpağın üstündə tikdiyi evi qanunlaşdıra bilmir: “İndiki səviyyədə başlanğıc üçün o, həmin torpağa çıxarış alsa belə, qanunla həmin torpaqda ev tikə bilməz. Çünki bu torpağın təyinatı yaşayış təyinatlı deyil. Fikrimcə, zamanla buna müəyyən amnistiya verilməlidir, çünki bu kateqoriyadan olan insanlar həddindən artıq çoxdur. Yaxud da ki, hökumət müəyyən bir zaman verməlidir ki, bu qanun 2024-cü ilin yanvarın 1-dən tətbiq olunacaq. Yəni kimin əyər-əskikliyi varsa, gedib evini tikib bitirsin”. Həmsöhbətimiz onu da vurğulayıb ki, vətəndaşlar sadaladığı məcburiyyətlərə görə bu yola əl atıb həyət evləri tikib, yaşayıb, məskunlaşır, eləcə də aidiyyəti qurumlardan oraya kommunikasiya xətləri çəkirdilər: “Çəkəndən sonra isə məhkəməyə müraciət edirdilər ki, bu torpaqda 3-5 ildir yaşayır və bunun qanuniləşməsini hökumət digər yolla tanısın və qanunlaşdırsın. Vətəndaşlarımız məcburi bu yola əl atırdılar. İndi bunun qarşısını almaq üçün hökumət başqa bir yol açıb ki, sənədləri olmayan vətəndaşlar bundan sui-istifadə etməsin. Yaxşı, vətəndaş bundan sui-istifadə edə bilmir, amma başqa əngəllərlə üzləşir. Onlar yenə də məhkəmə yolu ilə müraciət edib çalışacaqlar ki, bunu həll etsinlər. Kimin ki evi natamamdırsa, onlar evini tikib məhkəməyə müraciət edəcək ki, evi çoxdan tikib və bu qanun o vaxtı yox idi. Qısası, bu barədəki işlər məhkəmələrdə çoxalacaq”, - deyə o, fikirlərini tamamlayıb.