Azərbaycanda qayınanaların ailəyə müdaxiləsi məişət zorakılığı sayılacaq

Məişət zorakılığında ərin yaxın qohumlarının qadınlara qarşı zorakılıq faktları müşahidə edilir. Sozcu.az “Report”a istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O bildirib ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklə gələcəkdə qayınana, qayınata kənardan ailəyə müdaxilə edəcəkcə, bu, məişət zorakılığı hesab ediləcək. Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün boşanmaların əsas səbəblərindən biri ailələrə edilən kənar müdaxilələrdir: “Bəzən dövlət orqanları boşanmaq istəyən tərəfləri barışdırmaq istəsə də, sonda yaxşı effekt vermirdi. Bəzi ərazilərdə hətta səhəri gün qətl hadisələri törədilirdi. O, “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində həmin hissənin çıxarılmasının təklif olunduğunu söyləyib.

Azərbaycanda taksi qiymətləri görün NEÇƏYƏ OLDU

Bu gündən "Bolt" taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. Bu barədə "Bolt"taksi şirkətinin sürücüləri məlumat veriblər. Bildiriblər ki, iki gündür şirkətdən onlara gediş haqqında 10 faiz artımın olacağı barədə bildiriş xarakterli sms gəlib. Bu gündən isə qiymət artımı tətbiq edilib. "Bolt" taksi şirkətinin Zülfiqar adlı sürücüsü bildirib ki, gedişhaqqında bahalaşma yaxın məsafələrə tətbiq edilib. Sürücülərə isə uzaq məsafəyə gediş haqqının artırılması daha sərfəlidir. "Bolt" Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib. Şirkətdən bildirlib ki, hal-hazırda 10 faiz qiymət artımı olub. Bu artım bütün sifarişlərə aiddir. Məlumat üçün bildirək ki, hazırda "Bolt" taksidə minimal gediş haqqı 2,50 AZN-dir. (Sputnik)

Qəzzada atəşkəs bərpa edilir?

İsrail və HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsi bərpa etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Misirin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən “Reuters” agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, danışıqların detalları ilə bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadır.

“Bakıda tıxacların artmasının iqtisadi bir səbəbi də var”

“Bakıda artıq tıxacın günü, saatı yoxdur”. Sozcu.az xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, tıxacların artmasının, həmçinin mühüm bir iqtisadi səbəb də var: “Bakı-Sumqayıt yolunda şənbə-bazar, hətta axşam saat 10-11 arası belə tıxac insanları boğur. Şəhərin mərkəzində də oxşar vəziyyətdir. Ağır tıxacın olmamalı olduğu günorta saatlarında belə küçələrdə fəlakət yaşanır. Bunun xaotik məskunlaşmadan və qeyri-effektiv ictimai nəqliyyatdan qaynaqlanan çox səbəbləri var və sahə mütəxəssisləri, blogerlər bunları zaman-zaman dilə gətirirlər. Amma güman ki, burada mühüm bir iqtisadi səbəb də var: paytaxtda normal iş şəraitinə, iş intizamına malik iş yerlərindən daha çox, insanları hüquqa uyğun normal məşğulluq şərtlərilə təmin etməyən iş yerləri üstünlük təşkil edir. Söhbət o iş yerlərindən gedir ki, qeyri-formaldır, iş saatları normadan artıqdır, səhərdən gecəyə kimi davam edir, yaxud layiqli əmək haqqı olmadığındına insanlar gün içində yarımçıq iş saatları ilə fərqli iş yerlərinin arasında ora-bura qaçır və s.”

Finlandiya Rusiya ilə sərhədi yenidən bağladı

Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini yenidən bağlayıb. Sozcu.az xəbər verir ki, tədbir 14 yanvar 2024-cü il tarixinədək qüvvədə olacaq. Finlandiya hakimiyyətinin daha əvvəl izah etdiyi kimi, bu, Vaalimaa və Niirala keçid məntəqələri vasitəsilə üçüncü ölkələrdən gələn miqrantların axını ilə bağlıdır.

Bakı və İrəvan bu qərarı versə... - Obrayen

Düşünürəm ki, önəmli olan iki ölkənin bir-biri ilə danışması və əməli razılaşmalar əldə etməsidir. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Azərbaycan-Ermənistan münasibətləri barədə “Amerikanın səsi”nə açıqlamasında deyib. “Keçən həftə onlar məhbusların azad edildiyini elan etdilər və yalnız bu həftə məhbuslar evdədirlər və bir-birlərini bir çox cəhətdən dəstəklədiklərini göstərən birgə bəyanat yaydılar, o cümlədən COP29-a ev sahibliyi etmək üçün bir-birinə beynəlxalq dəstək verdilər. Ümid edirik ki, bu, hər iki ölkə, eləcə də Ermənistanın beynəlxalq istəkləri üçün faydalı olacaq. Bu cür dəstəyin göstərilməsi normal ikitərəfli münasibətlərin qurulmasına gətirib çıxaracaq. Biz hər iki ölkəyə dedik ki, onların sülh sazişinin bağlamasına kömək etməkdən çox məmnunuq. Əgər tərəflər müəyyən etsələr ki, bu, onlara uğurlu bir əsəri yekunlaşdırmağa kömək edəcək, o zaman biz yenidən kömək etməkdən məmnun olarıq. Biz hər iki tərəfi bir araya gəlməyə təşviq etmək üçün köməyə hazırıq və bilirsiniz ki, indiyə qədər hər iki ölkə bunun üzərində işləməyə hazır olduğunu söyləyib. Bu ilin sonuna qədər vaxtımız tükənir, amma əlimizdən gələni edəcəyik”, - Obrayen bildirib.

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol... - Mişel

Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat əlaqələrinin müxtəlif modelləri ilə bağlı müzakirələr aparılır. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyi Şurasının sədri Şarl Mişel “Azadlıq” radiosuna müsahibəsində deyib. “Prezident Əliyev dəfələrlə aydın şəkildə bildirib ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Amma konkret modellərlə bağlı müzakirələr aparılır. Elə bir model olmalıdır ki, Ermənistanın ərazi bütövlüyü pozulmasın. Bu konkret mövzulardır ki, müzakirə edilir. Mühüm mövzudur, çünki bu məsələni həll edə bilsək, regionda iqtisadi əməkdaşlığın güclənməsinə və beləliklə, regionun iqtisadi cəhətdən daha da inkişaf etməsinə nail ola bilərik”, - Mişel bildirib.

Bəzi dərmanlar sığorta hesabına qarşılanacaq

Mərhələli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrini sığorta hesabına qarşılamağı nəzərdə tuturuq. Sozcu.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, hazırda həmin layihəyə aidiyyəti qurumlara göndərilib: "İlk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub. Həmçinin, dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur. Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək".

“Qırmızı körpü” gömrük postunda sıxlıq - mindən çox yük maşını gözləyir

Son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar olaraq yük nəqliyyat vasitələrinin hərəkətində fasilələrin yaranması müşahidə edilir. Həmin nəqliyyat vasitələrinin alternativ variant kimi ölkəmizin Gürcüstanla sərhədindəki “Qırmızı körpü” gömrük postuna istiqamətlənməsi nəticəsində yük nəqliyyat vasitələrinin keçidində sıxlıq yaranıb. Sozcu.az xəbər verir ki, bir neçə gündür Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı körpü” gömrük postunda sıxlıq müşahidə edilir. Hazırda 1100-dən çox yük avtomobili günlərdir buradakı parkda gözləyir. Beynəlxalq yükdaşıma ilə məşğul olan TIR sürücüləri gecəni nəqliyyat vasitələrində, TIR parklarında keçirmək məcburiyyətində qalırlar. TIR sürücüsü olan türkiyəli Mehmet Usta deyib: “Rusiyadan, Moskva şəhərindən gəlmişəm. Azərbaycan ərazisindən getməklə Türkiyəyə keçid edəcəyəm. Samurdan gələndə sıxıntı olmadı, rahat keçdik. Burada isə sıxlığa görə dörd gündür ki, gözləyirik”. Təkcə Türkiyə və İrandan gələn deyil, digər ölkələrdən olan sürücülər də növbə gözləyirlər. Onlar deyirlər ki, burada qaldıqca, xərcləri də çox çıxır. Ona görə də bir an öncə yola düşmələrini istəyirlər. “Qırmızı körpü” gömrük postundan verilən məlumata görə, ilin sonuna doğru yük nəqliyyat vasitələrinin dövriyyəsindəki xarakterik artım növbələrin yaranmasına öz təsirini göstərməkdədir. “Vəziyyətlə bağlı bildiririk ki, son zamanlar Gürcüstan-Rusiya sərhədində yerləşən “Yuxarı Lars” gömrük-sərhəd buraxılış məntəqəsində hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin hərəkətində fasilələr yaranıb. Ləngimələrlə əlaqədar olaraq, həmin nəqliyyat vasitələrinin sürücüləri alternativ yol kimi ölkəmizin “Qırmızı körpü” gömrük postuna yönləndirilmişdir. Nəticə etibarilə həmin nəqliyyat vasitələrinin ölkəmizin ərazisinə daxil olması sıxlığın artması ilə nəticələnib. Bununla əlaqədar bildirmək istəyirəm ki, gömrük-sərhəd buraxılış məntəqəsinin buraxılış imkanlarının artırılması məqsədilə qarşı tərəflə danışıqlar aparılır”, – deyə “Qırmızı körpü” gömrük postunun böyük inspektoru Rüfət Səfərov əlavə edib. Qeyd edək ki, hazırda avtomobillərin tıxac uzunluğu kilometrlərlə davam edir. Gün ərzində isə qarşı tərəfə 350-400-dən çox avtomobil keçir.

Antibiotik vurdurdu, şoka düşdü və öldü... - Bu, niyə baş verir?

Müxtəlif xəstəliklərdə, o cümlədən, virusa yoluxma zamanı ilk ağla gələn dərman preparatlarından biri antibiotiklərdir. İnsanlar bəzən həkimə getmədən belə dərmanlardan istifadə edirlər. Bu, əksər hallarda xəstələrin həyatı üçün təhlükə yaradır. Mövzu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Sabah”a açıqlamasında antibiotik qəbulunu yalnız həkimin müəyyən etdiyini bildirib. Onun sölərinə görə, istənilən dərman preparatından insan şoka düşə, allergik funksiyalara məruz qala bilər: “Bunun daha ağır forması anafilaktik şokdur. Antibiotiklər müxtəlif təsirlərə malikdir. Bu dərman vasitələrinə qarşı mikrobların davamlılığı günü-gündən artdıqca antibiotiklərin də daha güclü təsirə malik olan növləri istehsal olunur. Təbii ki, onların hər biri müxtəlif yan təsirlərə malikdir. Bir qrup antibiotiklər allergik reaksiya verə bilir, digər bir qrupu qanın göstəricilərini dəyişir, bəzi növləri başqa fəsadlar törədir. Sadəcə olaraq, burada diqqət edilməli məqam var. Antibiotik qəbulunun həddi həkim tərəfindən təyin olunur. Bu, beynəlxalq protokol və meyarlara əsasən həyata keçirilir. Məsələn, C reaktiv zülalın qanda təyini, müxtəlif iltihab göstəriciləri, mediatorların miqdarının müəyyən edilməsi ilə antibiotikin təyin olunma miqdarı öyrənilir”. A.Qeybulla yalnız ciddi bir səbəb olduqda antibiotikdən istifadəyə ehtiyac yarandığını vurğulayıb: “Antibiotikin xəstəyə təyin olunması üçün ciddi əsaslar lazımdır. Həmçinin, onların təyin olunma müddəti konkret meyarlarla ölçülməlidir. Təəssüf ki, adi virus xəstəlikləri zamanı belə insanlarımız özbaşına antibiotiklərdən istifadə edir. Bu həm sözügedən preparata qarşı həssaslığı azaldır, həm də digər fəsadlara səbəb ola bilir. Həkim təyin etmədən evdə antibiotik qəbulundan şoka düşən və dünyasını dəyişən insanların sayı yetəri qədər çoxdur. Bunların hamısı xəstələrin heç bir həkim məsləhəti olmadan özbaşına hərəkət etdiyini göstərir. Xəstəxanalarda da bəzən həmin məsələ ilə bağlı problemlər yaşana bilir”.

"Netanyahu mənim yaxın dostumdur, amma onun getməsi lazımdır" - Bayden

“İsrailin baş naziri Benyamin Netanyahu hazırkı hökumətinin tərkibini dəyişdirməlidir. Əks təqdirdə, mövcud durum beynəlxalq ictimaiyyətin Həmas ilə münaqişədə İsraili dəstəkləməsini çətinləşdirir”. Sozcu.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. “Bu, İsrail tarixindəki ən mühafizəkar hökumətdir. Netanyahu mənim yaxın dostumdur, amma onun getməsi lazımdır”, – deyə Bayden əlavə edib. ABŞ prezidenti həmçinin İsrailin beynəlxalq dəstəyi itirməyə başlamasından narahatlığını ifadə edib.

Ukrayna Belqorodu “Toçka-U” ilə vurdu

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində Ukraynaya məxsus “Toçka-U” raketini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu, noyabrdan bəri Ukraynanın Belqoroda “Toçka-U” raketi ilə ikinci hücumudur. İlk hücum zamanı Rovenki qəsəbəsində 7 ev dağılmışdı.