Azərbaycanda zəlzələ oldu

Hacıqabulda zəlzələ olub. Sozcu.az xəbər verir ki, məlumatı Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09:51-də Hacıqabul rayonunda zəlzələ qeydə alıb. Zəlzələnin maqnitudası 3.4, dərinliyi 23 km olub.

İlqar Məmmədov: “Bu, nə maşınlardır, onları kimlər və harada sürür?”

“Ötən il Birləşmiş Krallıqdan ümumi dəyəri 446 milyon AZN olan avtomobil (road vehicle) idxal etmişik. Millətimiz keçən il birdən-birə 446 milyon manatlıq avtomobil gətirib, özü də bu hələ 1 ölkədəndir, amma küçələrdə bu maşınlar elə də gözə dəymir”. Sozcu.az-ın xəbərinə görə, bunu REAL Partiyasının sədri İlqar Məmmədov bildirib. “Maraqlıdır, bu nə maşınlardır, onları kimlər və harada sürür?”, - İ.Məmmədov sual ünvanlayıb.

Ermənilər Şuşa və Laçını atəşə tutdu

İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Ordumuzun təlimindən yeni - Video

2023-cü il üçün hazırlıq planına uyğun olaraq, N hərbi hissəsində tabor, divizion komandirləri və onların müavinləri ilə təlim-metodiki toplanış keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Toplanışda zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri təkmilləşdirilib, həmçinin fiziki hazırlığı qiymətləndirilib. Cari ilin növbəti tədris dövrü ərzində icra olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb, o cümlədən toplanış iştirakçılarına metodiki tövsiyələr çatdırılıb. "Təlim-metodiki toplanışın keçirilməsində əsas məqsəd zabitlərin idarəetmə üzrə bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi və peşəkarlıq səviyyələrinin artırılmasıdır", - məlumatda qeyd edilib.

Ermənilər mövqelərimizi yenidən atəşə tutdu

İyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqelərini də atıcı silahlardan bir neçə dəfə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Şəmkir rayon Çinarlı qəsəbəsində yaşanan problem

Fotolar Şəmkir rayon Çinarlı qəsəbəsi Nizami küçəsindəndir. Bu fotoları evinin içərisində toz-torpaq udmaq məcburiyyətində qalan küçə sakinləri göndərib. Yaşanan bu problem bir neçə dəfə işıqlandırılsada hələdə çox təəssüf ki, heç bir tədbir görülməyib. Belə ki, qabaq ki, paylaşımların şərh bölümündə Şəmkir Rayon İcra Hakimiyyətinə məxsus sosial şəbəkə profilindən bildirilib ki, həmin küçədəki problem Çinarlı Bələdiyyəsi tərəfindən həll olunmalıdır.  İndi sual doğurur Çinarlı Bələdiyyəsi problemi həll etməsə küçə sakinləri toz-torpaqdan boğulmalıdır ? İnsanların övladı toz-torpaq içərisində böyüməlidir ?  Əlavə olaraq bildirməliyəm ki, Nizami küçəsi Çinarlı qəsəbəsinin əsas mərkəzi küçəsi sayılır. Şəmkir şəhər - Seyfəli kənd, Seyfəli-Gəncə şəhər avtobus marşurutları və həmçinin Seyfəli istiqamətində hərəkət edən böyük yük maşınları bu yol vasitəsi ilə hərəkət edirlər. Ümumilikdə başqa kəndlərində istifadə etdiyi yolun zəhərinin, xəstəliyinin, tozu-torpağının zərərli yükünü Nizami küçəsi sakinləri qəbul etməli deyil, yaranmış bu vəziyyətə aidiyyatı qurumlardan tədbir görülməsini küçə sakinləri tələb edirlər.  Problemi diqqətdə saxlayacağıq....!!! Ceyhun Nəbi

4 bələdiyyə sədri cərimələndi

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyulun 6-da Tovuz rayonu ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.  Nazirliyinin mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Tovuz rayon, Aşağı Öyrüslü, Yuxarı Öyrüslü, Cırdaxan və Qovlar kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.  Bu istiqamətdə tədbirlər davam etdirilir. 

Dənizə getməyin, təhlükəlidir

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib. FHN-dən daxil olan müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah Bakı şəhəri və Abşeron yarımadasında külək əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır. Həmçinin, güclü külək baş verən yanğınların söndürülməsi əməliyyatını çətinləşdirdiyindən küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

Paşinyan açıqladı: Brüsseldə Əliyevlə görüşəcəyik

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib. O söyləyib ki, görüş Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.

MİT diplomatın qətlini təşkil edən PKK-nın “rəhbər şəxs”ini zərərsizləşdirdi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İraqın şimalında - Süleymaniyyədə gerçəkləşdirilib. Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri, "İraq üzrə kəşfiyyat başçısı", diplomat Osman Kösenin qətlini təşkil edənlərdən olan Celal Kaya zərərsizləşdirilib. Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək.

Müasir tələblərə cavab verən seysmoloji xəritəmiz yoxdur

Azərbaycanın müasir tələblərə cavab verən seysmoloji xəritəsi yoxdur. Sozcu.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə bu istiqamətdə işlər aparılır. O bildirib ki, Azərbaycanda bu xəritə ən son 1957-ci ildə olub: "Bizim tərəfdən yeni xəritə üçün təklif verildi və işlər aparılır". Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.

Ürəkdən ölənlər... - Azərbaycan dünyada ikincidir

Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına əsasən, ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yerdədir. Bu xəstəlik gün ərzində minlərlə insanın ölümünə səbəb olur. Azərbaycanda da ürək, qan-damar sistemi xəstəlikləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Sozcu.az xəbər verir ki, bu barədə dünyaca məşhur statistik mənbələrdən biri olan "worldlifeexpectancy"-nin apardığı araşdırmada qeyd olunur. Ürək, qan-damar sistemi xəstəlikləri səbəbindən baş verən ölüm hallarına görə Azərbaycan Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Belə ki, Azərbaycanın 183 ölkə sırasında reytinq dərəcəsi 388.41 olub. Siyahıda üçüncü Özbəkistan, dördüncü Ukraynadır. Qafqaz ölkələrindən Gürcüstan 24-cü, Ermənistan isə 28-ci yerdədir. Qardaş Türkiyə riskin daha az olduğu ölkə kimi dəyərləndirilərək reytinq siyahısında 127-ci yerdə qərarlaşıb. Qonşu Rusiya isə siyahıda 27-cidir. Digər postsovet ölkələrindən Belarus 10, Qırğızıstan 16, Moldova 18, Qazaxıstan 35, Latviya 49-cu yerdə müəyyənləşib.