Bu evlərə “kupça” verilir – RƏSMİ

Bəzi evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistisiyası” tətbiq ediləcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Bildirilir ki, bu məqsədlə yeni elektron portal hazırlanır. Portal hazırlandıqdan sonra çıxarış verilməsi nəzərdə tutulan evlərlə bağlı lazımi məlumatlar sistemə yerləşdiriləcək.  Bəs bu proses hansı qaydada aparılacaq? İlkin mərhələdə hansı əmlaklara çıxarış verilməsi nəzərdə tutulur?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, ilk öncə müvafiq sənədlərin toplanması üçün işlər görüləcək:  “Yəqin ki orada müvafiq eskiz layihələri, məlumatları, xəritədəki yerləşmə yeri göstəriləcək. Bununla bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidməti geniş açıqlama verəcək. Amma hər bir halda xidmətin göstəriləcəyi addımlar insanların əmlak məsələləri ilə bağlı problemlərinin həll olunmasına yönəlib. Bildiyiniz kimi, ölkə başçısının bu istiqamətdə verdiyi tapşırıqlar ondan ibarətdir ki, vətəndaşların mülkiyyətlə bağlı problemlərinə son qoyulsun. Qeydiyyatsız evlərin mülkiyyət məsələləri, nəhayət ki, həllini tapacaq”.  Ekspert qeyd edib ki, bu amnistiya bəzi əmlaklara şamil olunmayacaq: “Ancaq bəzi əmlaklar var ki, onların sənədləşdirilməsi tikinti yerinə və əraziyə görə mümkün olmayacaq. Bu problemli zonalarda, xüsusən neftə məxsus hissələrdə olan evlərə aiddir. Hansı ki, həmin ərazilər faktiki olaraq, müəyyən neft şirkətlərinə aiddir. Həmçinin insanların yaşaması üçün təhlükəli olan ərazilərdə olan evlər də bu qəbildən sayılır. Təbii ki, bunlarla bağlı hər bir müraciət bir-bir araşdırlacaq və müvafiq qərarlar qəbul olunacaq. Məlum olduğu kimi, Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən də yaradılan portal vasitəsi ilə tikintiyə icazə sənədləri də bu istiqamətdə araşdırılır. Bundan sonra müvafiq qərar qəbul olunur. Yəqin ki, bu sistem vasitəsi ilə hər bir məsələ araşdırılacaq və vətəndaşın xeyrinə qərar veriləcək”. 

80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq “Müharibə veteranı” statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Sozcu.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfər rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır. Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir. Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.

Vardanyanla bağlı məhkəməyə müraciət edildi

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib. Sozcu.az xəbər verir ki, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılır. Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur. Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.

Rusiya sərhədimizdəki 11 postu ləğv edir

İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını geri çəkmək xahişi ilə Rusiya tərəfinə müraciət edib və belə bir qərar qəbul edilib. Sozcu.az xəbər verir ki, bu sözləri Rusiya FTX-nin direktorluğuna namizəd Aleksandr Bortnikov deyib. O qeyd edib ki, Ermənistan ərazisində vəziyyətin son dəyişikliyini nəzərə alaraq, Ermənistan lideri Moskvada Prezident Putinlə görüşündə (Putinlə Paşinyanın Moskvada görüşü 8 may tarixində olub- red.) müvəqqəti əməliyyat qruplarının demarkasiya xəttindən və sərhəddən çıxarılmasını xahiş edib: “Beləliklə, qanuni olaraq müəyyən edilməmiş ərazilərdə mövcudluq problemi bağlanır. Bu qərar qəbul edilib”. O xatırladıb ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra Ermənistan yardım və FTX sərhəd bölmələrinin Azərbaycanla sərhəd xəttində yerləşdirilməsini xahiş edib. Bu xahişi nəzərə alaraq, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında 11 sərhəd postu yaratmışdı. Qeyd edək ki, bundan öncə Bortnikov İrəvanın Zvartnots hava limanında da rus sərhədçilərin sərhəd-keçid məntəqəsini bağlayacağını açıqlamışdı.

“Anaların başı ərlərini güdməyə qarışdığı üçün...” - Psixoloqdan qalmaqallı açıqlama

Xəbər verdiyimiz kimi, Tovuzda öz istəyi ilə 26 yaşlı oğlana qoşulub qaçan 16 yaşlı qız ailəsinə qaytarılıb. Qeyd edək ki, son illər belə hallar tez-tez baş verir. Bəs, erkən nikahların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Psixoloq Zeynəb Əyyubova Bakupost.az -a bildirib ki, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. “Məncə, artıq həyəcan siqnalı çalmalıyıq. Valideynlər nəyi etməməlidir? Valideynlər nəyi etməməklə qızlarını xoşbəxt edə bilərlər? Əgər bir qız uşağı doğulduğu gündən etibarən evində dayanmadan bir-biri ilə mübahisə edən ata-ana, gəlin-qaynana, daim nəyinsə çözümünü tapa bilməyən ailə sistemi görürsə, o, heç vaxt bu ailədə kök salmayacaq”, - deyə Z.Əyyubova bildirib. Psixoloqun sözlərinə görə, qız ailədə valideynlərinə güvənməlidir: “Qız uşağının ailəsinə kök salmaq üçün inandığı bir yer olmalıdır. Onun inandığı isə ata və anasının münasibətidir. Əgər bir qız atasına güvənmirsə, ona baxanda anasının sevildiyini düşünmürsə, ilk ağlına gələn bu olur: mənə dəyər verəni, sevəni tapacam. Təəssüf ki, o da bir uğursuzluqla nəticələnir. Niyə qızlar öz ailələri ilə xoşbəxt deyillər, niyə öz ailələrində qalmaq istəmirlər? Çünki ata, ana modeli yoxdu və bir-birindən xəbərsiz olan ata-ananın evində qaçmağı, intiharı, başqa bir ölkəyə getməyi üstün tutan uşaqlar olur”. Z.Əyyubova qeyd edib ki, əksər valideynlərin başı sosial şəbəkələrə qarışdığı üçün övladlarının istəyindən xəbərsizdirlər: “Bu gün valideynlər övladlarının nəyi sevib-sevmədiyini, nədən xoşbəxt olduğunu bilmir. Çünki valideyn övladını tanımır, onunla vaxt keçirmir, atanın başı “TikToka”, ananın başı "Feysbuk"a qarışıb. Buna görə də ata hansısa qadınlarla, ana isə hansısa qadınların arxasına düşüb atanı güdməklə məşğuldu. Bu arada da balaca qız uşaqları özlərinə çözüm, çarə axtarırlar və onu da qaçmaqda görürlər”.

ABŞ-da min nəfərlik ziyafətdə atışma: ölənlər var

ABŞ-ın Alabama ştatında baş verən atışmada 3 nəfər ölüb, ən azı 12 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baldvin dairəsinin müstəntiqi Andre Reyd deyib. Onun sözlərinə görə, silahlı insidentin qeydə alındığı Stokton bölgəsindəki ziyafətdə min nəfər olub. A. Reyd bildirib ki, ölənlərin və yaralıların əksəriyyəti gəncdir. Reyd əlavə edib ki, atışmada polislər iştirak etməyib. Qeyd edək ki, Stoktonun təxminən 400 nəfər əhalisi var.

“Ən güclü təkan...” - Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Lənkəranda qeydə alınan zəlzələdən sonra afterşoklar - xırda təkanlar ola bilər. Sozcu.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. "Ən güclü təkan artıq olub, əhali təşvişə düşməsin", - deyə o vurğulayıb. Qeyd edək ki, Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.

İli köhnə avtomobil sürənlərin nəzərinə!

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. Sozcu.az report-a istinadən xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb. Məlumata görə, layihə iyunun 1-dək hazırlanaraq Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir.

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Rəsmi

Respublika üzrə seysmogen bölgələrdə seysmiklik fon səviyyəsindədir. Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun: “Bu gün respublika ərazisində 20-dən çox yeraltı təkan qeydə alınıb. Hamısı hiss olunmayan, zəif təkanlardır”.

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - AÇIQLAMA

Anaları tərəfindən küçəyə atılan qız uşaqlarının kiçik bacısı da sığınacağa yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat paylaşıb. “Ötən gün anaları tərəfindən küçəyə tərk edilən 2 qız uşağı sığınacağımıza gətirilmişdi. Uşaqların ən balacası isə evdə qalmışdı. Sosial Xidmətlər Agentliyi tərəfindən ən kiçik körpə anadan götürülüb. Artıq 3 bacı sığınacaqda qalacaq. Bacılar gələn gündən DYP əməkdaşı onları himayəyə götürüb və bütün ehtiyaclarını özü qarşılayır. Tezliklə uşaqların təhsilləri bərpa olunacaq”. Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə əlaqə saxlayıb. M.Zeynalova məlumatı təsdiqləyib: “Bacıları əvvəl də paylaşmışdıq. Onlar uşaq evində qalıblar. Daha sonra qızlardan biri analarını istəyib. Uşaq evi tərəfindən analarına təhvil verilib. Bir müddət sonra ana ona şiddət və zorakıllıq tətbiq edib. Sonra baxımsız vəziyyətdə küçəyə tərk edib. Kiçik uşaqları özündə saxlamışdı. əvvəlcə iki bacı Sosial Xidmət agentliyinin əməkdaşları tərəfindən buraya gətirildi. Daha sonra digərini də bizim sığınacağa yerləşdirdi. Üç bacı sığınacağımızda qorunur. Ümumilikdə beş uşaqdırlar. Böyüyü oğlandır. Gəlmək istəmir. Digəri isə xəstəxanada müalicə alır. Ananın yanında qalmaları təhlükəlidir. Hələ təhsilləri bərpa olunmayıb. Hazırda psixoloji yardım alırlar. Geyimlə təmin olunublar. Binəqədi rayonunda yaşayırdılar. Ataları bunları tərk edib. Analarının da psixoloji problemi var. Qohumları belə, körpələrə sahib çıxmaq istəmirlər”.

Bu tələbələri çətin günlər gözləyir: Qiymətlər artacaq...

Türkiyədə lirə dəyərdən düşməyə davam edir. Bu da ilk olaraq, həmin ölkənin iqtisadiyyatına mənfi təsir göstərir. Sözügedən proses qardaş ölkədə həm də bir çox sahə və xidmətlərin qiymətlərində bahalaşmaya səbəb olub. Türkiyə həmçinin, Azərbaycanın idxal və ixracında mühüm rol oynayır. Ona görə də baş verən inflyasiya ölkəmizə də təsirsiz ötüşməyəcək. Bir sıra iddialar var ki, bu bahalaşma orada təhsil alan azərbaycanlı tələbələrin xərclərinin artmasına gətirib çıxaracaq.  Ekspertlər isə bu barədə birmənalı düşünmür. “Yeni Sabah”a danışan iqtisadi ekspert Eldəniz Əmirov bu prosesin tələbələrə necə təsir edəcəyini belə şərh edib:  “Ümumiyyətlə, Azərbaycanda təhsil Türkiyə və digər inkişaf etmiş ölkələrlə müqayisədə daha ucuzdur. Burada təhsil almaq imkanı daha genişdir. Ona görə də, zənn etmirəm ki, Türkiyədə təhsil haqqı və kirayə xərclərinin artması hansısa şəkildə bu istiqamətə gedən tələbələrin sayında azalmaya səbəb olmayacaq. Təbii olaraq qiymət faktoru hər zaman önəmli rol oynayır. Ancaq sözügedən prosesin bu sahəyə ciddi bir təsir edəcəyi ehtimal edilmir”.  İqtisadçı Eyyub Kərimli isə bildirib ki, lirə dəyərdən düşsə də, manatın sabit qalması bu prosesi müəyyən qədər tənzimləyir:  “Hazırda Türkiyədə durmadan artan infilyasiya və lirənin dəyərdən düşməsi xidmətlərin və təhsil qiymətlərinin artmasına təsir edəcək. Bu da həmin ölkəyə təhsil almağa gedən vətəndaşlarımızın artıq vəsait xərcləməsinə səbəb ola bilər. Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycan manatı türk lirəsinə qarşı daha sabit və bahadır və milli pulumuzla Türkiyədən daha çox alışveriş etmək imkanı var.  Hesab edirəm ki, növbəti aylarda belə davam edərsə, bu proses bu ölkəyə turist olaraq səfər edən vətəndaşlarımızın, təhsil alan insanlarımızın büdcəsinə mənfi təsir göstərəcəkdir. Bu isə xərclərin artmasına gətirib çıxaracaq”. 

Rayonlarda leysan olacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında mayın 10-11-də əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Sozcu.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki,  Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 15-18 m/s olacaq.