Türkiyədə lirə dəyərdən düşməyə davam edir. Bu da ilk olaraq, həmin ölkənin iqtisadiyyatına mənfi təsir göstərir. Sözügedən proses qardaş ölkədə həm də bir çox sahə və xidmətlərin qiymətlərində bahalaşmaya səbəb olub. Türkiyə həmçinin, Azərbaycanın idxal və ixracında mühüm rol oynayır. Ona görə də baş verən inflyasiya ölkəmizə də təsirsiz ötüşməyəcək. Bir sıra iddialar var ki, bu bahalaşma orada təhsil alan azərbaycanlı tələbələrin xərclərinin artmasına gətirib çıxaracaq.
Ekspertlər isə bu barədə birmənalı düşünmür. “Yeni Sabah”a danışan iqtisadi ekspert Eldəniz Əmirov bu prosesin tələbələrə necə təsir edəcəyini belə şərh edib:
“Ümumiyyətlə, Azərbaycanda təhsil Türkiyə və digər inkişaf etmiş ölkələrlə müqayisədə daha ucuzdur. Burada təhsil almaq imkanı daha genişdir. Ona görə də, zənn etmirəm ki, Türkiyədə təhsil haqqı və kirayə xərclərinin artması hansısa şəkildə bu istiqamətə gedən tələbələrin sayında azalmaya səbəb olmayacaq. Təbii olaraq qiymət faktoru hər zaman önəmli rol oynayır. Ancaq sözügedən prosesin bu sahəyə ciddi bir təsir edəcəyi ehtimal edilmir”.
İqtisadçı Eyyub Kərimli isə bildirib ki, lirə dəyərdən düşsə də, manatın sabit qalması bu prosesi müəyyən qədər tənzimləyir:
“Hazırda Türkiyədə durmadan artan infilyasiya və lirənin dəyərdən düşməsi xidmətlərin və təhsil qiymətlərinin artmasına təsir edəcək. Bu da həmin ölkəyə təhsil almağa gedən vətəndaşlarımızın artıq vəsait xərcləməsinə səbəb ola bilər. Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycan manatı türk lirəsinə qarşı daha sabit və bahadır və milli pulumuzla Türkiyədən daha çox alışveriş etmək imkanı var.
Hesab edirəm ki, növbəti aylarda belə davam edərsə, bu proses bu ölkəyə turist olaraq səfər edən vətəndaşlarımızın, təhsil alan insanlarımızın büdcəsinə mənfi təsir göstərəcəkdir. Bu isə xərclərin artmasına gətirib çıxaracaq”.