Vətəndaşların diqqətinə! Hər ay bu idarəyə qanunsuz pul verirsiniz

30 noyabr 2018-ci il tarixində "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Amma MİS-lər hələ də sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər. "JEK”lər "fəaliyyət”lərini genişləndirərək qanunsuz pul yığımına da başlayıb. 2022-ci il üçün mənzillərdən xidmət haqları yığan "JEK” əməkdaşları tariflərin artırıldığını elan ediblər. Bəs "Jek”lərin fəaliyyəti nə dərəcədə qanunidir? Məsələ ilə bağlı Referans.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, hər kəsin Mənzil Kommunal İstismar Sahəsi kimi tanıdığı "JEK”lərin fəaliyyəti qanunsuzdur: "Hər kəsin MİS kimi tanıdığı və JEK kimi bildiyi idarələr əslində 1959-cu ildə SSR-də yaradılıb. Bu idarələrin əsas məqsədi dövlətin balansında və mülkiyyətində olan vətəndaşlara verilmiş çoxmənzilli binaların idarə olunması, onun kommunal şəraitinin yaxşılaşdırılması və ya həmin əraziyə kommunal xidmətlərin göstərilməsi olub. Lakin dövlətimiz müstəqilliyini qazandıqdan sonra artıq bir özəlləşdirmə dalğası başladı və bunun nəticəsində vətəndaşlar sosial kirayə müqavilələri əsasında onlara məxsus olan orderli mənzilləri özlərinin mülkiyyətinə keçirə bildilər. 2009-cu ilə qədər Azərbaycan Respublikasının ərzisində Azərbaycan SSR-nin mənzil məcəlləsi qüvvədə idi. 2009-cu ildə isə həmin qanun ləğv olunub və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minib”. Hüquqşünasın sözlərinə görə, Azərbaycan Respublikasının Mənzil Fondunun özəlləşdirilməsi haqqında 1993-cü il qanununun 13-cü maddəsinə görə özəlləşdirilən mənzillərin vahid tarif əsasında xidmət göstərməsi və onlardan ödənişlərin yığılması "JEK"lərə həvalə olunub: "Amma 2018-ci ildə həmin qanundakı o müddəa ləğv olundu və maddədə göstərilən həmin hissə, yəni "JEK"lərə aid olan bənd ləğv olunub. Bununla da "JEK"lərin ən böyük səlahiyyəti itirilmiş hesab olunub. Səlahiyyəti itirilmiş bir idarənin də qanuni fəaliyyət göstərməsi, pul yığması əsassız və qanunsuzdur, çünki onların bu gün bununla bağlı qanuni əsası mövcud deyildir”. Ramil Süleymanov bildirib ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.1 maddəsinə əsasən çoxmənzilli binaların idarə edilməsi, habelə qaydaların pozulmaqla müqavilənin əksinə həyata keçirilməsi məsuliyyətə səbəb olur. Yəni bu birmənalı olaraq qanun pozuntusudur. Amma təəssüflər olsun ki, bu gün vətəndaşlarımızın böyük əksəriyyəti bundan xəbərsizdir. Onlar daha çox "JEK"lərə ailə tərkibi haqqında və ya yaşayış yerinə dair yaşayışla bağlı müraciət edirlər və müraciət etdikləri anda da "JEK"lər onlara yığılmış mənzil xidmətləri borcunun müəyyən bir qisminin ödənilməsi qarşısında arayışın verilə biləcəyini bildirir. Amma vətəndaşlar bilməlidir ki, həm ailə tərkibi haqqında arayışı, həm də yaşayış yerinə dair arayışı istənilən Asan Xidmət məntəqələrinə müraciət etməklə almaqları mümkündür. İndiki halda qanunsuz halda fəaliyyət göstərən "JEK"lərin ləğv olunmaqla onların işçi heyyətinin bələdiyyələrin tərkibinə verilməsi və vətəndaşların da həmin kommunal ödənişləri bələdiyyələrə ödəməsi daha məntiqli və qanunidir. Bununla bağlı qanunvericiliyə düzəliş olunmalıdır", deyə Ramil Süleymanov qeyd edib.

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başladı

Məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayıb. Sozcu.az xəbər verir ki, saat 11:00-da başlamış proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi avqustun 11-i saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə avqustun 15-i saat 11:00-da aktiv ediləcək.

Temperatur artır, buna ciddi əməl edin! - Xəbərdarlıq

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az müraciətin mətnini təqdim edir: "Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, ölkə ərazisində isti hava şəraitinin yaxın günlər ərzində davam edəcəyi, temperaturun bəzi yerlərdə 42-44°-dək artacağı gözlənilir. Belə hava şəraitində yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir. Həmçinin, kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır. Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün yüksək temperaturlu günlərdə açıq havada çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur".

Ruslar böyük itkilər verir: İki yük maşını dolu meyit...

Çaplinkadakı morqa Xerson istiqamətindən iki yük maşını dolu rus hərbçilərin meyitləri gətirilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. “Düşmən ağır itkilər verməkdə davam edir və onu hər vasitə ilə gizlətməyə çalışır. Belə ki, Çaplinka yaşayış məntəqəsindəki morqun ərazisinə Xerson istiqamətindən Rusiya ordusunun hərbçilərinin cəsədləri ilə dolu iki yük maşını gəlib”, - məlumatda qeyd olunub.

İsmayıllıda 19 yaşlı qız və oğlan itkin düşdü

İsmayıllı rayonunda 19 yaşlı qız və oğlan itkin düşüb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İsmayıllı şəhər sakini, 2004-cü il təvəllüdlü Aytac Hikmət qızı Mayılova və həmyaşıdı, rayonun Kürdmaşı kənd sakini Ağaverdi Tofiq oğlu Xəlilov iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar. Şəkillərdəki şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Eyyub Hüseynov: “Çörəyə donuz və insan tükünün qatılmasına rəsmi olaraq icazə var və buna icazə verə bilən insanlar isə susurlar” - VİDEO

Azərbaycanda satılan çörəyin tərkibinə donuz və insan tükünün qatılması iddiaları yenidən gündəmə gəlib. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, çörəyə donuz və insan tükünün qatılmasına rəsmi olaraq icazə var və buna icazə verə bilən insanlar isə susurlar: “Bu qatqılar yumşaq və elastik çörəklərdə mövcuddur”. Qeyd edək ki, bir müddət əvvəl sözügedən iddia ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, yayılan məlumatlar qeyri-ciddidir və iddia edilən məsələ ilə bağlı əgər hansısa bir əmtəə nişanında, çörək istehsalı müəssisəsində, satış şəbəkəsində fakt varsa, xahiş olunur agentliyə təqdim etsinlər. AQTA həmin məlumatları dərhal nəzarətə götürərək araşdıracaq. Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

Nazirlik məktəbli geyimi ilə bağlı valideyinlərə müraciət etdi

Elm Və Təhsil Nazirliyi valideynlərə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə deyilir: "Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Ötən tədris ilində hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. Övladınızın təhsil aldığı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərsiniz. Yeni tədris ilinə hazırlıq məqsədilə məktəbli formalarını ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən satış məntəqələrindən əvvəlcədən əldə etməyiniz tövsiyə olunur".

Gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Sozcu.az xəbər verir ki, müraciətdə deyilir: Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 3-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir. Bundan əlavə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Xaçaturyanın işgəncə verdiyi keçmiş əsir: "Başıma qaynayan çaydanı tökdü"

Birinci Qarabağ müharibəsində yaralı vəziyyətdə əsir düşən və bir müddət sonra əsirlikdən qayıdan Ucar sakini ötən gün Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı erməninin ona verdiyi işgəncələrdən danışıb. Sozcu.az xəbər verir ki, Ucar rayon sakini, 1971-ci il təvəllüdlü Mail Məhəmmədəli oğlu Məmmədov könüllü olaraq 1990-cı ildə Qarabağa yollanıb və döyüşlərində iştirak edib. Yaralı vəziyyətdə əsir düşüb. Bir müddət sonra erməni əsirləri ilə dəyişilərək vətənə qayıdıb. Mail Məmmədov ötən gün Laçın keçid məntəqəsində saxlanılan Vaqif adlı ermənini tanıyıb və ona olmazı işgəncələr verdiyini deyir: "Mən əsirlikdə olduğum müddətdə olmazın işgəncələrə məruz qalmışam. Amma mənə ən çox dözülməz işgəncələr verən isə Vaqif olub. Mənim başıma qaynayan çaydanı töküb. Qaynar su başımın dərisini tamamı ilə sıyırıb çıxartdı. Ürəyi soyumayan erməni daha sonra əvvəlcədən hazırlanmış dəmir xaçı odun sobasında qızdıraraq sinəmə basdı. Ümumiyyətlə, əsirlik dövründə azərbaycanlılara ən çox işgəncə verən keçid məntəqəsində saxlanılan Vaqif olub. Ötən gün televiziyada onu görən kimi tanıdım. Və mənə verdiyi işgəncələr gözümün önümə gəldi. Onu televiziyada görəndən bu vaxta kimi hələ də özümə gələ bilməmişəm”. Qeyd edək ki, Ötən gün Laçın keçid məntəqəsində Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşayan, Azərbaycan əsirlərinə olmazın işgəncələr verən, 1955-ci il təvəllüdlü Xaçaturyan Vaqif Çerkezoviç saxlanılıb.

Alman müxalifəti çağırış etdi: Bu raketləri Kiyevə verin...

Siyasətçilər və diplomatlar Almaniya hakimiyyətini Ukraynaya “Taurus”raketlərini verməyə çağırırlar. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Bundestaqın müxalif Xristian Demokratik İttifaqından deputat Roderix Kizevetter bildirib ki, Berlin təcili olaraq Ukraynaya daha çox “Leopard 2” tankı, minatəmizləmə avadanlığı, zenit sistemləri, sursatlar və “Taurus” qanadlı raketləri verməlidir. Onun sözlərinə görə, hazırda alman ordusunun arsenalında 600 “Taurus” raketləri var. Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi Kiyevə “Taurus” uzaqmənzilli qanadlı raketlər verməkdən imtina etmişdi.

İcra başçısının qardaşı oğlu atasını niyə öldürüb?

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı bəzi detallar məlum olub. Sozcu.az xəbər verir ki, mərhumun ailə üzvləri Bizim.media-ya açıqlamasında Azər Qaraşovun oğlu 2005-ci il təvəllüdlü Azay Qaraşov tərəfindən qəsdən ov tüfəngi ilə vurulduğunu bildiriblər. Məlumata görə, mərhum Azər Qaraşov evdə həyat yoldaşı ilə mübahisə edib. Bu zaman bunu görən Azay Qaraşov evdəki odlu silahla atasına bir neçə dəfə atəş açıb. Azər Qaraşov aldığı ağır xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib. Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı İstintaq İdarəsində cinayət işi başlanılıb.

Afrika liderləri Rusiyaya səfərdən imtina etdi

Sankt-Peterburqda Rusiya-Afrika konfransı keçirilib. Keçən dəfəki konfransda Afrikadan 43 lider iştirak etmişdisə, budəfəki sammitə 17 dövlət başçısı qatılıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin gündəlik kəşfiyyat icmalında deyilir. “Konfrans Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasından on gün sonra baş tutub. Taxıl təşəbbüsü Efiopiya, Keniya, Somali və Sudan kimi ölkələrin əsas ərzaq məhsullarının tədarükünü təmin edərək, 30 milyon ton Ukrayna taxılını Afrikaya ixrac etməyə imkan verirdi. Tədarükün birbaşa kəsilməsi ilə yanaşı, Rusiyanın Ukraynanı blokadaya alması da taxılın qiymətlərini artırır. Ukraynadakı müharibənin nəticələri, demək olar ki, ən azı yaxın iki il ərzində Afrikada ərzaq problemini daha da artıracaq”, - məlumatda deyilir.