Novxanıda dənizdə 1 nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Azərbaycan səhiyyəsi: Müasir tariximizin qara səhifəsi

Tanınmış jurnalist Sevinc Vaqifqızı Azərbaycanın bərbad səhiyyəsi haqqında ürək dağlayan hadisə paylaşıb.  Sozcu.az həmin yazını təqdim edir:  Səhiyyə sisteminin girov saxlanılan xəstələri  Atamın halı pisləşəndə Şəkidə idik. Dəhlizdən keçəndə nəfəs alarkən xırıldadığını eşitdim və otağına keçəndə dedi, "deyəsən şəkərim qalxıb". Təcili yardıma zəng etdim ki, maşın göndərsinlər, atam şəkərinin qalxmağından şübhələnir. Dedilər ki, bizdə şəkər aparatı yoxdur. "Maşın göndərsək, çox gec olacaq. Elə oradan taksi tapıb özünüz xəstəxanaya gətirin".  Atamın ürəyində problem yarandığından şübhələndim. Taksinin arxa oturacağına uzatdım ki, infarkt keçiribsə, tərpənməməlidir. Şəkidə tikilən yeni klinikaya apardıq. Nəfəs darlığı var, saturasiyası 81 olub, amma növbətçi həkimlər yerindən tərpənmir. Muzeydə eksponata baxan kimi oturub xəstəyə baxırlar.  "Vəziyyəti ağırdır, bəlkə bir tədbir görəsiniz" deyirəm, heç kim yerindən qalxmır. Axırda rentgenə apardılar, məlum oldu ki, aparatları işləmir. Dedilər, 20 dəqiqə sonra gəlin. Baş həkimin yanına qalxdım. O da aşağı, təcili yardıma zəng edib dedi ki, "elə eləyəcəksiniz axırda təcili yardımı bağlayacam. Xəstənin yiyəsi niyə yuxarı qalxıb mənə şikayət etməlidir? Niyə xəstəyə baxmırsınız? Orada kimin növbəsidir? (Kiminsə adı çəkilir) Həə, aydındır, deyirəm axı, hər şey onun növbəsində olur". Telefonu yerə qoyandan sonra əlini boğazına aparıb,"bura qədər yığılmışam"-deyir. Elə bil işini bilməyən əməkdaşlarını işdən çıxarmaq onun səlahiyyətlərinə aid deyil.  Baş həkim dedi, "arxayın olun, düşün aşağı nə lazımdır edəcəklər". Atamı yenidən rentgen müayinəsinə apardılar. Məlum oldu ki, ikitərəfli pnevmaniyadır. Ürəyinin kardioqrammasın çıxardılar. Həkim baxıb dedi ki, "ürəyi qızılgül kimidir, heç nəyi yoxdur". Daha sonra öyrənəcəkdim ki, həkimin "qızılgül kimidir" dediyi vaxt əslində atam infarkt keçiribmiş.  Atamı burada saxlaya bilməzdik, Bakıya aparmağa qərar verdik. Şəkidəki xəstəxanadan dedilər ki, bizim təcili yardım maşınlarında olan oksigen aparatı 1-2 saatlıqdır, uzun yol üçün nəzərdə tutulmayıb. Məcbur qalıb ən yaxında olan Mingəçevirdən təcili yardım maşını çağırdıq. Atamı Baku Medical Plazanın Babək filialına gətirib çıxardıq. Burada xəstənin və xəstəxananın hüquq, öhdəlikləri ilə bağlı sənədləri imzalayandan sonra üçüncü bir sənəd gəldi. Orada yazılmışdı ki, "xəstəxanamızın xidmətlərindən narazı qaldığınız halda bunu heç bir sosial şəbəkə hesabında, KİV-də paylaşmayacaqsınız". Buna etiraz edib imzalamadım. Xəstəxananın rəhbərliyindən bir şəxs gəldi və soruşdu ki, niyə həmin sənədə qol çəkməmişəm. Bildirdim ki, bu, mənim ifadə azadlığıma müdaxilədir və heç kim mənə şikayətçi olduğum halda bunu bildirməyi qadağan edə bilməz. Üstəlik də bu, Konstitusiyaya ziddir. Rəhbər şəxs razılaşmadı və bildirdi ki, bu sənədi onların hüquqşünasları tərtib edib. Mən yenə imzalamayacağımı dedim, o da işçilərinə "gereyi nedirse, yapın" deyib, getdi. Daha sonra öyrəndim ki, atamı bu sənədi imzalamadığıma görə xəstəxanadan çıxarmaq istəyirmiş, amma ağıllı adamlarından birinin məsələyə qarışmasından sonra bunu etməyib.  Atam 13 gün bu xəstəxanada yatılı müalicə aldı. Ciyərinə yığılan suyun ürəyindən qaynaqlandığını dedilər. Mərkəzi Klinikada tanıdığımız kardioloqun müayinəsinə apardıq. İlk dəfə burada icbari sığorta xidmətindən istifadə edə bildik. Baku Medical Plazanın İcbari Tibbi Sığorta ilə müqaviləsi olmadığına görə heç bir güzəştdən istifadə etmək mümkün deyildi, üstəlik də xəstəxananın günlük xərcləri fantastik idi. Ürəyinin müayinəsindən sonra həkimlər ümidsiz idi. Nəzarətsiz şəkəri damarlarını tıxamışdı. Nə stend qoyulmalı, nə də açıq ürək əməliyyatına salınacaq vəziyyətdə idi. Bir ümid vardı ki, özünü toparlasın, daha sonra MRT vasitəsilə sağlam toxuma tapılsa, ürək əməliyyatına girsin.   Məsləhət gördülər ki, atam Yeni Klinikada 4-5 gün yatılı müalicə alsın və daha sonra MRT edilsin. Yeni Klinikaya gedəndə anamgilə deyiblər ki, reanimasiyada yer yoxdur. Çətinliklə nəfəs alan atama da qol çəkdiriblər ki, öz xoşu ilə burada müalicə almaqdan imtina edir.  Mərkəzi Klinikada çalışan həkimi məsləhət gördü ki, onun tanıdığı həkim 5 nömrəli xəstəxanada çalışır və atamı ona etibar edə bilərik. Yeni Klinika atamı yerləşdirməkdən imtina etdi deyə evə gətirdik. Buradan təcili yardımla 5 nömrəli xəstəxanaya aparılması üçün 103-ə zəng elədim. 45 dəqiqə ərzində heç kim gəlmədi. Operator deyirdi ki, bütün həkimlərimiz çağırışdadır, ona görə gözləyək. Hər dəfə zəng edəndə "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir, xahiş edirəm, nəzərə alın" deyirdim. O da "narahat olmayın, həkimlər gələn kimi göndərəcəyik" deyirdilər. Qohumlarımızdan iki nəfər "təcili yardım elə yaxınlıqdadır" deyib əraziyə getdilər. Gedib görüblər ki, otaqdan həkimlər çıxır, qapıda da 3 təcili yardım maşını var. Aydın olur ki, həkimlər çağırışda deyil, otaqlarında dincəlirmiş. Amma mən hər dəfə telefonda onlara deyirdim ki, "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir".  Nəticədə təcili yardım özü gəlməkdən, qohumlarımız onları götürüb gəldi. 44 dərəcə isti və təcili yardımda havalandırma sistemi yoxdur. Qan-tər içində 5 nömrəli xəstəxanaya çatdıq. Elə ayağımızı liftə atan kimi məlum oldu ki, lifti hərəkətə gətirmək üçün açarlar ancaq həkimlərdədir və yuxarı qalxmaq üçün onlara 1 manat vermək lazımdır. Atamı reanimasiyaya yerləşdirdik və öz həkimlərinin yazdığı reseptləri, dərmanları da onlara verdik ki, bu dərmanları vaxtlı vaxtında ona versinlər. Növbəti gün anam atamı görməyə gələndə görüb ki, əyni-başı su içində, kondinsioneri söndürüblər və 44 dərəcə istidə bir neçə nəfərlik otaqda nəfəs darlığı yaşayır. Həmin gün üçün təyin olunan dərmanlarını da verməyiblər. Gəlib atamı xəstəxanadan çıxarmaq istəyəndə qarşıma bir sənəd qoydular. Öz xoşumla xəstəni xəstəxanadan çıxardığımı yazdım. Şikayətim nədəndir hissəsinə, "həkimlərdən şikayətim var" qeydini qoydum. Həkim etiraz etdi ki, əgər bu yazdığım şikayəti dəyişməsəm, xəstəni xəstəxanadan çıxara bilmərəm. Mən də dedim, dünən həkim bacımdan rüşvət istəyib, nəfəs darlığı yaşayan, ikitərəfli pnevmaniyası olan adamın əyni su içində, paltarı dəyişdirilməyib, dərmanları verilməyib, həkimlərdən niyə razı qalmalıyam? İsrar etdi ki, "şəraitdən narazıyam, həkimlərdən yox" yazım, yoxsa xəstəni buradan çıxara bilmərəm. Mən də dedim ki, xəstəni çıxarıram, kimin hünəri var, qarşıma çıxıb desin ki, çıxara bilməzsən. Atamı xəstəxanadan çıxardım və Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirdik. 17 günlük mücadiləsindən sonra atamın ürəyi dayandı. Amma 5 nömrəli xəstəxananın həkimləri hələ də tanıdığımız bir həkim vasitəsilə bizə söz göndərirlər ki, "ona deyin, gəlsin şikayətini geri götürsün".  5 nömrəli xəstəxanada anamdan 20 manat istəyən həkimə o, 50 manat vermişdi. Demişdi ki, "siz bilsəniz ki, mənim yoldaşım necə gözəl insandır, qoymazsınız ona nəsə olsun". Amma dəyəri pul olan həkim üçün bu sözlər heç nəyi ifadə etmirdi.

Ukrayna Zaporojye vilayətində irəlilədi

Ukrayna Silahlı Qüvvələri (SQ) Zaporojye vilayətinin Rabotino bölgəsində irəliləyib.  Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna SQ Baş Qərargahı məlumat yayıb.  Bildirilib ki, ordu bölmələri Rabotino istiqamətində işğaldan azad olunmuş mövqelərdə möhkəmlənirlər.  Həmçinin əlavə olunub ki, Ukrayna ordusu Rabotino bölgəsinin şimal hissəsində dayaq mövqelərini qurmaqla yanaşı, qonşu Verbovoye bölgəsində də irəliləyib. 

Gəncədə maşın aşdı: ölən var

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az xəbər verir ki, Göygöl rayon sakini, 1998-ci il təvəllüdlü R.Cəfərov idarə etdiyi VAZ-2107 markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin, 2002-ci il təvəllüdlü Gəncə şəhər sakini Teymur Bayramov aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır.

Rusiya nüvə silahı olan iqtisadi cırtdandır - Borrell

Rusiya Ukraynaya qarşı müharibədə uğur qazana bilməyəcək və dünyada Çin kimi çəkiyə malik deyil. Sozcu.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. AB diplomatı qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya genişmiqyaslı işğala başlamaq qərarına gələrək, demək olar ki, hər şeydə, xüsusən də enerji asılılığına görə AB ölkələrinə nəzarət etmək imkanında yanılıb. "Putin özünü xilas etmək üçün xalqını və ordusunu qurban verməyə hazırlaşır, buna görə də sülh danışıqları aparmaq çətindir", - Borrell vurğulayıb. Eyni zamanda, Borrell Ukraynanın "sülh formuluna" dair Səudiyyə Ərəbistanında keçirilən son danışıqlarını müsbət qiymətləndirərək, Çinin bu danışıqlarda iştirakına diqqət çəkib: "Baxmayaraq ki, Çin heç vaxt Rusiyaya dəstəyini azaltdığını və ya onun aşkar məğlubiyyətinə töhfə verdiyini birbaşa deməyəcək. Pekin hazırkı vəziyyətdən qətiyyən razı deyil. Ən azı nüvə silahlarından istifadə məsələsində...". AB-nin Çinə qarşı siyasəti və onun yaratdığı çağırışları şərh edən Borrell bildirib ki, Pekin və Moskvanı müqayisə etmək mümkün deyil. "Birincisi, Çin Rusiya deyil. Çin əsl geosiyasi aktordur, Rusiya isə atom bombası olan yanacaqdoldurma məntəqəsi kimi iqtisadi cırtdandır”, - deyə Borrell mərhum ABŞ senatoru Con Makkeyinin sözlərindən sitat gətirib.

Yeni tədris ili və od tutub yanan “məktəb bazarı”...

"Yeni tədris ilinin gəlişi ilə məktəb bazarında qiymət artımı müşahidə olunur”.  Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuru deyib. Ekspert bildirib ki, ilk növbədə məktəbli ləvazimatları, dəftər, gündəlik, iş dəftəri və digər vəsaitlərin qiymətinin artması gözlənilir:  "Hətta iş dəftəri ilə gündəliyin tapılmasında çətinliklər yaranacaq. Son bir neçə ildə belə olub. Bu, yolverilməz haldır. Bu gün bazarda müxtəlif nəşriyyatlar tərəfindən məktəbli ləvzimatları ilə yanaşı gündəliklər buraxılır". Elmin Nuri bildirib ki, bəzi məktəblərdə gündəlikləri nəşriyyatlardan alıb sonra onu məktəbdə şagirdlərə baha qiymətə satırlar. Ekspert vurğulayıb ki, iqtisadiyyatın özəl qanunları var, bir məhsula ehtiyac yarandığı halda avtomtik olaraq onun qiyməti qalxır:  "Bu, həmişə belə olub. Bu ildə də məktəb ləvazimatlarının qiymətində müəyyən qədər artım olacaq”.  Elmin Nuri qeyd edib ki, əsas məktəbli formalarının da qiymətinin qalxması müşahidə oluna bilər:  "Nazirlər Kabinetinin qərarına əsasən, onlara müəyyən qiymət təyin edilir. Qısaqol köynək 15 manat, uzun qol köynək isə 25 manata satılacaq. Bəlli satış müəssisələrində də bu paltarlar satılacaq. Bunların həmin qiymətə satılacağına şübhə edirəm. Çünkü təlabat meyarı artacaq və mümkündür ki, bu istiqamətdə də qiymətlər artsın. Bütün bunların da yükü valideynin üzərinə düşür”. 

Azərbaycanın HHM bölmələrində döyüş atışları icra edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, təkmilləşdirilmiş S-125 2TM zenit-raket komplekslərindən aşağı hündürlükdə uçan az sürətli və kiçik ölçülü hava hədəflərinin aşkar edilərək praktiki şəkildə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. "Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki vərdişlərinin, həmçinin zenit-raket komplekslərinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir", - məlumatda qeyd olunub.

Ucarda qadın boğularaq öldürüldü

Ucarda qadın boğularaq öldürülüb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib. Qeyd edilib ki, avqustun 18-də səhər saatlarında Ucar Rayon Polis Şöbəsinə rayonunun Qaradağlı kənd sakini, 1981-ci il təvəllüdlü Ş.Qurbanovanın boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalar aparılır. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Ukraynada hərbi vəziyyət daha 90 gün uzadıldı

Ukraynada hərbi vəziyyətin müddəti daha 90 gün uzadılıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezident Vladimir Zelenski müvafiq fərman imzalayıb. Fərmana əsasən, ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik 90 gün müddətinə - noyabrın 15-dək uzadılıb. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Ermənilər Kəlbəcəri yenidən atəşə tutdu

Avqustun 16-sı saat 23:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

ABŞ-dan İrana tələb: Rusiyaya PUA vermə!

ABŞ İrandan PUA-ların Rusiyaya tədarükünü dayandırmasını tələb edir. Sozcu.az xəbər verir ki, bu barədə “Faynenşl Tayms” mənbələrə istinadla məlumat yayıb. “İran rəsmisinin və danışıqlar barədə məlumatlı olan bir şəxsin sözlərinə görə, ABŞ İrandan Rusiyaya PUA və onların ehtiyat hissələrinin çatdırılmasını dayandırmasını istəyir”, - nəşr bildirib. Məlumata görə, məsələnin müzakirəsi ABŞ və İran arasında əsirlərin mübadiləsinə dair saziş üzrə danışıqlar zamanı baş tutub: “İddialara görə, Tehran dəfələrlə Moskvadan PUA-lardan münaqişədə istifadəni dayandırmağı xahiş edib, lakin Vaşinqton daha ​​konkret addımlar istəyir”.

Nicatın vəziyyəti necədir? - Atası danışdı

Nicat narkozdan ayılıb, hazırda reanimasiyadadır. Sozcu.az xəbər verir ki, bunu ötən gün qəzaya düşərək ağır xəsarət alan bloger Nicat Şakirlinin atası Nafis Mütəllimov jurnalistlərə açıqlamasında deyib. "Həkim olsam da, reanimasiyada olduğu üçün hələ yanına buraxmırlar. Həkimlər bu gün də reanimasiyada qalacağını deyirlər. Qəza dünən dostu ilə aeroport yolundan şəhərə qayıdarkən baş verib. Hadisə nəticəsində Nicatın sağ dirsəyindən aşağı qolu amputasiya edilib", - Nicatın atası bildirib.