Bu ərazilərdə qar 1 metrə çatır: istilik 7,5 dərəcə aşağıdır

Bakıda və Abşeron yarımadasında müşahidə olunan temperatur iqlim normasından 7.5 dərəcə aşağıdır. Bu barədə Sozcu.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib. O bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında qar yağır, güclü şimal-qərb küləyi əsir, çovğun müşahidə olunur. Bakıda və Abşeron yarımadasında 3 dərəcə şaxta qeydə alınır ki, bu da çoxillik iqlim normasından 7.5 dərəcə aşağıdır. Çoxillik meteoroloji məlumatlara görə, fevral ayının iqlim norması müsbət 4,5 dərəcə təşkil edir. Azərbaycanın bəzi dağlıq rayonlarında qar örtüyünün hündürlüyü 1 metrə çatır.

Bakının hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 8. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində; 9. Ak. Həsən Əliyev küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində; 10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində; 11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 12. Səməd Vurğun küçəsi, Bakı Dövlət Sirkinin qarşısından Bakıxanov küçəsi istiqamətində; 13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 14. Təbriz küçəsi, "Nəriman Nərimanov" metro stansiyası istiqamətində; 15. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində; 16. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 17. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər; 18. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 19. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 20. Səməd Vurğun küçəsi, Lev Tolstoy küçəsi ilə kəsişmədən Neftçilər prospekti istiqamətində; 21. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 22. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 23. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 24. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında; 25. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində; 26. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Göyçədə erməni hərbi hissəsində yanğın baş verdi

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yeməkxanasında yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Bildirilib ki, yanğının baş vermə şəraiti, eləcə də dəymiş maddi ziyanın həcmi müəyyənləşdirilir. Erməni mediası isə yeməkxananın bərbad vəziyyətdə olduğunu, yanğının qarşısını almağın mümkünsüzlüyünü yazıb və qeyd edilib ki, yanğın tikilini külə çevirib.

İsrail NATO-da deyil, ancaq onu qoruyursunuz - Zelenski

Müttəfiqlərindən təhlükəsizlik zəmanəti olaraq, Kiyevin çoxlu sayda raketlərə, güclü orduya, Avropa Birliyinə qoşulmasına və İsrailin əldə etdiyi kimi, müdafiə sazişlərinə ehtiyacı var. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Biz bunun necə işlədiyini həqiqətən bilmirik, lakin İran İsrailə hücum edəndə ABŞ, Fransa, Böyük Britaniya və başqaları İsrail xalqını qorumağa başladılar. İsrail NATO-da deyil. Bu o deməkdir ki, o, ABŞ, Fransa, İngiltərə və digər müttəfiqlərdən xüsusi təhlükəsizlik zəmanətlərinə malikdir. Düşünürəm ki, buna həqiqətən ehtiyacımız var”, - Zelenski bildirib.

Qəzzada ölənlərin son sayı AÇIQLANDI

Qəzza sektorunda dağıntılar altından daha 25 nəfərin meyiti çıxarılıb. Sozcu.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Bununla da Qəzzada ölənlərin sayı 48 264 nəfərə çatıb. Son 48 saatda xəstəxanalara 12 yaralı gətirilib. Bununla da Qəzzada yaralananların sayı 111 688 nəfərə çatıb. Qeyd edilib ki, hələ də dağıntılar altında və yollarda çoxlu sayda zərərçəkmişlər var.Xatırladaq ki, İsraillə HAMAS arasında əsir və girov mübadiləsini nəzərdə tutan razılaşma çərçivəsində yanvarın 19-dan Qəzzada atəşkəs hökm sürür.

Putinlə Trampın görüşəcəyi TARİX

Rusiya və ABŞ yüksək vəzifəli rəsmiləri gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar. Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. Rəsmilər iki ölkənin prezidentləri arasında görüşə hazırlaşmalı olacaqlar. Mənbələr bildiriblər ki, dövlətlərin liderləri fevralın sonunda görüşə bilərlər. Nümayəndələr çox güman ki, Rusiya və ABŞ-dan olan milli təhlükəsizlik müşavirlərindən ibarət olacaq. Hökumət rəsmisi agentliyə bildirib ki, Avropa ölkələrinə gələcək danışıqların planları barədə hələlik məlumat verilməyib, lakin Ukrayna rəsmilərinin iştirak edəcəyi gözlənilir. Agentlik yazır ki, nümayəndə heyətlərinin məqsədi Ramazan ayı başlamazdan əvvəl prezidentlərin sammitinin tarixini müəyyən etməkdir. Fevralın 12-də Rusiya prezidenti Vladimir Putin Amerika prezidenti Donald Trampla telefonla danışıb. Söhbət zamanı dövlət başçıları şəxsi görüşün keçirilməsi barədə razılığa gəliblər.

Andiçmə mərasimi: MN valideynlərə müraciət etdi

Azərbaycan Ordusunun hissə və bölmələrində fevralın 16-da gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mövsümü xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma halları nəzərə alınaraq adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub: "Vətəndaşlardan hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, andiçmə mərasimləri zamanı hərbi hissələrə gəlməməyi xahiş edirik".

"Putin-Tramp görüşünü təşkil etməyə hazırıq"

Səudiyyə Ərəbistanı ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında danışıqlara ev sahibliyi etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. "Krallıq Səudiyyə Ərəbistanında sammiti məmnuniyyətlə keçirməyə hazır olduğunu bildirir", - açıqlamada deyilir. XİN-dən Səudiyyə Ərəbistanının Ukrayna və Rusiya arasında uzunmüddətli sülhə nail olmaq üçün səylərini davam etdirdiyi vurğulanıb.

Ağdamda insan sümüklərinin qalıqları tapıldı

Ağdamın Xıdırlı kəndində insan sümüklərinin qalıqları aşkarlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, qalıqlar ərazidə inşaat işlərinin aparılması zamanı tapılıb. Faktla bağlı araşdırma aparılır.

ABŞ-dan Avropaya NATO ilə bağlı xəbərdarlıq...

ABŞ NATO-dan çıxmağı nəzərdə tutmur, lakin Avropa ilə münasibətlərdə Brüsselin Vaşinqtondan asılılığını artıran balanssızlığa dözməyəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasında deyib. "Bizim transatlantik alyansımız onilliklərdir mövcuddur. Və biz onun gələcək nəsillər boyu davam edəcəyini tam gözləyirik. Lakin bu, öz-özünə baş verməyəcək. Bunun baş verməsi üçün bizim avropalı müttəfiqlərimiz arenaya çıxmalı və qitədə şərti təhlükəsizliyin təmin edilməsi üçün məsuliyyət daşımalı olacaqlar", - Heqset xəbərdarlıq edib.

Ləğv edilən qurumun işçiləri 3 aydır maaş ala bilmir

Bir müddət öncə ləğv edilən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin keçmiş əməkdaşlarına son üç ayın məvacibi, həmçinin işlərini itirmələri ilə əlaqədar ödənməli olan kompensasiya verilmir. Sozcu.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən qurumda çalışan şəxslər bildiriblər. Onların sözlərinə görə, əməkhaqları ödənilmədiyindən 3 ay ərzində banklara borcları yığılıb qalıb. Hazırda Mərkəzlə bağlı Ləğvetmə Komissiyası yaradılıb və komissiyanın sədri Əmlak Məsələləri Dövlət Xidmətinin sədr müavini Rüstəm Şahbazovdur. Həmin şəxslərin əməkhaqları və kompensasiyalarının ödənilməməsi ilə bağlı problemə aydınlıq gətirilməsi üçün ƏMDX-yə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ləğvi ilə bağlı komissiya yaradılıb. Mülki Məcəllənin 59-61-ci maddələrində nəzərdə tutulmuş tələblər çərçivəsində ləğvetmə prosesi davam etdirilir. Qanunvericiliklə nəzərdə tutulmuş prosedurlar çərçivəsində Tərcümə Mərkəzinin əməkdaşlarının əməkhaqqı və digər təminatlarının verilməsi öz həllini tapacaq”. Qeyd edək ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzi 23 may 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Mərkəz 2 milyon 40 min 124 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Afaq Məsud Məsud qızıdır. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxsi 2024-cü ilin noyabrın 21-i ləğv edilib.

Siniflərdə 30-40 şagird var - Nazirlik buna diqqət etsin! - Ekspert

Məktəblərdə siniflərin 30 şagirddən ibarət olması  tədris prosesinə ciddi narahatlıq törədir. Sozcu.az-ın məlumatına görə, bunu təhsil məsələləri üsrə ekspert Ramin Nuraliyev bildirib. O, hətta bəzi məktəblərdə bu sayın 35-40 nəfərə çatdığı bildirib. “Bu məsələyə Elm və Təhsil Nazirliyi diqqət ayırmalıdır. Məktəblərdə şagirdlərin nizamla paylanması həyata keçirilməli, bu istiqamətdə müvafiq addımlar atılmalıdır”, - ekspert vurğulayıb. Qeyd edək ki, qanunvericiliyə əsasən, hər bir sinifdə şagird sayı 20 nəfırdən ibarət olmalı, 30-dan isə çox olmamalıdır.modern)