Azər transplantasiya əməliyyatı olunmaqdan özü imtina edibmiş

Aktyor Azər Elxan oğlu Baxşəliyev 20.02.2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən bildirilib. Qeyd edilib ki, 2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib: “16.10.2024-cü il tarixdə xəstəxana sənədləri ODTKM-a daxil olub. 31.10.2024-cü il tarixdə Etika Komissiyasına sənədləri göndərilib, lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”. Qeyd edək ki, aparıcı-aktyor İlkin Həsəni orqan transplantasiyası ilə bağlı son məqamda Azər Baxşəliyevə imtina cavabı verildiyini bildirib. Onun sözlərinə görə, analizlər götürülüb, sənədləşmə gedib. Sonuncu məqamda Azər Baxşəliyevə imtina cavabı gəlib. Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. O, yanvarın 5-də vəfat edib.

Məktəblərdə 5 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2022-2023-cü tədris ili üzrə qış tətili başlayacaq. Sozcu.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini (5 gün) əhatə edəcək. Bu, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddətinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib. Tətildən sonrakı ilk dərs günü 1 fevral 2025-cü il tarixidir. Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Almaniyada dəhşətli şaxtalar: Onlarla reys təxirə salındı

Son günlər Almaniyada havanın temperaturunun kəskin şəkildə aşağı düşməsi nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb. Yolların buz bağlaması avtomobil qəzalarının baş verməsinə və aeroportlarda bəzi aviareyslərin təxirə salınmasına səbəb olub. Sozcu.az xəbər verir ki, Frankfurt hava limanında uçuş-eniş zolaqlarının təmizlənməsi və görmə məsafəsinin zəif olması ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib. Bazar günü üçün planlaşdırılan 1090 aviareysdən 120-si ləğv edilib, bir sıra reyslərdə gecikmələr baş verib. Münhen aeroportunda bir neçə reys təxirə salınıb. Uçuş-enmə zolaqlarının təmizlənməsi işləri davam etdirilir. Hava şəraiti Ştutqart hava limanının da fəaliyyətinə təsir edib. İndiyədək bu aeroportda yeddi uçuş təxirə salınıb. Temperaturun aşağı düşməsi Berlin Brandenburq aeroportunda 30 uçuşa təsir göstərib. Təkcə şənbə günü 17 aviareys ləğv edilib. Hava şəraiti ilə əlaqədar ölkənin bir sıra əyalətlərində ciddi qəzalar baş verib. Yolların buz bağlaması nəticəsində cümə günü Türingiya əyalətində 17 qəza olub. Meteoroloqlar temperaturun bazar ertəsindən etibarən yüksələcəyini proqnozlaşdırırlar.

AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı

Braziliyanın Aeronavtika Komandanlığının texniki mütəxəssisləri Qazaxıstanda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin "qara qutuları"nın təhlilinə başlayıblar. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, Qazaxıstandan olan 3 müstəntiq, o cümlədən Azərbaycan və Rusiyadan olan nümayəndələr Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzində (CENIPA) məlumatları təhlil edirlər. Mütəxəssislər qara qutulardan məlumatların çıxarılması və təhlili üzərində işləyirlər, bunlarda pilotların söhbətlərinin yazıları və qəza anına qədər bütün uçuş zamanı təyyarənin vəziyyəti haqqında məlumatlar var. CENIPA baş verənləri simulyasiya etmək və faciənin səbəblərini müəyyən etmək üçün virtual reallıqdan istifadə edərək qrafik rekonstruksiya yaratmağı planlaşdırır. Braziliyada edilən təhlillərin nəticələri Qazaxıstanın məsuliyyətində olan istintaqın yekun hesabatına daxil ediləcək.

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 4-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Ukrayna Moskvanı vurmağa hazırlaşır...-ÖZ RAKETLƏRİ İLƏ...-"The Telegraph"

"Ukrayna hətta xarici büdcə olmadan da minlərlə "Trembita" istifadəyə verə bilər..." "Ukraynalılar partnyorlarının onları işğalçı ilə baş-başa qoyacağı situasiyadan ehtiyat edirlər..." ABŞ-nin yeni administrasiyasının Ukraynaya hərbi yardımı kəsəcəyi qorxusu fonunda ukraynalılar özlərini müharibə alətləri ilə təmin etməyə tələsirlər. Ən perspektivlilərdən biri "Trembita" raketidir. Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, Böyük Britaniyanın "The Telegraph" nəşri belə yazır. “Ukraynanın yeni “Trembita” qanadlı raketi onun avtonom atəş gücü istəyinin ən böyük simvolu ola bilər. Amerika sursatlarının bitəcəyi günü gözləyən Ukrayna "Trembita" və digər uzaqmənzilli, dərin öldürücü sursatlar yaratmağa hazırlaşır. Onlardan çox var”, - deyə nəşr bildirir. Təxminən iki metr uzunluğunda və 90 kiloqram ağırlığında olan "Trembita" rampadan(raket qurğusu-S.L.) buraxılır. O, sadə impulslu reaktiv mühərrikə, boruvari gövdəyə və kvadrat qanada malikdir. Nəşr qeyd edir ki, bu sadəlik "Trembita"ya ən yaxşı xüsusiyyətini verir - aşağı qiymət... Bir vahidinin qiyməti təxminən 10.000 dollar olan "Trembita" 18 kiloqram partlayıcı maddəni 144 km-ə qədər məsafədə daşımağa qadirdir. Amma bu raketin yaradıcısı indi  650 kilometr məsafə qət edə bilən və Moskvaya çatmağa zəmanət verən daha güclü versiya üzərində işləyir. Təxminən bir ildən sonra hazır olacaq bu versiya, şübhəsiz ki, 10.000 dollardan baha başa gələcək, lakin hələ də potensial olaraq dünyada ən ucuz dərin zərbə sursatı olacaq. Müqayisə üçün qeyd edək ki, maksimum 300 km uçan "ATACMS" raketinin qiyməti 1 milyon dollardan çoxdur. Nəşrin müəllifi qeyd edir ki, Ukrayna hətta xarici büdcə olmadan da minlərlə "Trembita" istifadəyə verə bilər. Rusiyanın Ukrayna şəhərlərini, bazalarını, elektrik stansiyalarını və fabriklərini kütləvi şəkildə bombalamasına uyğunlaşmaq üçün Ukrayna Rusiya şəhərlərini, bazalarını, neft emalı zavodlarını və fabriklərini bombalamasını kütləvi şəkildə artırmalıdır. Ukraynanın ABŞ, Böyük Britaniya və Fransadan aldığı az sayda "ATACMS" və "Storm Shadow/SCALP-EG" qanadlı raketləri intensiv dərin zərbə kampaniyası üçün kifayət deyil”, - nəşr diqqətə çatdırır. "Trembita" Rusiyanın hərbi sənaye kompleksinə qarşı yaxşı işləyə bilər, lakin təbii ki, ukraynalıların Britaniyanın “Storm Shadow” raketləri ilə vurduğu yeraltı komandanlıq bunkerlərinə qarşı çox təsirli olmayacaq. "Daha çox öz silahlarına güvənməklə ukraynalılar fərqli hədəflər toplusuna müraciət etməli ola bilər. Amma heç olmasa, vurmağa davam edə biləcəklər. (...) Ukraynalılar bilirlər ki, gün gələcək, onlar tam tək olmasalar da, daha tək qalacaqlar, Onlar hazırlaşırlar”, - deyə ingilis nəşri yekunlaşdırır. Ukrayna Silahlı Qüvvələrinin yeni silahları "UNIAN"-ın yazdığı kimi, Müdafiə Nazirliyi fiber optikdən istifadə edən Ukrayna "FPV" pilotsuz təyyarələrini nümayiş etdirib. Bu yeni silahlar kodlaşdırmanın son mərhələsindədir və tezliklə Müdafiə Qüvvələrinə göndərilməyə başlayacaq. Baş Kəşfiyyat İdarəsinin  ən son yüksək sürətli gözəgörünməz pilotsuz təyyarə aldığı da bildirilib. Tapşırıqdan asılı olaraq, bu dronlar düşmənin yerüstü hədəflərini məhv etmək üçün müxtəlif gücə malik döyüş başlıqları ilə təchiz oluna bilər.

ABŞ-da terakt törədən şəxs ötən yay İŞİD-ə qoşulub - FTB

ABŞ-ın Yeni Orlean şəhərində (Luiziana ştatı) terror aktının təşkilatçısı və icraçısı (Şamsud Din Cabbar) 2024-cü ilin yayında İŞİD terror təşkilatına qoşulub və hücum zamanı təkbaşına hərəkət edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Təhqiqat Bürosu direktorunun müavininin köməkçisi Kristofer Raya bildirib. "Yenu Orleandakı hücumda başqasının iştirak etdiyini düşünmürük. O, ötən yayın əvvəlində İŞİD-ə qoşulub", - Kristofer Raya deyib. Qeyd edək ki, Yeni Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində azı 15 nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb. Sürücünün maşınından İŞİD bayrağı tapılmışdı.

Bəzi plastik cərrahların sənədləri saxtadır - Nazirlikdən xəbərdarlıq

Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Sozcu.az xəbər verir ki, bu Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilib ki, səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. "Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb. Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər. Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq", - nazirlikdən qeyd edilib.

İstanbulda minlərlə insan Fələstinə dəstək yürüşünə başlayıb

İstanbulun mərkəzində Fələstinə dəstək yürüşü başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. On minlərlə insan Ayasofya məscidinin qarşısında toplaşır. Yürüşlə əlaqədar şəhərin əsas küçələrində nəqliyyatın hərəkəti çətinləşib. Türkiyə Gənclər Vəqfinin (TÜGVA) himayəsi altında təşkil edilən yürüşün iştirakçıları Ayasofya, Sultan Əhməd, Fatih, Süleymaniyə və Eminönü məscidlərində sübh namazı qılıblar. Namazdan sonra aksiya iştirakçıları yürüşə qoşulmaq üçün əllərində Türkiyə və Fələstin bayraqları ilə Qalata körpüsünə doğru hərəkət edəcəklər.

Təyyarə qəzasının ilkin nəticələri nə vaxt bəlli olacaq?

Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasını araşdıran hökumət komissiyası 30 gün ərzində işinin ilkin nəticələrini təqdim edəcək. Sozcu.az xəbər verir ki, bu barədə komissiyanın üzvü, Qazaxıstan nəqliyyat nazirinin müavini Talqat Lastayev məlumat verib. “Ümumiyyətlə, standartlara görə, araşdırmanın ilkin və ya aralıq nəticələri 30 gün ərzində elan edilir”, - o bildirib. Lastayevin sözlərinə görə, hazırda təhqiqatın sahə mərhələsi gedir, yəni təyyarənin fraqmentləri, qəza yerindəki izlər götürülür, bütün bunlar Aktau hava limanında xüsusi təşkil olunmuş anqarda toplanır. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Bir milyonu mənimsəmiş sabiq rəisin məhkəməsi başlayır

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Sozcu.az Teleqraf.com-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Leyla Əsgərova-Məmmədovun icraatına verilib. Yaxın vaxtlarda məhkəmə başlanacaq. Qeyd edək ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov 1 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsində ittiham edilib. Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib. R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.

Dumana görə uçuşlar ləğv edildi

Böyük Britaniyada sıx duman səbəbindən aviasiya sahəsində xaos yaranıb. Sozcu.az xəbər verir ki, Qatvik, Hitrou və Mançester hava limanlarında onlarla reys təxirə salınıb və ya ləğv edilib. Sıx dumanın əsasən ölkənin cənub-şərq və mərkəzi bölgələrinə enəcəyi və görünüş məsafəsini 100 metrə qədər məhdudlaşdıracağı proqnozlaşdırılır. Bu gün Hitrou hava limanında 20 reys ləğv edilib, 29 reysdə isə gecikmə müşahidə olunub. Gatvik hava limanında isə bir reys ləğv edilib, 26 reys gecikir. Mançester hava limanında da oxşar vəziyyətlər qeydə alınıb. Gatvik hava limanının sözçüsü sərnişinlərdən yaranan narahatlığa görə üzr istəyərək deyib: “Zəif görüş səbəbindən müvəqqəti hava trafik məhdudiyyətləri tətbiq edilib. Gün ərzində bəzi reyslər gecikə bilər”. Duman səbəbindən yaranan bu məhdudiyyətlər bayram mövsümündə səyahət planlarına ciddi təsir edib. Təyyarə ilə səyahət edənlərdən hava limanlarına yola düşməzdən əvvəl reyslərini yoxlamaları tövsiyə olunur.