İlham Əliyev Xocalı hava limanında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xocalı hava limanında olub. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

II və III ixtisas qrupları üzrə imtahanın vaxtı...

II və III ixtisas qrupları üzrə iyulun 7-də qəbul imtahanı keçiriləcək. Dövlət İmtahan Mərkəzindən (DİM) Sozcu.az-a verilən məlumata görə, imtahanda ümumilikdə 47 520 abituriyentin iştirakı nəzərdə tutulur. Həmin gün I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahan da keçiriləcək. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İştirakçılar iyunun 30-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 195 imtahan binası, 3559 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 195 ümumi imtahan rəhbəri, 587 imtahan rəhbəri, 4454 nəzarətçi, 639 buraxılış rejimi əməkdaşı, 195 bina nümayəndəsi cəlb olunub. İmtahanda II ixtisas qrupu üzrə 17431 ,III ixtisas qrupu üzrə 21193, I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə imtahanda isə 8896 nəfər olmaqla, ümumilikdə 47520 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanda 85 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə iyulun 6-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək. İmtahanların gedişini işıqlandırmaq üçün 30 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Seysmoloqdan XƏBƏRDARLIQ: Bakını gözləyən zəlzələnin vaxtını AÇIQLADI - "Liftə minməyin, qapını tez açın..."

“Bu ilin əvvəlində verdiyim müsahibələrində qeyd etmişdim ki, 2024- cü il seysmik və tektonik baxımından mürəkkəb il olacaq. Yəni mütəmadi olaraq, tez- tez hiss olunan zəlzələlər baş verəcək. Biz bunu ilin altı ayı ərzində müşahidə etdik. Talış zonasında zəlzələ baş verdi. Sözügedən zonada mütəmadi olaraq zəlzələlər baş verir. Təbii ki, seysmoloq kimi hesablamalarıma, təhlilimə görə bu İranda baş verən seysmik ocaqlarda olan zəlzələlərin nəticəsi, təsiri idi”. Bunu referans.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. O bildirib ki, Xəzər dənizində bir neçə hiss olunan təkanlar qeydə alınıb. “Ümumiyyətlə, bir neçə növ zəlzələlər var: Hiss olunmayan, hiss olunan, güclü, dağıdıcı, katostrafik. Hiss olunmayan zəlzələlər hər gün baş verir. İstər il seysmik və tektonik baxımından aktiv olsun, istər olmasın. Bu il Azərbaycan ərazisində hiss olunan zəlzələlərin baş verməsi istisna deyil”. Müsahib qeyd edib ki, hiss olunan zəlzələ dedikdə, maqnitudası 4.5 - 5.5 civarında olan zəlzələ nəzərdə tutulur. Mütəmadi olaraq bu il hiss olunan zəlzələlərin baş verməsinə şahid olacağıq. “Azərbaycanda seysmik aktiv zonalara Oğuz, Quba, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala, Kiçik Qafqazın Şimal yamacı, Gəncə və Şəmkir ətrafı, Aran və Kür çökəkliyi hissəsi aiddir. Qarabağ zonası da seysmoaktiv zonaya aiddir. Burada Şuşa ocağı var, Laçın, İstisu, Kəlbəcər sesysmik avtiv zonalardır. Ən mürəkkəb seysmik zonalardan biri Xəzər dənizidir. Burada bir neçə tektonik qırılmalar mövcuddur. Xəzər ətrafında müxtəlif enerjili seysmik ocaqlar mövcuddur. Təbii ki, bunlar bir- birinin başlanmasında təkan rolunu oynayır. Xəzər dənizində zəlzələ müşahidə edəcəyik, Aran zonasında zəlzələlər baş verə bilər. Çünki Talışda olan zəlzələ tektonik- seysmik bloku daha da aktivləşdirə bilər. Şamaxı- İsmayıllı zonası heç cür istisna deyil”, - deyərək seysmoloq fikirlərinə əlavələr edib. Qulam Babayev zəlzələ zamanı insanların davranacaqlarına diqqət çəkib və maarifləndirici məsləhətlər verib: “Zəlzələ təkanları baş verəndə insanlar təşvişə düşməsinlər, pəncərə ətrafından uzaq olsunlar. Əgər çoxmərtəbəli binada yaşayırlarsa, liftdən istifadə etməsinlər. Qapını tez açsınlar. Çünki zəlzələ zamanı bina deformasiyaya uğraya, qapı kilidlənə bilər. Təkanların gücünü hiss edən zaman stolun altında gizlənmək lazımdır. Dağıdıcı zəlzələnin baş verməsi mümkün deyil, amma, hiss olunan zəlzələlər, yəni 4.5-5.5 ballıq zəlzələlər istisna deyil”. Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub.  

Magistratura imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib. DİM-dən Sozcu.az-a verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Qəbul olunanların siyahısı sabah günün birinci yarısında “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq. Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15660 bakalavrdan 13494 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3790 nəfər isə əvvəlki illərin məzunudur. Magistraturaya qəbul olmuş şəxslər 9 – 18 iyul tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər. Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Sənədsiz əmlakı olanlara VACİB XƏBƏR – Tezliklə bu evlər…

Azərbaycanda böyük “əmlak amnistiyası” gözlənilir. Bununla bağlı yeni elektron portal hazırlanır və sistemin 2024-cü ilin sonuna qədər vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.  İnsan sağlamlığına və fəaliyyətinə təhlükə törətməyən ərazilərdə tikilmiş mənzillər tədricən bu portal üzərindən rəsmiləşdiriləcək.  Xezerxeber.az-ın məlumatına görə, daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, sənədsiz tikililərin böyük əksəriyyəti Bakı və bakıətrafı ərazilərdə yerləşir. Bu tikililərin təqribi sayı isə 450-500 min arasıdır. Bəzi tikili və ya torpaq sahələrinin sənədləşdirilməsi isə mümkün olmayacaq.  Ekspertin sözlərinə görə, bu proses bazarda ipoteka predmeti olan ucuz əmlakların sayını artıracaq. Bununla yanaşı həmin torpaq sahələri də sənədləşdiriləcək ki, vətəndaş onun üzərində qanuni tikinti apara bilsin.  Ekspert əlavə edib ki, aministiya təkcə fərdi yaşayış evləri və ya torpaq sahələrinə aid deyil. Həmçinin çoxmənzilli yaşayış binaları da var ki, hələ də çıxarışla təmin olunmayıb. Portal istifadəyə verildikdən sonra həmin mənzillərin də çıxarışla təmin olunması gözləniləndir. 

İyunda ölkə ərazisində mürəkkəb sinoptik şərait müşahidə olunub

2024-cü ilin iyun ayında ölkə ərazisində mürəkkəb sinoptik şərait müşahidə olunub. Ay ərzində xüsusilə dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağışlar yağıb və tez-tez təkrarlanıb. Sozcu.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, düşən yağıntının miqdarı əksər bölgələrdə normadan çox olub. Abşeron yarımadasında isə ay ərzində maksimal yağıntı iyunun 27-də qeydə alınıb, Sumqayıta 25 mm-ə qədər yağıntı düşüb. Son 10 ilin müşahidə məlumatlarına əsasən belə intensiv yağış 2011-ci ilin iyunun 9-da qeydə alınıb, Bakıya 14 mm, Sumqayıta isə 26 mm yağıntı düşüb. “Son dövrlər ölkə ərazisində ildırım-dolu prosesinin baş vermə intensivliyi artıb, həmçinin əhatə dairəsi genişlənib. Ötən ilin iyun ayında 43 dəfə dolu düşdüyü halda, bu ilin iyununda 59 dəfə dolu hadisəsi qeydə alınıb”. Xidmət rəisi qeyd edib ki, iyun ayı yüksək temperatur rejimi ilə də fərqlənib. Ay ərzində havanın temperaturu 28 gün normadan yüksək olub. Lakin ayın sonuna doğru soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində ötən günlərlə müqayisədə temperatur bir qədər enib və 2 gün normadan aşağı olub. İyun ayı ərzində havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcəyədək yüksəlib. Orta aylıq temperatur 27.4 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 4.4 dərəcə yüksək olsa da, rekord göstərici yenilənməyib. Belə ki, çoxillik müşahidə məlumatlarına əsasən ən isti hava 2021-ci ilin iyun ayında qeydə alınıb, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib. “İyun ayının ayrı-ayrı günlərdə küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında iyun ayında sürəti 15 m/s-dən çox olan küləkli günlərin sayı 6 olub, şimal-qərb küləyinin maksimal sürəti 30 m/s-dək güclənib. Bölgələrdə isə 19 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin sürəti 15 m/s-dən çox olub, maksimal sürəti arabir 30 m/s-yə çatıb”.

Azərbaycanda 15 yaşlı oğlan 2 nəfəri bıçaqladı

Sumqayıtda yeniyetmələrin mübahisəsi qanla nəticələnib.  Sozcu.az xəbər verir ki, hadisə "Ceyranabatan bağları" adlanan ərazidə qeydə alınıb.  Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Qasımov Elgün Vüsal oğlu, münaqişə zəminində, eyni təvəllüdlü İsmayılov Əli Faiq oğluna və 2007-ci il təvəllüdlü Manıyev Rasif Sabit oğluna bıçaqla xəsarətlər yetirib.  Fakt araşdırılır. 

Rusiyanın elit desant briqadası darmadağın edildi

Ukrayna ordusu ehtimal ki, Xarkov vilayətinin Volçansk şəhərində Rusiyanın 83-cü elit Hava Desant Briqadasını darmadağın edib. Sozcu.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb. “Rusiyanın Qələbə Günü hücumu rus qoşunları üçün qan gölünə çevrilib. Bu hücum ağır artilleriyanı Xarkova yaxınlaşdırmaq və ya hətta şəhərin özünə doğru irəliləmək üçün geniş ərazi tutmaq məqsədi daşıyırdı. Amma nə o, nə də bu baş verdi. 9 May hücumundan bir neçə həftə sonra, təxminən 30 min rus əsgəri sərhəddən bir neçə mil cənubda, Volçansk şəhərində sıxışıb qaldı”, - nəşr bildirib. Məlumata görə, Rusiyanın 83-cü elit Hava Desant Briqadası çoxlu sayda itki və döyüşməkdən imtina edənlər səbəbindən döyüş effektivliyini itirib və onu bərpa etmək üçün Volçanskdan geri çəkilib: “Əgər məlumat təsdiqlənərsə, bu, təxminən yeddi alay və briqadadan ibarət Rusiyanın yeni Şimal qoşun qrupu üçün ciddi itki olacaq”. Qeyd edək ki, 83-cü Hava Desant Briqadası Rusiyanın ən elit döyüş bölmələrindən biri hesab olunur. Yaz aylarında briqada Çasov Yar istiqamətində də döyüşmüşdü.

Bu müəllimlər sertifikasiyadan ömürlük azad olunacaq

Növbəti sertifikasiya imtahanlarının builki kimi ağrılı olmayacağını hesab edirəm. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, əsas fokuslanmalı məsələ zəif nəticə göstərənlərin üzərində işləməkdir: "Misal olaraq, ən yüksək 60 balı toplayan müəllimlərin növbəti sertifikasiya imtahanında da eyni nəticə göstərməsi üçün çalışmalıyıq. Üç il ardıcıl şəkildə sertifikasiyada iştirak edib uğurlu nəticə göstərən müəllimlər ömürlük sertifikasiyadan azad olunmuş sayılır". E.Əmrullayev vurğulayıb ki, bu il sertifikasiya imtahanları ibtidai sinif müəllimləri üçün humanist yanaşma əsasında tərtib olunub: "Təbii ki, növbəti illərdə yeni standarlar da hazırlanacaq. Fərqli standartlar olsa da, bugünkü məzmunda elə də ciddi dəyişiklik olmayacaq. Bu gün əsas istəyimiz bütün müəllimlərin sertifikasiya prosesindən keçməsidir".

Köhnə avtomobillərin utilizasiyası prosesinə başlanılıb

Azərbaycanda ekoloji sağlamlığın qorunması məqsədilə köhnə nəqliyyat vasitələrinin utilizasiyası prosesinə başlanılıb. Bunu Nazirlər Kabinetinin Kənd təsərrüfatı və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib. Onun sözlərinə görə, iqlim dəyişikliyi əhalinin həyat şəraitinə ciddi təsir göstərir: “Bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri də ekoloji sağlamlıq üçün yeni imkanlar yaradır”.//Report

Küləkli hava sabaha qədər davam edəcək

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 27-si səhərədək davam edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Daşkəsəndə 28 m/s-dir. İsmayıllı, Qəbələ, Şəki, Naftalan, Zaqatala, Göygöldə isə sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti 18 m/s təşkil edir.

Azərbaycanın quru sərhədləri açılır? - Açıqlama

“Bu gün quru sərhədlərin açılması ən aktual problemlərdən biridir”.  Bu sözləri Manset.az-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.  Millət vəkili əlavə edib ki, bu ərəfədə quru sərhədlərin açılması gözlənilmir:  “Buna səbəb odur ki, hökumət var olan bəzi arqumentasiyalar nəticəsində COVID-19  və karantin rejimi ilə bağlı müəyyən təhlükələrin olduğunu vurğulayır. Sözsüz ki, hər bir halda bu məsələdə bir çox güzəştlər olunmalıdır. Elə insanlar var ki, quru sərhədlərin açılması onlar üçün həyati əhəmiyyət daşıyır. Burada biz Gürcüstanda yaşayan soydaşlarımızı fərqləndirə bilərik.  Əgər vətəndaş və soydaşlıq məsələsində fərqlilik olarsa, onların vəziyyəti müəyyən dərəcədə yüngülləşəcək. Çünki hazırkı şərtlərdə bu qədər məhdudiyyətin olması insanları xeyli sıxıntı ilə üzləşdirməkdədir. Biz isə bunun əksinin olması üçün çalışmalıyıq. Hazırda bu məsələ ətrafında bir çox müzakirələr aparılır. Ümid edirəm ki, xəstələrin, tələbələrin, xüsusilə də soydaşlarımızın vəziyyəti nəzərə alınacaq”.