“Nəzrində günah yoxdur, ailəsindən ala bilmədiyi xoşbəxtliyi yanına qaçdığı bəydən alır”

Azərbaycanda azyaşlı qızların özlərindən yaşca böyük şəxslərlə ailə qurması halları getdikcə daha çox sosial müzakirə mövzusuna çevrilir. Bəziləri bu halları təkcə fərdi seçim kimi qiymətləndirsə də, problemin kökündə sistemli boşluqlar, ailədaxili ünsiyyət çatışmazlığı və məktəblərin sosiallaşdırıcı funksiyasını itirməsi dayanır. Təhsil sistemi yalnız attestat verməyə yönəlib, müəllimlər özlərini yoxlama imtahanlarına, valideynlər isə smartfonlarına fokuslanıb. Bu cür şəraitdə gənc nəsil istinad nöqtəsini ailədən və məktəbdən deyil, başqa mənbələrdən axtarmağa başlayır. "Günah o qızlarda deyil, günah bu gün qurduğumuz o sistemdədir". Bunu "Yeni Sabah"a psixoloq Gülər Əhmədova deyib.  O əlavə edib: "Tədris yükü o qədər böyükdür ki, məktəbdənkənar və sinifdənkənar işlərin heç biri keçirilmir. Məktəb sadəcə atestat almaq üçün bir vasitədir. Amma əslində, uşaqlar məktəbdə sosiallaşmalı, inkişaf etməlidir.  Bu gün uşaqlar məktəblərdə öz yaşıdları ilə sosiallaşa bilmirlər. Digər tərəfdən, valideynlərin övladları ilə sosiallaşması, ünsiyyət qurması çox bərbad vəziyyətdədir. Evdə hamının əlində telefon var. Atanın da, ananın da, uşaqların da. Adamlar şam birlikdə axşam yeməyi, gün boyu hansısa ortaq məşğuliyyətə vaxt ayırmırlar. Aşağı Güzdək qəsəbəsində qaçırılma ilə bağlı gündəmə gəlmiş Nəzrin Babayevanı qətiyyən günahlandırmıram. Onun verdiyi qərar bəlkə də doğrudur. Birmənalı şəkildə atasının ona qarşı olan münasibətini açıq-aşkar söyləyir. İnanıram ki, ailə həyatı qurduğu insan da mənəviyyatca daha üstündür. Ölkəmizi biabırçı vəziyyətə gətirib çıxarmışıq. Ən ciddi problem isə məktəbin atestat almaq üçün sadə bir yerə çevrilməsidir. Məktəb özünün əsas funksiyasını itirib, halbuki o da tərbiyə yeridir. Məktəbdə yalnız təhsil haqqında danışılır. O təhsilin müəyyən hissəsi repetitorlardadır. Hamının gizlətməyə çalışdığı isə 10-11-ci sinif şagirdlərinin dərsə gəlməməyidir. Görünən dağa bələdçi lazım deyil. Özümüz-özümüzə nə vaxta qədər yalan danışacağıq?! Uşaqlar 9-cu sinifdən etibarən repetitorlara yönəlir, nəticə olaraq nə məktəb ilə, nə də öz məktəb yoldaşları ilə əlaqəsi qalır. Düşünürəm ki, məktəblərə pedaqoqlar gətirilməlidir. Orta məktəblərdə müəllimlərin fikri artıq uşaqlarda yox, özlərindədir. Müəllimlər artıq öz problemlərinə yönəliblər ki, imtahandan keçə biləcəyəm? Maaşım nə qədər olacaq? Buna görə də müəllimlərin artıq uşaqlarla maraqlanmağa vaxtı yoxdur. Fiziki olaraq bu mümkün deyil. Valideyn əlindən telefonu yerə qoymur, uşaqlarla maraqlanmır, müəllimlərin də başı imtahanlarına qarışıb. Buna görə də uşaqlar kriminal ünsürlərə, hansısa ideoloji qruplara yönəlirlər.  Uşaqlar romantika axtarır. Nəzrinin nitqini özüm araşdırdım. Onun nitqində əsas motivativ söz “xoşbəxtlik” idi. Onun üçün bu saat digər ünsürlər maraqlı deyil, o, ailəsindən ala bilmədiyi xoşbəxtliyi yanına qaçdığı bəydən alır. Bəy də ağlı başında, əqidəli bir insana bənzəyir. Ona görə də dövrü nəzərə alsaq, düşünürəm ki, ehtiraslı və enerjili olduğu dövrdə hansısa əllərə düşməsindənsə, xoşbəxt olduğu insanla evlənməsi daha yaxşı olub". 

İranın nüvə proqramı məhv edilməyib - Hersoq

ABŞ və İsrailin zərbələrindən sonra İranın nüvə proqramı məhv edilməyib. Sozcu.az xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq deyib. “Onun məhv olduğunu deyə bilmərəm, amma deyə bilərəm ki, həm İsrailin hücumları, həm də ABŞ-ın hücumu nəticəsində çox ağır zərbə alıb”, - Hersoq bildirib.

Fordo nüvə obyektinə ciddi zərər dəyib - NYT

İsrail ordusu Fordo nüvə obyektinin hava zərbələri nəticəsində ciddi zərər gördüyünü, lakin tamamilə məhv edilmədiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Məlumata görə, İran mümkün hücumları nəzərə alaraq obyektin daxilindəki mühüm avadanlıqları və uranı başqa yerə köçürüb. Qeyd olunur ki, bu addım İranın nüvə proqramını qorumaq və strateji itkiləri minimuma endirmək məqsədi daşıyır.

İran İsraili ballistik raketlə vurdu: 16 yaralı...

İran bu səhər İsrailə 27 ballistik raketlə zərbələr endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə, Təl-Əviv, Hayfa və Nes-Szionda evlərə düşüb. Zərbələr nəticəsində 16 nəfər yaralanıb. Yaralıların hamısı mülki sakinlərdir.

Yay aylarında maşınlar niyə yanır? – “Alışma riski yaranır”

“İstehsal ili köhnə olan avtomobillərin yay aylarında yanacaq çəninə gedən borularda quruma baş verir. Nəticədə avtomobilin alışma riski yaranır”. Bu sözləri "Yeni Sabah"a avtomobil ustası Xəyyam Səlimov deyib. O bildirib ki, buraxılış ili köhnə olan maşınların sürücüləri isti havalarda heç olmasa ayda 1 dəfə avtomobillərini yoxlatdırmalıdır: “Yay aylarında sürücülər yüksək temperatur ucbatındn mühərrikin qaynatması halları ilə tez-tez qarşılaşır. Digər tərəfdən, avtomobillərin alışıb-yanması da isti havalarda müşahidə edilir. Xüsusən də, istehsal ili köhnə olan avtomobillərin yay aylarında yanacaq çəninə gedən borularda quruma baş verir. Nəticədə avtomobilin alışma riski yaranır. Buraxılış ili köhnə olan maşınların sürücüləri isti havalarda heç olmasa ayda 1 dəfə avtomobillərini yoxlatdırsalar daha yaxşı olar. Əsas da Bakıda yaşayanlar. Çünki onlar gün ərzində mütəmadi tıxacda olur”. Usta qeyd edib ki, istehsal ili 5 ildən çox olmayan maşınlarda baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir: “Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan maşınlarda baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir. Buna görə də sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşsalar yaxşıdır. Əks halda bu, avtomobil sahibinə baha başa gələ bilər. yanğınlar adətən avtomobillərin elektrik naqillərinə edilən müdaxiləyə görə baş verir. Avtomobilə əlavə avadanlıq quraşdırılanda naqillər həmin yükü qaldıra bilmir. Nəticədə hadisələr qaçılmaz olur. Naqillərin özünə görə gücü var. Başqa heç bir şeyə icazə verilmir. Yəni əlavə quraşdırılanda avtomobillərdə yanma müşahidə olunur. Naqillərə müdaxilə etdikdə bu problem yaşanır".

Bu rayonda doğum sayı kəskin aşağı düşüb

Qobustanda doğum sayı kəskin aşağı düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Qobustan Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Günay Muradova mediatur çərçivəsində məlumat verib. Onun sözlərinə görə, doğum sayının azalmasına əsas səbəb gənclərin sayının Bakıda çoxluğu, rayonda isə əsasən yaşlı nəslin üstünlük təşkil etməsidir: “Xəstəxanaya yeni mama-ginekoloq cərrahlar cəlb edilib. Ümid edirik ki, növbəti illərdə doğum sayında artım müşahidə olunacaq”, – deyə Günay Muradova bildirib.

İtkin düşən məktəbli qızla bağlı araşdırma başlanıldı

Masallıda itkin düşən məktəbli ilə bağlı araşdırma başlanıb. Sozcu.az xəbər verri ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qeyd edilib ki, Masallı şəhəri, Dadva küçəsi ev-8 də yaşayan 12.02.2011-ci il təvəllüdlü, orta məktəbin VIII sinif şagirdi Xatirə Nurlan qızı Əhmədovanın 19.06.2025-ci il tarixdə saat 03 radələrində yaşadığı evdən çıxaraq itkin düşməsi barədə daxil olmuş müraciət əsasında Masallı rayon polis şöbəsi tərəfindən araşdırılır.

Məşhəddə İsrail üçün PUA yığan böyük dəstə varmış

İran İsrailə məxsus pilotsuz təyyarələri İranda yığmaqda şübhəli bilinən iyirmiyə yaxın adamı saxlayıb. Sozcu.az xəbər verir ki. bu barədə məlumatı “Mehr” agentliyi yayıb. Məlumata görə, Məşhəd şəhərində 18 İsrail agenti həbs edilib. Onlar İsrail üçün kəşfiyyat və hücum pilotsuz uçan aparatlarının layihələndirilməsi üzərində gizli işləyiblər.

İran İsrailə casusluqda ittiham edilən şəxsi edam etdi

İran İsrail kəşfiyyat xidməti MOSSAD-a casusluqda ittiham olunan İsmayıl Fəxrini edam edib. Sozcu.az xəbər verir ki, bu barədə İranın “Fars” xəbər agentliyi məlumat yayıb.

İsrail kəşfiyyatı dağıdır: Tehran çirkli su içində...

İsrail kəşfiyyatı İranın paytaxtı Tehranda kanalizasiya və su borularını partladıb. Sozcu.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin İran seqmentində görüntülər yayılıb. Boruların partlaması nəticəsində küçələri su basıb.

Xameneinin öldürülməsi ssenarisi... - KİV

İsrail İranın dini lideri Ayətullah Əli Xameneinin fiziki olaraq məhv edilməsi ssenarisini istisna etmir. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbəyə istinadla məlumat yayıb. Mənbə bildirib ki, Tehranın nüvə proqramı ilə bağlı məqsədinə çatmaq üçün Xameneinin öldürülməsi İsrail üçün tabu deyil. Onun sözlərinə görə, iki ölkə arasında müharibə Tehran nüvə proqramından əl çəkənə qədər davam edəcək.

İranın Natanz nüvə obyektində sızıntı oldu

İranın Natanz nüvə kompleksində radiasiya sızıntısı olub. Sozcu.az xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatı məlumat yayıb. "Nüvə obyektinin daxilində radiasiya sızıntısı aşkar edilib, lakin obyektin xaricində sızıntı qeydə alınmayıb. Obyektin daxilində radiasiyadan təmizlənmə prosesi həyata keçirilməlidir və daha sonra dəymiş ziyan qiymətləndiriləcək”, - məlumatda bildirilib. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.