Deputatlığa namizədlərin qeydiyyatı: Sənədlərin təqdimatı müddəti bitdi

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb. Sozcu.az xəbər verir ki, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir. Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 13-dən 2024-cü il avqustun 2-si saat 18:00-dək olan dövrü əhatə edib.

Yol qəzalarına səbəb olan AMİLLƏR BUNLARDIR

“Ümumiyyətlə qəzaların səbəbi olmur, onun yarıdıcı faktoru olur. Bu yaradıcı faktor 3 sistemdən ibarətdir: Yol, mühit və insan”. Bu sözləri Moderator.az-a “Yol qəzalarına daha çox səbəb olan hallar hansılardır?” sualımızı  cavablayarkən nəqliyyat məsələləri üzrə ekspert Anar Əsədov danışdı. Ekspert qəzaya səbəb olacaq bütün halları öz açıqlamasında qeyd etdi: “Bunlar qəzaların, müyyən problemlərin yaranmasında mühim şərtləndirən faktorlardır. Misal üçün insan faktoru burada ən başlıca, vacib bir elementdir. Yol yaxşı ola bilər, onun elementi yaxşı ola bilər, amma idarə edən şəxs, sürücü müəyyən qaydalara riyayət etməz, idarəetməni itirər və qəza baş verər. Bu kimi hallar yolverilməzdir, xüsusi bir ağır çəkiyə malikdir, yəni yol-nəqiliyyat hadisələrinin başlıca səbəbi budur. Digər bir məsələ isə Azərbaycan mühitində təbii ki, nəqliyyatın parametrləri də üstünlük təşkil edir. Misal üçün ola bilər ki, yol kefiyyətlidir, daha da yaxşı olmağı istiqamətində də işlər görülür, amma məsələn səhər vaxtıdır insan yağışlı, şaxtalı havada maşın sürür, qaranlıqda işğının biri yanmır , yağışlı havada şüşəsiləni işləmir və s. Bu kimi hallar  sürücü nə qədər peşəkar, qayda-qanunlara riyayət edən biri olsa belə qəza hallarının yaranmağına səbəb olur. Bu kimi amilləri də nəzərə almaq mütləqdir. Digər faktorlar isə tədricən yoluna düşəcək”.

COP29-la bağlı qadağa: Tələbələr distant təhsil alacaq

Nazirlər Kabineti “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərar verib. Sozcu.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkili təmin ediləcək: - ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili; - peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil. Elm və təhsil Nazirliyi yuxarıda qeyd edilənlər nəzərə alınmaqla təhsil proqramlarının təhsil alanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirməlidir.

Dənizdə bir nəfər batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 10 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.  Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.  Əlavə məlumat veriləcək. 

Ağadadaş Ağayevi döyən mühafizəçi ilk dəfə danışdı – Sirlər açıldı

Xalq artisti Ağadadaş Ağayevin balta atdığı gözətçi ilk dəfə canlı yayıma çıxaraq məsələnin detallarını açıqlayıb.  Sozcu.az xəbər verir ki, Müsavat TV-nin canlı yayımında qonaq olan mühafizəçi Nurəddin Cəlilov günlərdir müzakirə mövzusuna çevrilmiş məsələnin təfərrüatları barədə danışıb:  “Çox adam deyir ki, mən səbrli olmalı idim. Videodan da görünür ki, mən 2 dəfə oradan qaçmağa çalışmışam. Hətta ondan uzaqlaşıb gedib xəstəxananın içinə girmişəm. Bunlar hamısı çəkilişdə var. Klinikamızda 350-400 nəfər adam işləyir, gedib onlardan maraqlana bilərsiniz ki, Nurəddin necə insandır. Bu günə qədər kiminləsə dava etməmişəm, kimisə vurmamışam. Düzdür, bəzən klinikanın qarşısında avtomobili saxlayıb yolu kəsən taksi sürücüləri ilə mübahisəmiz olub, amma bu, sözlü mübahisədən o tərəfə keçməyib. Mübahisə olub, bir-birimizi başa düşmüşük, amma dava olmayıb.  Mən Ağadadaş Ağayevin əlini tutmaq üçün ona yaxınlaşdım ki, kiməsə zərər verməsin. Ona yaxınlaşdıqca yumruqla məni vururdu, deyirdi ki, gəlmə, baltanın biri də var. Mən də düşündüm ki, bəlkə üstündə bıçaq olar.  Videoda da görünür ki, əlini arxaya atır. Düşündüm ki, baltanı atan adamda bıçaq da ola bilər, bıçaqla camaata hücum edər. Axı klinikanın içində işçilər var, mən həmin situasiyada mühafizəsindən məsuliyyət daşıdığım klinikanı qoyub qaçmalı idim?! Onda niyə mühafizəçiyəm? Mənə deyirdi ki, burada dayanma, sən çıxıb getməlisən. Ağadadaş Ağayevin özünü bu qədər təmizə çıxartmağı düzgün deyil.   56 yaşım var, ailəliyəm. 24-25 yaşlarında iki qızım var, ailəm də bu məsələyə görə məni qınadı ki, gərək belə etməyəydin”. 

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Azərbaycanın bəzi bölgələrində iyulun 30-31-də, avqustun 1-də qısa müddətə küləkli hava şəraiti gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirililib ki, bununla bağlı Xidmət tərəfindən sarı xəbərdarlıq verilib. "Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan MR, Xaçmaz, Xızı, Şabran, Siyəzən, Altıağac, Qobustan, Gəncə, Goranboy, Samuxda şərq küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək", - deyə məlumatda qeyd edilib.

Sürücülük vəsiqəsi olmadan maşın sürmə: Cərimə 200 manat oldu

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılıb. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib. Cərimənin məbləği 100 manatdan 200 manatadək artırılıb. Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb. Bundan başqa, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə ediləcək.

Bakı-Xırdalan-Sumqayıt qatarı yeniyetməni vurdu

Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatar yetkinlik yaşına çatmayan şəxsi vurub. Baş Prokurorluğun Mətbuat xidmətindən  verilən məlumata görə, hadisə iyulun 22-də Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın Xırdalan şəhəri ərazisindən keçən zaman baş verib. Nəticədə şəxs aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Bakıda qəza: 3 yaşlı uşaq öldü

Bakıda avtomobil iki piyadanı vurub. Sozcu.az Report-a istinadlaxəbər verir ki, hadisə Xətai rayonunun General Şıxlinski küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Kənan Rzazadə idarə etdiyi "Hunday Sonata" markalı avtomobillə yolu keçən, 1994-cü il təvəllüdlü Ruhiyyə Tanrıverdiyeva və 2021-ci il təvəllüdlü Seymur Məmmədlini vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.

"Sizin fəaliyyətiniz nəticəsində isə 30-35 min insan çörəksiz qaldı, işsizlər ordusuna qoşuldu"

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, sitat: "Əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var. Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”. Cənab məmur, Sizin hədəfiniz taksi sayının azaldılması olmamalı idi, hökumətin məqsədi taksi xidmətinin keyfiyyətinin artması, müştəri məmnuniyyəti, bu xidmətin əmək məhsuldarlığının ölkədə artmasına tövhəsi olmalıdır. Sozcu.az-ın xəbərinə görə, bunu iqtisadçı Natiq Cəfərli bildirib. "Sizin fəaliyyətiniz nəticəsində isə 30-35 min insan çörəksiz qaldı, işsizlər ordusuna qoşuldu, qiymətlər 50%-ə yaxın artdı, keyfiyyət isə aşağı düşdü - əvvəl 4-5 dəqiqəyə gələn taksi, indi 20-25 dəqiqəyə gəlir. Yaxşı, Sizin məqsədiniz nədir ki, həm işsizlik yaratdınız, həm qiyməti artırdınız, həm də xidmət keyfiyyətini aşağı çəkdiniz?! Sizin hədəflər bu olmamalı idi axı! Hə, cənab məmur, onu da deyim ki, bizim millət kreativdir, SSRİ belə paralel taksi xidmətini qadağan, bu sahəyə nəzarət edə bilmirdi. İndi isə internet çağıdır, müxtəlif messenger-lər var, Siz rəsmi fəaliyyəti qadağan edəcəksiz, vətəndaşlar da heç bir rəsmi icazə almadan qohum-qonşuya, dost-tanışa zənglə, mesajla xidmət göstərəcək, o zaman nə edəcəksiniz?! Maşında sürücüdən başqa kimsə olsa, onları bir-bir saxlayıb sorğu-suala tutacaqsız?! Hətta Vasif Talıbovun zamanında Naxçıvanda belə sərt qaydalardan yan keçirdilər, özəl taksi xidməti müştəri maşına əyləşəndə 2-3 dəqiqə özü, kəndi, nəsli haqqında məlumat verirdi ki, birdən yolda saxlayıb soruşsalar “qohum”, tanış olduğunu sübut etsinlər. Siz də bu metoda keçəcəksiniz?! Bakıda 1 milyon avtomobil var, hər gün onları yoxlayacaqsınız?! Cənab məmur, insanlar kefindən taksi sürmürdü, bu iş çox ağır işdir, gündə 15-16 saat işləyirdilər, yəni, başqa qazanc, iş yerləri olsaydı, taksi sürməzdilər, indi bu 30-35 min vətəndaş nə etsin?! Siz məcbur edirsiniz ki, insanlar qanundankənar fəaliyyətə keçsinlər, bəli, məhz Siz onları bu addıma məcbur edirsiniz, yaxşı, tənzimləmələri (oxu - qadağaları) davam etdirib nəyə nail olacaqsınız? Bunu da açıqlayın, camaat işini bilsin..." - o qeyd edib.

Birinci sinfə qəbulla bağlı valideynlərə ÇAĞIRIŞ

Mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi hazırda davam edir. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır: "Bu günə qədər ümumilikdə 122 min uşaq I sinfə qəbul edilib. 2024-2025-ci tədris ili üçün birinci sinfə qəbulu proqnozlaşdırılan məktəbyaşlı uşaqların sayı ilə qeydiyyatdan keçənlərin sayında fərq müşahidə edilir". "Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər", - deyə məlumatda qeyd edilib.

Xankəndi və Şuşaya marşrut açılır

Qarabağda şəhərlərarası və şəhərlərdaxili sərnişindaşımaları üçün işlər gedir. İlk olaraq Laçın, Şuşa, Xankəndi şəhərlərinin nəqliyyat təminatı tərəfimizdən hazırlanıb. Sozcu.az xəbər verir ki, bu barədə mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib. O qeyd edib ki, Qarabağın nəqliyyat planına uyğun olaraq müsabiqələr də elan edilib: "Bakı-Laçın marşrutunu da müsabiqəyə çıxarmışıq və artıq fəaliyyətə başlayacaq. Bundan başqa, Bərdə-Xankəndi və Bərdə-Şuşa marşrutlarının açılması da nəzərdə tutulur. Şuşa Ağdam marsrutlarından əlavə yeni marsrutlar da istifadəyə veriləcək".