Sərhədimizi pozan 13 nəfər saxlanıldı

Ötən ay ərzində dövlət sərhədini pоzduqlarına görə 13 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, onların 8-i Azərbaycan, 2-si Pakistan, 1-i Türkiyə, 1-i İran, 1-i Qana vətəndaşı olub. Saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər, sərhəd rеjim qaydalarını pоzduqlarına görə isə 905 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Bununla yanaşı cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 289 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 428 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

Səfərovun ekspertiza nəticələri Rusiyadakı ilə üst-üstə düşməyib

Səfərov Ziyəddin Mehdi oğlunun ölüm haqqında şəhadətnaməsində onun ürəktutmadan, kəskin ürək çatışmazlığından öldüyü qeyd edilib. Biz meyitin xarici müayinəsi zamanı onun sağ gözündə qançırlar, döş qəfəsində assimetrik deformasiya, sağrı, bud, baldır və topuq nahiyyələrinin sıyrıq və qançırlar, xayalıq nahiyəsində göyümtül qançırlar aşkarladıq. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov brifinqdə deyib. Onun sözlərinə görə, dünən meyitlər axşam 10-11 radələrində şöbəyə qəbul edilib, müayinələr gecəyarısı başa çatıb. "Səfərov Ziyəddin Mehdi oğlunun daxili müayinsində aşkarlanan dəyişiklər birinci qardaşda olduğu kimidir. Belə ki, başın yumşaq və sərt qişalarına qansızmalar, döş qəfəsinin sıxılması, sınıqlar, qabırğaların ikitərəfli yerdəyişmiş sınıqları, paranefral sahədə qanyığılma, hematomalar, döş qəfəsinin 7-8-ci fəqərələri nahiyyəsində qansızmalar aşkarlandı. Ölüm səbəbi qeyd edilən travmalarla bağlı ağır postravmatik şok olduğunu aşkarladıq və bizim nəticə Rusiyadakı ekspertiza nəticəsi ilə ziddiyyət təşkil edir", - Ə.Həsənov qeyd edib.

Azad edilmiş ərazilərdə daha 103 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (23.06-2025-29.06.2025) məlumat açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Qeyd olunub ki, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 85 piyada əleyhinə mina, 18 tank əleyhinə mina, 524 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 1 350,8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ukrayna Rusiyanın 3 helikopterini məhv etdi

Ukraynanın Təhlükəsizlik Xidməti Krımın “Kirovskoye” aerodromunda "Pantsir-S1" zenit raket atəş kompleksi və 3 ədəd Mi-8, Mi-26 və Mi-28 hərbi helikopteri partladıb. Sozcu.az xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzi məlumat yayıb. PUA-lar vasitəsilə həyata keçirilən əməliyyat zamanı Rusiya ordusuna məxsus silah anbarları da sıradan çıxarılıb. Qeyd edək ki, gecə saatlarında həmin aerodromda 2 dəfə partlayış səsi eşidilib.

"Sertifikasiyada imtahan zalları əvvəlcədən “rezerv olunmuş” yerlərlə doldurulub" - Şok açıqlama

"2025-ci il müəllimlərin sertifikasiya imtahanının təşkili ilə bağlı ortaya çıxan faktlar, sadəcə səhlənkarlıq deyil – bu, düşünülmüş və sistematik pozuntularla müşayiət olunan, etibarı və obyektivliyi yerlə bir edən bir fəlakətdir. İmtahan zalları əvvəlcədən “rezerv olunmuş” yerlərlə doldurulub, konkret adamlara “yer saxlanılıb”, digərlərinə isə orada oturmağa icazə verilmir. Bu açıq-aşkar saxtakarlığa hazırlıqdır. Əgər bir imtahan zalında oturacaq yerlər belə əvvəlcədən bölüşdürülübsə, bu artıq imtahan yox, səhnələşdirilmiş teatr tamaşasıdır". Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov özünün feysbuk hesabında yazıb. O, daha sonra qeyd edib: "Bundan da biabırçısı – imtahan zamanı kompüterlərin “təsadüfən” sönməsi, donması və guya texniki problemlərlə nəticənin gecikdirilməsidir. Bu hallar tək-tük deyil, kütləvidir və məqsədli şəkildə aparıldığı açıq görünür. Texniki problem adı altında bəzi namizədlərə əlavə vaxt verilir, bəzilərinin isə diqqəti pozulur, nəticələrə ciddi təsir göstərilir. Bu vəziyyəti idarə edən qurum – imtahanı təşkil edən struktur – ya prosesi nəzarətsiz buraxıb, ya da bu xaosun içində öz maraqlarına xidmət edənlərə yol açıb. İmtahanın təşkili bu qədər bərbad, ədalətsizlik bu qədər açıq-aşkar, təhlükəsizlik bu qədər zəif ola bilməz! Gələcək nəsilləri onlara etibar etmək – bu ölkənin gələcəyini bilərəkdən qaranlığa sürükləməkdir. Bu sadəcə bir imtahanın problemi deyil. Bu sistemin içində çürümüş, korrupsiyalaşmış, ədaləti tapdalanmış və saxtakarlığı normal hala çevirmiş mexanizmin ifşasıdır. Təşkilatçı qurum dərhal cavab verməli, məsul şəxslər ifşa olunmalı və nəticələr yenidən araşdırılmalıdır. Əks halda sertifikasiya adı altında keçirilən bu imtahanların heç bir mənəvi, hüquqi və pedaqoji legitimliyi qalmayacaq". Qeyd edək ki, son günlər keçirilən müəllimlərin sertikatlaşdırılması prosesindən ciddi narazılıqlar var. Sosial şəbəkələrdə müəllimlər tərəfindən imtahanlarla bağlı ittihamlar səslənir. Elm və təhsil naziri Emin Əmrullayev isə narazılıqlara münasibət bildirərək deyib ki, sertifikatlaşdırmadan sonra bütün apellyasiya müraciətlərinə baxılacaq.

Tramp Konsresdən bunun üçün 1 trilyon dollar istədi

ABŞ Prezidenti Donald Tramp Konqresdən 2026-cı maliyyə ili üçün müdafiə xərclərinə 1,01 trilyon dollar istəyib. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Məlumata görə, bu 2025-ci ilə nisbətən 13% çoxdur.

Baqrat Qalstanyan həbs edildi

Məhkəmə “Müqəddəs mübarizə” hərəkatının liderinin həbsi ilə bağlı vəsatəti təmin edib. Arxiyepiskop Baqrat Qalstanyan iki ay müddətinə həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Məhkəmə Qarabağdan qovulan separatçı David Qalstanyan, arxiyepiskop Baqrat Qalstanyanın köməkçisi Movses Şarbatyan, bloger Armen Aleksanyan və ehtiyatda olan polkovnik Miqran Maxsudyanın da iki aylıq həbs qətimkan tədbiri seçilməsinə dair vəsatəti təmin edib. Ümumilikdə 16 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib. Qeyd edək ki, ötən gün Ermənistan hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və Daşnaksütyun Partiyası üzvlərinin evlərində axtarışlar aparıb. Ermənistan İstintaq Komitəsi Keşiş Baqratı və digərlərini hakimiyyəti zorla ələ keçirmə cəhdində, o cümlədən teraktlar hazırlamaqda ittiham edir.

Sertifikasiyadan kəsilən 5054 müəllim işdən ÇIXARILIB

Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesi başlayandan bəri – 2022-ci ildə indiyə kimi 5054 müəllimin əmək müqaviləsi ləğv edilib. Sozcu.az-ın məlumatına görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib. Onun sözlərinə görə, həmin müəllimlər sertifikasiya imtahanlarında kəsilən təhsilverənlərdir. N.İsmayılbəyli bildirib ki, sertifikatlaşdırılması prosesi başlayandan bəri daha 500 müəllim öz ərizəsilə işdən çıxıb. Agentlik rəsmisinin sözlərinə görə, indiyədək 120 min müəllimdən 85 mini sertifikatlaşdırılma prosesinə cəlb olunub. Qeyd edək ki, sertifikatlaşdırmadan keçə bilməyən müəllimlər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmadan kəsilən müəllimlərlə bağlanılmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

12 günlük müharibə: İran itkisini elan etdi

Rəsmi statistika iyunun 13-dən bu yana sionist rejimin işğalçı müharibəsində 606 iranlının şəhid olduğunu göstərir. Sozcu.az xəbər verir ki, bu sözləri İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi deyib. O qeyd edib ki, İsrail müharibəsi başlayandan indiyədək İran üzrə ümumilikdə 5332 nəfər yaralanıb. Zəfərkəndi bildirib ki, İsrailin İrana qarşı hücumlarının ən ölümcülü son 24 saatda olub: çərşənbə axşamı səhər atəşkəs qüvvəyə minməzdən əvvəl 107 nəfər şəhid olub, 1342 nəfər yaralanıb. Xatırladaq ki, 13 iyunda İsrailin hücumu ilə başlayan İran-İsrail savaşı bu gün atəşkəslə yekunlaşıb.

“Nəzrində günah yoxdur, ailəsindən ala bilmədiyi xoşbəxtliyi yanına qaçdığı bəydən alır”

Azərbaycanda azyaşlı qızların özlərindən yaşca böyük şəxslərlə ailə qurması halları getdikcə daha çox sosial müzakirə mövzusuna çevrilir. Bəziləri bu halları təkcə fərdi seçim kimi qiymətləndirsə də, problemin kökündə sistemli boşluqlar, ailədaxili ünsiyyət çatışmazlığı və məktəblərin sosiallaşdırıcı funksiyasını itirməsi dayanır. Təhsil sistemi yalnız attestat verməyə yönəlib, müəllimlər özlərini yoxlama imtahanlarına, valideynlər isə smartfonlarına fokuslanıb. Bu cür şəraitdə gənc nəsil istinad nöqtəsini ailədən və məktəbdən deyil, başqa mənbələrdən axtarmağa başlayır. "Günah o qızlarda deyil, günah bu gün qurduğumuz o sistemdədir". Bunu "Yeni Sabah"a psixoloq Gülər Əhmədova deyib.  O əlavə edib: "Tədris yükü o qədər böyükdür ki, məktəbdənkənar və sinifdənkənar işlərin heç biri keçirilmir. Məktəb sadəcə atestat almaq üçün bir vasitədir. Amma əslində, uşaqlar məktəbdə sosiallaşmalı, inkişaf etməlidir.  Bu gün uşaqlar məktəblərdə öz yaşıdları ilə sosiallaşa bilmirlər. Digər tərəfdən, valideynlərin övladları ilə sosiallaşması, ünsiyyət qurması çox bərbad vəziyyətdədir. Evdə hamının əlində telefon var. Atanın da, ananın da, uşaqların da. Adamlar şam birlikdə axşam yeməyi, gün boyu hansısa ortaq məşğuliyyətə vaxt ayırmırlar. Aşağı Güzdək qəsəbəsində qaçırılma ilə bağlı gündəmə gəlmiş Nəzrin Babayevanı qətiyyən günahlandırmıram. Onun verdiyi qərar bəlkə də doğrudur. Birmənalı şəkildə atasının ona qarşı olan münasibətini açıq-aşkar söyləyir. İnanıram ki, ailə həyatı qurduğu insan da mənəviyyatca daha üstündür. Ölkəmizi biabırçı vəziyyətə gətirib çıxarmışıq. Ən ciddi problem isə məktəbin atestat almaq üçün sadə bir yerə çevrilməsidir. Məktəb özünün əsas funksiyasını itirib, halbuki o da tərbiyə yeridir. Məktəbdə yalnız təhsil haqqında danışılır. O təhsilin müəyyən hissəsi repetitorlardadır. Hamının gizlətməyə çalışdığı isə 10-11-ci sinif şagirdlərinin dərsə gəlməməyidir. Görünən dağa bələdçi lazım deyil. Özümüz-özümüzə nə vaxta qədər yalan danışacağıq?! Uşaqlar 9-cu sinifdən etibarən repetitorlara yönəlir, nəticə olaraq nə məktəb ilə, nə də öz məktəb yoldaşları ilə əlaqəsi qalır. Düşünürəm ki, məktəblərə pedaqoqlar gətirilməlidir. Orta məktəblərdə müəllimlərin fikri artıq uşaqlarda yox, özlərindədir. Müəllimlər artıq öz problemlərinə yönəliblər ki, imtahandan keçə biləcəyəm? Maaşım nə qədər olacaq? Buna görə də müəllimlərin artıq uşaqlarla maraqlanmağa vaxtı yoxdur. Fiziki olaraq bu mümkün deyil. Valideyn əlindən telefonu yerə qoymur, uşaqlarla maraqlanmır, müəllimlərin də başı imtahanlarına qarışıb. Buna görə də uşaqlar kriminal ünsürlərə, hansısa ideoloji qruplara yönəlirlər.  Uşaqlar romantika axtarır. Nəzrinin nitqini özüm araşdırdım. Onun nitqində əsas motivativ söz “xoşbəxtlik” idi. Onun üçün bu saat digər ünsürlər maraqlı deyil, o, ailəsindən ala bilmədiyi xoşbəxtliyi yanına qaçdığı bəydən alır. Bəy də ağlı başında, əqidəli bir insana bənzəyir. Ona görə də dövrü nəzərə alsaq, düşünürəm ki, ehtiraslı və enerjili olduğu dövrdə hansısa əllərə düşməsindənsə, xoşbəxt olduğu insanla evlənməsi daha yaxşı olub". 

İranın nüvə proqramı məhv edilməyib - Hersoq

ABŞ və İsrailin zərbələrindən sonra İranın nüvə proqramı məhv edilməyib. Sozcu.az xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq deyib. “Onun məhv olduğunu deyə bilmərəm, amma deyə bilərəm ki, həm İsrailin hücumları, həm də ABŞ-ın hücumu nəticəsində çox ağır zərbə alıb”, - Hersoq bildirib.

Fordo nüvə obyektinə ciddi zərər dəyib - NYT

İsrail ordusu Fordo nüvə obyektinin hava zərbələri nəticəsində ciddi zərər gördüyünü, lakin tamamilə məhv edilmədiyini bildirib. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Məlumata görə, İran mümkün hücumları nəzərə alaraq obyektin daxilindəki mühüm avadanlıqları və uranı başqa yerə köçürüb. Qeyd olunur ki, bu addım İranın nüvə proqramını qorumaq və strateji itkiləri minimuma endirmək məqsədi daşıyır.