“Nəzrində günah yoxdur, ailəsindən ala bilmədiyi xoşbəxtliyi yanına qaçdığı bəydən alır”

Azərbaycanda azyaşlı qızların özlərindən yaşca böyük şəxslərlə ailə qurması halları getdikcə daha çox sosial müzakirə mövzusuna çevrilir. Bəziləri bu halları təkcə fərdi seçim kimi qiymətləndirsə də, problemin kökündə sistemli boşluqlar, ailədaxili ünsiyyət çatışmazlığı və məktəblərin sosiallaşdırıcı funksiyasını itirməsi dayanır. Təhsil sistemi yalnız attestat verməyə yönəlib, müəllimlər özlərini yoxlama imtahanlarına, valideynlər isə smartfonlarına fokuslanıb. Bu cür şəraitdə gənc nəsil istinad nöqtəsini ailədən və məktəbdən deyil, başqa mənbələrdən axtarmağa başlayır.

"Günah o qızlarda deyil, günah bu gün qurduğumuz o sistemdədir".

Bunu "Yeni Sabah"a psixoloq Gülər Əhmədova deyib. 

O əlavə edib: "Tədris yükü o qədər böyükdür ki, məktəbdənkənar və sinifdənkənar işlərin heç biri keçirilmir. Məktəb sadəcə atestat almaq üçün bir vasitədir. Amma əslində, uşaqlar məktəbdə sosiallaşmalı, inkişaf etməlidir. 

Bu gün uşaqlar məktəblərdə öz yaşıdları ilə sosiallaşa bilmirlər. Digər tərəfdən, valideynlərin övladları ilə sosiallaşması, ünsiyyət qurması çox bərbad vəziyyətdədir. Evdə hamının əlində telefon var. Atanın da, ananın da, uşaqların da. Adamlar şam birlikdə axşam yeməyi, gün boyu hansısa ortaq məşğuliyyətə vaxt ayırmırlar.

Aşağı Güzdək qəsəbəsində qaçırılma ilə bağlı gündəmə gəlmiş Nəzrin Babayevanı qətiyyən günahlandırmıram. Onun verdiyi qərar bəlkə də doğrudur. Birmənalı şəkildə atasının ona qarşı olan münasibətini açıq-aşkar söyləyir. İnanıram ki, ailə həyatı qurduğu insan da mənəviyyatca daha üstündür.

Ölkəmizi biabırçı vəziyyətə gətirib çıxarmışıq. Ən ciddi problem isə məktəbin atestat almaq üçün sadə bir yerə çevrilməsidir. Məktəb özünün əsas funksiyasını itirib, halbuki o da tərbiyə yeridir. Məktəbdə yalnız təhsil haqqında danışılır. O təhsilin müəyyən hissəsi repetitorlardadır. Hamının gizlətməyə çalışdığı isə 10-11-ci sinif şagirdlərinin dərsə gəlməməyidir.

Görünən dağa bələdçi lazım deyil. Özümüz-özümüzə nə vaxta qədər yalan danışacağıq?! Uşaqlar 9-cu sinifdən etibarən repetitorlara yönəlir, nəticə olaraq nə məktəb ilə, nə də öz məktəb yoldaşları ilə əlaqəsi qalır. Düşünürəm ki, məktəblərə pedaqoqlar gətirilməlidir.

Orta məktəblərdə müəllimlərin fikri artıq uşaqlarda yox, özlərindədir. Müəllimlər artıq öz problemlərinə yönəliblər ki, imtahandan keçə biləcəyəm? Maaşım nə qədər olacaq? Buna görə də müəllimlərin artıq uşaqlarla maraqlanmağa vaxtı yoxdur.

Fiziki olaraq bu mümkün deyil. Valideyn əlindən telefonu yerə qoymur, uşaqlarla maraqlanmır, müəllimlərin də başı imtahanlarına qarışıb. Buna görə də uşaqlar kriminal ünsürlərə, hansısa ideoloji qruplara yönəlirlər. 

Uşaqlar romantika axtarır. Nəzrinin nitqini özüm araşdırdım. Onun nitqində əsas motivativ söz “xoşbəxtlik” idi. Onun üçün bu saat digər ünsürlər maraqlı deyil, o, ailəsindən ala bilmədiyi xoşbəxtliyi yanına qaçdığı bəydən alır. Bəy də ağlı başında, əqidəli bir insana bənzəyir. Ona görə də dövrü nəzərə alsaq, düşünürəm ki, ehtiraslı və enerjili olduğu dövrdə hansısa əllərə düşməsindənsə, xoşbəxt olduğu insanla evlənməsi daha yaxşı olub". 

Share on Facebook