“Onları vəzifələrindən azad edib, alt-tuman köynəklərində qarovulçu təyin etmək lazımdır”

“Taxta çıxanda, mən yalnız həqiqəti bilməyə can atırdım. Ancaq bu 30 ildə hər gün o qədər yalan və yaltaq sözlər eşitmişəm ki, indi artıq həqiqəti yalandan ayırd etmək qabiliyyətimi də itirmişəm”.

Bu, xəstələnib ölüm döşəyinə düşdüyü bir vaxtda qəzetlərdən aldığı xəbərlərlə ona edilən məruzələr arasındakı kəskin ziddiyyəti görən və doğma oğlunu cəbhə xəttinə göndərərək, ondan Ordusunun gerçək durumu haqda səhih bilgi alan qüdrətli bir hökmdarın – bütün Rusiyanın çarı I Nikolayın 1854-cü ildə fransız-ingilis ittifaqına məğlub olduqları vaxt dilə gətirdiyi acı etiraflarındandır…

Çar I Nikolay özü imperator taxtına əyləşənədək, hədsiz dərəcədə intizamlı bir hərbçi – qvardiya komandiri olmuşdu. Orduya sevgisi tükənməz idi. Hətta çar olduqdan sonra da imperator taxtında yox, dəmir zabit çarpayısında yatmağa üstünlük verər, üstünə də bir zabit şineli çəkməklə yetinərdi. Elə 58 yaşında ölümünə səbəb də bu həyat tərzi olmuşdu – soyuq hava ciyərlərini parçalayıb dağıtmışdı…

Çar Nikolay Ordunu ölkəsinin yeganə xilaskarı və qoruyucusu sayırdı. Bu səbəbdən Ordunu zəif salan hallara qarşı çox barışmaz və amansız idi, qətiyyən kimsəyə güzəştə getməzdi!
O, cəbhə xəttindən qayıdıb ona Ordusundakı başıpozuqluqdan danışan varisinə – oğlu Aleksandra soyuqqanlılıqla beləcə demişdi: “Əsgərlər arasında intizamsızlıq yaranıbsa, deməli, düzgün istiqamətləndirilməyiblər. Təqsir və nizamsızlıq onlarda yox, knyaz Menşikovdadır!”

Və dərhal da Ordudakı durumu ondan gizlətməyə çalışan Menşikovu vəzifəsindən uzaqlaşdırmış, yerinə isə daha gənc və bacarıqlı bir knyazı təyin etmişdii…

Çar I Nikolayın hərbi intizamı pozan zabitlərə qarşı çox maraqlı cəzalandırma üsulları da vardı. Üstəlik, güclü hafizəsi olduğundan, hansı zabitin haçan və hansı səhvə yol verdiyini dəqiqliyi ilə yadından saxlayırdı. Odur ki, bircə dəfə səhvə yol verən zabit növbəti səhvinin onun həyatı bahasına başa gələcəyini də əvvəlcədən bilirdi…

Məsələn, soyuq və qarlı bir gecədə Sankt-Peterburqdakı gözətçi postlarını Çarın özü yoxlamaq qərarına gəlir. Gözdən uzaq postların birinə baş çəkərkən, görür ki, zabit çavuşu öz əvəzinə növbətçi çıxarıb, özü isə arxayınca soyunub girib yatağına…

Çar onu sakitcə ayağa qaldırır, elə alt-tuman köynəyindəcə öz karetinə mindirərək, saraya gətirir və səhərədək elə o tuman-köynəkdə də sarayın qapısında qarovul durmasına göstəriş verir. Gündüz isə ikinci bir əmrlə həmin zabiti o dövr üçün ən təhlükəli və çətin xidmət yeri sayılan Qafqaza göndərir. Özü də göstəriş verir ki, zabit təyinat yerinə çatanadək əynində yalnız elə həmin çirkli alt tuman-köynəyi olmalıdır…

İndi belə görünür ki, bizim Silahlı Qüvvələrimizdəki nizam-intizamsızlığın kökünü birdəfəlik kəsmək üçün də “knyaz menşikovları” – gerçəkləri yalan və yaltaqlıqlarıyla gizlədən bir çox uğursuz generalları vəzifələrindən azad edib, alt-tuman köynəklərindəcə saray qapılarında qarovulçu təyin etmək lazımdır!
Ancaq bundan öncəsə həqiqətlə yalanı bir-birindən seçməyin yolunu tapmaq gərəkdir!

Elxan Şükürlü, siyasi şərhçi

Facebook Comments