Elman Məmmədov: “Ruslar bizə bazar, vağzal adamları kimi baxırlar"

“Rusiya Prezidenti Vladimir Putin verdiyi bəyanatında belə bir ifadə işlətmişdi: “Rus əsgərinin ayağının dəydiyi bütün torpaqlar Rusiya ərazisidir”. Bu, Putin dövründən də, SSRİ dövründən də əvvəl çar imperiyasının uzun illər yeritdiyi işğalçılıq, müstəmləkəçilik siyasətinin bir daha təsdiqidir. İndi də Rusiya siyasi dairələri Rusiyaya qonşu olan dövlətlərin, keçmiş müttəfiq respublikaların hamısını öz ərazisi hesab edir. Cənab Putin bu yaxınlarda yenə ifadə etdi ki, bütün Ukrayna ərazisi bizimdir, yəni Rusiyanın. Bütün bu fikirlər rusların işğalçılıq siyasətindən xəbər verir. Həmişə olduğu kimi şovinist siyasətləri bu gün də davam edir. Bunlar özlərini ali irq hesab edirlər. Yerdə qalanlara, xüsusən də, müsəlmanlara — bizə və digər millətlərə isə yuxarıdan aşağı baxırlar. Ancaq bir şeyi unutmasınlar ki, bu siyasət yaxın gələcəkdə Rusiya Federasiyasının dağılmasına səbəb ola bilər”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Deputat vurğulayıb ki, Rusiya Federasiyasının daxilində çoxsaylı muxtariyyətlər var, hətta muxtariyyəti olmayan türk kökənli millətlər həddindən artıq çoxdur: “Bunlarla hesablaşmaq lazımdır. Digər tərəfdən, Rusiyada bu gün yaşayan soydaşlarımız, özbəklər, qazaxlar, türkmənlər, taciklər, qırğızlar və digərləri Rusiya iqtisadiyyatını dirçəldən, rus elminə, mədəniyyətinə töhfə verən insanlardır. Onlar isə bizə ancaq bazar, vağzal adamları kimi baxırlar və böyük səhv edirlər. Rusiya siyasətini belə davam etdirsə, yəqin ki, bu çanaq öz başında çatlayacaq və yaxın gələcəkdə acı barlarını yeyəcək. Yekaterinburqda və digər yerlərdə azərbaycanlılara qarşı təzyiqlər başlayıb. İstəməzdik ki, Rusiya ilə münasibətlərimiz korlansın. Qonşu dövlət kimi münasibətlərimizin yaxşı olmasını, mehriban əməkdaşlıq şəraitində yaşamağı istəyirik. Bu, hər iki dövlət üçün xeyirdir, lakin səmimi münasibətimizə Rusiya tərəfindən həmişə xoşagəlməz münasibətlər görürük. Bunun axırı Rusiya üçün yaxşı olmayacaq”.

Share on Facebook