Paradda 5 mindən çox şəxsi heyət iştirak edib

Bu gün Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət, 100-dən çox texnika iştirak edib. Sozcu.az xəbər verir ki, hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib. Həmçinin Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də parada 12 gəmi paradda nümayiş üçün cəlb olunub.

Bakıda hərbi parad keçirildi - Video

13:09 Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Sozcu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər. Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi. Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Ətraflı Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlətimizin başçısı paradda çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Əziz hərbçilər. Hörmətli qonaqlar, xanımlar və cənablar. Mən Sizi və bütün Azərbaycan xalqını şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Mənim dəvətimi qəbul edən qardaş ölkələrin rəhbərlərini, nümayəndə heyətlərini səmimiyyətlə salamlayıram. Bu gün bizim paradda Əziz qardaşım, Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan iştirak edir. Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq bizim əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün bizim Hərbi paradda Türkiyə hərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür. Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür. Dost ölkələrdən gəlmiş bütün qonaqları salamlayıram və onların bu gün bizimlə bərabər olmaları bir daha birliyimizi, həmrəyliyimizi, qarşılıqlı dəstəyi əyani şəkildə göstərir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın, köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı soyqırımı törədilmişdir, etnik təmizləmə siyasəti aparılırdı. Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz sülh danışıqlarını apararkən, eyni zamanda, bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi, əzəli torpaqlarını azad edəcək. Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olmuşdur. Onun da əsas səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpağı azad etmək fikrində deyildi. Ermənistanın arxasında duran bəzi dövlətlər isə onlara siyasi, iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycan Prezidenti vəzifəsinə seçiləndə mən bəyan etmişdim ki, nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi. Biz güclü iqtisadiyyat qurmuşduq. Əgər bunu etməsəydik, bizim maliyyə imkanlarımız çox məhdud idi. Biz iqtisadi müstəqillik qazanmışdıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. Biz müstəqil siyasət aparan ölkə idik. Bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı. Azərbaycanda ictimai-siyasi sabitlik tam bərqərar olmuşdur. Vətəndaş həmrəyliyi, vətəndaş birliyi, xalq-iqtidar birliyi əsas amillərdən biridir. Biz gənc nəsli vətənpərvərlik ruhunda, Vətənə sevgi ruhunda tərbiyə etmişik və bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir. Biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək bir çox ölkələr, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü Silahlı Qüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün bu və digər amillər bizim Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir. Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər. 44 gün ərzində bizim şanlı Silahlı Qüvvələrimiz hər gün irəli gedirdi, bir gün bir addım geriyə atmamışdır. Böyük peşəkarlıq, rəşadət, qəhrəmanlıq və fədakarlıq göstərmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik. Bunu döyüş meydanında sübut etmişik. 44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edildi. Biz düşməni qova-qova irəliyə gedirdik və azad edilmiş hər şəhər və kənd, orada qaldırılan Azərbaycan Bayrağı bizim Ordumuzu, xalqımızı daha da ruhlandırırdı. Nəhayət noyabrın 8-də “alınmaz qala” sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı Zəfər yürüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Biz dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq şanlı Zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra - noyabrın 9-dan 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Beləliklə, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi biz özümüz bərpa etdik. Bu gün isə Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır. Bütün bu tarixi nailiyyətlərlə bağlı bir daha əziz xalqımı təbrik edirəm. Biz bu beş ili qürur hissi ilə yaşamışıq. Əminəm ki, bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaqdır. Biz - bu torpaqların sahibləri Qarabağa, Şərqi Zəngəzura qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaqdır. Mən bütün Azərbaycan xalqını şanlı Zəfərimiz münasibətilə bir daha ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, yeni uğurlar arzulayıram. Qarabağ Azərbaycandır! Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışı -Əziz Qardaşım, Prezident cənab İlham Əliyev. Pakistanın Baş naziri cənab Şahbaz Şərif. Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman şəxsi heyəti. Azərbaycanlı qardaşlarım. Sizləri ən səmimi hisslərimlə, hörmət və sevgi ilə salamlayıram. Zəfər Günümüzün beşinci ildönümündə sizinlə bərabər olmaqdan böyük xoşbəxtlik duyuram. İlham Əliyev qardaşıma zərif dəvətinə görə təşəkkürlərimi bildirirəm. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi sevgilərini gətirdim. Bu qürur günümüzdə inanıram ki, hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşqunu yaşayır. Zəfərimiz mübarək olsun! Allah Azərbaycanı və Türk dünyasını neçə belə Zəfərlərə qovuşdursun! Azərbaycanın sevincini bölüşən Pakistanın Baş naziri Şahbaz qardaşım başda olmaqla bu gün aramızda olan dost ölkələrdən bütün təmsilçilərə təşəkkür edirəm. Qardaşlarım, bu gün hamımız birlikdə otuzillik işğala son qoyan möhtəşəm və misilsiz bir Zəfərin beşinci ildönümünü qeyd edirik. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizi - Azərbaycanın igid övladlarını bir daha rəhmətlə yad edirəm. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını, inşallah, cənnət etsin. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Məmməd Araz Azərbaycan türkünün Vətən eşqini belə təsvir edirdi: Bu gün gərək Hər anımız Vətən! – desin! Qılıncımız, qalxanımız Vətən! – desin Ölənlərin əvəzinə Qalanımız Vətən! – desin. Vətən! – desin Qəlbimizin hər duyğusu, hər vurğusu Vətən! – desin. Fərqi yoxdur, harda olaq, Zamanımız, məkanımız Vətən! – desin. Ürəkləri hər dəfə Vətən deyə döyünən qəhrəman qazilərimizə minnətdarlıq hisslərimi ifadə edir, “Uca Allah onlardan razı olsun!” deyirəm. Həyatları bahasına apardıqları qəhrəmanlıq mübarizəsi ilə otuzillik işğala son qoyan Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bir daha təbrik edirəm. Həmçinin bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm. İstəyirəm biləsiniz ki, Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar. Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik. Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində yüksələn Azadlıq Bayrağı Qarabağın dörd bir yanında şanla, şərəflə, qürurla dalğalanır. Bilirsiniz ki, əslən qarabağlı olan böyük bir şairimizi 45 gün əvvəl haqq dünyasına yola saldıq. Mərhum Yavuz Bülent Bakiler Qarabağ həsrətini bu misralarla dilə gətirmişdi: Torpağına bayraqlarla girə bilərəm, Qara sevdalılar kimi həsrətəm Qarabağa. Uğrunda ölə bilərəm. Bir gün bitərsə hər şey Qarabağı görmədən. İstəmərəm orkestr, böyük əklillər. Allahım, ruhuma bir az sükun ver. Üstümə oxunmuş bir ovuc müqəddəs Qarabağ torpağından sərpilsə yetər. İllərlə şairlər Qarabağ üçün həsrət dolu belə şeirlər yazmışlar. İlham qardaşımın qətiyyətli liderliyi ilə Azərbaycan Ordusu Qarabağı işğaldan azad edərək könüllərdəki 30 illik bu yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında əmin-amanlıq, inkişaf, sülh, rifah və azadlıq var. İnşallah, bu sülh və təhlükəsizlik mühiti daha da güclənməkdə davam edəcək. Əziz dostlarım, hörmətli qonaqlar, Qarabağ Zəfəri vicdanları qanadan böyük bir ədalətsizliyə son qoymaqla qalmadı. Eyni zamanda, bölgəmizdə yeni bir dövrün qapılarını açdı. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasi balansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəki zülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri bir son olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşı olaraq görürük. Qafqazda sülhün bərqərar olmasının Asiyadan Avropaya qədər bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindəyik. Bunu da burada xüsusilə vurğulamaq istəyirəm ki, biz davamlı sülh məsələsində son dərəcə ümidvarıq, nikbinik. İlham Əliyev qardaşımın davamlı sülhün bərqərar olması üçün göstərdiyi səmimi fəaliyyəti təqdir edirik. Ermənistanın Baş naziri cənab Paşinyanın da bu yolda atdığı cəsur addımları məmnunluqla izləyirik. İnşallah, bu möhtəşəm Zəfər hər iki liderin konstruktiv mövqeyi ilə bölgədə əmin-amanlığı və sülhü bərqərar edəcək davamlı bir müqavilə ilə nəticələnəcək. Türkiyə olaraq bu məsələdə üzərimizə nə düşürsə, inşallah, bunu etməkdə davam edəcəyik. Hazırkı nöqtədə Can Azərbaycanın həm bölgəsində, həm də kənarda əldə etdiyi irəliləyişlərdən böyük qürur duyuruq. Aramızdakı müstəsna əlaqələr konkret strateji layihələrlə hər gün daha da güclənir. Xatırlayırsınız, “Əsrin müqaviləsi”, “Azəri-Çıraq-Günəşli” başda olmaqla, Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri, “Şahdəniz” və TANAP ilə taclandırdığımız əməkdaşlığımızı son olaraq İğdır-Naxçıvan təbii qaz boru kəmərinin istismara verilməsi ilə daha da möhkəmləndirdik. İndi bu əməkdaşlığımızı daha da inkişaf etdirmək və miqyasını genişləndirmək üçün səy göstəririk. Qafqazda yaradılacaq yeni marşrutların nəqliyyat və enerji tədarükü imkanlarının artırmasını gözləyirik. Xəzərdən keçən Şərq-Qərb Orta Dəhlizini bölgədəki bütün qardaşlarımızın faydasına xidmət edəcək şəkildə sərmayələrlə inkişaf etdirməliyik. Bilavasitə Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ən səmərəli şəkildə istifadə etmək üçün Azərbaycanla birlikdə irəliyə doğru daha çox addımlar atacağımıza inanıram. Əziz qardaşlarım, Azərbaycan Qarabağ başda olmaqla bölgənin bərpasında və yenidən qurulması, xalqın təhlükəsiz şəkildə geri qayıtması, yox edilən mədəni və dini mirasın bərpası üçün böyük səylər göstərir. Qarabağa İlham qardaşımla birlikdə, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin də bir qismində iştirak etdiyi səfərlərimiz oldu. Zəfərdən sonra Qarabağın bütün ərazisində yaşanan inkişaf və investisiya səfərbərliyinə bilavasitə şahid oldum. Hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmir yollarını, evləri, yüksələn binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. İlham qardaşımın liderliyi ilə Can Azərbaycanın nələrə qadir olduğuna yaxından şahid oldum. Bir daha “Maşallah!”, “Bərəkallah!” deyirəm. Təbii ki, bizim gördüklərimiz, sadəcə, bir başlanğıcdır. İnşallah, bunların davamı da gələcəkdir. Qarabağ möhtəşəm gözəlliyi ilə bölgənin yenidən parlayan ulduzu olacaq. Bu prosesdə biz də Azərbaycana hər cür lazımi dəstəyi verəcəyik. Can Azərbaycan ilə ikitərəfli əlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəki birlik və həmrəyliyimizi də davam etdiririk. Ailə məclisimizin bütün üzvlərinin ən yüksək səviyyədə iştirakı ilə oktyabr ayında Qəbələdə 12-ci Zirvə Görüşümüzü keçirdik. Zirvə Görüşündə çağırışını etdiyim 15 Dekabr – Dünya Türk Dili Günü qərarının da UNESCO nəzdində həyata keçməsindən məmnunluq duyuram. Təşkilata sədrliyi dövründə Azərbaycan ilə həmrəyliyimiz, inşallah, daha geniş vüsət qazanacaq. İndidən Can Azərbaycana fəaliyyətində uğurlar diləyirəm. Azərbaycanın sarsılmaz dəstəyi ilə Şimali Kipr Türk Respublikasının Türk dünyası içərisindəki mövqeyinin güclənməsini arzu edirəm. “Rəbbim yar və yardımçınız olsun!” deyirəm. Bu düşüncələrlə Vətən müharibəsində al qanları ilə torpağı sulayan əziz şəhidlərimizi rəhmətlə yad edir, qazilərimizə təşəkkürlərimi bildirirəm. Eynilə, 1918-ci ildə Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun bütün şəhidlərini, xüsusən şöhrəti ilə ün salmış şəhid Ənvər Paşanı və qardaşı Nuri Killigil Paşanı bir daha ehtiramla yad edirəm. Fürsətdən istifadə edərək 9 Noyabr – Dövlət Bayrağı Gününüzü də ürəkdən təbrik edirəm. Hamınızı ən səmimi hisslərimlə salamlayıram. Sağ olun, var olun, Allaha əmanət olun! Daha sonra Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdi. Baş nazir Məhəmməd Şahbaz Şərifin çıxışı - Mənim əziz qardaşım, Prezident İlham Əliyev. Mənim əziz qardaşım, Prezident Rəcəb Tayyib Ərdoğan. Əziz qardaşım, Birləşmiş Ərəb Əmirliklərinin Şeyx həzrətləri Əl Məktum. Azərbaycan Silahlı Qüvvələrin qəhrəman şəxsi heyəti. Azərbaycanlı qardaş və bacılar. Hörmətli rəsmilər, xanımlar və cənablar. Salaməleyküm, günortanız xeyir olsun. Əziz qardaşım Prezident İlham Əliyevə belə bir sevinc dolu münasibətlə mənə etdiyi nəzakətli dəvətə, mənə və nümayəndə heyətimə göstərdiyi səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Pakistan xalqının səmimi salamlarını azərbaycanlı qardaş və bacılarına çatdırıram. 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Qələbənin beşinci ildönümünü qeyd edirik. Xanımlar və cənablar, Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edirlər. Azərbaycanlı və türk qardaşların arxasınca marşla gedən müzəffər Silahlı Qüvvələrimizi görmək, əlhəmdülillah, hər il güclənən möhkəm dostluğumuzun gözəl rəmzi olan “JF-17 İldırım” qırıcı təyyarələrin gurultulu səsinə qərq olan səmanı seyr etmək nə dərəcədə fəxarət və duyğulandıran mənzərədir. Xanımlar və cənablar, bu il avqustun 14-də Hindistanla dördgünlük mübarizədə tarixi zəfərimizi – Maarka-e-Haqqı qeyd etmək məqsədilə sürəkli alqışlarla İslamabadda Pakistanın Silahlı Qüvvələri ilə birlikdə fərəh hissi ilə marş altında keçən Azərbaycan və Türkiyənin hərbi kontingentləri yadıma düşür. Bu gün ürəyim fəxarət hissi ilə dolur. Xanımlar və cənablar, çünki mən böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını burada görürəm. Uşaqlıq xatirələrim göz önünə gəlir. O zaman, mərhum atam 1947-ci ildə Pakistanın yaranması ilə nəticələnmiş ulu babalarımızın tarixini mənə söylədi. Bu gün sizin təbəssümlü simanızı və sevinc dolu gözlərinizi gördükdə uşaqlığın o əziz xatirələri bir daha qəlbimdə canlanır. Xanımlar və cənablar, azadlıq mübarizəmizdə işıq saçan mayakımız, milli şairimiz Allama Məhəmməd İqbal şeirində yazırdı: “Birlik qarşısında dayanır nə qılınc, nə strategiya! İnamın alovu zəifləyəndə isə, bu birliyin bütün telləri titrəyir!”. Mən bu misraları indi ingilis dilində söyləyirəm. İqbal öz tarixi şeirində bu misraları bu cür yazmışdır. Bu cür dəyərli misralar bizə xatırladır ki, azadlığı yalnız güclə qazanmırlar. Onu təmin edən qətiyyətli inam və bağlılıqdır, çünki onlar qəhrəman mücadiləsinə həvəs verir. Xanımlar və cənablar, beş il əvvəl Azərbaycanın cəsur oğulları əziz qardaşım Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi mübarizəyə qalxdılar. Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur Silahlı Qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq. Hörmətli qonaqlar, Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün, o cümlədən Qəzzanın cəsur və güclü xalqı və Hindistanın qeyri-qanuni işğal etdiyi Cəmmu və Kəşmir xalqı üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu. Bu ilin mayında Hindistanla dördgünlük mübarizə zamanı bütün dünya Azərbaycan ilə Türkiyənin böyük xalqlarının və qətiyyətli rəhbərlərinin Pakistanın yanında dayandığının şahidi oldu. Feldmarşal Səyid Asim Munirin dinamik və qorxmaz rəhbərliyi ilə Pakistanın olduqca peşəkar Silahlı Qüvvələri düşmənin burnunu ovdu, düşməni şoka və qorxuya salan sərrast və çox tutarlı hərbi zərbələr endirdi. Hava Qüvvələri Marşalı Zahir Bəbir Sidhunun bacarıqlı komandanlığı altında Vətənin müdafiəsi üçün səmaya qalxan və hər zaman ayıq-sayıq olan şahinlərimiz düşmənin çox müasir yeddi təyyarəsini ildırım sürəti ilə sıradan çıxartdılar. Əslində, Pakistan azərbaycanlı və türkiyəli qardaşları kimi, sülhə çalışır, lakin heç kəsdə şübhə belə qoymur ki, kimsə qarşımıza çıxsın, suverenliyimizə hücum çəksin, yaxud ərazi bütövlüyümüzü şübhə altına alsın. Xanımlar və cənablar, bu gün keçmişimizi xatırlamaqla bərabər, gələcəyimizə də böyük ümid və arzularla baxırıq. Məcburi köçkün ailələrin Qarabağa, öz yurdlarına qayıdışını görmək çox ilhamlandırıcıdır. Əziz qardaşım cənab Prezident, bu, Sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan güclü şəxsi sadiqliyinizin böyük rəmzidir. Qarabağın incisi Şuşada, Xankəndidə, Füzulidə, Laçında və azad edilmiş Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz sürəti tam fenomenal xarakter daşıyır. Həmçinin inkişafın ən uğurlu modellərindən biri bu gün Türkiyədə görünür və onun memarı əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğandan başqa kim ola bilər?! Bütün qonaqlarla yanaşı, bu gözəl mərasimdə Türkiyəni müasir, aparıcı, strateji və iqtisadi gücə çevirən onun uzaqgörən rəhbərinə böyük iftixarla baxdığımı qeyd etməliyəm. Xanımlar və cənablar, əsl qələbə təkcə döyüş meydanında deyil, eləcə də sülh və anlaşma körpülərinin salınmasındadır. Əziz qardaşım Prezident İlham Əliyev, Azərbaycan ilə Ermənistan arasında ləyaqət və qarşılıqlı hörmətə əsaslanan sülhə aparan çətin yolda Azərbaycanı istiqamətləndirərək, Sizin müdrik rəhbərliyiniz mənə böyük təəssürat bağışlayır. Qarabağda möhtəşəm hərbi Qələbəni qazandıqdan sonra, cənab Prezident, Siz indi də bacarıqlı diplomatiyanız sayəsində sülhü qazandınız. Burada mən həmin sülh üçün uğur gətirmiş nümunəvi rəhbərlik keyfiyyətlərinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürümü bildirməliyəm. Məhz Prezident Trampın qətiyyətli və həlledici rəhbərliyi ilə Pakistanla Hindistan arasında atəşkəs əldə olundu, əsas müharibəyə imkan verilmədi və milyonlarla insanın həyatını xilas edərək Cənubi Asiyada sülh bərpa olundu. Xanımlar və cənablar, sülhə olan ümumi qətiyyətimiz bu yaxınlarda Əfqanıstanla olan hadisələrdə sınaqdan keçdi. Mən əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana verdiyi böyük töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bu, Qətər dövlətinin iştirakı ilə baş tutdu. Bu, həm çətin, həm də asan anlarda çiyin-çiyinə dayanan ölkələrimiz arasında güclü, sınaqdan keçmiş qardaşlıq əlaqələrinin əsl təzahürüdür. Xanımlar və cənablar, bu gün Zəfəri qeyd etdiyimiz bir vaxtda, biz, həmçinin şəhidləri yad etməliyik. Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparmış şəhidlərə Allah rəhmət eləsin. Onların cəsarəti, qüvvəsi və verdiyi qurbanlar xalqınızın tarixində və yaddaşında qalan fəsli yazdı. Bu gün cəsur oğul və qızlarımızın qanı və canı sayəsində azad olmuş zəngin Qarabağ torpaqlarında gözəl xarıbülbül yenə çiçək açır və sülh ümidi gətirir. Qoy, Uca Allah tərəqqi və firavanlıq dolu gələcəyə doğru qətiyyətlə addımlayan böyük xalqlarımıza qüvvə versin. Yaşasın Pakistan-Azərbaycan dostluğu! Yaşasın Pakistan, Azərbaycan və Türkiyə dostluğu! Sağ olun. Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başladı. Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib. Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları “Vətənə xidmətə görə” ordenli general-mayor Vüqar Əliverdiyevin başçılığı ilə Azadlıq meydanına gətirildi. Daha sonra hərbi texnikaların keçidi oldu. Ardınca Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirdi. Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu oldu.

Liderlərin Bakıda üçtərəfli görüşü keçirildi

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezident Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin üçtərəfli görüşü olub. Sozcu.az xəbər verir ki, görüşdə Türkiyə Prezidenti və Pakistanın Baş naziri Vətən müharibəsində Qələbənin 5-ci ildönümü münasibətilə dövlətimizin başçısını bir daha təbrik edib, Bakıda keçirilən hərbi paradın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar. Söhbət zamanı Azərbaycanın, Türkiyənin və Pakistanın daim bir-birinin yanında olduqları qeyd edilib, ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdiyi bildirilib. Liderlər Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatının perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bakıda Ərdoğanla Şahbaz Şərif arasında görüş oldu

Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında görüş olub. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstarisiyası X sosial media hesabında məlumat yayıb. Qeyd edək ki, hər iki ölkənin lideri Prezident İlham Əliyevlə birgə Zəfərin beşinci ildönümü münasibətilə Bakıda keçirilən Hərbi paradda iştirak ediblər.

Qardaş Azərbaycan xalqı... – Ukrayna səfiri

Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev 8 Noyabr – Zəfər Günü ilə bağlı paylaşım edib. Sozcu.az paylaşımı təqdim edir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpasını simvolizə edən gün münasibətilə Azərbaycanın rəhbərliyini və xalqını səmimi-qəlbdən təbrik edirəm! Qardaş Azərbaycan xalqına sülh, rifah və davamlı uğurlar arzulayıram!”

Qaxda 3 uşaq anasının meyti tapıldı

Qaxda 3 uşaq anasının meyti tapılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Şotavar kəndində baş verib. Belə ki, kənd sakini 1989-cu il təvəllüdlü Baxışova Züləccə Oruc qızının meyiti yaşadığı ünvanda aşkar edilib. Faktla baglı araşdırma aparılır.

Putinin başı savaşa qarışdı, ABŞ tarixi şans qazandı

Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını Ağ Evdə qəbul edib. ABŞ və C5 ölkələri arasında çox nəhəng iqtisadi razılaşmalar əldə olunub, bu razılaşmalar mədənlərdən tutmuş enerji mənbəyi olan faydalı qazıntılara, həmçinin energetika, aviasiya və kənd təsərrüfatına qədər, müxtəlif sahələri əhatə edir. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib. O bildirib ki, Ağ Ev rəsmilərinin görüşün siyasi mahiyyəti barədə açıq danışmaması anlaşılandır, amma bəzi senatorlar proses haqda son dərəcədə açıq və net mövqe ortaya qoyublar: “Respublikaçı senator Stiv Deynsin dediklərinə nəzər salaq: “Dünyada Mərkəzi Asiya kimi böyük iqtisadi potensialı olan çox az region var. Ölkələrimiz arasında daha sıx əlaqələrin qurulması təkcə arzuolunan deyil, həm də ABŞ üçün strateji zərurətdir. Sovet dövründə, daha sonra isə Rusiyanın təsiri altında Mərkəzi Asiya ölkələri öz potensiallarını reallaşdıra bilmədilər. Rusiya indi Ukrayna ilə məşğuldur və cənub cinahı ilə məşğul olmağa vaxtı yoxdur. Putinin müharibəsi bizə etibarlı və sabit investisiyalar təmin etmək imkanı yaratdı. Bu məqam Moskva və Pekin tərəfindən buraxılmış boşluğu doldurmaq üçün Amerikanın tarixi imkanıdır”.

ABŞ-ın ən böyük düşməni odur - Heqset

Pentaqon bürokratiyası ABŞ üçün Çindən daha ciddi bir təhdidə çevrilib. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın hərbi naziri Pit Heqset deyib. O, bürokratiyanı ABŞ-ın ən qorxunc düşməni adlandırıb: "Bu düşmən dünyanın mərkəzi planlaşdırmasının son istehkamlarından biridir. Beş illik planlaşdırma diktaturası ilə idarə olunur. Keçmiş Sovet İttifaqı kimi səslənə bilər, amma bu düşmən çoxdan yoxa çıxıb. Haqqında danışdığım düşmən evə daha yaxındır. Bu, Pentaqondakı bürokratiyadır". Onun sözlərinə görə, bu düşmən yeni ideyaları məhv edir və azad düşüncəni boğur ki, bu da nəticədə milli təhlükəsizliyə və hərbçilərin həyatına təhlükə yaradır.

Nikoldan Qarabağ açıqlaması: Bu, mənim səhvimdir ki...

Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanımaqdan başqa imkanı yox idi. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “44 günlük müharibənin qarşısını almaq üçün nə lazım idi? Lazım idi ki, biz Qarabağ məsələsinin həllinə dair öz təsəvvür etdiyimiz legitimliyi (vaxtilə işğal edilmiş Azərbaycan bölgəsinin “müstəqilliyi”nin tanınmasını nəzərdə tutur – red.) Qarabağ probleminin beynəlxalq legitimliyi ilə uzlaşdıraq. Amma bu, praktik olaraq mümkün deyildi. Bu təsəvvürləri həyata keçirmək mümkün deyildi, çünki ilk addımda biz qəbul etməliydik ki, Qarabağ Azərbaycanın tərkibində olmalıdır, başqa variant yox idi. Əgər düşünürsünüzsə ki, biz bunu 2018-2019-cu illərdə edə bilərdik, bəli, elədir, bu, mənim səhvimdir ki, etməmişəm”, - o qeyd edib.

Ermənilərin rəsmi itkiləri və bizim qazancımız!

Bu gün Azərbaycanın erməni separatizmi üzərində qələbəsinin 5-ci il dönümüdür. Ordumuz 2020-ci ilin sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatı nəticəsində noyabrın 8-dək 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kəndi işğaldan azad etdi. Bundan əlavə, Tərtər, Laçın, Qubadlı, Ağdərə, Murovdağ və s. istiqamətlərində xeyli sayda strateji yüksəkliyi nəzarət altına altına aldı. Silahlı Qüvvələrimizin 3 ildən sonra (19-20 sentyabr 2023-cü il) başlatdığı 1 günlük anti-terror əməliyyatı ilə Qarabağda erməni separatizminin kökünün tamamilə kəsilməsinin təməlləri də məhz 44 günlük müharibədə atıldı. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyinin tamamilə bərpa etməyi bacardı. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib. “Azərbaycan Ordusunun bu savaşda düşmənə vurduğu zərbənin quru statistikasına nəzər salsaq, necə böyük uğura imza atdığımızı daha aydın görə bilərik. Erməni mənbələri 44 günlük müharibədə itkilərini bu cür sıralayırlar: • 4.520 hərbi qulluqçu öldürülüb; • 60+ hərbi qulluqçu əsir götürülüb; • 9.094 hərbi qulluqçu yaralanıb; • 1.600 hərbi qulluqçu itkin düşüb. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun məhv etdiyi və ya qənimət kimi götürdüyü Ermənistana məxsus hərbi texnikanın dəyəri minimum qiymətləndirməyə görə, ən azı 3,8 milyard ABŞ dollarıdır. Ermənilərin hərbi texnika itkiləri arasında 10 ədəd S-300 və onun taktiki-döyüş vasitələri, 366 tank, 352 müxtəlif çaplı top, 22 ədəd PUA, 5 ədəd Su-25 təyyarəsi, 50 “Tor”, “Osa”, “Kub”, “Kruq” modelli zenit-raket kompleksi də var. Eyni zamanda döyüş əməliyyatları çərçivəsində ermənilərin xüsusi əhəmiyyətə malik 97 ədəd “Qrad”, 4 ədəd “Smerç”, 2 “Uraqan”, 1 “Tos” odsaçan, 1 ədəd “Yars”, Toçka-U, ballistik raketlər, “Elbrus” raket kompleksləri də məhv edilib. Bəzi hesablamalara görə, Ermənistanın hazırkı hərbi büdcəsi ilə itirdiklərini bərpa etməsi üçün ən azı 40 il vaxt lazım olacaq”, - o bildirib. Politoloq xatırladıb ki, ermənilərlə müqayisədə çox az görünməsinə baxmayaraq, Azərbaycan da bu savaşda qurbanlar verib: “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərə yaxın hərbi qulluqçusu həlak olub, 19-dan çox döyüşçümüz isə itkin düşmüş hesab olunur. Təbii ki, bizim də hərbi-texniki itkilərimiz də olub və nə yazıq ki, böyük uğurlar itkisiz başa gəlmir. Bəs, 8 noyabr qələbəsi ilə nələr qazanmışıq? • 30 il əvvəl itirdiyimiz əraziləri; • Hər bir dövlətin namusu sayılan ərazi bütövlüyümüzü və suverenliyimizi; • Millət olmanın vazkeçilməz ünsürü sayılan milli özünəinamı, qüruru, yenilməzlik duyğusunu; • Dünya dövlətləri arasında alnıaçıq, üzüağ gəzmək qabiliyyətini; • Əzilmiş, yardıma möhtac, loru dillə desək, yazıq dövlətdən regional gücə çevrilmək imkanı (Təsadüfi deyil ki, super-güclərin belə çözə bilmədiyi bir çox beynəlxalq məsələlərdə, o cümlədən İsrail-Fələstin-Suriya probleminin çözümündə ölkəmizin vasitəçiliyinə ehtiyac duyulur. Tarix böyu sülh qarantorluğuna super-güclərin iddia etdiyini nəzərə alsaq, beynəlxalq qüvvələrin bizə bəslədiyi bu ümidlər kiçik hadisə deyil); • Azərbaycanın kontinental hissəsi ilə Naxçıvan arasında kommunikasiya əlaqəsi; • Mərkəzi Asiya ölkələrini Avropaya bağlayacaq körpüyə çevrilmək imtiyazı (Bu, həm də böyük türk xaqanlarının uğrunda böyük fədakarlıqlara getməkdən çəkinmədiyi idealları olub. Çox şükürlər olsun ki, vaxtilə, cahangir babalarımızın tarixdə miras qoyduğu bu missiya indi Azərbaycanın çiyinlərinə yüklənib); • Tarix boyu Çindən Avropaya, Avropadan Çinə uzanan ticarət yollarına nəzarət potensialı (Bu həm də mədəniyyətlər qovşağına çevrilmək imkanı deməkdir və Turan adlanan coğrafiyada bu missiyanı da bizim cahangir babalarımız üstləniblər); • Avropanı və Türküstanı rus asılılığından xilas etmək avantajı; • Dünyanın ən kritik geostrateji qovşağı sayılan Cənubi Qafqaza öz real dəyərini qaytarmaq fürsəti (Yeri gəlmişkən, 8 noyabr qələbəsi yalnız Azərbaycana deyil, həm də 44 günlük savaşda qarşı-qarşıya gəldiyimiz ermənilərə də böyük faydalar qazandırdı. Bu gün olmasa belə, zənnimcə, yaxın gələcəkdə ermənilər də 8 noyabrı böyük Qələbə bayramı kimi qeyd edəcəklər); • Xarici imperialistlərin əlində türk dünyasına qənim kəsilən erməni təxribatçılığının kökünün kəsilməsi (Bundan sonra ermənilərin bir də dənizdən dənizə dövlət qurmaq xülyalarına düşməsi mümkün görünmür). Bir sözlə, 8 noyabr qələbəsi Azərbaycana böyük uğurlar qazandırıb və böyük dövlət olmaq yolunda ən keçilməz sədləri ortadan qaldırıb. Bu baxımdan, 8 noyabrı gələcəkdə baş verməsini gözlənilən bir çox daha böyük uğurlarımızın müqəddiməsi də saymaq olar. Türk dünyasının böyümə və özünə qayıtma prosesində ən böyük basamaq daşı olan 8 noyabr Qələbə günü münasibətilə hər kəsi təbrik edir, bu yolda canını verərək tarix yazan şəhidlərimizə rəhmət, ailələrinə səbr və qazilərimizə şəfalar diləyirəm”.

ABŞ ordusu yaxın illərdə bir milyon PUA almağı planlaşdırır

ABŞ yaxın iki-üç il ərzində ən azı bir milyon pilotsuz uçuş aparatı (PUA) almaq və gələcəkdə daha çox istehsal etmək üçün öz təchizat şəbəkəsini yaratmaq niyyətindədir. Sozcu.az "Reuters"ə istinadən məlumatına görə, bu barədə ABŞ-nin ordu naziri Daniel Driskoll bildirib. Məlumata görə, hazırda ABŞ hər il təqribən 50 min PUA alır. Qeyd olunub ki, ABŞ ordusu üçün prioritet genişmiqyaslı yerli dron istehsalı üçün şərait yaratmaqdır. Bu, hazırda, əsasən, Çindən idxal olunan mühərriklər, sensorlar, batareyalar və dövrə lövhələri kimi mühüm komponentlərin yerli istehsalının stimullaşdırılmasını nəzərdə tutur. Driskoll həmçinin ABŞ Müharibə Nazirliyinin ( Pentaqonun) dronların istifadəsinə yanaşmasını dəyişmək niyyətində olduğunu, onlara artıq bahalı və unikal sistemlər kimi deyil, döyüş meydanında istehlak materialları kimi baxdığını bildirib.

İlham Əliyevdən Zəfər Günü paylaşımı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib. Sozcu.az paylaşımı təqdim edir:

Netanyahu barədə həbs qərarı verildi

İstanbul Cümhuriyyət Baş Prokurorluğu İsrailin baş naziri Benyamin Netanyahunun da daxil olduğu 37 nəfər barədə “soyqırım” ittihamı ilə həbs qərarı verib. Sozcu.az bu barədə TRT kanalına istinadən xəbər verir. Məlumata görə, qərar Qəzza zolağında həyata keçirilən hücumlar nəticəsində çoxsaylı mülki şəxsin, xüsusilə qadın və uşaqların həlak olması ilə bağlı aparılan istintaq çərçivəsində qəbul edilib. Prokurorluq sözügedən şəxslərin beynəlxalq hüquqa əsasən “müharibə cinayətləri” və “insanlığa qarşı cinayətlər” törətdiyini iddia edir. Hazırda Türkiyə tərəfindən beynəlxalq axtarış və hüquqi prosedurların başladılması istiqamətində addımlar atılır.

Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi

2016-cı ildə Aprel döyüşlərində şəhid olan Teymurov Pəncəli Nurməmməd oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına (ölümündən sonra) layiq görülüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986–1998-ci illərdə Astara rayonu B. Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib. Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan–Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girib və döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Mühid Orucovla birgə Talış yüksəkliklərinin alınmasında iştirak edib və 3 aprel 2016-cı ildə döyüşdə həlak olub. Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli ən böyük mükafatını 2015-ci ilin 24 iyununda almışdı. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonunda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artilleriya və iyirmidən çox hərbçi məhv edilmişdi. 11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində dəfn edilib.

Prezident onlara “general” rütbəsi verdi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Sərəncamda qeyd olunub: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin: "general-leytenant" ali hərbi rütbəsi general-mayor Kənan Əlihüseyn oğlu Seyidova general-mayor Ağamir Əzizxan oğlu Sultanova "general-mayor" ali hərbi rütbəsi polkovnik Zaur Qəzənfər oğlu Yusifliyə polkovnik Ümüdvar Əzizalı oğlu Quliyevə polkovnik Anar Tofiq oğlu Hüseynova polkovnik Etibar İsmayıl oğlu Məhərrəmova "kontr-admiral" ali hərbi rütbəsi 1-ci dərəcəli kapitan Şahin Oruc oğlu Məmmədova".

Tramp Zəngəzur dəhlizindən danışdı

TRIPP layihəsi (beynəlxalq sülh və rifah üçün Tramp marşrutu) dünyanın iqtisadi cəhətdən əhəmiyyətli bir bölgəsindən keçən nəqliyyat dəhlizidir. Layihə Xəzər dənizinin digər tərəfində ticarət fəaliyyətinin artımını stimullaşdırmaq və Orta Asiya ölkələrinin inkişafına töhfə vermək üçün hazırlanıb. Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trump C5 + 1 görüşü zamanı bildirib. Trampa görə, bu marşrutun icrası Azərbaycan ilə Ermənistan arasında tarixi saziş sayəsində mümkün olub. "Bu tarixi saziş yeni bir “Tramp marşrutu” yaradır. Bu heyrətamizdir. Onlar - Azərbaycan və Ermənistan  bu marşruta mənim şərəfimə Tramp adını verdilər və mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Bu əslində böyük bir nailiyyətdir. Trampın yeni marşrutu beynəlxalq sülhün yoludur. İqtisadi cəhətdən əhəmiyyətli bir bölgədən keçir və Orta Asiya xalqlarına kömək edərək Xəzər dənizi boyunca ticarəti təşviq edəcəkdir. Əminəm ki, bu gün burada iştirak edən hər bir ölkə ortaya çıxan imkanlardan yararlana biləcək", - Tramp deyib. Donald Tramp ötən gün Ağ Evdə “Mərkəzi Asiya + ABŞ” (C5+1) formatında region ölkələrinin liderlərini qəbul edib. Görüşdə Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan prezidentləri iştirak ediblər.

Zəfər Gününün hava PROQNOZU

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

ABŞ-dan Orbana çağırış: Rus neftindən imtina…

Demokratlar və Respublikaçılardan ibarət bir qrup senator Macarıstanı Baş nazir Viktor Orbanın Vaşinqtona səfəri ərəfəsində Rusiyadan enerji almağı dayandırmağa çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” senatorların hazırladığı qətnaməyə istinadla məlumat yayıb. “Sənəddə 10 senator Macarıstanın Rusiyanın yanacaqlarından asılılığını azaltmaq üçün heç bir əlamət göstərməməsindən narahatlığını ifadə edib. Onlar Orban hökumətini Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiyanın enerji idxalını tamamilə dayandırmaq təşəbbüsünə qoşulmağa çağırıb”, - məlumatda bildirilib. Qeyd edək ki, Orban noyabrın 7-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşmək niyyətində olduğunu açıqlayıb.

“Lukoyl” xarici aktivlərini sata bilmədi: ABŞ-dan qadağa

ABŞ Prezidenti Donald Tramp Rusiyanın “Lukoyl” şirkətinin xarici aktivlərini satmasının qarşısını alıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Məlumata görə, ABŞ Maliyə Nazirliyi Ukraynadakı münaqişə davam etdiyi müddətcə “Gunvor” şirkətinə “Lukoyl”ın xarici aktivlərini almağa icazə verməyib. Qeyd edək ki, ABŞ sanksiyalarına məruz qalan “Lukoyl” xarici aktivlərinin olduğu “LUKOİL İnternational GmbH” şirkətini almaq üçün İsveçrənin “Gunvor” qrupundan təklif aldığını açıqlamışdı.

Tehran təxliyə olunmalıdır - Pezeşkian

Tehranda artıq su yoxdur və dekabr ayından suyu kvota ilə verməyə məcbur olacağıq. Sozcu.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. “Suyu kvota ilə versək də, yağış yağmayacağı təqdirdə paytaxt təxliyə olunmalıdır”, - o bildirib. Bununla eyni vaxtda Tehran əyalətinin Su və Kanalizasiya Şirkəti paytaxtda su çatışmazlığının təhlükəli həddə çatdığı haqda xəbərdarlıq edib.

Sərkisyanın ölkədən çıxışına qadağa qoyuldu

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın ölkədən çıxışına qadağa qoyulub. Sozcu.az xəbər verir ki, bunu Sərkisyanın tərəfdarlarından olan Armen Aşotyan deyib. O bildirib ki, sabiq prezidentə yeni ittiham irəli sürülüb.

Belarusun ən böyük neft emalı zavodunda yanğın...

Belarusun ən böyük neft emalı zavodu olan “Naftan”da yanğın baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "Naftan ASC-nin ərazisindəki texnoloji blokda baş verən yanğın söndürülüb”, - məlumatda bildirilir. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının hansı şəraitdə baş verməsi araşdırılır.

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan ərazisindən keçməklə Ermənistana gətirilən Rusiya buğdası Qida Təhlükəsizliyi Xidməti tərəfindən yoxlanılacaq. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Qida Məhsullarının Dövlət Təhlükəsizliyi Xidmətinin İnformasiya, Konsaltinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Anuş Arutyunyan deyib. O, prosesin ümumi olduğunu və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində həyata keçirilən bütün tranzitlərdə məhsulların yoxlanıldığını bildirib: “Fitosanitar ekspertiza üçün nümunə götürüləcək və beləliklə məhsulun keyfiyyəti yoxlanılacaq. Aİİ ölkələri arasında yükdaşıma qaydası var, buna görə sərhəd nəzarəti həyata keçirilmir. Lakin yük boşaldıldığı yerdə yoxlanılacaq”. Qeyd edək ki, Azərbaycan tərəfi Rusiya buğdasının əvvəlcə ölkə ərazisi, sonra Gürcüstandan keçməklə Ermənistana çatdırılmasına icazə verib.

Bolqarıstan "Lukoyl"un zavodunu belə ələ keçirir

Bolqarıstan Rusiyanın neft nəhəngi “Lukoyl”a məxsus Burqasdakı neft emalı zavodunu nəzarətə götürməyə və başqa bir sahibkara satmağa imkan verən qanunvericilik dəyişiklikləri hazırlayır. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, qanun layihəsi xüsusi təyin olunmuş menecerə neft emalı zavodunun satışına nəzarət etməyə imkan verəcək və onun sahibi “Lukoyl” şirkətinin qərara səs vermək və ya etiraz etmək hüququ olmayacaq.