Xəzərdə atom elektrik stansiyası yarana bilər

Qazaxıstan gələcəkdə Xəzər dənizinin sahilində aşağı gücə malik atom elektrik stansiyası tikə bilər. Sozcu.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkəliyev deyib. “Xəzər sahili kiçik və orta tutumlu reaktorlara malik atom elektrik stansiyası üçün potensial yer kimi nəzərdən keçirilir. Bütün əsas prinsiplərə - texnologiyaya, təhlükəsizlik və su obyektlərinə əsaslanan atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı yaxın gələcəkdə müvafiq araşdırma aparılacaq. Biz başa düşürük ki, bu, perspektivli platformadır”, - o bildirib.

Erməni konsul azərbaycanlı ilə sevgili olub – Həbs edildi

Xəbər verdiyimiz kimi, erməni mediası bir müddət öncə Avstriyaya yeni təyin olunmuş konsul Aşxen Aleksanyanın İrəvana gələrkən həbs olunduğu barədə məlumat yaymışdı. Sozcu.az xəbər verir ki, “Hraparak” nəşri həbslə bağlı rəsmi açıqlamanı tirajlayıb. “2025-ci il iyunun 20-də Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətindən, Dövlətə qarşı Cinayətlərin İstintaqı Baş İdarəsindən, Konstitusiya quruluşunun əsasları və İctimai Təhlükəsizlikdən daxil olan məlumat əsasında Ermənistan Respublikası İstintaq Komitəsində cinayət işi başlanıb. Ermənistan Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşının casusluq yolu ilə dövlətə xəyanət etməsi, xarici dövlətin nümayəndəsinə dövlət sirrini təşkil edən məlumatlarla tanış olmasına və düşmənçilik fəaliyyətinin həyata keçirilməsinə köməklik göstərməsi ilə bağlı Cinayət Məcəlləsinin 424-cü maddəsi ilə cinayət işi açılıb”, - Ermənistan İstintaq Komitəsiundən bildirilib.  Nəşrin iddiasına görə, bu həbsi gizli saxlamağa çalışıblar, buna baxmayaraq, mediaya bəzi informasiya və təfərrüat sızıb. İddiaya görə, Aşxen Aleksanyan azərbaycanlının sevgilisi olub və bəzi məxfi məlumatlar ötürüb. “Həbs xəbərinin yayılmaması üçün internetdən, bütün açıq mənbələrdən Aşxen Aleksanyanla bağlı məlumatları, hətta təyinat xəbərlərini siliblər. İş üzrə yeganə təqsirləndirilən şəxs Xarici İşlər Nazirliyinin əməkdaşı A.Aleksanyandır. İstintaq Komitəsi artıq iş üzrə ibtidai istintaqın başa çatdığını elan edib və təsdiqlənməsi üçün prokurorluğa göndərib, bundan sonra məhkəməyə göndəriləcək”. Aleksanyan ittihamları rədd edib, vəkilləri isə onun həbsdən azad edilməsi üçün yuxarı instansiya məhkəməsinə müraciət edib.axar.az)

Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

Oktyabr ayının birinci ongünlüyündə hava qeyri-sabit keçəcək. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir. Şimal-qərb küləyi üstünlük təşkil edəcək.

Heç bir imperiya Ukraynanı silə bilmədi və Rusiya da bunu bacarmayacaq – Zelenski

Ukraynanın Prezidenti Volodimir Zelenski, Ukraynanın tarix boyunca bir çox imperiyalar tərəfindən işğal edilməyə çalışıldığını, lakin hər dəfə yenidən doğulduğunu vurğulayıb. Sozcu.az-ın məlumatına görə o, bildirib ki, heç bir imperiya Ukraynanı silə bilmədi və Rusiya da bunu bacarmayacaq. Zelenski keçmiş imperiyaların Ukraynanı məhv etmək cəhdlərinin yalnız o imperiyaların dağıldığı ilə nəticələndiyini qeyd edib. "Ukrayna bir çox təcavüzkar gücləri, o cümlədən bu günkü Rusiya qarşısında qalib gəldi və hələ də qalib gələcək", – deyə Ukrayna lideri bildirib. Ukrayna prezidenti ölkəsinin mübarizliyini və möhkəmliyini vurğulamaqla yanaşı, Ukraynanın bu dəfə də Rusiyaya qarşı dayandığını qeyd edib.

"Prokurorluğun fəaliyyətində müəyyən nöqsanlar var" - Kamran Əliyev

Prokurorluğun fəaliyyətində müəyyən nöqsan və qüsurlar var. Sozcu.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 1 Oktyabr Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. O, prokurorluq orqanlarının fəaliyyətindəki mövcud nöqsanların aradan qaldırılması üzərində işlədiklərini vurğulayıb

Bakıda 42 yaşlı kişi faciəvi şəkildə öldü

Bakıda 42 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, 1983-cü il təvəllüdlü Nurlan Rəfail oğlu Məmmədov yaşadığı M.Hadi küçəsi ev 103 mənzil 86-da elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

"Qarabağ"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turunun bu gün keçiriləcək bəzi matçlarına Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. Sozcu.az xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd olunan kanallar vasitəsi ilə nümayiş etdiriləcək. Azərbaycan "CBC Sport" 20:45. "Qarabağ" (Azərbaycan) - "Kopenhagen" (Danimarka) 23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atletik" (İspaniya) "İctimai TV" 23:00. "Barselona" (İspaniya) - PSJ (Fransa) Türkiyə "TRT Spor" 20:45. "Yunion" (Belçika) - "Nyukasl" (İngiltərə) TRT-1 23:00. "Vilyarreal" (İspaniya) - "Yuventus" (İtaliya)

Kəlbəcər və Şahdağa qar yağdı

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yüksək dağlıq ərazilərə - Kəlbəcər və Şahdağa isə qar yağıb. Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı, Gəncə, Sabirabad, Xaçmaz, Qəbələ, Şamaxı, Xınalıq (Quba) Şabran, Ceyrançöl, İmişli, Göyçay, Tovuz, Tərtər, Ağdam, Cəlilabad, Bərdə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 3 mm-dək qeydə alınıb. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçalada 20, Culfada 18, Şabranda 16 m/s-yə çatıb. Şamaxı, Daşkəsən, Qax (Sarıbaş), Qusar, Qrız (Quba), Şəki, Zaqatala, Balakən, Şahdağ, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Nobel almamaq ABŞ üçün təhqir olar – Tramp

Nobel Sülh Mükafatını almasam, bu, ABŞ üçün böyük təhqir sayılacaq. Mən mükafatı özüm üçün istəmirəm, istəyirəm ki, bu mükafatı ölkəmiz alsın. O, buna layiqdir, çünki belə bir şey heç vaxt baş verməyib. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda yüzlərlə yüksək rütbəli hərbçinin qarşısında çıxışı zamanı səsləndirib. “Nobel mükafatını alacağam? Əsla. Onlar onu heç nə etməyən birinə verəcəklər”, - deyə Tramp bildirib. Nobel Sülh Mükafatının qalibi oktyabrın 10-da açıqlanacaq.

Ukrayna Xersonda “şura rəhbəri”ni məhv etdi

Ukraynanın Xerson vilayətinin işğal altında olan Novaya Kaxovka şəhərinin “Deputatlar Şurası”nın “rəhbəri” Vladimir Leontyev ölüb. Sozcu.az xəbər verir ki, bu barədə Xerson vilayətinin “qubernatoru” Vladimir Saldo məlumat verib. Onun sözlərinə görə, Leontyev Ukraynanın PUA hücumu nəticəsində ağır yaralanıb və xəstəxanada keçinib.

Bu məktəblərə avtobus işləyəcək - SİYAHI

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində məktəbli avtobuslarının tətbiqi üzrə pilot layihəyə 1 oktyabr tarixindən start veriləcək. Sozcu.az xəbər verir ki, ilkin mərhələdə layihə 1250-dən çox şagirdi əhatə edəcək. Əsas məqsəd valideynlərin gündəlik olaraq övladlarını məktəbə aparıb-gətirməsi ilə bağlı yaranan nəqliyyat sıxlığını azaltmaqdır. Bu məqsədlə “2 School” startap şirkəti vasitəsilə layihə çərçivəsində  100-dən çox avtobus fəaliyyət göstərəcək. Layihə 8 dövlət və 3 özəl məktəbi əhatə edəcək. Valideynlər xüsusi onlayn platformalar vasitəsilə övladlarının istifadə etdiyi məktəbli avtobusunun marşrut xəttini asanlıqla izləyə biləcəklər. Pilot layihənin tətbiq olunacağı məktəblər sırasına Bakı şəhərində yerləşən İlyas Əfəndiyev adına Elitar Gimnaziya, 6 nömrəli məktəb-lisey, general-leytenant K.A. Kərimov adına 8 nömrəli tam orta məktəb, A. Hüseynzadə adına 20 nömrəli məktəb-lisey, Tahir Həsənov adına 23 nömrəli tam orta məktəb, Xətai rayonu 27 nömrəli tam orta məktəb, 132–134 nömrəli Təhsil Kompleksi və 189–190 nömrəli tam orta məktəb daxildir. Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunacaq. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.

Bu tarixədək güclü külək əsəcək

Oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir. Oktyabrın 1-də isə küləyin güclənərək narıncı xəbərdarlığa keçəcəyi və 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir. Gəncə, Daşkəsən, Naftalan və Goranboyda da narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9 m/san olacaq.

Çexiya rus diplomatların ölkəyə girişini qadağan etdi

Çexiya hökuməti rəsmi akkreditasiyası olmayan Rusiya diplomatlarının və xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan edib. Sozcu.az xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski özünün X səhifəsində məlumat verib. "Bu gün hökumət Rusiya diplomatlarının və Çexiya tərəfindən milli akkreditasiyası olmayan xidməti pasport sahiblərinin ölkəyə girişini qadağan etdi. Bu tədbir beynəlxalq hava limanlarında tətbiq olunur", - Lipavski bildirib.

Navrotski yaxın vaxtlarda Kiyevə səfər edəcək - Sibiqa

Polşa Prezidenti Karol Navrotski yaxın müddətdə Ukraynaya ilk rəsmi səfərini planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat yayıb. "Biz Polşa prezidentinin Ukraynaya səfərini gözləyirik. Ümid edirik ki, bu səfər yaxın zamanda baş tutacaq”, - Sibiqa bildirib. Nazir əlavə edib ki, Prezident Vladimir Zelenski öz polyak həmkarı ilə dialoqa açıqdır: "Şübhəsiz ki, ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafı baxımından bu səfər çox önəmlidir".

Oktyabrın havası: Yağış, külək...

Oktyabr ayında keçid dövrünə xas olan hava şəraiti müşahidə edilir, tutqun günlərin sayı çoxalır, düşən yağıntıların miqdarı və havanın temperaturu ötən aylardan fərqlənir. Bu ilin oktyabr ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit, arabir yağıntılı keçəcəyi gözlənilir. Şimal -qərb küləyi üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 16-18 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 11-16 dərəcə, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 26-40 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 5-10 dərəcə, bəzi günlərdə 3 dərəcə isti, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 26 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 9-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 9-14 dərəcə, bəzi günlərdə 18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 47-56 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 53-56 mm). Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 13-16 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13 dərəcə isti, gündüzlər 18-23 dərəcə isti, bəzi günlərdə 25-27 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 31-61 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12 dərəcə, gündüzlər 14-19 dərəcə, bəzi günlərdə 23-25 dərəcə, dağlarda gecə 2-7 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, dağlarda gündüzlər 7-12 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-126 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 15-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 11-16 dərəcə, gündüzlər 19-24 dərəcə, bəzi günlərdə 26-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-46 mm). Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 14-17 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 9-14 dərəcə isti, gündüzlər 18-23 dərəcə, bəzi günlərdə 25-28 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, bəzi günlərdə 0 dərəcəyə yaxın, dağlarda gündüzlər 9-14 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 96-274 mm).

Əliyevlə Mattarellanın geniş tərkibdə görüşü keçirilir

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə Azərtac məlumat yayıb.

Masallıda hamilə qadın xəstəxanada öldü

Masallı rayonunda hamiləliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilən 32 yaşlı qadın ölüb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün baş verib. Rayonun Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Abbasova hamiləliyi ilə əlaqədar Masallı rayon mərkəzi xəstəxanasına yerləşdirilib və orada ölüb. Faktla bağlı araşdırma aparılır.

Adnan həbs olundu, ödənişlər dayandı: Onlar geri göndərilir

Artıq 2 ildən çoxdur ki, “Marset” Futbol Akademiyası ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasında əməkdaşlıq çərçivəsində 30-dan çox azərbaycanlı uşaq bu akademiyada futbol oynayır. Sozcu.az Sportal.az-a istinadən xəbər verir ki, iş adamı Adnan Əhmədzadənin həbsindən sonra “Marset” azərbaycanlı uşaqları geri göndərmək qərarı verib. Buna səbəb ASTA-nın növbəti ay üçün ödənişləri etməməsidir. Oradakı uşaqların valideynlərinə mövcud durumla bağlı bildiriş olub. Ehtimal var ki, “Marset” ən istedadlı bir neçə nəfəri saxlasın. Oktyabrın 1-də İspaniya klubu yekun qərarını verəcək. ASTA-nın rəhbəri Rafael Bünyatov açıqlamalarında bu günə qədər bütün xərclərin Adnan Əhmədzadə tərəfindən qarşılandığını deyib. İş adamının həbs olunması ilə ödənişlər dayandırılıb. Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də SOCAR-da yüksək vəzifələr tutmuş A.Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Uitkoff istefaya hazırlaşır - KİV

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun bu ilin sonunda istefa verəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” amerikalı mənbəyə istinadla məlumat yayıb. “Uitkoff ilin sonuna qədər vəzifəsini tərk etməyə hazırlaşır. Qəzzadakı sülh prosesində irəliləyiş olsa, onun getməsi ehtimalı daha yüksəkdir”, - mənbə bildirib. Onun sözlərinə görə, Donald Trampın Qəzza və Ukraynada atəşkəs danışıqları üzrə nümayəndəsi vəzifəsində çalışan Uitkoff xüsusi hökumət işçisi kimi fəaliyyət göstərir və onun səlahiyyət müddəti təxminən 130 gün olsa da, uzadılması mümkündür.

Bu torpaqlarda tikintiyə icazə verildi – Yeni qayda

Baş nazir Əli Əsədov kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası üçün yol verilən həddin hesablanması qaydalarını təsdiq edib. Yeni qaydalarla kənd təsərrüfatı təyinatlı torpaqlarda inşaata icazə verilən hallar və hədlər müəyyənləşdirilib. Sozcu.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sənədə əsasən, sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən, yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər: “Bu o deməkdir ki, 10 hektar kənd təsərrüfatı təyinatlı torpağı olan sahibkar onun 10 sotunda inşaat işləri apara bilər. Bu kənd təsərrüfatı təyinatlı torpaqlarının iqtisadi baxımdan daha səmərəli istifadə edilməsi baxımından vacib idi. Çünki əvvəllər belə qaydaların olmaması sahibkarlar üçün xüsusi çətinliklər yaradırdı. Nazirlər Kabinetinin son qərarı bu çətinlikləri, praktik olaraq, aradan qaldırır. Yeni qaydalara görə, torpaq sahəsinin əsaslı tikili olmayan bir hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə bölünən torpaq sahələri 5 hektardan az olduğu halda tikililərin inşasına və quraşdırılmasına yol verilmir. Bu qayda torpaqlardan birgə istifadəni stimullaşdıra bilər. Çünki qaydalara əsasən, üzərində əsaslı tikili olan və ərazisi 5 hektardan az olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə birləşdirildikdən sonra yaranan vahid torpaq sahəsində tikinti əmsalı həmin əsaslı tikilinin sahəsi çıxılmaqla müəyyən edilir. Hazırda aqrar sektorda ən ciddi çağrışlardan biri də ümumi torpaq sahəsi böyük olan təsərrüfatların sayının az olmasıdır. Nazirlər Kabinetinin qərarınsa əsasən, tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsi yenidən tikinti əmsalına cəlb edilmir. Bütövlükdə yeni qərar kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsində səmərəlliyin artmasına səbəb olacaq”.

İstanbul boğazı hər iki istiqamətdə bağlandı

Rusiyaya gedən gəmidə yaranmış nasazlıq səbəbindən istanbul boğazı hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Qeyd edilib ki, Bandırma limanından Rusiyaya gedən 98 metrlik yük gəmisinin mühərriki sıradan çıxıb. Hadisə Umuryeri bölgəsində, Qara dənizə çıxış zonasından 8 km məsafədə baş verib. Sahil Mühafizə Xidməti gəminin çıxarılması üçün kater və yedək gəmiləri göndərib. Gəmi tranzit marşrutundan çıxarıldıqdan sonra boğazda hərəkət bərpa olunacaq.

1315-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1315-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 110 560 hərbçi, 11 222 ədəd tank, 23 291 ədəd zirehli döyüş maşını, 33 311 ədəd artilleriya sistemi, 1 505 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 224 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 63 241 ədəd avtomobil texnikası, 65 303 ədəd PUA, 3 790 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 979 xüsusi avadanlıq itirib.

Daha bir məktəbdə 30 manat yığılır — Şagirdlər danışdılar - VİDEO

Valideynlərdən pul yığılması ilə bağlı yeni iddialar ortaya çıxıb. Sozcu.az Xəzər TV-yə istinadla xəbər verir ki, Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar valideynlərdən pul yığılır. Şikayətçi valideyn iddiaya dair çeklər və pulların köçürüldüyü bank hesabı ilə bağlı məlumatları, həmçinin valideyn komitəsinin səs yazılarını redaksiyaya göndərib. Məlumata görə, səs yazısında danışan şəxs Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 2 saylı tam orta məktəbin 7b sinfinin valideyn komitəsinin sədri Aynurə Hümbətovadır. İddiaya əsasən, sinif rəhbəri valideyn komitəsi vasitəsilə hər ailədən 30 manat pul yığılacağını bildirib. Məsələ ilə bağlı məktəbə müraciət olunub. Valideynlər və müəllimlər iddiaları təkzib etsələr də, bəzi şagirdlər hər valideyndən 30 manat yığıldığını təsdiqləyiblər. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Nazirlikdən ürək xəstəliklərinə qarşı addım: Lipid məktəbi...

Aterosklerozla bağlı xəstəliklər – ürəyin işemik xəstəliyi, infarkt və insult xəstəliklərinin qarşısını almağın yeganə yolu vaxtında profilaktika və müalicədir. Məhz bu səbəbdən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu ölkəmizdə lipid xidmətlərinin yaradılması istiqamətində genişmiqyaslı layihəyə start verib və Azərbaycanda lipid məktəbi yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, institut tərəfindən Azərbaycanda lipid xidmətinin təşkili üçün yol xəritəsi hazırlanıb: “Yol xəritəsinin məqsədi ürək-damar xəstəliklərinin yayılmasının qarşısını almaq və risk qrupunda olan şəxslərin vaxtında aşkarlanmasıdır. Bunun üçün Azərbaycan üzrə lipid məktəblərinin və mərkəzlərinin yaradılması, skrininq proqramlarının həyata keçirilməsi və hər bir xəstə üçün milli reyestr sisteminin qurulması üzərində işlər gedir, keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi aparılır. Lipid xidmətləri çərçivəsində vətəndaşlara yüksək keyfiyyətli tibbi yardım göstəriləcək. Belə ki, lipid profili analizi, irsi hiperkolesterinemiyanın aşkarlanması, mütəxəssis konsultasiyası, genetik testlər tətbiqi həyata keçiriləcək. Xəstələrin davamlı izlənməsi və regionlarda maarifləndirici proqramların keçirilməsi də layihənin əsas hədəflərindəndir”. Qeyd olunub ki, əhalinin geniş maarifləndirilməsi üçün kampaniyalar aparılır: “Xolesterininizi yoxlayın!” şüarı altında sosial şəbəkələrdə, mediada və tədris materiallarında maarifləndirici məzmun paylaşılacaq, risk qrupları üçün xüsusi seminar və təlimlər təşkil ediləcək.