Bu çaydan sel keçir – Faktiki hava

Sentyabrın 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, sentyabrın 28-i saat 10:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Yağan yağıntının miqdarı Astarada 57, Lənkəranda 52, Lerikdə 29, Yardımlıda 14, Qəbələdə 13, Balakəndə 11, Zaqatala, İsmayıllıda 10, Daşkəsəndə 9, Oğuzda 8, Qaxda (Sarıbaş) 7, Cəlilabadda 6, Altıağacda (Xızı) 5, Şəkidə 4, Quba, Gədəbəy, Yevlax, Göygöldə (Hacıkənd) 3, Naftalan, Göyçay, Biləsuvarda 2, Xaçmaz, Qusar, Şabran, Şahdağ, Şamaxı, Mingəçevir, Şəmkir, Bərdə, Beyləqan eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Sentyabrın 28-i saat 08:00 radələrindən Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir. Daşkəsən, Gədəbəy, Göygöl, Qax (Sarıbaş), Balakən, Zaqatala, Şəki, Şamaxı, Altıağac (Xızı), Qrız, Qusarda duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

İsrail 100 milyard dollar təzminat ödəməlidir! - Ərdoğan

İsrail Qəzzaya vurduğu ziyana görə 100 milyard dollar təzminat ödəməlidir. Sozcu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Netanyahu və onun qətliam törədən heyəti mühakimə olunmalı və cəzalandırılmalıdır. İsrailə qarşı çəkindirici sanksiyalar, o cümlədən beynəlxalq idman turnirlərində iştirakına qadağa qoyulmalıdır. İspaniyanın mövqeyini də gözardı etmək olmaz. Ən əsası İsrail Qəzzaya vurduğu ziyana görə 100 milyard dollar təzminat ödəməlidir. Yoxsa yanğın daha da genişlənəcək”, - Türkiyə lideri əlavə edib.

"Trampın Ukrayna mövqeyi ilə bağlı kəskin dönüşündə Kral III Çarlzın həlledici rolu olub" - "The Telegraph"

"ABŞ liderinin dəyişən ritorikası Qərbdə ümidlər, Rusiyada narahatlıq doğurur..." ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyindəki kəskin dəyişiklik həm Avropada, həm də ABŞ-da ciddi müzakirələr doğurub.  Sozcu.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb. Nəşr qeyd edir ki, son həftələrdə Tramp açıq şəkildə bəyan edib ki, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri qaytarmaq gücü var. Bu dönüşün arxasında həm diplomatik, həm də şəxsi amillərin dayandığı vurğulanır. Kralın təsirli söhbətləri Nəşr yazır ki, ABŞ liderinin mövqeyinə əsas təsirlərdən biri Böyük Britaniya kralı III Çarlz olub. Trampın Londona son səfəri zamanı kral onu Vindsor qəsrində qəbul edib, birgə gün ərzində müxtəlif tədbirlərdə iştirak edib, nahar və şam yeməyi təşkil edib. Dövlət banketində çıxışı zamanı III Çarlz Avropa tarixindən nümunələr gətirərək Ukraynanın azadlıq uğrunda mübarizəsinin önəmini vurğulayıb. Tramp isə kralın qonaqpərvərliyindən heyran qaldığını bildirərək, onu "çox, çox xüsusi insan" adlandırıb. Diplomatik mənbələr hesab edir ki, bu şəxsi təmaslar Trampın Ukrayna məsələsinə baxışında dönüş nöqtəsi olub. ABŞ Dövlət katibi Marko Rubio da Avropa həmkarlarına Trampın mövqeyindəki dəyişimin "mümkün qədər müsbət qiymətləndirilməli" olduğunu deyib. Finlandiya prezidentinin şərhi Eyni zamanda, Finlandiya prezidenti Aleksander Stubb "Politico"ya müsahibəsində Trampın bu dəyişimini başqa səbəblərlə izah edib. Onun sözlərinə görə, Trampın sərt mövqeyə keçidi, əslində, Putinə olan "məyusluqdan" qaynaqlanır. Stubb vurğulayıb ki, Trampın Ukrayna ilə bağlı son bəyanatları sadəcə siyasi taktika deyil, onun ciddi niyyətlərini göstərir: "Bütün məlumatlar göstərir ki, Tramp həqiqətən də Ukraynanı dəstəkləməkdə qətiyyətlidir. Məncə, o, əsaslı şəkildə Putindən məyus olub". Finlandiya lideri əlavə edib ki, ABŞ və Avropa arasındakı açıq dialoq mühüm rol oynayır: "Biz Zelenskini Trampa, Trampı isə Zelenskiyə izah edə bilirik. Bu, tərəflərin mövqelərinin uzlaşması baxımından əhəmiyyətlidir". Rusiyaya iqtisadi təzyiq Stubb həmçinin Avropa İttifaqının 19-cu sanksiya paketinin təsirlərinə diqqət çəkib. Onun sözlərinə görə, Rusiyanın iqtisadiyyatı artıq ciddi zərbə alıb: "Ehtiyatlar tükənib, inflyasiya və faiz dərəcələri 20 faizi keçib, iqtisadi artım ya sıfır, ya da mənfidir. Vergilərin artırılması qaçılmaz olacaq". Bununla belə, Finlandiya prezidenti qeyd edib ki, Putini atəşkəsə məcbur etmək üçün NATO və Qərb birliyinin dəyişməz dəstəyi həlledici olacaq. Hazırda Moskva hibrid müharibə üsulları ilə Qərbin qətiyyətini sınayır, lakin Stubb-un fikrincə, belə məqamda "sakitliyi qorumaq və eyni zamanda möhkəm dayanmaq" vacibdir. Trampın Ukrayna ilə bağlı mövqeyindəki dönüşün arxasında həm şəxsi diplomatik təsirlər - kral III Çarlzla söhbətlər, həm də siyasi reallıqlar Putinə qarşı məyusluq dayanır. Bu dəyişiklik Qərbdə Ukraynanın müdafiəsinə əlavə güc qazandırmaqla yanaşı, Rusiyaya da müharibənin iqtisadi və siyasi qiymətini daha aydın göstərir.

ABŞ səfirliyi Anım Günündə Azərbaycanla həmrəyliyini ifadə etdi

Azərbaycanın Anım Günündə on illərlə davam edən münaqişə zamanı həyatını itirən azərbaycanlıları xatırlayırıq. Sozcu.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin X sosial şəbəkə hesabında paylaşım edilib. "Avqustun 8-də Vaşinqtonda biz Cənubi Qafqaz üçün yeni bir mərhələnin başlanğıcını gördük və Amerika Birləşmiş Ştatları bu bölgədə daimi sülhün möhkəmlənməsi üçün səylərini davam etdirəcək. Amerika Birləşmiş Ştatlarının Səfirliyi yaxınları itirmiş azərbaycanlılara və onların ailələrinə ən dərin hüznlə başsağlığı verir", - deyə paylaşımda bildirilib.

BMT-də Azərbaycanın itkin şəxsləri ilə bağlı çağırış...

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının (UNGA) 80-ci sessiyasında Azərbaycanın 4000 itkin düşmüş şəxsi ilə bağlı çağırış edilib. Sozcu.az xəbər verir ki, BMT-nin 80-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər: Cavabların axtarışının genişləndirilməsi” mövzusunda yüksək səviyyəli görüşdə iştirak edib. Nazir müavini bəyanatında Ermənistanın təcavüzü nəticəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinə diqqət çəkərək, həqiqət və ədalətin təmin olunması üçün beynəlxalq səylərin artırılmasına çağırıb.

Qızıl mədəni çökdü: 100-dən çox adam...

Nigeriyanın Zamfara əyalətində yerləşən qızıl mədənində çökmə baş verib. Sozcu.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Məlumata görə, baş verən çökmə nəticəsində azı 100 nəfər ölüb, 15 nəfər isə sağ çıxarılıb. Dağıntılar altında qalanların axtarışları davam etdirilir.

1312-ci gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1312-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 107 400 hərbçi, 11 204 ədəd tank, 23 288 ədəd zirehli döyüş maşını, 33 186 ədəd artilleriya sistemi, 1 502 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 223 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 345 ədəd helikopter, 62 909 ədəd avtomobil texnikası, 63 931 ədəd PUA, 3 747 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 977 xüsusi avadanlıq itirib.

İlham Əliyev şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə XİN Anım Günü ilə bağlı paylaşım etdi

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) 27 sentyabr - Anım Günü ilə bağlı paylaşım edib. Sozcu.az xəbər verir ki, qurumun rəsmi X hesabındakı paylaşımda deyilir: "Qarabağ uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarını rəhmət və ehtiramla yad edirik. İnanırıq ki, davamlı sülhə doğru atılan tarixi addımlar bölgəmizdə bu fədakarlıqların irsi üzərində qurulmuş sülh və rifahı təmin edəcəkdir. "Bir millət, iki dövlət" devizi ilə şəhidlərimizin müqəddəs irsi hər zaman qəlbimizdə yaşayacaqdır".

Arvadı ilə dalaşdı, qayınatasını yumruqla vurub öldürdü

Xaçmazda qətl hadisəsi olub. Sozcu.az lent.az-a istiandən xəbər verir ki, hadisə rayonun Xudat şəhərində qeydə alınıb. Orxan Hacıbalayev qayınatası İlham Hüseynovun sinəsinə yumruqla zərbə vurub. Nəticədə İlham Hüseynov ölüb. Məlumata görə, öz evində öldürülən mərhum bir müddət əvvəl açıq ürək əməliyyatı keçirib. Qeyd olunub ki, Orxan Hacıbalayev qayınatasının evində öz arvadı ilə dalaşıb. Bu zaman naməlum səbəbdən qayınatasına da yumruqla zərbə vurub. Qətli törədən kürəkən saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Ukrayna Rusiyanın neft nasos stansiyasını vurdu

Ukrayna Çuvaşiyada neft nasos stansiyasına dronla zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə respublikanın rəhbəri Oleq Nikolayev məlumat yayıb. O qeyd edib ki, hazırda müəssisənin işi dayandırılıb: “Əhali üçün təhlükə yoxdur, xəsarət alan da yoxdur. Kiçik ziyan dəyib”.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sozcu.az xəbər verir ki, ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb. Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər. Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.

İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimov və Vətən müharibəsi şəhidlərinin də dəfn edildiyi İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunur ki, bundan sonra həmin xiyaban Hərbi Memorial Məzarlıq adlanacaq.

Bakıda bu xəstəxana 13 yaşlı ürək xəstəsini müayinədın imtina etdi

Əbülfəz Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında ürək aparatı işləmir. Sozcu.az xəbər verir ki, bu barədə Bakı sakininin Axar.az-a ünvanladığı şikayətdə bildirilib. Valideyn Zöhrab Əliyev deyib ki, bu gün səhər saatlarında 13 yaşlı övladını kəskin ürək ağrıları səbəbindən sözügedən xəstəxanaya aparıb. Xəstəxana isə ürək aparatının işləmədiyini bildirirərək, müayinədən imtina edib. Sözügedən məsələ ilə bağlı TƏBİB-ə sorğu verilib.

Azərbaycanda daha bir qazi vəfat etdi

Vətən müharibəsi qazisi Rəşad Qocayev vəfat edib. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar. Bildirilib ki, o, yaşadığı Qazax rayonunda dünyasını dəyişib. Qeyd edək ki, R.Qocayev müharibədən sonra bir neçə medalla təltif edilmişdi.

Azərbaycanlılar Gürcüstana axışır: 2 min maaş, pulsuz nahar...

Müstəqillikdən bəri ölkələrarası fiziki şəxslərin pul köçürmələri tarixində (izlənən dövrdə) ilk dəfədir ki, 2025-ci ilin ilk 6 ayında Azərbaycana Gürcüstandan pul köçürmələr bizim ölkədən ora köçürmələri üstəliyib: Gürcüstandan Azərbaycana daxil olan vəsait 18.1 milyon dollara yüksəlib – illik müqaisədə 4% artım var. Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Azərbaycanın rayonlarından Gürcüstana işləməyə, biznes qurmağa gedən insanların sayı kəskin artıb: “Gürcüstanda olarkən tikintidə fəhlə işləyən aran rayonlarından olan soydaşlarımızı gördüm, ayda 2000 manat maaş alırdılar, bundan başqa, insanı rəftardan çox razı idilər: 8 saatlıq iş rejimi, pulsuz nahar, iş yerinə gedib-gəlmək üçün pulsuz avtobus, aşağı vergilər, 5 günlük iş həftəsi – yüksək maaşdan əlavə bu məsələlər də cəlbedicidir. Gəncəbasar zonasından olan bir neçə kiçik sahibkarla da tanış oldum – Azərbaycanda maneələrlə üzləşdikdən sonra Tiflisə köçüblər. Kiçik sahibkarlıqla məşğuldurlar, 500 min lariyə qədər dövriyyədən cəmi 1% vergi verirlər, heç bir dövlət orqanının, nəzarətedici qurumun üzünü belə görmürlər. Vergi və gömrük işindən çox razı idilər. Cəmi 8 il əvvəl Azərbaycan adambaşına düşən ÜDM göstəricilərinə görə Cənubi Qafqazın lideri idi, 2017-ci ildə: Azərbaycan - 4212 dollar, Gürcüstan - 4047 dollar, Ermənistan - 3869 dollar. 2024-cü il Beynəlxalq Valyuta Fondunun rəqəmlərinə görə adambaşına düşən ÜDM-ə görə indi biz Cənubi Qafqazda sonuncu yerdəyik: Gürcüstan – 9570 dollar, Ermənistan – 8860 min dollar, Azərbaycan – 7600 dollar. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda ÜDM cəmi 0,9% artıb. Gürcüstanda bu rəqəm 8,6%, Ermənistanda isə 5,2%-dir. Bütün bu makro-iqtisadi göstəricələrdə geriləmələrə görə indi Azərbaycan vətəndaşı Gürcüstana işləməyə gedir, qazanır, ailəsinə pul göndərir”.

Yağış, leysan, dolu, qar... - Sabahın HAVA PRONOZU

Milli Hidrometeorologiya Xidməti sentyabrın 27-də gözlənilən hava proqnozunu açıqlayıb. Sozcu.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 14-16, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-6, gündüz 6-9 dərəcə isti olacaq.

Rus ordusu mühasirəyə düşdü, məhv edilir – Son dəqiqə

Ukrayna ordusu Pokrovsk istiqamətində rusları 3 istiqamətdə mühasirəyə salıb və geri çəkilmək yollarını bağlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya hərbi müxbirləri məlumat yayıb. Məlumata görə, Ukrayna dronları rus hərbi kolonlarını vurur, onları təminatdan məhrum edir. Bu müddət ərzində Ukrayna ordusu 330 kv.km-dən çox ərazini azad edib və Rusiya ordusunun mövqeləri logistik dəstəkdən kəsilib. Hərbi müxbirlər bildirir ki, göndərilən əlavə qüvvələr də məhv edilir.

Rusiyada əhaliyə pis xəbər: Çağırış il boyu davam edəcək!

Rusiya Dövlət Duması bütün təqvim ili ərzində hərbi xidmətə çağırışın həyata keçirilməsinə dair qanun layihəsini birinci oxunuşda qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Məlumata görə, sənəddə yanvarın 1-dən dekabrın 31-dək orduya çağırış təklif olunur: “Dəyişikliklərə əsasən, bu müddətə hərbi komissarlığa çağırışla yanaşı, tibbi müayinə, peşə psixoloji müayinəsi, çağırış komissiyalarının iclasları da daxildir”.

Azərbaycanda hərbi xidmətə çağırış yaşı dəyişdirilə bilər?

Rusiya Dövlət Dumasının deputatları plenar iclasda təqvim ili ərzində hərbi xidmətə çağırışa icazə verən qanun layihəsini birinci oxunuşda qəbul ediblər. Yeni qaydalara əsasən, çağırışçılar ildə iki dəfə – aprelin 1-dən iyulun 15-dək və oktyabrın 1-dən dekabrın 31-dək hərbi xidmətə göndəriləcəklər. Maraqlıdır, Azərbaycanda da çağırış sisteminin Rusiyadakı modelə uyğunlaşdırılması mümkündürmü? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiyada çağırış sistemi bir neçə dəfə dəyişdirilib:  “Onlarda da əvvəllər ildə iki dəfə çağırış həyata keçirilirdi. Sonra bu sayı dörd dəfəyə qaldırdılar. İndi isə yenidən əvvəlki modelə, ildə iki çağırış sisteminə qayıtmaq istəyirlər. Hesab edirəm ki, bu daha məqsədəuyğundur. Çünki ildə dörd dəfə çağırış komandirləri, gənc əsgərlərlə məşğul olan kontingenti işdən ayırır və çox vaxt sərf edirlər”. Ekspertin sözlərinə görə, Azərbaycanda da çağırış sistemində təkmilləşməyə ehtiyac var: “Əlbəttə ki, Azərbaycanda da ildə iki dəfə çağırış həyata keçirmək olar, biri ilin birinci, digəri isə ikinci yarısında. Lakin bu, mütləq Rusiyaya uyğunlaşdırılmalı deyil. Hesab edirəm, çağırış yaş həddi də yenidən nəzərdən keçirilməlidir. Məsələn, maksimal yaş 30 deyil, 28-ə endirilməlidir. Əvvəllər bizdə 27 yaş olub. Digər tərəfdən, çağırışın 18 yox, 20 yaşdan həyata keçirilməsi daha məqsədəuyğundur”. Üzeyir Cəfərov vurğulayıb ki, Azərbaycan ordusunun mövcud ehtiyacları nəzərə alınmaqla çağırış sistemində dəyişikliklər aparılması labüddür.

Həkim sirləri açdı: Bu ölümdə baş həkim günahkardır!

2023-cü ildə Saatlı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin 30 saatdan sonra Sabirabad Rayon Mərkəzi Xəstəxanasında ölməsi faktı ilə bağlı başlayan proses yekunlaşıb. Saatlı Məhkəməsinin 9 sentyabr 2025-ci il qərarı ilə həmin vaxt sözügedən xəstəxanada çalışan və doğuşu qəbul edən mama-ginekoloq Könül Xudatova Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib, əlavə cəza kimi bir il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mamaginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. K.Xudatova isə Axar.az-a açıqlamasında bütün ittihamları rədd edib və olduqca diqqətçəkici nüanslara toxunub. Onun sözlərinə görə, körpənin ölümünün tamamilə başqa səbəbi var: “İşlədiyim Saatlı rayon Mərkəzi Xəstəxanasında 2023-cü ilin iyul ayının 12-də sancıları və digər doğuş əlamətləri başlayan, hamiləliyin son mərhələsində qəbul şöbəsinə daxil olan hamilənin təbii yolla, yəni fizioloji doğuşunu qəbul etmişəm. Doğuşla normal körpə dünyaya gəlib. Ancaq qısa müddət sonra körpədə tənəffüs çatışmazlığı aşkarlandı. Xəstaxanada küvəz və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olduğu üçün dərhal uşaq həkimlərini, o cümlədən xəstəxananın direktor müavini və baş həkimi, ixtisasca neonatoloq (yenidoğulmuşlarda baş verə biləcək xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkim – red.) olan Araz Usubovu dəvət edərək, doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə körpəyə zəruri yardımın göstərilməsi və perinatal mərkəzə təxliyəsinin təmin olunması üçün onları məlumatlandırdım. Lakin baş həkim tibbi klinik protokolların tələblərini pozaraq yenidoğulmuşda müvafiq müayinələrin aparılması təmin etmədən, xüsusi aparata (SPAP-a) qoşmadan, küvəzə yerləşdirilmədən doğuş zalında masanın üzərində 6 saat (binozal oksigen altında) saxladıqdan sonra körpənin vəziyyətinin getdikcə ağırlaşmasını gördüyündən, onu təxliyə qaydalarına riayət etmədən “tibb bacısının qucağında” Sabirabad RMX Perinatal Mərkəzə təxliyə etdi. Sabirabad RMX Perinatal Mərkəzində də körpə dərhal küvəzə yerləşdirilməyib, ona yanlış ürək qüsuru diaqnozu qoyulub, yaşaması üçün vacib olan süni ventelyasiya aparatına qoşulmayıb. Hətta həm ibtidai, həm də məhkəmə istintaqı prosesində o da təsdiqləndi ki, Sabirabadın həkimləri yenidoğulmuşu Bakıya süni ventelyasiya aparatına qoşulması üçün təxliyə edilməsini xahiş etsələr də, səlahiyyətli orqan və şəxslər tərəfindən yerin olmadığı bildirilib, yenidoğulmuşun həyatının xilas edilməsinə təşəbbüs göstərilməyib. Nəticədə körpə doğuşdan 30 saat sonra, ertəsi gün, iyulun 13-də saat 17.00 radələrində Sabirabad RMX-də ölüb. Saatlı və Sabirabad xəstəxanalarının rəhbərliklərinin və həkimlərinin səhlankarlığı səbəbindən lazımi tibbi yardım göstərilməmiş körpənin ölməsində təqsirkar müəyyən edilməli olduğundan, onları məsuliyyətdən yayındıraraq bu ölümdə heç bir hüquqi əsas olmadan yalnız məni doğuşu qəbul etdiyim üçün təqsirli bilərək Saatlı rayon prokurorluğu tərəfindən mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə ittiham elan edilib və bir il yarım müddət çəkən məhkəmə prosesindən sonra ibtidai istintaqın topladığı sübutların şahid ifadələri və ekspert rəyləri ilə qərəzli və qeyri-obyektiv olması öz təsdiqini tapmasına rəğmən, bu ilin sentyabr ayının doqquzunda Saatlı Rayon Məhkəməsinin hökmü ilə mən həmin maddə ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişəm və əlavə cəza kimi bir il müddətə dövlət və özəl tibb müəssisələrinin ginekologiya və doğum şöbələrində rəhbər vəzifə tutmaq və mamaginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilmişəm. Bu, çox ədalətsiz qərardır və mən hökmən bu hökmdən apellyasiya şikayəti verəcəm”. K.Xudatova qeyd edib ki, mətbuatda ananın ölümü və ya xəsarət alması ilə bağlı yazılanlar da həqiqəti əks etdirmir: “Ana sağ-salamatdı, hətta cinayət işində olan saysız-hesabsız ekspertiza rəylərində də ananın hər hansı xəsarət almadığı, fizioloji doğuşun fəsadsız sonlandığı, körpənin də doğuş zamanı heç bir xəsarət almadığı və yaşamaq qabiliyyətli olduğu öz təsdiqini tapıb. Həm də maraqlısı oldur ki, Saatlı Rayon Məhkəməsinin hökmü həmin gün gecə saatlarında elektron məhkəmə sisteminə yerləşdirilsə də, həmin gün artıq gündüz saatlarında mətbuatda hökm barədə təhrif olunmuş yazılar vardı. Düşünürəm ki, bunun səbəbi birinci instansiya məhkəməsinin ədalətsiz hökmünün növbəti instansiyalarda qüvvədə qalmasına maraqlı olan şəxslər tərəfindən məqsədli şəkildə edilə bilər. Çünki hamı bilir ki, bu ədalətsizliyə etiraz edəcəm və apellyasiya şikayəti verəcəm. Maraqlı şəxslər deyəndə kimi nəzərdə tutduğumu yəqin ki, təxmin edirsiniz və onların rayonda imkanları haqda da təsəvvürünüz olmamış olmaz”. Mama-ginekoloqun sözlərinə görə, birinci instansiya məhkəməsində bir çox həqiqət üzə çıxıb: “Saatlı Rayon Məhkəməsinin qərarı əsasında 2024-cü ilin noyabr ayında keçirilmiş təkrar ekspertiza ilə ibtidai istintaqın mənə qarşı irəli sürdüyü ittihamda göstərilənlər tam təkzib edildi, yəni doğuşu düzgün idarə etdiyim üzə çıxdı və məlum oldu ki, neonatoloq həkimlər tərəfindən yenidoğulmuşa tənəffüs dəstəyi düzgün təmin edilsəydi, yenidoğulmuşun ölümünün qarşısının alınması şansı çox olardı. Dövlət ittihamçısına sərf etməyən bu rəy onun əsaslandırılmamış vəsatəti ilə məhkəmə tərəfindən qüsurlu hesab edildiyi üçün yenidən təkrar ekspertiza keçirildi. Onu da xüsusi vurğulayım ki, çoxsaylı müraciətim əsasında mənim və Saatlı, Sabirabad RMX-lərin digər aidiyyəti əməkdaşlarının iştirakı ilə 2025-ci ilin fevral ayının 14-də Səhiyyə Nazirliyinin “Hamiləlik, doğuş zamanı ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının təhlili üzrə” və “Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə” komissiyalarının, eləcə də TƏBİB-in eyni adlı komissiyalarının 12 nəfərlik yüksək ixtisaslı üzvlərindən ibarət birgə komissiyasında dinləmə keçirildi. Həmin komissiyanın rəyində mənim doğuşu düzgün qiymətləndirdiyim və idarə etdiyim, yenidoğulmuş uşağının doğuşunu klinik protokolların tələblərinə uyğun sonlandırdığım, heç bir qayda pozmadığım və doğuşdan sonra 30 saat yaşamış yenidoğulmuşun ölümündə təqsirimin olmadığı, uşağın neanotoloq həkimlərin klinik protokolların tələblərini pozması nəticəsində öldüyü göstərilib. Lakin nədənsə yenə də, ibtidai istintaq dövründə olduğu kimi, Ceyhun Allahverdiyevin rəhbərlik etdiyi “təknəfərlik” şöbədə tərtib edilmiş rəydə Səhiyyə Nazirliyinin komissiyasının rəyi nəzərə alınmayıb və mənim və müdafiəçimin iştirakı təmin edilməyib. Məhkəmənin qərarı ilə rəy qeyri-mötəbər hesab edilərək, yenidən təkrar komisyon ekspertiza təyin edildi. Gülməlisi də odur ki, ekspertizaların təkrar təyin edilməsinə baxmayaraq, hər dəfə məhkəmə yeni bir sual əlavə edərək, məni təqsirləndirmək üçün dövlət ittihamçısına yardım etməyin yollarını axtarırdı. Nəhayət sonuncu ekspertiza rəyində də iştirak edən ekspertlər tərəfindən doğuşun tərəfimdən düzgün idarə edilməsi, lakin yenidoğulmuşun tənəffüs dəstəyinin düzgün təmin edilməməsi, təxliyə qaydalarının pozulması təkrar müəyyən edildi. Onu da xüsusilə qeyd edim ki, məhkəmənin “bəyənmədiyi” birinci və sonuncu üst-üstə düşən rəylər kifayət qədər təcrübəli ekspertlər, ATU-nun professor və şöbə müdirləri tərəfindən tərtib olunmuşdur. Eyni zamanda vəsatətimiz əsasında Səhiyyə Nazirliyinin sözügedən rəyi həmin sonuncu ekspertiza rəyində nəzərə alınmışdır. Lakin hökm bu faktların tamamilə məqsədli şəkildə təhrif edilməsi ilə konstitusion hüquqlarımı ciddi şəkildə pozan məhkəmə aktıdır. Nə deyəcəyimi bilmirəm. İbtidai istintaqı aparan müstəntiqin yazdığı qeyri-obyektiv və ədalətsiz ittiham aktı bu hökmdən çox-çox səliqəli və inandırıcı səslənirdi. Bir sözlə istintaq dövründə kimləri isə qorumaq məqsədi ilə mənə qarşı ittiham verilməsi üçün yenidoğulmuşun inkişaf tarixinin saxtalaşdırılması belə məhkəmə istintaqında protokollarda öz əksini tapsa da, bəzi əvvəlki rəylərdə, şahid ifadələrində imzaların saxtalaşdırılmasına şübhələr olsa da, məhkəmə bu vəsatətləri təmin etmədi, bir sözlə əvvəlcədən qarşıya qoyulan “məqsədə” çatmaq üçün bütün obyektiv sübutlardan yan keçmişdir”. Könül Xudatovanın sözlərinə görə, məhkəmənin bu qərarı verməsi müstəntiqi və ekspertləri qorumaq məqsədi daşıyıb: “Məhkəmə bəraət hökmü çıxarsaydı, iş yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılmalı idi, bu zaman ibtidai istintaqa rəhbərliyi həyata keçirən prokuror və ekspertlər barəsində tədbir görülməli idi, təqsiri olan həkimləri təhlükə gözləyirdi. Sizcə, bu qədər insanı incitməkdənsə, 3 azyaşlı körpə anası, ailəni yeganə dolandıran, arxasız Könül Xudatovanı güdaza vermək “sərfəli” deyilmi? Lakin mən ümidimi itirməmişəm. İnanıram ki, ictimaiyətin dəstəyi ilə haqq-ədalət öz yerini tapacaq”.

Krıma yeni hücum: Daha 2 təyyarə vuruldu

Ukrayna ordusu Rusiyanın Krımda yerləşən hərbi bazasına növbəti dəfə PUA-larla hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Rusiyaya məxsus iki ədəd An-26 nəqliyyat təyyarəsi məhv edilib. Bundan başqa, iki ədəd radiolokasiya stansiyası da zərərsizləşdirilib. Qeyd edək ki, sentyabrın 23-nə keçən gecə Ukrayna işğal olunmuş Krımdakı Kaça aerodromunda iki təyyarəni vurmuşdu.

Ukrayna Rusiyanın Su-34-nü vurdu

Ukrayna ordusu Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarəsini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrindən məlumat verilib. Məlumata görə, təyyarə Zaporojye istiqamətində vurulub.

Rubio Azərbaycan-Ermənistan sülh prosesindən danışdı

ABŞ Dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycanı davamlı sülh yoluna çıxarmaqda ABŞ Prezidenti Donald Trampın nailiyyətinin əhəmiyyətini vurğulayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rubionun təşkil etdiyi Transatlantik şam yeməyi ilə bağlı bəyanatında qeyd edilib. Dövlət katibi sülhün qorunması və rifahın əldə edilməsi üçün transatlantik tərəfdaşlığın əhəmiyyətini, NATO-ya üzv dövlətlərin çəkindirməni gücləndirmək üçün müdafiə xərclərini artırmaqla bağlı tarixi öhdəliyini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb. Rubio həmçinin Çinin “bədxassəli təsiri”nə qarşı durmağın vacibliyini qeyd edib. Yaxın Şərqdə sabitliyə nail olmaq üçün birgə əməkdaşlıq, o cümlədən İranın heç vaxt nüvə silahı inkişaf etdirməməsi və ya əldə etməməsini təmin etmək, Ermənistan və Azərbaycanı davamlı sülh yoluna çıxarmaqda ABŞ Prezidentinin nailiyyətini vurğulayıb. Dövlət katibi Marko Rubio AB və NATO-ya üzv ölkələrin xarici işlər nazirləri, NATO-nun Baş katibi Mark Rutte, AB-nin ali nümayəndəsi Kaya Kallas və Azərbaycan, Ermənistan, İsveçrə və Ukraynanın xarici işlər nazirləri ilə 2025-ci il Transatlantik şam yeməyinə ev sahibliyi edib.