Çin öz şirkətlərinə Rusiya ilə bağlı qadağa qoydu

Ukraynada müharibə başlayandan bəri Çinin Rusiyaya investisiyası ildə 1,2 milyard dollardan 400 milyon dollara düşüb. Sozcu.az xəbər verir ki, bu barədə “Bell” məlumat yayıb. “Sərhədsiz tərəfdaşlıq haqqında bəyanatlara baxmayaraq, Pekin Rusiya iqtisadiyyatına investisiya qoymağa tələsmir. Çin öz şirkətlərinə Rusiyanın neft-qaz sektoruna sərmayə qoymağı, avtomobil zavodları tikməyi qadağan edib və “Sibirin Gücü 2” layihəsindən imtina edib. Çindən Rusiyaya son böyük investisiya layihəsi 2021-ci ildə “Sinopec” üçün olub, 360 milyon dollar”, - məlumatda bildirilib. Nəşr ekspertlərə istinadla yazıb ki, Rusiya bazarı hətta çinlilər üçün çox riskli və qeyri-şəffafdır.

MİT rəhbəri Suriyada: Şara ilə görüşdü

Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) baş0çısı İbrahim Kalın Suriya Prezidenti Əhməd əş-Şara, xarici işlər naziri Əsəd əş-Şeybani və Təhlükəsizlik Təşkilatının başçısı Hüseyn əs-Səlami ilə Suriyada görüşüb. Sozcu.az xəbər verir ki, "TRT Haber" məlumat yayıb. Bildirilib ki, görüşdə ölkələr arasındakı ikitərəfli münasibətlərin, Suriyanın ərazi bütövlüyü, suverenliyi və siyasi sabitliyinin əhəmiyyəti vurğulanaraq Türkiyənin, hər zaman Suriyanın yanında olacağından bəhs olunub. Görüş zamanı həmçinin sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, İsrailin Suriyaya hava hücumları müzakirə edilib.

İlon Mask "itib" - Politico

Amerikalı milyarder İlon Mask informasiya məkanından itib və onun adından dərc olunan paylaşımlar getdikcə azalır. Sozcu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. "Əvvəllər Truth Social hesabında Maskın adını tez-tez çəkən ABŞ prezidenti Donald Tramp bir aydan artıqdır ki, onun haqqında heç nə yazmır. Mask bir vaxtlar Ağ Evdəki brifinqlərdə əsas yer tuturdu, lakin indi onun adı nadir hallarda çəkilir. Hətta Konqres üzvləri onu faktiki olaraq xəbər bülletenlərindən kənarlaşdırıblar", - nəşr qeyd edir.

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

NATO Norveçin şimalında Avropanın üçüncü Birgə Hava Əməliyyatları Mərkəzini yaradır. Sozcu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Məlumata görə, analoji mərkəzlər artıq Almaniya və İspaniyada fəaliyyət göstərir: “NATO ölkələri fevral ayında Norveçdə də belə bir mərkəzin yaradılması haqqında razılığa gəlib və Osloya onun dəqiq yerini seçmək hüququ verib. Norveç hakimiyyətinin qərarına əsasən, mərkəz Bodo şəhərində yerləşəcək”.

ABŞ-dan şok: Rejim çökəcək, ölkə parçalanacaq!

Suriyanın keçid hakimiyyəti bir neçə həftə ərzində çökə, ölkənin gələcək bölünməsi ilə nəticələnə bilər. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mark Rubio deyib.

Ötən gün bank kartlarından nə qədər pul oğurlanıb?

Mayın 19-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 14195, 6000, 3042, 1065, 1000, 700, 478, 426 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. "Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır", - məlumatda bildirlib.

İrəvan meriyasında axtarışlar başladı: saxlanılanlar var

İrəvan meriyasının iki əməkdaşı saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsindən məlumat verilib. Məlumata görə, saxlanılanlar rüşvət almaqda ittiham olunurlar. “Hələlik ibtidai istintaqın maraqları baxımından təfərrüatı açıqlamırıq”, - komitədən bildirilib. Ermənistan mətbuatının yazdığına görə, bu gün Antikorrupsiya Komitəsi İrəvan meriyasının İctimai asayişin mühafizəsi xidmətində axtarışlar aparıb.

Bu ölkə Kiyevə hər il 1 milyardlıq silah göndərəcək

Belçika Ukraynaya hər il 1 milyard avro dəyərində silah tədarük etməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, bunu Belçika müdafiə naziri Teo Franken deyib. “Belçika Ukraynaya 1 milyard avroluq hərbi yardım göndərəcək. Biz həmçinin ilk F-16-ları qrafikdən əvvəl təhvil vermək istəyirik”, - nazir bildirib.

Azərbaycanda “Son zəng” bu tarixdə keçiriləcək

Bu il ümumi təhsil müəssisələrində "Son zəng" iyunun 14-ü keçiriləcək. Sozcu.az xəbər verir ki, tədbir saat 10-da başlayıb, ən gec saat 12:00-da yekunlaşmalıdır. Tədbirdə bayağı musiqilər səsləndirilməməli, zorakılığı və zərərli vərdişləri təbliğ edən, siyasi, cinsi, dini və irqi ayrı-seçkili məzmunlu ifadələr işlədilməməlidir. Təlimata əsasən "Son zəng” tədbiri müəssisələrdə tədris prosesinə mane olmadan keçirilməlidir. Həmçinin tədbirdə iştirak edən şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olması təmin edilməlidir.

Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesi keçirilir

Bakı Məhkəmə Kompleksində müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, proses Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir. Qeyd edək ki, ötən prosesdə iş üzrə zərərçəkmiş şəxslər ifadə veriblər. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. O həmçinin həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

"Rusiya Ukraynada müharibəni uduzur: Putin üçün əsas problemlər" - "Foreign Policy"

"Bir siyasi lider üçün ən təhlükəli şey onun öz təşəbbüsü ilə başlanan və uduzulmuş müharibədir..." Vladimir Putin qələbə qazanan lider kimi görünməyə çalışsa da, reallıqda vəziyyət tam əksinədir. Rusiya bu müharibədə yavaş, amma qaçılmaz şəkildə məğlubiyyətə doğru gedir, hərçənd Kremlin diktatoru məğlubiyyətin görüntüsündən ustalıqla yayınmağı bacarır. Sozcu.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb. Putin 2000-ci ildə hakimiyyətə gəlib və zaman-zaman özünü "qətiyyətli qalib" kimi göstərib - Çeçenistan müharibəsi, 2008-ci il Gürcüstan müharibəsi, 2014-cü ildə Krımın ilhaqı, Donbasda aparılan müharibə, 2022-ci ildə Ukraynaya qarşı başladılan genişmiqyaslı işğal və Suriyadakı əməliyyatlar bunun nümunəsidir. "Putin beynəlxalq arenada uğursuzluqlara görə heç vaxt məsuliyyət daşımır. O, daim özünü qalib kimi göstərir", - nəşr qeyd edir. Ukrayna məsələsində də o, 9 may paradı kimi "qələbə səhnələri" təşkil edərək Rusiyanın guya izolyasiyada və məğlub olmadığını göstərməyə çalışır. Lakin Ukrayna nə Suriya, nə də Gürcüstandır. Hazırda Rusiya ordusu irəliləyə bilmir, itkilər isə durmadan artır. Putin üçün müharibədən çıxış yolu yalnız hər hansı formada "məğlubiyyəti" qəbul etməkdən keçir. Kreml rusiyalıları müharibənin əsl reallıqlarından gizlətməyə çalışsa da, bunu yalnız informasiya axınına nəzarət etdiyi müddətcə edə bilər. Lakin iqtisadi nəticələri gizlətmək çətindir. Və vətəndaşlara təklif edə biləcəyi "sonsuz putinizmdən" başqa heç nə qalmayıb. Rusiya iki ciddi hərbi dilemma ilə üz-üzədir. Birincisi, irəliləyə bilməməsidir. Rusiya texniki cəhətdən təşəbbüsü ələ alsa da, bu hərəkətlilik nəticə vermir. Məsələn, bir neçə aydır Rusiya Pokrovsk şəhərini almağa çalışsa da, buna nail ola bilməyib. Bu uğursuzluq ciddi itkilərlə müşayiət olunur: müharibənin əvvəlindən bəri 790 minə yaxın rusiyalı əsgəri ölüb və ya yaralanıb (üstəlik, 48 min nəfər itkin düşüb), yalnız bu ilin özündə bu rəqəm 100 mindən çox təşkil edib. Əgər eyni temp davam edərsə, 2025-ci ilin sonuna qədər Rusiya bir milyon itki həddini keçəcək, lakin 2022-ci illə müqayisədə heç bir strateji üstünlük qazana bilməyəcək. Üstəlik, Rusiyanın nəzarət etdiyi ərazilərin əksəriyyəti döyüş zonasına çevrilib və ölkəyə real fayda vermir. İkinci dilemma isə elə Ukraynanın özüdür. 2022-ci ildə həlledici zərbə vura bilməyən və ölkəni parçalaya bilməyən Putin zəif görünməmək və Ukraynanı təslim olmağa məcbur etmək üçün daha sonra mülki əhaliyə qarşı hücum taktikasına keçib. Amma bu yanaşma əks nəticə verib: işğalçıların hərəkətləri ukraynalıları daha çox müqavimət göstərməyə vadar edib. Ukrayna daha kiçik və kasıb olsa da, tükətmə müharibəsi üçün uyğun ölkə olmasa da, yüksək mənəvi ruh və innovativ yanaşma (xüsusilə pilotsuz uçuş aparatları sahəsində) sayəsində davam gətirə bilir. Bundan başqa, Putinin "məğlub olmamaq" mübtəlası Rusiya iqtisadiyyatını da çökdürür. Hərbi xərclərin yaratdığı süni artım artıq dayanıb, iqtisadi artım 5 faizdən sıfıra düşüb. Əmək bazarındakı gərginlik isə inflyasiyanı təxminən 10 faizə çatdırıb. Trampın ticarət savaşları və Çindəki iqtisadi durğunluq nəticəsində enerji daşıyıcılarının qiymətinin düşməsi Rusiya büdcəsini tükəndirə bilər, çünki bu büdcə neft və qaz ixracından asılıdır. "Rusiyalılar hələ ac deyil, amma artıq sual verirlər: bu müharibə qiymət artımına, kasıb gələcəyə və iqtisadi bataqlığa dəyərmi? Bir siyasi lider üçün ən təhlükəli şey onun öz təşəbbüsü ilə başlanan və uduzulmuş müharibədir", - məqalədə vurğulanır.moderator)

44-cü korpusun zabiti Qasımyan Ukraynada məhv edildi

Rusiya Silahlı Qüvvələrinin Motoatıcı Briqadasının 44-cü Ordu Korpusunun mayoru Vitali Qasımyan Ukraynada döyüşlərdə öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqı məlumat yayıb. Qasımyanın Georgiyevskdə yaşadığı, əslən isə Hadrutdan olduğu bildirilir.

Şair-jurnalist xanımın Prezidentə ürək dağlayan müraciəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına                        AÇIQ MƏKTUB Surəti  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov cənabına. Bakı Şəhər İcra Hakimiyyətinin  Başçısı Eldar Əzizov cənabına. Dövlət Neft Şirkətinin prezidenti cənab Rövşən Nəcəfə! Yüksək vəzifəli məmurlara... Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-publisist, jurnalist RƏHİMLİ XATİRƏ ƏZİZ  qızından (Xatirə Əziz) açıq məktub. Birbaşa mətləbə keçirəm. Şair-jurnalistəm, 25 ildir ki, mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm. Mənzilim yoxdur. Ailə üzvlərimlə birgə 39 dəfə kirayə "ev"lərə  köçmüşük. (əgər ev demək mümkünsə).  Çox böyük təəssüf hissilə deyirəm ki, jurnalistlər üçün tikilmiş 3 yaşayış binasının heç birində mənə mənzil verilmədi. Mənzil problemimlə bağlı Azərbaycan Prezidentinə, dövlətin aidiyyatı qurumlarının rəhbərlərinə, məmurlara və yüksək vəzifəli şəxslərə açıq məktub şəklində yazılı müraciət etmək qərarına gəldim.  Alman filosofu, filoloqu, mədəniyyətşünası, şairi, bəstəkarı Fridrix Nitsşe belə söz deyib: "Yaşamaq üçün səbəbiniz varsa, hər şeyin öhdəsindən gələ bilərsiniz". Bəli, tamamilə düzgün və çox düşündürücü sözlərdir. Elə mənim də yaşamaq üçün çox səbəbim var. Çünki mən YARADICI insanam, ədəbiyyat adamıyam, şair-jurnalistəm, yazıb yaratmalıyam.  Cənab məmurlar, məni mənzillə təmin edin ki, kirayə daxmalarda min bir əzab-əziyyət içində yaşamaqdan canım qurtula bilsin...  Mənzilim olmadığı üçün uzun illər ailə üzvlərimlə birlikdə məcburiyyət qarşısında qalaraq 39 dəfə kirayə "mənzil"lərə köçüb çox çətin şəraitdə yaşamışıq. Kirayələrdə - başqalarının "mənzil"ində illər boyu zülüm içində, min bir əzablarla yaşamaq sözün əsl mənasında çox çətindir və çox ağrılıdır. Azərbaycanda mənim kimi elə ziyalılar var ki, kirayə qaldıqları, divarından kifli qara su axan soyuq daxmaların küncündə, qaranlıq zirzəmilərdə çürüyərək ürəkləri qubar olub çərləyirlər. Paytaxt Bakıda minlərlə hündürmərtəbəli yaşayış binaları tikilib. Həmin çoxmənzilli  binaların hər birində yüzlərlə boş mənzillər var. O da məlumdur ki, həmin yaşayış binalarındakı yeni mənzillərin bir neçə faizi dövlətin tabeliyində olur.  Nə üçün o mənzillərdən digər ədəbiyyat adamlarına, sənət adamlarına və jurnalistlərə verildiyi kimi mənə verilmir? Mən niyə mənzillə təmin olunmuram?  Axı səhhətimdə çox ciddi problemlər var. Çünki neçə illər cəbhə bölgələrində ana Vətənin keşiyində dayanan qorxmaz, Vətənsevər əsgərlərin qarşısında şair-jurnalist kimi çıxış etmişəm.  Ədəbiyyat adamı kimi və  şair-jurnalist olaraq göstərdiyim fəaliyyətimlə Vətəni düşməndən qoruyan əsgərlərin ürəyində neçə illər Vətənpərvərlik ruhunu aşılamışam.  Uzun illərdir qələmimi süngüyə çevirib Qarabağ torpağına-cəbhə bölgələrinə dəfələrlə çoxlu sayda səfər etmişəm.  Cəbhənin ən qaynar nöqtələrində ayrı-ayrı N saylı hərbi hissələrdə, taborlarda, bölüklərdə gün ərzində-hətta elə olub ki, 7- 8 dəfə tədbir keçirmişəm, Vətənpərvərlik mövzusunda çoxlu sayda görüşlər təşkil etmişəm. Bu görüşlər Vətənin keşiyində duran əsgərlərimiz tərəfindən çox yüksək səviyyədə qarşılanıb.  Cəbhə bölgələrinin hər bir kəndində Vətəni düşməndən qoruyan igid oğullarımızın, əsgərlərimizin önündə şair-jurnalist kmi saysız-hesabsız görüşlərdə çıxışlarım olub. Ağdamda, Tərtərdə, Füzulidə, Beyləqanda, Naftalanda, Qazaxda, Goranboyda, Tovuzda, Ağstafada, Şəmkirdə, Yuxarı Ağcakənddə, Aşağı Ağcakənddə, Gəncədə, Daşkəsəndə,  Toğanalıda, Bakı və Bakı ətrafında, eləcə də ən yüksək zirvədə yerləşən Murovdağda, həmçinin digər rayon və kəndlərdə yurdum Azərbaycanın Vətənpərvər, igid əsgərlərinin qarşısında şair-jurnalist olaraq yaddaqalan görüşlər keçirmişəm, tədbirlərdə yüksək səviyyədə iştirakım olub. Əsgərlərdə Vətənpərvərlik  ruhunu aşılayıb, onlara ana Vətəni sevdirməyi bacarmışam. Böyük qürur hissilə deyirəm ki, həm bir VƏTƏNDAŞ kimi, həm də şair-jurnalist olaraq göstərdiyim və nümunə olacaq bu fəaliyyətimlə fəxr edirəm. Fəxarətlə söyləyirəm ki, şair-jurnalist kimi əsgərlərin qarşısında çıxış etdiyim günlər ömrümün ən xoşbəxt, ən bəxtəvər günləridir.  Onu da qeyd edim ki, yuksəklikdə yerləşən Yuxarı Ağcakəndin, Aşağı Ağcakəndin, Toğanalının, Murovdağın, Əzgillinin, eləcə də digər rayon və kəndlərin sərt qışında, soyuğunda, şaxtasında ciyərlərim sətəlcəm olub, bronxlarımda allergiya, nəfəsimdə isə çatışmazlıq, nəfəsdarlığı yaranıb.  Vətənimə canım fəda. Təki VƏTƏN yaşasın! Ürək ağrısı ilə deyirəm ki, neçə illərdir nəfəsdarlığına, nəfəsçatışmazlığına görə normal şəkildə nəfəs ala bilmirəm. Yəni səhhətimdə yaranmış problemdən sözün əsl mənasında əzab-əziyyətə, ağrılara düçar olmuşam. Ayrı-ayrı dərman preparatlarından, eləcə də Almaniya istehsalı olan bir neçə adda aerozoldan istifadə etməklə nəfəs alıram. O da məlumdur ki, bu müalicələr böyük maliyyə hesabına başa gəlir.  Səhhətimdəki bu problemlər ucbatından neçə ildir ki, bronxial-astmadan əziyyət çəkirəm. Hal-hazırda divarları su içində olan, kifə bürünən, kommunal şəraiti olmayan, döşəməsi asfalt-daş örtüklə döşənmiş, divarlarından qapqara kifli su axan "ev"də (əgər ev demək mümkünsə) çox böyük çətinliklə baş-başa qalıb zülüm içində yaşayıram...   MƏN, şair-jurnalist kimi VƏTƏNimə xidmət edirəm.  Amma təəssüflər olsun ki, Bakı şəhərində yeni tikilmiş yüzlərlə yaşayış binaları olsa da, dövlətin aidiyyatı qurumlarının rəhbərləri məni mənzillə təmin etmirlər.  Çox sevdiyim Vətənimə yetərincə xidmətim var. Təəssüf hissilə bir daha vurğulayıram ki, bu problemlə bağlı dövlətin aidiyyatı qurumlarına dəfələrlə yazılı müraciət etsəm də, yüksək vəzifəli şəxslər, məmurlar ailə üzvlərimlə birlikdə yaşamaq üçün mənə mənzil vermirlər.  Vətəninə yüksək səviyyədə xidməti olan ziyalı bir xanıma qarşı, ədəbiyyat adamına qarşı nə üçün belə münasibət göstərilir? Cənablar, bir daha sizlərdən artıq dərəcədə xahiş edirəm ki, məni mənzillə təmin edin, ömrümü-günümü öz ana VƏTƏNimdə kirayədə zülüm içində yox, normal şəkildə yaşaya bilim. Bir daha qeyd edirəm ki, səhhətimdəki problemin ağırlığına, ciddiliyinə görə demək olar ki, hər ay müalicə qəbul edirəm. Səhhətimlə bağlı qarşılaşdığım problemlər şair-jurnalist kimi yaradıcılığıma çox mane olur. Ən əsası isə mənzilim olmadığı üçün YARADICI insan kimi, şair kimi, jurnalist kimi, ədəbiyyat adamı kimi yaradıcılığımla çox ciddi məşğul ola bilmirəm. İnsan məgər ömrü boyu kirayə mənzillərdə yaşayarmı? Ailə üzvlərimlə birlikdə köçüb yaşadığımız 39 kirayə "mənzil"də həqiqətən də çox böyük əzab-əziyyət çəkmişik. MƏN, saysız-hesabsız təbii sərvətlərə malik, milyonlar səltənəti olan Azərbaycanın VƏTƏNDAŞıyam axı.  Mənim çox zəngin ölkəm olduğu halda nəyə görə MƏN, kirayə "mənzil"lərdə dözülməz vəziyyətdə, məşəqqət içində yaşamalıyam?  Azərbaycanın ziyalı xanımı kimi düşünürəm ki, ölkə başçısının tapşırığı ilə çox yaxın günlərdə mənzil problemim öz həlli yolunu tapacaq! Bu ay, yəni MAYın 25-də ulu Şirvan yurdunda-Ağsuda dünyaya göz açdığım gündür. Ömrümün belə bir əlamətdar günündə Azərbaycan Prezidenti cənab İlham Əliyev məni mənzillə təmin etsə, bu, şair-jurnalist kimi, ədəbiyyat ADAMı kimi mənə dövlətim tərəfindən sözün həqiqi mənasında çox qiymətli hədiyyə olar!   Düşünürəm ki, ölkə başçısı şair-jurnalist kimi Vətənimə göstərdiyim yüksək əməyimi qiymətləndirər və məni də digər ədəbiyyat  adamları kimi, jurnalistlər kimi evlə təmin edər. İyulun 22-də Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək. Ümid edirəm ki, jurnalist kimi 25 illik fəaliyyətimə dövlət tərəfindən dəyər verilər, mən də mənzillə təmin olunaram... Əminəm ki, mənzil problemimlə bağlı rəsmi qaydada etdiyim müraciətlərim öz ünvanına çatsa, eləcə də bu məsələ ilə əlaqədar olaraq mənimlə bağlı ölkə prezidentinə təqdimat göndərilsə, cənab Prezident İlham Əliyev mənə də mənzil hədiyyə edər. P. S. İnanıram ki, doğma ana Vətənimdə mənim də mənzilim olacaq!!! XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Tikinti şirkətləri fəhlələrin həyatı üçün bu məsuliyyətləri daşıyır - Vəkil

Ara-sıra sosial şəbəkələrdə hansısa tikinti şirkətində çalışan fəhlələrin çoxmərtəbəli binalardan yıxılması, cərəyan vurması, üzərlərinə ağır materialların düşməsi barəsində xəbərlər yayılır. Müşahidələr göstərir ki, təmir-tikinti sahəsində çalışan bir çox fəhlələr iş zamanı qoruyucu tədbirlər haqqında məlumatsızdırlar. Şirkət sahibləri də onların təhlükəsizliyi üçün əlavə addımlar atmır. Vəkil Hikmət Əliyev Modern.az-a bildirib ki, tikinti sektoru əmək fəaliyyəti baxımından ən yüksək risk daşıyan sahələrdən biri hesab olunur. Bu səbəbdən Azərbaycan Respublikasının Əmək Məcəlləsində işəgötürənlərə qarşı ciddi tələblər irəli sürülür. Vəkilin sözlərinə görə hər bir fəhlə ilə əmək müqaviləsi bağlanmalı, təhlükəsizlik təlimatları keçirilməli və fərdi mühafizə vasitələri ilə təmin olunmalıdır. İşəgötürən əmək şəraitinin təhlükəsizliyinə tam cavabdehdir. “Əgər əmək mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan sağlamlığa ağır və ya az ağır zərər dəyibsə, bu artıq Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Əgər hadisə nəticəsində ölüm baş veribsə, məsul şəxsin 162.2-ci maddəyə uyğun olaraq beş ilədək, iki və daha çox şəxsin ölümü halında isə 162.3-cü maddəyə əsasən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur”, -deyə o qeyd edib. Eyni zamanda bu hallarla bağlı qanunvericilik həm də mülki məsuliyyəti nəzərdə tutur. Mərhumun ailə üzvləri maddi və mənəvi ziyana görə işəgötürənə qarşı məhkəmə qaydasında iddia qaldıra bilərlər.

Mayın 23-də pensiyalar tam ödəniləcək

Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının 23-də respublika üzrə bütün pensiya və təqaüdlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə Sozcu.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, mayın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilib.

O, 7650 manat maaş alır, bəs, digər icra başçıları? - SİYAHI

Əhalinin müxtəlif kateqoriyalarının maaş, müavinət və pensiyalarında artımlar və ya onlara əlavələr barədə geniş və açıq məlumat daim yayılsa da, dövlət idarəetməsinin müxtəlif qollaraında təmsil olunan vəzifəli şəxslərin məvacibi haqqında çox az bilgi var. Sozcu.az xəbər verir ki, Yenisabah.az şəhər və rayonlar üzrə icra başçılarının aylıq maaşlarını araşdırıb. Başçı maaşlarında artımla bağlı son qərar 2022-ci ildə verilib. Prezident Əliyevin 1 mart 2022-cü il tarixli 1609 nömrəli Fərmanına görə, rayon və şəhər icra başçıları vəzifə maaşının 1.5 misli məbləğində əlavə alır. Məsələn, Bakı şəhər İcra Hakimiyyəti (BHİŞ) başçısının maaşı 3060 manatdır. 1609 nömrəli Fərmana əsasən, Eldar Əzizov vəzifə maaşının 1.5 misli həcmində əlavə alır. Yəni BHİŞ başının maaşı 7650 manatdır. Ümumiyyətlə, icra başçılarının maaşları onların rəhbəlik etdikləri şəhər və rayonlarda yaşayan əhalinin sayına əsasən hesablanır. Bu qaydaya əsasən, inzibati-ərazi vahidləri üzrə maaşlar aşağıdakı kimidir: Bakı şəhər icra başçısı – 7650 manat; Gəncə, Sumqayıt şəhərlərinin icra başçıları – 5625 manat. Əhalisi 100 mindən çox olan rayonlar – 4587,5 manat (Abşeron, Masallı, Şəmkir və s.) Əhalisi 50-100 min arası olan rayonlar – 4225 manat (Ucar, Lerik, Beyləqan və s.) Əhalisi 50 minə kimi olan rayonlar – 3837,5 manat (Xızı, Sədərək, Daşkəsən və s.)

“Range Rover” qazini vurdu, vəziyyəti ağırdır

Sumqayıtda “Range Rover” markalı avtomobil 32 yaşlı Rəşad Poladovu vurub. Vətən müharibəsi qazisi olan Rəşad ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılan kişinin dalağı və kəllə sümüyünün bir hissəsi götürülüb. TƏBİB-dən soğrumuza cavab olaraq bildirilib ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 17.05.2025-ci il tarixində saat 14:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub: “Ona dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilib. Şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 03:40 radələrində sözügedən şəxs özəl tibb müəssisəsinə təxliyə olunub”.Qafqazinfo)

Əvəz Zeynallının səhhəti pisləşdi, xəstəxanaya yerləşdiril - Xanımı danışdı

Üç gündür Əvəz Zeynallının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Soyuq olub, virusa yoluxub. Türkiyədə həkimlər deyiblər ki, 14 gün xəstəxanada müalicə almalıdır. Sozcu.az xəbər verir ki, bunu Teleqraf-a xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib. "Analizlərin nəticəsi açıqlandıqdan sonra isə xərçəng xəstəliyinin müalicəsinə başlanacaq", - deyə M.Zeynallı açıqlayıb. Qeyd edək ki, Əvəz Zeynallı bağırsaq xərçəngindən əziyyət çəkir. O, həbsdən azad olunduqdan sonra müalicə məqsədilə Türkiyəyə yollanıb.

HƏMAS təkzib etdi: Girovları azad etmirik

HƏMAS İsraillə barışıq və həbsxanada məhbus olan bir qrup fələstinlinin azad edilməsi müqabilində Qəzzada saxlanılan 7-9 girovu azad etməyə razılıq verdiyi barədə xəbərləri təkzib edib. Sozcu.az xəbər verir ki, bu barədə HƏMAS nümayəndəsi Sami Əbu Zuhri deyib. “Hərəkatın iki aylıq atəşkəs müqabilində bir neçə girovu azad etməyə razılaşdığı barədə xəbərlər həqiqətə uyğun deyil. İsrail hakimiyyəti bu cür yalan məlumatlar yaymaqla insanları çaşdırmağa çalışır”, - o bildirib. Qeyd edək ki, HƏMAS-ın anklavda iki aylıq atəşkəs və İsrailin həbsdə olan 300 fələstinlini azad etməsi müqabilində Qəzzada saxlanılan 9 girovu azad edəcəyi barədə məlumat yayılmışdı.

Ukrayna ordusu Rusiyanın Qara dənizdəki obyektlərini vurdu

Rusiyanın Qara dənizdəki radiolokasiya sistemi və qaz hasilatı platformalarındakı anbarları məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyat zamanı suüstü və hava dronlarından istifadə olunub.

Bu gecə Bakıya leysan yağacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

MN-dən xəbərdarlıq - Partlayış səsləri eşidiləcək

Pirəkəşküldə 19-23 may tarixlərində müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək: "Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Mirasın əldə edilməsi qaydası dəyişir

Mirasın əldə edilməsi qaydası dəyişir. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb. Qüvvədə olan Mülki Məcəlləyə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Layihəyə əsasən, vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edəcəklər. Qüvvədə olan qanuna əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Layihəyə əsasən, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol veriləcək. Qeyd edək ki, Mülki Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Türkiyənin bu ölkədəki səfiri öldü

Türkiyənin Maltadakı səfiri Erdeniz Şən vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Maltanın xarici işlər və turizm naziri İan Borq (Ian Borg) X hesabında yazıb. Nazir bu hadisədən dərin kədər hissi keçirdiyini vurğulayıb: "Onun diplomatik fəaliyyəti və ölkəsinə xidməti hörmətlə xatırlanacaq". XİN başçısı səfirin ailəsinə, həmkarlarına, Maltadakı Türkiyə səfirliyinə və Türkiyə xalqına başsağlığı verib.