Milena dünyaya gəlməmişdən əvvəl atası onları tərk etmişdi.
Anası hamilə olduğunu ümid və sevinc dolu gözlərlə xəbər verəndə, kişi üzünü yana çevirib sərt və soyuq səslə dedi:
— Mən ata olmağa hazır deyiləm.
O gündən sonra hər şey başqa bir rəng aldı — ümidlərlə dolu xəyallar qırıldı, hamilə qadının ürəyində kədər, bətnində isə körpə böyüməyə başladı.
Milena beş yaşına qədər anası ilə birgə yaşadı.
Anasının gözlərində bəzən qəribə bir soyuqluq dolaşır, bəzən isə alovlu bir qəzəb parıldayırdı. Milena tez-tez hiss edirdi ki, sanki anası onun üzündə keçmiş ağrıların kölgəsini görür.
Bir gün anası qəzəblə qışqırdı:
— Sən doğulmasaydın, biz xoşbəxt olardıq!
Beş yaşına çatanda anası yeni bir həyat qurmaq üçün Milenanı nənəsinin yanına qoydu.
Hər dəfə qapı açılarkən Milena ümidlə qapıya tərəf qaçır, “Bəlkə atam gəldi?” deyib - özlüyündə düşünürdü.
İllər keçdi. Milena nənəsinin himayəsində böyüdü. Nənəsi onun saçlarını darayır, məktəbə hazırlayır və nağıllar danışırdı. Milena üçün nənə həm ana, həm də ata əvəzi olmuşdu. Evin hər küncündə onun istiliyi, əllərinin qoxusu vardı. Amma zaman dayanmadı. Nənənin ayaqları daha ağır, baxışları daha yorğun oldu. Günlərin birində qadın yatağa düşdü. Evdəki sükut Milenanın ürəyini sıxdı – o artıq gələcəyi hiss edirdi, amma buna bir ad qoya bilmirdi.
Bir səhər nənə nəfəs almadı. Evin divarlarını buz kəsdi. Milena kimsəsiz qaldı.
Sonra anası və dayısı gəldi, nənənin evi və əşyaları satıldı, pul isə bölüşdürüldü. Kiçik qız isə izah edilmədən, qucaqlanmadan və heç bir təsəlli sözləri eşitmədən uşaq evinə aparıldı.
Valideynlərinin artıq yeni həyatları vardı. Atası evlənmiş, öz ailəsini qurmuş və uşaqları olmuşdu. Anası isə ərə gedib başqa bir ailədə yeni övladlar böyüdürdü.
Milena bəzən onların evlərinə aparılır, yeni bacı-qardaşları ilə tanış edilirdi. Amma hər dəfə ağlında bu sual dolaşırdı:
— Mən bu ailənin bir üzvü deyiləm?
Valideynləri ona qonaq kimi yanaşır, sevgi göstərmirdilər. Bacı-qardaşları çox olsa da, heç biri Milenanın yanında deyildi. O isə tək qalırdı.
Hər gecə pəncərədən ulduzlara baxaraq pıçıltı ilə soruşurdu:
— Atam, anam, bacılarım, qardaşlarım olduğu halda niyə həmişə tək yaşamalıyam?..
Zaman keçdi. Milena böyüdü, məktəbi bitirdi, sənət sahibi oldu. Amma qəlbindəki tənhalıq sönmədi. İnsanlardan sevgi görmək istəyirdi, amma sanki heç kim onu görmürdü.
Bəzən düşünürdü: “Əgər öz valideynlərim məni sevmirsə, yad insanlar necə sevəcək?”
Hər dəfə parka gəlir, həmişə eyni oturacaqda oturub ətrafını seyr edirdi. Bir gün yenə parkda idi. Birdən gözü qarşı tərəfdəki meydançaya sataşdı. Meydançada ata uşaqları ilə badminton oynayırdı. Uşaqlar təxminən onunla həmyaşıd idilər – iki oğlan, bir qız. Ana isə kənarda oturub, gülümsəyərək onları izləyirdi.
Milena nəfəsini tutdu. Qarşısında sanki xoşbəxtlik tablosu vardı. Milena istəyirdi ki, onun da belə ailəsi olsun. Xəyalında özünü həmin uşaqların bacısı kimi təsəvvür etdi. “Əgər seçim mənim əlimdə olsaydı, bu yad adamı özümə ata seçərdim.”
Gözlərindən yaş axdığını hiss etmədi. Sanki bir filmə baxırdı. Elə həmin an bir səsi eşitdi:
— Ay qız, səninləyəm! Bura gələ bilərsənmi?
Milena diksindi. Onu çağıran uşaqların atası idi.
Həyəcanla dedi:
— Mə...n?
Kişi gülümsəyərək başını tərpətdi:
— Bəli, sən. Adın nədir?
Milena tərəddüdlə ayağa qalxdı və asta-asta ona yaxınlaşdı.
— Milena…
Kişi əlindəki badminton raketini ona uzadaraq dedi:
— Mən yoruldum. Məni əvəz edə bilərsən?
Təklif o qədər gözlənilməz oldu ki, Milena bir anlıq donub qaldı. Sonra utana-utana raketi aldı.
— Uşaqlar, məni Milena əvəz edəcək! – kişi dedi və həyat yoldaşının yanına getdi.
Milena ilk dəfəydi ki, uşaqlarla oynayırdı. O çox sevinirdi və bir anlıq bütün kədərini unutdu.
Bir az sonra uşaqların anası onları səslədi. Qadının və kişinin yanında gənc bir oğlan dayanmışdı. Oğlanın əlində selofan torba var idi. Uşaqlar qaçaraq qadının yanına getdilər. Qadın oğlanın gətirdiyi torbadan şirin kökələr çıxarıb uşaqlara verdi. Milena bir az aralıda dayanmışdı, özünü yad hiss edirdi.
Qadın gülümsəyərək dedi:
— Qızım, sən niyə uzaqda dayanmusan? Yaxın gəl!
Milena tərəddüdlə qadına yaxınlaşdı. O Milenaya bir kökə uzadıb dedi:
— Al, bu da, sənin.
Milena heyrətlə kökəni aldı. Ürəyində qəribə bir istilik hiss edirdi. Nənəsindən sonra heç kim ona indiyə qədər belə qayğı göstərməmişdi.
Milena həmin gündən sonra hər həftəsonunu həsrətlə gözləyirdi. O həmin parka gedir, uşaqlarla birlikdə badminton oynayırdı.Milena artıq özünü bu ailənin bir üzvü kimi hiss edirdi.
Payız idi. Yarpaqlar sanki parkın üstünü qızılı xalça kimi örtmüşdü. Onlar yenə görüşdülər, oynadılar, sonra yaxınlıqdakı yeməkxanada dadlı yeməklər yedilər, ayrıldılar. Milenanı ürəyində tanış ağrı bürüdü: havalar soyuyurdu, yəqin ki, görüşlər də azalacaq.
Birdən göy guruldadı, şimşək çaxdı. Güclü yağış başladı. Milena çətir gətirməmişdi. Əynindəki nazik paltar bədəninə yapışdı, saçlarından su damcılayırdı. Soyuqdan dişləri bir-birinə dəyirdi.
Yaşadığı yer çox uzaqdı, amma tələsmirdi. Dolmuş gözləri ilə uzaqlaşan ailəyə baxırdı. Onlar bir çətirin altına sığınıb gülə-gülə addımlayırdılar. Milenanı qəribə bir qısqanclıq və həsrət bürüdü.
Elə bu an kiminsə həzin səsi eşidildi:
— Xəstələnərsən...
Nəsə isti bir şey çiyninə salındı. Gödəkcə idi. Milena diksinib başını geri çevirdi. Bu uşaqlara şirin kökə gətirən həmin ailənin böyük oğlu – Kamil idi.
Kamil gülümsəyərək dedi:
— Gəl, mənimlə gedək.
Milena susaraq gödəkcəyə sarıldı. Kamil əlini ona uzatdı. Milena tərəddüdlə onun əlindən tutdu. Onlar əl-ələ yağışın altında addımlayaraq ailənin arxasınca getdilər. Milena elə həyəcanlanmışdı ki, az qala ürəyi sinəsindən çıxıb uçacaqdı. O ilk dəfə idi ki, özünü tək hiss etmirdi.
Əbil Həsən