Ukrayna və Rusiya prezidentlərinin görüşü üzərində işləyirik - Umerov

Yaxın gələcəkdə Rusiya ilə Ukrayna arasında “1000-ə 1000” düsturuna əsasən əsir  mübadiləsi aparıla bilər. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov İstanbulda danışıqlardan sonra bildirib. “Tarixi bilirik, amma hələ deməyəcəyik”. Umerovun sözlərinə görə, danışıqlarda atəşkəsin “bütün üsulları” müzakirə olunub. Ukrayna nümayəndə heyətinin rəhbəri daha sonra ətraflı məlumat verəcəyini vəd edib. O əlavə edib ki, danışıqlar zamanı Ukrayna və Rusiya prezidentləri arasında mümkün görüş müzakirə olunub. "Biz bu məsələ üzərində işləyirik", - RBC-Ukrayna onun sözlərindən sitat gətirir.

Faktiki hava şəraiti açıqlandı: May ayında Azərbaycana qar yağır

Saat 18:00-a olan məlumata əsasən ölkə əraizisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən Xaltan, Quba, Qusar, Altıağac, Beyləqan, Xaçmaz, Xınalıq, Daşkəsən, Göygöl, Qobustan, Qrız, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Şahdağda isə qar yağması müşahidə olunur. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 21 m/s-dək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Aran rayonlarında 23, Naxçıvan MR-da 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınır.

Zelenski və Avropa liderləri Trampla danışdı

Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra Ukrayna Prezidenti Vladimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz, Böyük Britaniyanın Baş naziri Keyr Starmer və Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampla telefonla danışıblar. Sozcu.az xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov məlumat verib. Onun sözlərinə görə, Ukrayna və Rusiya Federasiyası nümayəndə heyətləri arasında İstanbulda aparılan müzakirələr bu telefon danışığının əsas mövzusu olub.

Füzuliyə dolu yağdı

Füzuli ərazisində yağışlı hava şəraiti daha sonra rayonun bir neçə yerində dolu yağıntısı ilə əvəzlənib. Sozcu.az xəbər verir ki, bu gün hava şəraiti Füzuli ərazisində də yağıntı ilə müşahidə edilib. Rayonun bir neçə yerinə isə dolu yağıb. Saat 15 radələrində başlayan yağış bir müddət sonra doluya çevrilib. Dolu dənələrinin diametri təxminən 1 santimetrə yaxın olub və bir neçə dəqiqə yağdıqdan sonra yenidən yağışla əvəzlənib. Dolu yağıntısı əsasan Füzuli şəhər mərkəzinə, Haramı düzünün Füzuli rayonu ərazisinə düşən hissəsinə, Kərimbəyli, Şükürbəyli və daha bir neçə kəndin ərazisinə düşüb.

Rusiya və Ukrayna prinsipial razılığa gəldi - Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna heyətləri arasında İstanbulda keçirilən görüşün nəticələrini açıqlayıb. Sozcu.az xəbər verir ki, o, bu barədə X hesabında yazıb. “Bu gün dünya sülhü üçün mühüm bir gün idi. Gərgin diplomatik səylər nəticəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda görüş keçirib. Görüşün nəticəsi olaraq etimadın möhkəmləndirilməsi məqsədilə hər ölkədən min nəfərin mübadiləsi barədə razılığa gəliblər. Onlar, həmçinin atəşkəs əldə etməyə imkan verəcək şərtləri yazılı şəkildə qarşı tərəflə bölüşməyə razılaşıblar. Tərəflər yenidən görüşmək barədə də prinsipial razılığa gəliblər. Türkiyə olaraq Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün hər cür səy göstərməyə davam edəcəyik”, - o bildirib.

Arif Hacılı Avropa İttifaqının diplomatları ilə görüşüb

 Müsavat Partiyası Məclisinin başqanı Arif Hacılı Avropa İttifaqının Azərbaycandakı səfirliyinin  Avropa Günü münasibətiylə təşkil etdiyi bayram tədbirində iştirak edib.  Sozcu.az xəbər verir ki,  Arif Hacılı səfir Petr Mixalko və Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə görüşlər keçirdib.

Putin özünü pis vəziyyətə saldı, sanksiyalar hazırdır - Merz

Prezident Zelenskinin onsuz da Türkiyəyə getməsi çox böyük güzəştdir. Putin gəlmədi - özünü pis vəziyyətə saldı. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz özünün X səhifəsində yazıb. “Yeni sanksiyalar paketi hazırdır. Onu çərşənbə axşamı Brüsseldə qəbul edəcəyik”, - Merz bildirib.

Rusiya şərt irəli sürdü: ABŞ və Türkiyə olmasın... – Təcili

Rusiya nümayəndə heyəti Rusiya və Ukrayna arasında birbaşa danışıqlarda ABŞ nümayəndələrinin iştirakına qarşı çıxıb. Sozcu.az xəbər verir ki, bu barədə “İnterfaks” mənbəyə istinadla məlumat yayıb. Bildirilib ki, Türkiyə nümayəndə heyəti də salamladıqdan sonra danışıqları tərk etməlidir.

“Şəhid qardaşımın oğlu soruşur ki, əti yalnız Cənnətdə yeyə biləcək?.. Cavab verməkdə çətinlik çəkirəm...”

“Qəzzadakı aclığın ən çətin tərəfi bunu kiçik uşaqlara izah etməkdir...” “Martın 31-də Ümumdünya Ərzaq Proqramı unun tükənməsi və sobaları işə salmaq üçün lazım olan qazın olmaması səbəbindən daxil ola bildiyimiz üçü də daxil olmaqla, bütün çörək zavodlarının bağlandığını elan etdi. Bu, əsl aclığın başlanğıcını göstərirdi. Tezliklə xeyriyyə mətbəxləri də qida ehtiyatı tükəndiyi üçün bağlanmağa başladı. Onlarla təkcə son bir həftə ərzində bağlandı. İnsanlar daha da çarəsizləşdilər, bir çoxları “Facebook” və ya Telegram-da yerli qruplara müraciət edərək hər kəsdən münasib qiymətə bir kisə un satmağı xahiş edirdilər”. Moderator.az xəbər verir ki, bu ağrılı sətirlər Qəzzadan olan xanım yazıçı Hala əl-Xətibin İsrailin amansız bombardman və hücumlarıyla paralel ərzaq blokadasında da qalan Qəzzada son aylar baş verən dəhşətli aclıqdan bəhs edən məqaləsindəndir. “Biz  xeyriyyə mətbəxinin hələ də fəaliyyət göstərdiyi “şanslı” məhəllədə yaşayırıq. Səkkiz yaşı olan bacım qızı Dana dostları ilə hər gün onun qarşısında növbəyə düzülür, oyun kimi öz növbəsini gözləyir. Bir çömçə yemək alsa, özü ilə qürur duyaraq qaçaraq geri qayıdır. Yeməklər bitmədən növbəsi çatmazsa, bu dünyanın ədalətsizliyindən şikayət edərək göz yaşları içində qayıdır. Bir gün Ramazan ayında ailəsi ilə birlikdə evimizin yaxınlığındakı əl-Müfti məktəbinə köçən bir oğlan yemək almağa o qədər çalışırdı ki, sədəqə mətbəxinin bişirdiyi isti yemək qabına düşdü. O, ağır yanıq xəsarətləri alıb və sonradan ölüb. Qıtlıq əlamətləri keçidlərin bağlanmasından təxminən ay yarım sonra hər yerdə özünü göstərməyə başladı. Onları həyatımızın hər sahəsində görürük – ac qarına yatmaq, daxildə sürətli arıqlama, solğun üzlər, zəif bədənlər. Pilləkənləri qalxmaq indi bizdən ikiqat zəhmət tələb edir. Xəstələnmək asanlaşıb, sağalmaq çətinləşib. Qardaşlarım, 18 aylıq Musab və iki yaşlı Məhəmməd Ramazan ayında yüksək hərarət və qripə bənzər simptomlar inkişaf etdirdilər. Ərzaq və dərman çatışmazlığı ucbatından onların sağalması bir ay çəkdi. Anam fevralın sonlarında göz əməliyyatı keçirdikdən sonra yaranan ağırlaşmalar səbəbindən ağır görmə itkisindən əziyyət çəkirdi. Qidalanmaması və sağalması üçün lazım olan göz damcılarının olmaması onun vəziyyətini xeyli pisləşdirib. Özüm də pis olmuşam. Sərhədin bağlanmasından bir neçə gün əvvəl Nuseyratdakı əl-Avda xəstəxanasına qan verdim və bu, fiziki sağlamlığıma ciddi təsir etdi. İndi bədənimdə həddindən artıq zəiflik, çəki itirmək və diqqəti cəmləməkdə çətinlik çəkirəm. Həkimə getdiyim zaman konservləşdirilmiş yeməkləri dayandırmağı, daha çox meyvə və ət yeməyi tövsiyə etdi. Bilirdi ki, dediklərini etmək mümkün deyil, amma başqa nə deyə bilərdi?.. Bu vəziyyətin bəlkə də ən çətin tərəfi aclığı kiçik uşaqlara izah etməkdir. Qardaşlarım və bacılarım, sadəcə təmin edə bilmədiyimiz yeməkləri istəməkdən əl çəkə bilmirlər. Biz onları yemək gizlətməklə cəzalandırmadığımıza, sadəcə olaraq bizdə olmadığına inandırmaq üçün mübarizə aparırıq. Şəhid qardaşımın beş yaşlı Xalid hər gün anasının telefonunda yemək şəkillərinə baxarkən ət istəyir. O, görüntülərə baxır və şəhid atasının bütün bunları cənnətdə yeyib-yeyə bilməyəcəyini soruşur. Sonra özünün Cənnətə getmək növbəsinin nə vaxt gələcəyini, atasına qoşulub onunla yemək yeyəcəyini soruşur. Cavab verməkdə çətinlik çəkirik. Ona “səbirli ol” və səbrinin qarşılığını alacağını deyirik... Gündəlik aclıq və çarəsizlik səhnələrini görəndə özümü aciz hiss edirəm. Özümə sual verirəm ki, uşaqların bədənlərinin arıq və kövrək olduğunu, xəstələrin və yaralıların yavaş-yavaş öldüyünü görəndə dünya necə susur?.. İşğal bizi öldürmək üçün hər üsuldan istifadə edir - bombalama, aclıq və ya xəstəlik. Bizi bir tikə çörək üçün dilənməyə salıblar. Bütün dünya seyr edir və elə göstərir ki, guya bir çörəyi də bizə  verə bilməz...”- davamında qəzzalı yazıçı vurğulayır.

“Milla”da dəhşət: əli sındı, kompensasiya verilmədi

“Milla Dairy” MMC-də çilingər iş zamanı xəsarət alıb. Onun əli sınıb. İşçi buna görə şirkəti günahkar bilib. Sozcu.az xəbər verir ki, çilingər Murad Məmmədov şirkətə məxsus avtomobili təmir edərkən bolt qırılıb və əlindən xəsarət alıb. M.Məmmədov bildirib ki, avtomobilin sürət qutusunun bərkidilmə boltlarının yarasız olması barədə dəfələrlə məlumat verdiyini deyib. Boltların yenisi ilə əvəz olunmasını tələb edib. Məmmədov tələblərini şifahi qaydada etdiyini bildirib. İşin “whatsapp” qrupunda da bu barədə məlumat paylaşıb. Həkimə müraciət edən Məmmədov əlinin sındığını öyrənib. Əlinə gips qoyulsa da sınıq düzgün bitişməyib. O, fizioterapiya ilə müalicəni davam etdirib. Məmmədov şikayətində dəymiş zərərin ödənilməsini tələb edib. Məhkəmə araşdırması zamanı Məmmədovun iş vaxtı xəsarət alması, təhlükəsizlik qaydalarına əməl edilməməsi aydınlaşıb. Lakin hadisədən bir ildən çox müddət keçdiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilib. Qeyd edək ki, “Milla Dairy” MMC ölkədə süd və süd məhsulları istehsal edən böyük müəssisələrdən biridir.Musavat.com)

Azərbaycanda ticarət mərkəzində FACİƏ

Şamaxıda xadimə hündürlükdən yıxılıb. Sozcu.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən "Megacity" ticarət mərkəzində baş verib.  Burada xadimə işləyən 32 yaşlı Günel Vəkalət qızı Yəhyayeva 3-cü mərtəbənin pəncərəsindən yerə yıxılıb. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.   Araşdırma aparılır.

Bakıda ermənilərin məhkəməsi davam etdirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. Sozcu.az xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə Ermənistan ordusunun işğal və mülki əhalinin qətliamı faktları ilə bağlı ifadələr dinlənilib Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər. Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Türkiyə-ABŞ-Ukrayna danışıqları başladı

Bu gün İstanbulda Türkiyə-ABŞ-Ukrayna, həmçinin Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşləri keçiriləcək. Sozcu.az "Unian"a istinadən xəbər verir ki, bu anlarda Türkiyə-ABŞ-Ukrayna danışıqları artıq başlayıb. Ukraynadakı müharibə ilə bağlı danışıqlarda iştirak etmək üçün İstanbula gələn Amerika nümayəndə heyətinin əhvalı “olduqca tutqun”dur. Bu barədə mayın 16-da dövlət katibi Marko Rubio ilə Türkiyəyə uçan BBC müxbiri Tom Beytman məlumat verib. Türkiyə-ABŞ-Ukrayna üçtərəfli görüşü İstanbuldakı "Dolmabahçe" sarayında keçirilir. Türkiyə nümayəndə heyətinə xarici işlər naziri Hakan Fidan, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Ukrayna nümayəndə heyətinə isə müdafiə naziri Rüstəm Umerov rəhbərlik edir.

Putinlə 2-3 həftə ərzində görüşmək olar - Tramp

ABŞ prezidenti Donald Tramp 2-3 həftə ərzində Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

İlham Əliyev Koşta və Leyenlə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 16-da Tiranada Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə görüşü olub. "Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, rəsmi məlumatda deyilir: 3 il əvvəl törədilən cinayətdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü şəxs avtomat silahdan istifadə etməklə qəsdən adamöldürmə və odlu silahın qanunsuz saxlanılması ittihamı ilə tutulub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adamöldürmə) və 236-cı (odlu silahın qanunsuz əldə olunması, saxlanılması və daşınması) maddələri üzrə istintaq aparılır. Qeyd edək ki, mayın 6-da Saqareco rayonunun Keşəli kəndindən olan Aydın Həmzəyevin ailə üzvləri və yaxınları Tiflisdə Baş Prokurorluq qarşısında aksiya keçirib, qatilin cəzalandırılmasını tələb edib. Saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Türkiyə, ABŞ və Suriya arasında Ankarada görüş keçirildi

Antalyada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Türkiyə, ABŞ və Suriya xarici siyasət idarələrinin rəhbərləri arasında üçtərəfli görüş baş tutub. Sozcu.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Mark Rubio, Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriya xarici işlər naziri Əsəd əş-Şeybani arasında danışıqlar Belek rayonundakı NEST Konqres Mərkəzində keçirilib. Hakan Fidan Dəməşqə qarşı tətbiq edilən bütün sanksiyaların aradan qaldırılmasına və Suriyada sabitliyin pozulmasına yol verilməməsinə çağırıb.

Vüsal Məmmədov işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) İcraçı direktoru vəzifəsindən azad edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) Müşahidə Şurasının 15 may 2025-ci il tarixli qərarı ilə Vüsal Ələkbər oğlu Məmmədov tutduğu vəzifədən azad edilib.

Məmurları bər-bəzəkli villada, kasıbları isə daxmada yaşayan məmləkət...

"Desəm öldürərlər, deməsəm ölləm". Şair necə də düzgün yazıb bu misraları... Məmurları bər-bəzəkli villada, kasıbları isə daxmada yaşayan məmləkət... Məlumdur ki, Azərbaycanda sosial-iqtisadi vəziyyəti aşağı olan, ağır durumda yaşayan yüzlərlə vətəndaşın mənzili yoxdur. Həmin vətəndaşlar məcburiyyət qarşısında qalaraq, ailə üzvlərilə birlikdə soyuq yarımtikililərdə, daxmalarda, zirzəmilərdə, eləcə də kommunal şəraiti olmayan "ev"lərdə səfalət içində kirayədə yaşayırlar.  Çox qəribədir ki, zəngin ölkədə yaşayan vətəndaşların mənzili niyə olmasın ki? Şair-jurnalist kimi mənə çox təəccüblüdür ki, neft-qaz ölkəsi olan milyonlar səltənəti Azərbaycanda aztəminatlı və çoxuşaqlı ailələrin mənzili nə üçün yoxdur axı? Azərbaycan saysız-hesabsız təbii sərvətlərə malik olduğu halda, belə bir zəngin məmləkətin vətəndaşlarının mənzili nəyə görə olmalı deyil? Görəsən bunun səbəbi nədir? Yəni yüksək vəzifəli məmurlar bu sualın cavabını bilmir? Əslində bu sualların ən düzgün cavabını məmurlar daha yaxşı bilir. Hörmətli oxucular, bəs sizlər necə, bilirsinizmi bu sualların cavabını?  Sizcə, bunun səbəbləri nədədir? Bu haqda düşünmüsünüzmü nə vaxtsa? Yoxsa bu haqda düşünməyi hələ bu vaxta qədər ağlınızdan keçirməmisiniz? Axı hansı səbəblər baxımından Azərbaycan adlı məmləkətdə məmurlar təmtəraqlı, möhtəşəm, bər-bəzəkli villada yaşayır, kasıblar isə daxmaya bənzər kirayə "ev"lərdə, (ev demək mümkünsə) min bir çətinlik içində, əzab-əziyyətlə dilənçi günündə yaşayır?  Bu yedə sual yaranır. Bu məmləkətin çoxlu sayda təbii sərvətlərindən, eləcə də neftdən gələn milyonlar, milyardlar hanı bəs? Zəngin ölkə olan Azərbaycanın yerüstü və yeraltı sərvətlərindən büdcəyə daxil olan maliyyə vəsaiti hara və necə xərclənir?  Necə bilirsiniz, bu pul-para korrupsioner məmurların cibinə dolurmu? Əgər belədirsə, haqq-ədalət budurmu? Sözün bitdiyi andı. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Azərbaycanda "Son zəng"lə bağlı ciddi QADAĞA

“Son zəng” tədbirinin təmtəraqlı keçirilməsi təlimata uyğun olaraq qadağan edilib. Sozcu.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İctimai TV-də yayımlanan “Sabaha saxlamayaq” verilişində qonaq olarkən deyib. O bildirib ki, bu, məntiq çərçivəsində keçirilməli bir tədbirdir: "Biz cəmiyyət olaraq öyrənə-öyrənə gedirik. İnanıram ki, valideyn-müəllim asosiassiyasının da vəsaitləri daha yaxşı şeylərə sərf olunmalıdır. Tədbirin təmtərağına yox, onun yadda qalmağının, özününkü olmağına yönəlməlidir". Vəfa Yaqublu qeyd edib ki, “Son zəng”də şagird məktəbli formasında olmalıdır. Çünki məktəbli forması mənsubiyyət göstəricisidir: "Bu o deməkdir ki, “Mən bu məktəbin bir hissəsiyəm. Bu məktəb də mənim üçündür”. O bildirib ki, uşaqlar “Son zəng” günündə məktəbli forması ilə də sağollaşırlar. Hər bir fəaliyyətin bir mənası olmalıdır: “Onlarla “Son zəng” tədbirində olmuşam. Bu tədbirlər emosional tədbirdir və uşaqlar öz emosiyalarını, fikirlərini səmimi şəkildə göstərməlidirlər. Məktəb ictimai qurumdur. Burada müxtəlif sosial rifah səviyyəsində olan insanlar təhsil alırlar. Bu cür tədbirlər o qədər ziyalıcasına, həssas qurulmalıdır ki, hər bir uşaq orada özünü komfort hiss etsin. 150 manatı verənin yanında o biri uşaq özünü piss hiss etməsin. Mən uşaqların səlahiyyətləndirilməsi məsələsinə diqqət yetirmək istəyirəm. Məşhur sosioloq-pedaqoq var – Rocer Hard. “Rocer Hardın nərdivanı” adlı nəzəriyyə var, orada uşaqların səlahiyyətləndirilməsini səkkiz pilləyə bölür. Ən aşağı pillənin adını “imitasiya-monipulyasiya” qoyub, ən yuxarı səkkizinci pillə isə uşaqların özlərinin tədbiri təşkil etməsi və böyüklərdən kömək istəməsidir. Bizim halımız “imitasiya-monipulyasiya” səviyyəsindədir. Hamısı bir-birinin təkrarı olan tədbirlərdə məzunlar emosiyaları sözlə ifadə etmək imkanından məhrum olurlar. Uşaq orada emosional zövq almır”.bakupost)

ABŞ rəsmiləri: Rusiya Ukraynada yeni hücum üçün qüvvə toplayır

ABŞ rəsmiləri hesab edir ki, Rusiya yaxın vaxtlarda Ukrayna ərazisində yeni hücum əməliyyatlarına başlaya bilər. Bu barədə CNN telekanalı məlumat yayıb. Amerikalı rəsmilər jurnalistlərə bildiriblər ki, Ukrayna və Rusiya nümayəndələri Türkiyədə mümkün görüşə hazırlaşdıqları bir vaxtda, Rusiya cəbhə bölgələrində hərbi qüvvələrini artırır. Bu hazırlıqlar, onların fikrincə, yeni ərazilərin işğalına yönəlmiş hücum planlarının göstəricisidir. CNN-ə danışan mənbə qeyd edib: “Putin Kiyev ətraflarınadək istənilən ərazini ələ keçirməyə çalışacaq. Ruslar əldə edə biləcəkləri hər şeyi almaq üçün bütün səylərini səfərbər edəcəklər”. Rəsmilər bu cür hərbi hazırlığın, eyni zamanda sülh danışıqlarına dair çağırışlarla paralel aparılmasının Moskvanın səmimiyyətinə dair ciddi suallar yaratdığını bildirirlər.

Alimenti ödəməyən 2298 nəfərin ölkədən çıxışına qadağa...

Ötən il alimenti ödəməyən 2 298 şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, 2024-cü il ərzində 113 806 aliment işi üzrə mütəmadi və ya müəyyən gecikmələrlə aliment ödənilib, 4 974 iş üzrə ödəniş edilməyib. Nazirlikdən verilən məlumata görə, alimentin qərəzli şəkildə ödənilməməsinə görə borclular inzibati və cinayət məsuliyyətinə cəlb edilirlər. 2025-ci ilin birinci rübü üzrə aliment ödəyənlərin sayı 115 265 nəfər, ödəməyənlərin sayı 5731 nəfər olub. 2025-ci ilin birinci rübündə aliment ödəməkdən qərəzli şəkildə yayınan şəxslər barəsində inzibati və cinayət hüquqi təsirli tədbirlər görülüb.

Danışıqlar bu gün və ya sabah baş tuta bilər - Zelenski

Ukrayna İstanbulda danışıqların vaxtı ilə bağlı ABŞ və Türkiyədən aydın siqnallar gözləyir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə keçirilən mətbuat konfransında bildirib. "Danışıqlar bu gün və ya sabah baş tuta bilər", - Zelenski qeyd edib.

Rusiya İstanbul görüşünə ciddi yanaşmır - Zelenski

Rusiya tərəfi İstanbulda planlaşdırılan danışıqlara ciddi yanaşmır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə Ankarada keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin tərkibində hər hansı qərar qəbul etmək səlahiyyəti olan rəsmi şəxslər yoxdur.