Hərbi vəzifəlilər atış çalışmalarını icra etdi

Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atış çalışmalarını icra ediblər. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir. Toplanışın planına uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara ordumuzun silahlanmasında olan atıcı silahların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilir və atış məşqləri keçirilir. Təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra edir.

Bakıda maskalı şəxslər evə basqın etdi

Bakıda maskalanıb oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecə saatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar. Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər - axtarışda olan 35 yaşlı Vüqar Tapdıqzadə və 33 yaşlı Orxan Nəcəfov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər oğurluq zamanı mənzildə olan təhlükəsizlik kameralarına düşməmək üçün onun üzərini polietilen paketlə bağlayıblar və xüsusi hazırladıqları maskalardan istifadə ediblər. Faktla bağlı araşdırma aparılır.

Şaxta olacaq, yollar buz bağlayacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az verilən məlumata görə, lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Müəllimlərin sayı azalacaq, maaşlar... - Nazir

Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolundayıq. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib. "Düzünü desək, əgər bu islahatları həyata keçirməsək, bəzi müəllimlər, sözün əsl və ya məcazi mənasında, daha 20-30 il sistemdə qalacaq və bu, təhsil üçün müsbət nəticələr verməyəcək. Əgər 2026-cı ilə qədər uğur qazansaq, müəllimlərin sayı azalacaq, lakin hər bir müəllimin dərs saatı artacaq, bu da onların maaşlarının yüksəlməsinə səbəb olacaq. Eyni zamanda, sistemdə çalışan gənclərin sayı 20%-ə qədər artacaq", - deyə nazir əlavə edib.

Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq?

Bələdiyyələr nə vaxt icra başçısının qoltuğundan çıxacaq? Sozcu.az APA-ya istinadla xəbər verir ki, bunu bu gün Milli Məclisin Regional məsələlər iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin (2024-cü il üzrə) müzakirəsində deputat Elman Məmmədov deyib. Deputat bildirib ki, bu gün bələdiyyələr icra başçısının icazəsi olmadan heç nə etmirlər, torpaq satmırlar: “Burada məsuliyyətə cəlb edilən bələdiyyə üzvlərinin sayı açıqlandı. Onlarla bərabər icra başçıları da məsuliyyətə cəlb edilməli idi. Bələdiyyələr o vaxt keyfiyyətli işləyəcəklər ki, faktiki olaraq tam müstəqil fəaliyyət göstərə bilsinlər. Biz bunu gözləyirik”.

1083-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1083-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 850 490 hərbçi, 10 001 ədəd tank, 20 813 ədəd zirehli döyüş maşını, 22 879 ədəd artilleriya sistemi, 1 273 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1056 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 36 638 ədəd avtomobil texnikası, 24 623 ədəd PUA, 3054 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 740 xüsusi avadanlıq itirib.

Güclü küləyə görə kişi yıxıldı, avtobus üstündən keçdi

Fevralın 7-də güclü külək Xırdalan sakininin həyatına son qoyub. Belə ki, 517 nömrəli marşrut xətti üzrə hərəkət edən "İsuzu" markalı avtobus piyadanı vurub. Sozcu.az xəbər verir ki, bu barədə Oxu.az-a Daxili İşlər Nazirliyinin DİN Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib. "Hadisə 19:00-da baş verib. Xırdalan şəhəri ərazisində Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü A.Məmmədov idarə etdiyi sərnişin avtobusu ilə yolu keçən 1957-ci il təvəllüdlü C.Əsgərovu vurub. C.Əsgərov hadisə yerində ölüb. Abşeron Rayon Polis İdarəsində araşdırmalar aparılır", - deyə məlumatda əlavə edilib. Məlumata görə, güclü külək səki ilə hərəkət edən 68 yaşlı piyada Cavanşir İlyas oğlu Əsgərovun yıxılmasına səbəb olub. Nəticədə səkidən yolun hərəkət hissəsinə yıxılan şəxsin başı avtobusun təkəri altına düşüb. C.Əsgərov aldığı xəsarətlərdən həyatını itirib.

Bakıda körpə uşaq poliklinikasında öldü

Bakıda 1 yaşlı uşaq ölüb. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu B.Süleymanov küçəsi 21-də yerləşən 14 saylı uşaq poliklinikasında qeydə alınıb. Bakı şəhər sakini Turqut Nuşirəvan oğlu Əliyev qəfil ölüb. Körpənin ölüm səbəbi araşdırılır.

Bakıda iş saatları dəyişəcək - Tətbiq olunacaq QRAFİKLƏR

Bakı və ətraf ərazilərdə nəqliyyat yükünü azaltmaq və ictimai nəqliyyat sisteminin effektivliyini artırmaq məqsədilə iş qrafikinin dəyişkən rejimdə təşkili ilə bağlı mühüm addımlar atılacaq. Sozcu.az BAKU.WS-ə istinadən xəbər verir ki, 2025–2026-cı illəri əhatə edən yeni yanaşma çərçivəsində dövlət orqanları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslər üçün fərqli iş rejimləri müəyyən ediləcək. Müvafiq qurumların aparacağı təhlillər əsasında müxtəlif sahələr üzrə işəgəlmə və işdən çıxma saatlarında dəyişikliklər ediləcək. Beləliklə, insanların eyni vaxtda yollara axışmasının qarşısı alınacaq və nəqliyyat sistemində yaranan sıxlıq azalacaq. Bəzi dövlət və özəl sektor müəssisələrində distant iş rejiminin tətbiqi də nəzərdə tutulur. Bununla yanaşı, iş yerlərinin dəyişkən qrafik əsasında fəaliyyət göstərməsi işçilərə daha rahat hərəkət etmək imkanı yaradacaq və iş-nəqliyyat balansını optimallaşdıracaq. Dəyişikliklərin məqsədi Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunu təkmilləşdirmək, şəhərdaxili sıxlığı azaltmaq və ümumi hərəkət rahatlığını təmin etməkdir. Eyni zamanda, özəl sektorun bu prosesə innovativ həllərlə qoşulması təşviq olunacaq. Bu tədbirlər nəticəsində həm iş, həm də nəqliyyat rejimi daha çevik və rahat olacaq, insanlar isə sıxlıq probleminə görə vaxt itirmədən gündəlik həyatlarına davam edə biləcəklər. Qeyd edək ki, Beynəlxalq təcrübədə iş qrafiklərinin optimallaşdırılması üçün müxtəlif modellər tətbiq olunur. Nəqliyyat sıxlığını azaltmaq və işçilərin məhsuldarlığını artırmaq üçün ən ideal çıxış yollarından biri fleksibil (elastik) iş saatlarıdır. Dünyada nəqliyyat sıxlığını azaltmaq üçün ən ideal iş saatları aşağıdakı kimi müəyyən edilib: 07:00–15:00 (Erkən başlayanlar üçün) 08:00–16:00 (Standart iş vaxtı) 09:00–17:00 (Ənənəvi iş rejimi) 10:00–18:00 (Gec başlayanlar üçün).

Vardanyanın cinayət işi: növbəti məhkəmə prosesi başladı

09:38 Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb. Sozcu.az xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi keçirilir. Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. Ruben Vardanyan tərcüməçi və vəkillə təmin olunub. Bu gün ittiham aktının nəticəvi hissəsinin elanının başa çatdırılacağı gözlənilir. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib. Həmçinin, o, həmin məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.

Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət - Atamız ayrı-seçkiliyə, ədalətsizliyə, qanunsuzluğa məruz qalıb

Hazırda həbsdə olan Azərbaycanın sabiq baş prokuroru , sabiq səfir Eldar Həsənovun övladları  İlham Əliyevə müraciət edib.  Həmin  müraciəti təqdim edirik: Həsənov Eldar Hümbət oğlunun övladları Hüseynova Səbinə Eldar qızı Qurbanova Emilya Eldar qızı Həsənov Anar Eldar oğlu tərəfindən MÜRACİƏT Çox hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan! Bu müraciəti Sizə 28 il yaxından tanıdığınız, Sizə sadiq olan Eldar Həsənovun övladları olaraq göz yaşları içində yazmağa məcburuq. Allah heç bir kimsəyə bizim çəkdiyimiz əzabları, iztirabları, göz yaşlarını, ah-naləni qismət etməsin. Atamızın 28 ildə heç vaxt heç bir tərəddüd etmədən etdiyi xidmətlər, gördüyü işlər, hamıdan çox Sizə daha yaxşı məlumdur. Məruz qaldığı ədalətsizliklərə, zülmlərə, təqiblərə, ayrı-seçkiliyə baxmayaraq məhkəmədə son sözündə ömrünün sonuna qədər sədaqətli qalacağını bildirən insana ağlımıza, yuxumuza belə gəlməyən, layiq olmadığı ən ağır cəza verildi. Əgər həqiqətən atamız milyonlar mənimsəmişdisə, niyə biz 3 övladdan 2-si gəldiyimiz gündən bəri Türkiyədə kirayədə yaşayır? Niyə heç birimizin bir dənə də olsun şəxsi maşınımız yoxdur? Niyə illərdir ki, biz övladlar və ailə üzvlərimiz 2 yerdə, bəzilərimiz isə 3 yerdə çalışırıq? Niyə Bakıda müsadirə olunan 2-3 otaqlı mənzillərimizdən illərdir ki, heç birində təmir belə olunmayıb, hamısı uçub-dağılmış vəziyyətdədir. Bunların hamısını baxış keçirən istintaq işçiləri öz gözləri ilə görəndə təəccüblərini, mənəvi əzab çəkdiklərini açıq dilə gətirdilər. Əgər milyonlar mənimsənilirdirsə, nədən ailəmizin Azərbaycanda, çalışdığımız Türkiyədə bir ticarət obyekti yoxdur ?!  Yeri gəlmişkən, bildiririk ki, atamızın Səfir kimi fəaliyyəti ilə heç bir əlaqəsi olmayan, 20-30 il bundan əvvəl vicdanlı vətəndaş kimi öz adımıza aldığımız hər 3 övladın əmlaklarının üzərinə qanunsuz həbs qoyuldu, müsadirə olundu. Amma biz övladlar bundan məyus deyilik, dünya malı dünyada qalır, biz heç vaxt ərkəsöyün böyüməmişik. Allah ulu öndərimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Onun məsləhəti, təşəbbüs və xeyir-duası ilə Bakıda, Böyük Britaniyada, İsveçrədə təhsil almışıq. 3 övladdan- ikimiz elmlər doktoru, birimiz isə elmlər namizədiyik (beynəlxalq hüquq, tibb, iqtisad elmləri üzrə). Möhtərəm, cənab Prezident, Sizə çox məlumatlar verə bilərlər, hətta Sizi qəzəbləndirən məlumatları da qisas almaq üçün xüsusi olaraq hazırlayıb, təqdim edə bilərlər. Amma Siz çox təcrübəli, müdrik insansınız, böyük siyasətçisiniz, dərin təhlil qabiliyyətiniz var. 2-ci Qarabağ müharibəsində bizim də doğma yurdumuz Kəlbəcər rayonu  daxil olmaqla 30 il işğal altında olan əzəli torpaqlarımızı qəhrəmancasına azad edərkən bunun əyani şahidi olduq. Bu gün də bu uğurlara söykənərək yeni Azərbaycan qurursunuz. Buna görə Sizə dünyalar qədər minnətdarıq. Əfsuslar olsun, 1-ci Qarabağ müharibəsində Qazaxdan- Naxçıvanadək var gücü ilə çalışan, müharibədə iştirak edən atamız bu sevinci həbsdə yaşadı. Hətta saxlanıldığı həbs yerindən Sizə təbrik və minnətdarlıq məktubları göndərdi. Biz övladlar olaraq gənc yaşlarımızdan bu günə qədər atamızın bizə aşıladığı Heydər Əliyev siyasi xəttinə sadiq olmuşuq. Bu gün də bu düşüncədə, bu əqidədəyik. Möhətərəm cənab Prezident, Atamız haqqında Sizə qisas almaq məqsədilə yalan, uydurma, şər-böhtan xarakterli məlumatı verməklə həbsinə nail olanlar bizə məlumdur. Baxmayaraq ki, onlar hər vasitə ilə bizə çatdırırlar ki, onlarlıq bir məsələ yoxdur, ən yüksək səviyyədə verilmiş göstərişdir, biz sadəcə icraçıyıq və elə düşünürlər ki, biz də bu nağıllara inanırıq. Yeri gəlmişkən son 15 ildə Azərbaycanda həbs olunan, tanınan hər kəslə bağlı bu standart ifadələri elə Sizin rəhbərliyiniz altında çalışan bəzi insanlar bilərəkdən yayır. Bunu da bilməyinizdə fayda var. Nəticədə 13.08.2020-ci il tarixdə atamız XİN ilə bağlı başlanmış cinayət işi üzrə həbs olundu. Az bir müddət sonra XİN-dən bütün həbs olunanlar azadlığa buraxıldı (Allah hamısının qapısını açıq etsin), buna baxmayaraq yaşça onlardan 8 il fərqlə ən yaşlısı 67 yaşında olan atamız bu günə qədər həbsdədir. Azərbaycanın xarici ölkələrdə 78 səfirlik və diplomatik nümayəndəliyi olsa da, yalnız Avropada ən az büdcəsi olan atamızın çalışdığı Səfirliyin 20 illik fəaliyyəti yoxlanıldı. Ailəmizin, qohum-əqrəbalarımızın, yaxınlarımızın hamısının evlərində Prokurorluq və məhkəmə qərarları ilə axtarışlar aparılır, 38 nəfərin barədə İnterpola, Beynəlxalq Maliyyə Kəşfiyyatına, atamızın çalışdığı 4 ölkənin və bizim yaşadığımız ölkələrin müvafiq dövlət orqanlarına məktublar, sorğular göndərildi. Nəticədə istər atamız,  istərsə də biz, ailə üzvləri, qohum-əqrəba ilə bağlı bir dənə də olsun qanunazidd əməl, fakt aşkar olunmadı. Heç bir müqavilə-kontrakda, bank-maliyyə sənədlərində imzası olmayan, əleyhinə heç bir şahid ifadəsi olmayan bir insan barəsində günahsız olduğuna baxmayaraq hansısa möhtəbər sübutlara yox, ehtimal və mülahizələrə əsasən çox amansız bir hökm oxundu. Əminik ki, bütün bunları qorxularından Sizdən gizlədirlər. Məhz buna görə də Atamız ayrı-seçkiliyə, ədalətsizliyə, qanunsuzluğa məruz qalaraq bu gün də həbsdədir. Möhtərəm, cənab Prezident! Yüksək diqqətinizə çatdırırıq ki, atamız son 5 ildə 7 ağır cərrahi əməliyyat keçirib. Həbsdə olduğu müddətdə sağalması mümkün olmayan paroksizmal vertiqo xəstəliyinə düçar oldu. O, 3 dəfə DTX hospitalına aparıldı və orada əməliyyat olunmasına baxmayaraq müayinə və müalicəsi prokurorluğun göstərişinə əsasən yarımçıq saxlanılaraq istintaq təcridxanasına qaytarıldı. Son 5 aydır ki, qoyulmuş qadağalara görə heç bir həkim müayinə və müalicə üçün yanına buraxılmır. 67 yaşında ağır xəstəlikləri, şiddətli ağrıları olan, gündəlik  31 dərman qəbul edən bir insana belə qeyri-insani, qeyri-humanist, amansız, qəddar  münasibət olarmı?! Düşünün, sivil dünyanın hansı ölkəsində belə bir hal ola bilər?! Bunların hamısını Sizdən gizlədirlər. Anamız Elmira Həsənova 5 aydır ki, ağır xəstəlikdən Türkiyədə xəstəxanadadır. Hər gecə birimiz yanında qalırıq, övladlar olaraq bilmirik kimin yanında olaq, kimə dərmanları tez çatdıraq, kimə hansı köməyi edək?! Bunlar bizim övlad kimi müqəddəs borcumuzdur, amma biz yaşadıqlarımızı Allah heç kimə qismət etməsin. Ona görə də, Sizə müraciətimizi başlayanda “göz yaşları içində” ifadəsini işlədəndə həqiqəti söyləyirik. Hələ onu demirik ki, bir qardaşımız var, onun toyu, bizim övladların elçiliyi, nişanı hamısı dayandırılıb. İl yarımdır ki, yas içindəyik. Möhtərəm cənab Prezidentimiz, Məhkəmədə Atamız son sözündən sonra ailə üzvlərinə, qohum əqrəbasına, yaxınlarına, vəkillərinə KİV-də sosial şəbəkələrdə onunla bağlı hər hansı bir çıxışa, müraciətə, müzakirəyə, müsahibəyə qəti qadağa qoydu. Bu günə qədər də sağ olsunlar hər kəs  O, ağsaqqal sözünə riayət edir. Ona görə də bilmirik ki, bizim sifarişli poçtla göndərdiyimiz bu müraciətin Sizə çatmasına imkan verəcəklərmi? Ümid edirik ki, bu dəfə mane olmayacaqlar. 19-cu aydır ki, çoxsaylı ərizə və müraciətlərimizlə bağlı  heç bir dövlət qurumundan bir kəlmə də olsun nə yazılı, nə şifahi bir cavab verən olmadı, heç kim qəbul etmədi. İndi bir anlığa təsəvvür edin bizim düşdüyümüz vəziyyəti, bir vətəndaş kimi bizə olan münasibəti. Ona görə də Allahdan sonra tək ümid yerimiz, inam yerimiz Sizsiz cənab Prezident. Atamızın Apellyasiya Məhkəməsi mart ayında- Novruz bayramı ərəfəsindədir. Allah qorusun, Sizin də ləyaqətli 3 övladınız var. Uca Tanrımız heç vaxt onlara ağır gün qismət etməsin, həmişə üzləri gülsün. Biz üç övladın yaşadıqlarını, düşdüyümüz ağır durumu, Ata-Ana ah-naləsini, fəryadını nəzərə alıb ağır xəstə olan 67 yaşlı Atamızı həbsdən azad etməyinizi Sizdən çox xahiş edirik. Bəlkə xəstəxanalarda Onu müalicə etdirməklə həyata qaytara bilərik. Səbinə Eldar qızı Hüseynova                                                   Emilya Eldar qızı Qurbanova                                                  Anar  Eldar oğlu Həsənov

Əbil Həsənin kitabı Türkiyədə çap olundu

Tanınmış yazar, Əbil Həsənin "Aşkı Kaybetme Korkusu" adlı kitabı Türkiyədə çap olunub. Sevgimizi qoruyub saxlayaq və sevgi ilə dolu bir ömür yaşayaq. Unutmayaq ki, dünyanı xilas edəcək tək güc məhz sevgidir! Eşq əhliyəm sevgi mənim dinimdir. Sevirəmsə bütün dünya mənimdir. Bir bülbüləm gül eşqiylə ötürəm Payızda da gülün toxumu dənimdir. Türkiyədə nəşr olunan yeni kitabım.

Bir ailənin üç üzvü yanaraq ÖLDÜ

Rusiyanın Qaraçay-Çərkəz respublikasının Zelençukskaya kəndində fərdi yaşayış evində baş verən yanğında beş yaşlı uşaq və onun valideynləri ölüblər. Sozcu.az-ın məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin "Telegram" kanalında bildirilib. Hadisə yerində yanğınsöndürənlər və Rusiya İstintaq Komitəsinin nümayəndələri işləyirlər. Yanğının səbəbi araşdırmalardan sonra məlum olacaq.

Dəhşətli zəlzələ xəbərdarlığı – Türkiyə hərəkətə keçdi

Son günlər Egey dənizində müşahidə edilən seysmik aktivliklə əlaqədar Türkiyədə mütəxəssislərdən ibarət xüsusi nəzarət qrupu yaradılıb. Ölkənin İzmir, Aydın və Muğla bölgələrinə mümkün sunami və fövqəladə vəziyyətlərdə əhalini xəbərdar etmək üçün mobil siqnal sistemləri göndərilib, əlavə AFAD heyəti və texnika cəlb edilib. Bu vilayətlərdə sabahdan etibarən məlumatlandırma toplantıları keçiriləcək. Ölkədə SMS xəbərdarlıq sistemi tam hazır vəziyyətə gətirilib. Sunami erkən xəbərdarlıq sistemi xüsusi tətbiqə inteqrasiya edilib. Bütün bunlarla bağlı Türkiyə ilə Yunanıstan universitetləri və tədqiqat mərkəzləri arasında elmi məlumat mübadiləsi aparılır. Sozcu.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) son günlər Egey dənizindəki Santorini adasında müşahidə edilən seysmik aktivlik və mümkün risklərlə bağlı toplantısının nəticələrinə dair açıqlamasında məlumat verilib. Görüşdə Türkiyənin Hidrometeorologiya Baş İdarəsi, Qəndilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun alim-tədqiqatçıları iştirak ediblər. Bildirilib ki, bu il fevralın 7-dək Egey dənizinin Yunanıstanın Santorini adası ətrafında 3 baldan böyük 761 zəlzələ qeydə alınıb. Yeraltı təkanlar, ən şiddətlisi 5,2 bal gücündə olmaqla, əsasən Santorini adasının 25 km şimal-şərqində, dənizin 5-25 km dərinliyində baş verir. Bölgədəki aktivlik əsasən Kolumbo sualtı vulkanının yerləşdiyi ərazidə cəmlənib. Burada ən sonuncu vulkan püskürməsi 1950-ci ildə, bölgədəki ən böyük zəlzələ isə 1956-cı ildə 7,5 bal gücündə baş verib. Hazırkı seysmik aktivlik çox aşağı ehtimal da olsa vulkan püskürməsinə səbəb ola bilər. 2011-2012-ci illərdə bölgədə bənzər aktivlik müşahidə edilib və 14 ay davam edib. Lakin heç bir vulkan püskürməsi qeydə alınmayıb. Püskürmə baş verəcəyi təqdirdə havaya yayılan vulkanik kül və sunami təhlükəsi Türkiyəyə təsir göstərə bilər. İclasda Santorini adası və ətrafında artan seysmik aktivlik nəticəsində baş verə biləcək güclü zəlzələ, sunami və ya vulkan püskürməsinin Türkiyə sahilləri üçün yarada biləcəyi təhlükələr, buna qarşı görülən tədbirlər və hazırlıq planları geniş müzakirə edilib.

Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək - Conson

Ukrayna Qərbdən real təhlükəsizlik zəmanəti almalıdır, əks halda müharibə Putinin zəfəri ilə başa çatacaq. Sozcu.az xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson deyib. “İndi Qərbin öz qətiyyətinin gücü ilə Putini şoka salmaq vaxtıdır. Bunu etməyə qadir olan isə ABŞ-ın yeni Prezidenti Donald Trampdır. O, indi, bu kritik anda Putinə qarşı durmaq üçün lazım olan cəsarətə malikdir”, - Conson bildirib.

Abramoviçin milyonluq avtomobillərinə həbs qoyuldu

Almaniya prokurorluğu sanksiyadan yayınmaq ittihamı ilə rusiyalı milyarder Roman Abramoviç barəsində araşdırmaya başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Der Spiegel” nəşri məlumat yayıb. Məlumata görə Abramoviçin Qarmiş-Partenkirşendəki villası, iki “Buqatti”, bir “Mersedes-Benz” və Lamborcini” avtomobilinə həbs qoyulması barədə qərar qəbul edilib. Oberzulmdakı köhnə və idman avtomobilləri üçün ixtisaslaşmış şirkətdə saxlanılan avtomobillərin dəyəri bir neçə milyon avro qiymətləndirilir. Maşınlardan əlavə, Federal Kriminal Polis İdarəsinin və Qarmiş-Partenkirşendəki Sanksiyaların İcrası üzrə Mərkəzi Ofisin əməkdaşları Abramoviçin villasında axtarış aparıb və sübut kimi bir neçə sənət əsərini müsadirə ediblər.

Vətən müharibəsi qazisi VƏFAT ETDİ

Vətən müharibəsi qazisi vəfat edib. Sozcu.az-ın məlumatına görə, İsmayıllı rayonundan olan ehtiyatda olan mayor Həşim Həşimov xərçəng xəstəliyindən dünyasını dəyişib. O, bu gün Gəncə şəhərində dəfn ediləcək.modern)

Xəstəxanada başını divara çırpan xəstə ÖLDÜ

Gəncədə tibb müəssisəsində özünə xəsarət yetirən xəstə vəfat edib. Sozcu.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, Gəncə Reabilitasiya Mərkəzində müalicə alan şəhər sakini M.Vəlixanov fevralın 5-də başını divara vurub. Nəticədə o, ağır xəsarət alıb. M.Vəlixanov fevralın 6-da aldığı xəsarətdən vəfat edib. Bildirilib ki, özünə xəsarət yetirən şəxs ruhi-əsəb xəstəliyindən əziyyət çəkib. Faktla bağlı araşdırma aparılır.

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində fasilələrlə yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Bu barədə Sozcu.az a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bildirilib ki, havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Boşanan şəxslərə xəbərdarlıq – Qanunda dəyişiklik edilib

Boşanma sonrası ortaya çıxan ciddi problemlərdən biri də uşaq faktoru ilə bağlıdır. Bir çox hallarda tərəflərdən biri, digərinə uşaqları vaxtı-vaxtında göstərməkdən boyun qaçırır. Bu isə tərəflər arasında alimentin gecikməsi və digər mübahisələrin yaranması ilə nəticələnir.  Mövzu ilə əlaqədar Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, ailə mübahisələləri ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edilib: “2024-cü ilin 20 dekabr tarixli, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarına əsasən, artıq ailə mübahisələrinə baxılan zaman bir sıra dəyişikliklər həyata keçirilib. Nikahın pozulması zamanı mütləq şəkildə təkcə nikahın polzulması və aliment mübahisəsinə baxılmayacaq.  Burada eyni zamanda tərəflərin birgə nikahdan olan övladlarının ayrı yaşayan valideynlərinin həmin övladlarla ünsiyyət məsələsi də həll olunur. Həmçinin əvvəllər çıxarılmış məhkəmə qərarından sonra, uşağı saxlayan valideyn hər dəfə ölkə üzrə yaşayış minimumu dəyişdikdə yenidən alimentin artırılması ilə bağlı iddia ərizəsi verə bilirdisə, artıq buna ehtiyac qalmır. Sadəcə 1 ərizə verməklə, xüsusi icraat qaydasında alimentin artırılmasına nail olunacaq”.  Hüquqşünas qeyd edib ki, uşaqlarla ünsiyyət qaydaları da artıq yeni dəyişikliklərə uyğun formada tənzimlənir: “Uşaqla ünsiyyət məsələsinə gəldikdə isə, Ailə Məcəlləsinin tələblərinə görə tərəflərin hər ikisinin uşaqla ünsiyyət hüququ olduğuna görə onlar mütləq şəkildə bir-birinə maneçilik törətməməlidir. Nikahın pozulması zamanı tərəflərin ərizəsi əsasında uşaqla ünsiyyət qaydaları da müəyyən edilə bilər. Burada vacib olan məqamlar ondan ibarətdir ki, tərəflər öz aliment öhdəliklərini yerinə yetirdiyini sübut etməlidirlər. Yaxud gələcəkdə uşağın əxlaqına və tərbiyəsinə zidd davranışların olmayacağını bildirməlidirlər”.

Bu hərbçilərin ordudan tərxisi başladı

Azərbaycanda hərbi xidmətə çağırış yaşının azaldılması ilə əlaqədar hazırda yaşı 31,5-dən çox olanların ordudan tərxisinə başlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Teleqraf-a məlumatlı mənbələrdən bildirilib. Qeyd olunub ki, tərxis prosesi bütün Silahlı Qüvvələrdə həyata keçirilir. Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 29-da Cinayət, Miqrasiya və İnzibati Xətalar məcəllələrində “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişikliyi təsdiqləyib. Dəyişikliklərə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşdan 30 yaşadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaqlar. Buna qədər isə həmin yaş həddi 18-dən 35-dək idi. Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.

Küləkli hava: gəmilərə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib. Xəbərdarlığa əsasən, fevralın 7-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 9-u səhər saatlarına kimi davam edəcək. Belə ki, həmin günlər ərzində küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün isə 2.0-3.0 m. sonrakı inkişafda 4.5-6.5 m. çatacağı proqnozlaşdırılır.

Rusiyada olan bütün azərbaycanlılar həbs olunsun! - Şok çağırış

Rusiyada olan bütün Azərbaycan vətəndaşlarının qovulması, Rusiya vətəndaşı olan azərbaycanlıların isə həbs edilib, "Novaya Zemlya"ya göndərilməsi təklif olunub. Sozcu.az xəbər verir ki, belə bir təkliflə hər zaman nifrət dolu açıqlamaları ilə tanınan ictimai fəal Sergey Mantsayev çıxış edib. O, Bakıda Rus Evinin bağlanmasına cavab olaraq bütün Azərbaycan vətəndaşlarının deportasiyasını təklif edib. “Birincisi, Rusiya vətəndaşı olmayan bütün azərbaycanlıları ölkədən çıxarmaq lazımdır. İkincisi, bütün diaspor üzvləri həbs olunmalı və "Novaya Zemlya"ya göndərilməlidir. Üçüncüsü isə biz Azərbaycan hakimiyyəti ilə daha möhkəm işləməliyik”, - deyə o bildirib.(musavat.com)

Tramp ÜST rəhbərinin amerikalı olmasını istəyir - Reuters

ABŞ prezidenti Donald Trampın administrasiyası Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) islahatlar planını nəzərdən keçirir. Planın əsas məqamlarından biri ÜST-nın sədri postuna amerikalının təyin edilməsidir. Sozcu.az xəbər verir ki, bu barədə Reuters agentliyinə plan və Tramp administrasiyasının təklif sənədi ilə əlaqəli iki mənbə məlumat verib. Qeyd olunur ki, ÜST-də islahatlar planı ABŞ prezidentinin 20 yanvarda andiçmə mərasimindən əvvəl onun müşavirlərinə verilib. Sənəddə ABŞ-ın təşkilatdan çıxması, eləcə də ÜST ilə qarşılıqlı fəaliyyətə “köklü yeni yanaşma”nın qəbulu ilə bağlı tövsiyələr yer alıb.