İşsizlik və kasıblıq meydan sulayır...
Əhalinin çox hissəsi kasıb və işsizdir...
Zəngin neft ölkəsinin vətəndaşıyıq, kasıbıq, mənzilimiz yoxdur, kirayədə yaşayırıq...
Bu, ədalətlidirmi? Haqq-ədalət belə olurmu?
Şair-jurnalist kimi düşünürəm ki, elə birbaşa mətləbə keçsək daha önəmli olar yəqin ki...
Ölkə əhalisinin bir qədər ağır, çətin, dərdli, qəm-qüssəli olan sosial-iqtisadi durumuyla bağlı fikirlərimi bildirmək istəyirəm.
Sözün həqiqi mənasında işsizlik, kasıblıq, hətta yoxsulluq sürətlə hökm sürür...
Məncə, ölkədəki ürəkləri ağrıdan sosial vəziyyətlə yanaşı, həllini tapa bilməyən digər məsələlərə də toxunsaq, yəqin ki, çox-çox yerinə düşər.
Azərbaycanda çoxlu sayda, hətta demək olar minlərlə ailələr var ki, kirayə "ev"lərdə (əgər o evlərə ev demək mümkünsə) zülüm içərisində, çox çətinliklə, əzab-əziyyətlə, kasıblıq, yoxsulluq girdabında çabalayaraq əzablı günlərlə ac-yalavac yaşayırlar.
Yoxsul, kasıb, çoxuşaqlı, aztəminatlı ailələr səfalət içərisində sürünərək zülümnən, əzab dolu günlərlə, bir çox qayğılarla baş-başa yaşamaq məcburiyyətində qalıblar.
Elə mən də, ailə üzvlərim də min-bir əzablı ömür-gün yaşayan, evsiz - mənzilsiz olan ailələrdən biriyik desəm, çox doğru olar.
Çox təəssüf olsun belə xoşagəlməz hallara.
Nazirlər Kabinetinin rəhbəri - Baş nazir, həmçinin hökumət üzvləri, yüksək vəzifəli şəxslər, məmurlar, məgər Azərbaycan vətəndaşlarının bu ağrılı-acılı, bu əziyyətli sosial durumunu görmürlər ki?
Əgər görürlərsə, bəs onda bu məmurlar nə işlə məşğul olur ki, əhalinin çox hissəsi belə ağır, çətin, dözülməz gün-güzəranda neçə illərdir qanadı qırılmış quşlar kimi can üstündə çırpına-çırpına qalıb?
Bir qarnı ac, bir qarnı tox, ac-yalavac qalan, işləmək üçün öz ölkəsində iş tapa bilməyən, yavan çörəyə möhtac olan ailələrin üzvləri də neft-qaz ölkəsi zəngin Azərbaycanın VƏTƏNDAŞlarıdır axı...
Yəni Azərbaycanın saysız-hesabsız, hətta saymaqla bitməyən sərvətləri olduğu halda, ölkə əhalisinin çox hissəsi kirayə damlarda, zirzəmilərdə, soyuq daxmalarda, kommunal şəraiti olmayan, döşəməsi asfalt-daş olan, nəmli, kiflənmiş divarlarından qara su axan yarımtikililərdə, uçuq-sökük komalarda nə üçün əzablı günlərlə kirayədə yaşamalıdır?
Digər ciddi bir nüansı da qeyd edim. Azərbaycanda çox bahalıqdır, ərzağın və dərmanların qiyməti elə bahadır ki...
Kasıb təbəqə ailəsinin ehtiyacı olan ərzaqları aylarla ala bilmir. Sosial-iqtisadi baxımdan vətəndaşlar çox böyük əziyyət çəkir. Uşaqlar evdə ac-yalavac qalır. Cənab məmurlar, jurnalist olaraq həqiqəti qələmə alıram. Çünki yazdıqlarımın şahidiyəm.
Məmurların nəzərinə çatdırıram ki, həmçinin ölkədə kommunal qiymətlər həddindən artıq yüksəkdir. İlahi, qəlbim yana-yana söyləyirəm ki, əksər ailələrin sosial baxımdan dolanışıq səviyyəsi çox-çox ağırdır, hətta, demək olar ki, yüzlərlə ailələr dözülməz haldadır.
Yeri gəlmişkən, məmurlara dahi şair Mirzə Ələkbər Sabirin bu gün də aktual olan bir neçə düşündürücü misrasını xatırladıram.
"Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələr ilə nədir karım,
Dünyavü cahan ac olur olsun, nə işim var?!
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın"...
Bir daha xatırladıram ki, şairin bu misraları bugünümüzlə üst-üstə düşür, səsləşir.
Minlərlə ailələr var ki, soyuducusunun içində ərzaq yoxdur, demək olar ki, soyuducusu bomboşdur. İnsanlar işsiz və kasıb olduğu üçün normal şəkildə qidalana bilmir. Çünki kasıb, aztəminatlı ailələrdə böyüyən uşaqların çoxusunun valideynləri işsizdir, onlar işləmək istəsə də amma iş tapa bilmir.
Ürək ağrısıyla deyirəm, Azərbaycanda neçə illərdir ki, işsizlik həlli tilsimə düşən çox böyük problemə çevrilib. Düşünürəm ki, əgər belə olmasaydı, hər il ölkəmizin yüzlərlə vətəndaşı öz doğma yurdu olan Azərbaycanı tərk edib Rusiyaya, hətta Qərb ölkələrinə, Avropaya köçüb getməzdilər.
Çox təəssüflər olsun ki, paytaxt Bakıda, regionlarda yeni iş yerləri açılmır. Yəni zavodlar, fabriklər, iri sənaye müəssisələri tikilmir. Ölkədə iş yerlərinin açılmaması isə işsizliyə səbəb olur. Əgər bəzən hansısa kiçik iş yerləri açılırsa, bu, çox- çox az hallarda olur.
Bütün bunlarla yanaşı bir məsələni də vurğulayım ki, Qarabağ iqtisadi rayonunda, eləcə də işğaldan azad edilən şəhər və rayonlarda xeyli müddətdir tikinti-quruculuq işləri davam edir. Belə ki, bu rayonlada bəzi iş yerləri açılır. Amma məlum olduğu kimi bu, çox azdır, yəni yetərli deyil.
Həmin rayonlarda açılan iş yerlərində isə təbii ki, illər əvvəl o rayonlardan köçkün düşmüş və Qarabağ işğaldan azad olunduqdan sonra öz el-obasına qayıdan vətəndaşlar işləyir.
Yenidən evi-mənzili olmayan vətəndaşların kirayələrdə yaşamaq məsələsinə qayıdıram. Kirayə "ev"lərdə ömrümüz-günümüz qaralır, cavan canımız çürüyür, dərd dolu ürəyimiz üst-üstə qubar bağlayır.
Amma məmurlar, eləcə də yüksək vəzifəli şəxslər bər-bəzəkli villalarda, şah sarayına bənzər təmtəraqlı saraylarda zənginlik içində komfortlu həyat yaşayırlar.
Sual olunur ki, nə üçün belə olmalıdır?
Axı bu necə olur ki, ölkənin kasıb təbəqəsi, eləcə də yoxsullar, çoxuşaqlı və aztəminatlı ailələr kirayələrdə dözülməz, məşəqqətli sosial vəziyyətdə sürünə-sürünə yaşayır, vəzifəli şəxsər, məmurlar, nazirlər, nazir müavinləri, komitə sədrləri, icra başçıları və digər vəzifəli şəxslər isə hündürmərtəbəli yaşayış evlərində Avropa təmirli 5 - 6 otaqlı mənzillərdə, göz oxşayan villalarda, hətta milyonlarla ölçülən bahalı bağ evlərində xoşbəxtlik içində ömür yaşayırlar.
Cənab məmurlar, necə bilirsiniz, sizcə, Azərbaycandakı haqq-ədalət budurmu? Məmurların, vəzifəli şəxslərin ailələri villalarda xoşbəxtlik içində yaşamalıdır, kasıblar, yoxsullar, mən və ailə üzvlərim, həmçinin ev-eşiksiz olan ailələr kirayə daxmalarda çərləyib çürüməliyik?
Onu deyə biərəm ki, bunun bircə adı var.
Qanunsuzluq, ədalətsizlik, haqsızlıq...
Məlumdur ki, aylıq əmək haqqı ilə villalar, saraylar, möhtəşəm bağ evləri tikmək qəti mümkün deyil.
Deməli, belə məlum olur ki, məmurlar, yüksək vəzifəli şəxslər hansısa yollarnan dövlətin büdcəsini talayır, korrupsiya ilə məşğul olur, xalqın və ölkənin sərvətindən ölkə büdcəsinə daxil olan milyonları, milyardları neçə illərdir ki, oğurlayıb yağmalayırlar.
Haqq-ədalət belə olmur axı cənablar.
Cənab məmurlar, ölkənin ziyalı xanımı kimi, şair-jurnalist kimi sizlərdən xahiş edirəm ki, zəngin neft ölkəsi olan Azərbaycanın kasıb, vətəndaşlarının həyatını hərdənbir olsa da, zəhmət olmasa vaxt edin düşünün...
Çünki kirayə daxmalarda səfalət içində, əzablı günlərlə yaşadığımz məşəqqətli həyat ömrümüzü-günümüzü qapqara günlərə bürüyüb. Əzablar içərisində ömür sürmək kaş biləydiniz ki, kasıb vətəndaşları necə incidir, qəm-qüssəli ürəyimizi neçə yerə parçalayır.
Məmurlar, insafınız olsun, vətəndaşları tuş etdiyiniz bu səfalətdən, bu kasıblıqdan, qara günlərdən ağ günlərə çıxarın. Məncə, yetər daha kasıb ailələrin ağrılı-acılı günlərdə zülümlə yaşayaraq əzab çəkməsi.
Yaxşı-yaxşı düşünün. Nəhayət, vətəndaşları üz-üzə qaldıqları bu əzabdan, bu səfalətdən çıxarın. Yaxşı bilirsiniz ki, dilənçi günündə yaşayan kasıb ailələrin övladları da Azərbaycanlı və Azərbaycan VƏTƏNDAŞıdı.
Ataların hər zaman aktual olan məsəli var:
"Alma məzlumun ahını,
Çıxar ahəstə-ahəstə"...
Yazıya sözardı: Jurnalist XALQın haqq səsidir! Mən, jurnalistəm. Xalqın bugünkü çətin, ağır və çox dözülməz sosial-iqtisadi vəziyyətini yazıb mətbuatda işıqlandırmaq jurnalist kimi peşə borcumdur...
Bütün jurnalistlər sussa, həqiqəti yazmasa XALQın problemləri necə işıqlanar və məmurlar bu problemlərdən necə xəbərdar olar?... Elə bu baxımdan da bu yazıda bəzi problemlərdən söz açdım...
P. S. Süleymana qalmayan dünya, sizlərə də qalmayacaq cənablar... Bir az düşünün...
P. S. S. Bu dünyadan heç kəs pul, var-dövlət, villa aparmır. Hər şey bu dünyada qalır...
P. S.S.S. Axirətin məhşər günün unutmayın.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist