Müsavat Partiyası Məclisinin sədri Arif Hacılı Zaqatala və ətraf rayonlarda mövcud sosial-iqtisadi vəziyyətlə bağlı fikirlərini bölüşüb. O, bildirib ki, ölkədə təmir olunmamış yeganə magistral yol hələ ötən əsrin 60-cı illərində salınmış Şəki–Zaqatala yoludur.
“Maqistral olmaqdan əlavə, bu yolun üzərində irili-xırdalı çoxsaylı kəndlər, həmçinin Əliabad qəsəbəsi yerləşir. Xüsusilə 2012-ci il zəlzələsindən sonra yol çox bərbad vəziyyətə düşüb”, – deyə Arif Hacılı qeyd edib.
Müsavat Məclisinin sədrinin sözlərinə görə, Alazan (Qanıxçay) vadisi boyunca yerləşən kəndlərin çoxuna hələ də qaz xətti çəkilməyib, minlərlə insan qışın gəlişini narahatlıqla gözləyir.
“Zaqatala şəhərində yol infrastrukturu düzgün qurulmadığından, mərkəzi küçələrdə avtomobil sıxlığı və tıxaclar yaranır. Yolsuzluq, işsizlik, rüşvət və korrupsiya da bölgə əhalisini ciddi narahat edir”, – Hacılı əlavə edib.
O vurğulayıb ki, son 15 ildə Zaqatalada hər hansı inkişaf müşahidə olunmur. Rayonun abadlıq işləri park və meydanlarda ot örtüyünün daşla əvəz olunması ilə məhdudlaşır:
“Rayonda yeni istehsal müəssisələri tikilmir, gənclər üçün iş yerləri açılmır. Əhalinin əsas məşğuliyyəti çayxana və kafe fəaliyyəti ilə məhdudlaşıb.”
Siyasətçi qeyd edib ki, icra başçıları həbs edilən Qax və Balakən rayonlarının problemləri ilə müqayisədə, Zaqatala rayonunun problemləri daha ciddi və daha dərindir.
 
                
