Fərəc Kərimli: “Ramiz Mehdiyev mövzusu troll mediada məqsədli şəkildə ucuzlaşdırıldı”

Fərəc Kərimli: “Ramiz Mehdiyev mövzusu cəmiyyətə düzgün təqdim olunmadı”

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli Ramiz Mehdiyevlə bağlı son proseslərə münasibət bildirib.

Fərəc Kərimlinin sözlərinə görə, hakimiyyət Ramiz Mehdiyevlə bağlı elan etdiyi ittihamlar barədə cəmiyyətə vaxtında və aydın məlumat verməyib. Bu isə Mehdiyevin illər boyu mediada və siyasətdə formalaşdırdığı şəbəkənin əlinə fürsət verib:

 “Hakimiyyət Mehdiyevlə bağlı informasiyanı düzgün idarə edə bilmədi. Nəticədə Mehdiyevin şəbəkəsi mövzunu o qədər ucuzlaşdırdı ki, indi faktlar təqdim olunsa belə, insanlar buna inanmaqda çətinlik çəkir. Əgər doğrudan da istintaq aparılır və hakimiyyət ciddi addımlar atmaq niyyətindədirsə, Mehdiyevin qurduğu troll mediasının bu mövzunu lağ obyektinə çevirməsinə də diqqət yetirilməli idi.”

Müsavat rəsmisi qeyd edib ki, Ramiz Mehdiyevlə bağlı ilk xəbərlər yayılanda ictimaiyyət məsələni ciddi qəbul edirdi. Lakin Mehdiyevin memarı olduğu troll şəbəkə feyk məlumatlar və manipulyativ paylaşımlar vasitəsilə elə bir mühit formalaşdırdı ki, indi çoxları “bu da bir oyundur” düşüncəsinə qapılıb.

“Qısası, Mehdiyevin şəbəkəsi ona son xidmətini də ustalıqla göstərdi,” – deyə Fərəc Kərimli vurğulayıb.

Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

O, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər (CM-nin 278.1-ci maddəsi), dövlətə xəyanət (CM-nin 274-cü maddəsi) və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (CM-nin 193-1.3.2-ci maddəsi) ittihamları ilə istintaqa cəlb olunub.

Ev dustaqlığı qərarının məqsədi onun istintaqa təsir imkanlarını məhdudlaşdırmaq və cəmiyyətdən qismən təcrid olunmasını təmin etməkdir.

Share on Facebook