Əsrlər boyu bölgənin təbii sərvətlərinin, iqtisadi həyatının və ekoloji tarazlığının əsas dayağı olan Xəzər dənizi bu gün böyük təhlükə ilə üz-üzədir.
Son illər müşahidə olunan sürətli səviyyə enməsi təkcə Azərbaycan üçün deyil, bütün Xəzəryanı ölkələr üçün ciddi xəbərdarlıq siqnalına çevrilib. Araşdırmalar göstərir ki, Xəzərin səviyyəsində dəyişikliklər tarix boyu baş verib, lakin indiki geri çəkilmə miqyası və sürəti narahatlıq doğuracaq qədər böyükdür.
İqlim dəyişikliyi, yağıntıların azalması, onu qidalandıran çayların qarşısının bəndlərlə kəsilməsi, sənaye məqsədilə nəzarətsiz su götürülməsi və digər amillər Xəzərin taleyini daha da ağırlaşdırır. Artıq bəzi proqnozlarda bildirildiyinə görə, qarşıdakı 20-30-50 il ərzində dənizin əhəmiyyətli hissəsi yox ola, sahil xətti yüzlərlə kilometr geri çəkilə bilər.
Modern.az-a açıqlamasında Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri Səid Səfərov qeyd edib ki, hazırkı şəraitdə həm Xəzər dənizinin səviyyə dəyişmələrinin müasir vəziyyəti, eləcə də hidrodinamik iqlim modellərinə əsasən aparılan tədqiqatlar göstərir ki, əsrin sonuna qədər temperaturun artması və antropogen amillərin güclənməsi davam edərsə, Xəzərin səviyyəsinin xeyli aşağı düşməsi gözlənilir.
“Müxtəlif ssenarilərə görə, əgər Paris Sazişinə riayət olunarsa, səviyyə 8-9 metr, əgər heç bir məhdudiyyət tətbiq edilməzsə, bəzi proqnozlara əsasən 18 metr, hətta 20-21 metrədək aşağı düşə bilər. Bu isə müxtəlif ərazilərdə fərqli təsirlər yaradacaq.
Məsələn, Xəzərin Azərbaycan sahillərində dəniz təxminən 20-30 kilometr geri çəkilə, quruya bilər. Yəni bu gün Bakı bulvarından dənizi gördüyümüz halda, proses bu templə davam edərsə, gələcəkdə bulvardan dənizi görmək üçün çox uzun məsafə qət etmək lazım gələ bilər. Bu isə, təbii ki, ciddi narahatlıq doğurur”.
Müsahibimiz bildirib ki, sözügedən vəziyyət yalnız iqlim dəyişmələrinin indiki sürətlə davam etməsi və antropogen təsirlərin artması halında mümkün ola bilər:
“Son illər təsərrüfat və suvarma məqsədləri üçün götürülən suyun həcmi artır və bu da Xəzərə tökülən çayların gətirdiyi suyun azalmasına səbəb olur. Digər tərəfdən, temperaturun yüksəlməsi dənizdə buxarlanmanı artırır.
Üçüncü bir amil də son tədqiqatlarla müəyyənləşdirilib. Bundan əlavə, külək rejiminin dəyişməsi də Xəzərin səviyyə dəyişmələrinə buxarlanma yolu ilə ciddi təsir göstərir”.
O, həmçinin vurğulayıb ki, bu proseslər indiki templə davam edərsə, Xəzəri və sahilyanı ölkələri böyük təhlükə gözləyir:
“Əgər Xəzəryanı dövlətlərin və bütövlükdə dünya ölkələrinin birgə səyi ilə qlobal istiləşmənin qarşısı alınarsa və çaylar üzərində antropogen təsirlər azaldılarsa, verilən proqnozlar müəyyən qədər yumşala bilər. Əks halda, bu laqeydlik çox ciddi və mənfi nəticələrə gətirib çıxara bilər”,- deyə S.Səfərov fikrini yekunlaşdırıb.