"Soyunmaq nə dəbdir, nə müasirlik, nə də azadlıq göstəricisi" - Könül Alı

"Qadın bədənini biznes predmetinə çevirmək, hər-hansı maraqlar üçün istifadə etmək birbaşa gender bərabərliyinin pozulmasıdır, hər şey bir yana, qanunvericiliyə ziddir. Siyasətin bir parçası etmək isə ikiqat yanlışdır.  Ölkəyə COP29 üçün gələnlərin şərəfinə "baxın biz də muasirik", mesajı vermək adına qadın bədənini çılpaq formada nümayiş etdirmək həm də iyrənclikdir. Ki, feminizmin soyunmaq deyil. Biz bu cəmiyyəti də bilirik, qadın bədəninə, geyiminə, quşamina münasibəti də".  Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyası Məclisinin Gender Komissiyasına sədri Könül Alı özünün feysbuk hesabında Bakıda nümayiş etdirilən lüt qadın heykəli haqqında yazıb: "Kontentə gələndə.... -Soyunmaq nə dəbdir, nə müasirlik, nə də azadlıq göstəricisi. İnsan öz bədəninin yeganə sahibidir və soyunaraq yox, geyinərək onu qoruyur. Kimsə də açıq -saçıq geyinirsə bu onun şəxsi seçimidir, bütün qadınların yox.  -Nəysəki bunu da üzünüzə gözünüzə bulaşdırdınız". Xatırladaq ki,  Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur.  Bakıda nümayiş edilən "lüt qadın"  heykəli  “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyasının məqsədinin ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəltmək olduğu bildirilir. Heykəllər arasında “Təbiətin gücü” (Force of Nature) adlı əsər xüsusilə diqqət çəkir. Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması cəmiyyətdə müzakirələrə səbəb olub. “Təbiətin” gücü adlı əsəri 2 versiyada yaradıb. Heykəlin “paltarlı” olan versiyası heykəli “The Force of Nature II” adlanır. Əsərin hər iki versiyası dünyanın müxtəlif ölkələrində nümayiş olunub.  Maraqlıdır ki, ölkəmizə heykəlin "paltarlı" olan versiyasına yox, məhz "çılpaq" versiyasının gətirilməsi kimin ağlının məhsuludur və bununla nə mesaj verməyə çalışırlar? Real olan budur ki, cəmiyyət bu heykəli xoş qarşılamır. 

Salyanda 13 yaşlı məktəbli canına qıydı

Salyanda intihar hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, 8-ci sinif şagirdi, 13 yaşlı Ə.S. özünü yelləncəyin ipi ilə asaraq intihar edib. Faktla bağlı araşdırma aparılır.

Bu şəxslərə üzücü xəbər: Tələblər çətinləşir...

Müəyyən yaşa çatdıqdan sonra insanların əmək bazarında özlərinə uyğun tələb və maaşlarda iş tapması çətinləşir. Buna bir sıra amillərin səbəb olduğu deyilir.  Bəs bu amillər nədən ibarətdir?  Eskpertlər bu məsələyə dair rəylərini “Yeni Sabah”la bölüşüblər. İnsan resursları üzrə mütəxəssis Sevda Quliyeva bildirib ki, namizəd işə yeni başlayan şəxsdirsə, iş tapmaq çətin olur: “Çünki həmin vəzifəyə hazırlaşdırmaq, uyğunlaşmaq kifayət qədər vaxt aparır. Texnologiyanın inkişafı və şirkətin qaydaları ilə həmin yaş kateqoriyasında olan şəxsin iş təcrübəsi arasında müəyyən fərqlər olur. Bu, nisbi məsələdir. Əgər şəxs vəzifədən-vəzifəyə keçirsə, texniki əməkdaşdırsa, yaxud ona tələbat varsa, həmin situasiyada iş tapmaq elə də çətin olmur. Ancaq işə yeni başlayan və heç bir təcrübəsi olmayan namizədlər üçün sözügedən proses olduqca qəlizdir”. İnsan resursları üzrə digər mütəxəssis İlkin Mirzəzadə isə mövzunu belə dəyərləndirib: “Hazırda belə bir tendensiya var ki, 30-35 yaş kateqoriyasından sonra iş tapmaq çətinləşir. Bunun əsas səbəblərindən biri işəgötürənlərin bəzi hallarda daha cavan kadrlara üstünlük verməsidir. Çünki yaşlı kadrların hamısı olmasa da, əksəriyyəti öz üzərində işləmir. Yəni 20 il qabaqkı biliyi necə idisə, elə də qalırlar. Zaman keçdikcə özlərini təkminləşdirmədikləri, habelə şərtlərin, maaş məbləğinin, tələblərin dəyişməsi nəticəsində işəgötürənlərə cəlbedici görünmürlər. Ona görə də işəgötürən daha uyğun əməkhaqqıya daha cavan kadrlar cəlb edir. Əmək bazarında 35-40 yaşdan yuxarı şəxslərin işlədiklərini müşahidə etmək mümkündür. Kifayət qədər sayda belə şəxslər var. Bacarıq və savadları da öz yerindədir. Sözügedən şəxslər işlədiyi şirkət və müəssisələr üçün lazımlı hesab olunurlar. Daha çox dövlət sektorunda onları görmək mümkündür. Özəl sektor isə daha çox 35 yaşa qədər şəxsləri özündə birləşdirir. İş elanlarında da bu limiti əlavə edirlər. Avropa və Amerika ölkələrində bu tendensiya bir o qədər də aktual deyil. Təbii ki, orada da üstünlük cavan kadrlaradır. Ancaq yaşlılar da müxtəlif vəzifələrdə rahatlıqla çalışırlar. Orada buna dair xüsusi tələb yoxdur. Əslində, belə tələblərin qoyulması əmək bazarı fəaliyyəti baxımından uyğun deyil”.

Azərbaycanda unun qiyməti artdı

Ötən ayla müqayisədə hazırda Azərbaycanda unun topdansatış qiyməti artıb. Sozcu.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Noyabrın 4-dən etibarən istehsalçılar unun qiymətini 70 qəpik artırıblar. Rəsmi məlumata görə, ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 25.95-28.20 manat aralığında dəyişir. Ötən ay bu rəqəm 25.30-27.50 manat təşkil edirdi. Hazırda ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü "SKY AGRO" Məhdud Məsuliyyətli Cəmiyyəti, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" Birgə Müəssisəsidir. Noyabrın 4-dən etibarən Azərbaycanda istehsalçılar tərəfindən unun topdansatış qiyməti aşağdakı kimi müəyyənləşib: "Dəvəçi-Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.70 manat; "ATS MİLL", "Taxıl AQRO" və "Qarabağ un" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27 manat; "Anadoluqida" və "AVETA" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.20 manat; "Azeri-Arapoğlu U.S.və T.LTD" BM-ə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 28.20 manat; "Dəvəçi-Taxıl" və "Avrora" MMC-lərə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 26.50 manat; "Gəncə Dəyirman" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.40 manat; "Bakı Taxıl Terminalı", "Hazartürk LTD", "KARAT HOLDİNQ", "Dəniz un sənayesi LTD", "Sünbül 2012", "Karmen", "Orxan UN", Xırman"MMC-lərə, eləcə də "Nadir Quliyev adına Bakı-Taxıl" ASC, "PAK-NUR" FİRMASI və "Səma" fərdi firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.10 manat; "NEON" firmasına məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.65manat; "Nural" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 27.30 manat; "SKY AGRO" MMC-yə məxsus 50 kq-lıq un kisəsinin satış qiyməti - 25.95 manat.

Pensiya alanların nəzərinə!

Noyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir

Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda vasitəçi ölkələr prosesə öz maraqları ilə yanaşır. Əgər fərqinə varmısınızsa, son dövrlərdə ümumilikdə bütün proses ikitərəfli formatda baş verir. Sozcu.az xəbər verir ki, bu fikri Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan kommunikasiyaların açılması məsələsində Rusiyanın vasitəçiliyi olmadan ikitərəfli formatda müzakirələrin olub-olmaması sualını cavablayarkən bildirib. Onun fikrincə, ikitərəfli formatda aparılan danışıqlar uğur qazanıb və bu formatda işləri davam etdirmək məqsədəuyğundur. Nazir sərhədlərin delimitasiyası üzrə komissiya rəhbərlərinin, iki ölkə liderlərinin, xarici işlər nazirlərinin son dövrlərdə baş tutmuş ikitərəfli görüşlərini xatırladaraq, ikitərəfli formatın səmərəli olduğunu vurğulayıb: “İkitərəfli format, məncə, effektiv olub və bu formatda işləməyə davam etmək lazımdır”.

Cənubi Koreya KXDR-ə cavab olaraq təlimlərə başlayır

Cənubi Koreya bu həftə Şimali Koreyanın son ballistik raket buraxılışına cavab olaraq “Hyunmoo-II” yer-yer raketləri və “Cheongung” yer-hava raketdən müdafiə sistemi ilə canlı atəş təlimləri keçirməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, təlimlər çərşənbə axşamı Şimali Koreyanın bir neçə qısa mənzilli ballistik raketi buraxmasına və cümə axşamı günü yeni “Hwasong-19” qitələrarası ballistik raketinin sınağına cavabdır. Cənubi Koreyanın “Hyunmoo-II” raketi   Ordunun Strateji Raket Komandanlığı tərəfindən idarə olunan qısa mənzilli ballistik raketdir. Ehtimal olunur ki, raketin uçuş məsafəsi 1000 kilometrə qədərdir və bu, onun Şimali Koreyanın bütün ərazisini vurmağa imkan verəcək.

Ter-Petrosyanın vəziyyəti pisləşdi

Ermənistanın birinci prezident Levon Ter-Petrosyan son iki gündə dalbadal tibb mərkəzinə getməyə məcbur olub. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məlumatında bildirilib. Məlumata görə, Levon Ter-Petrosyan dünən və bu gün İrəvandakı “Best Life” klinikasında müayinə olunub. Onun sağlamlığında problemlər olduğu bildirilir. Onu da qeyd edək ki, Levon Ter-Petrosyan ürəyindən əməliyyat olunub. Ter-Petrosyanın 79 yaşı var.

Plastik cərrahlarla bağlı araşdırma: 14 müəssisə cərimələndi

Analitik Ekspertiza Mərkəzi plastik cərrahiyyə ixtisası üzrə qeyri-qanuni fəaliyyət göstərən şəxslər barədə araşdırma və nəzarət tədbirləri görülüb. Eyni zamanda, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları da müvafiq araşdırma həyata keçirib. Sozcu.az apa-ya istinadla xəbər verir ki, ümumən 35 plandankənar (növbədənkənar) yoxlama aparılıb. 14 müəssisədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə intizam tənbeh tədbiri olaraq inzibati cərimə tətbiq edilib. Bir neçə halda fəaliyyəti aşkar olunan şəxslərin həmin müəssisələrdə fəaliyyətinə xitam verilib. Qeyd edək ki, sosial şəbəkələrdə saxta yollarla plastik cərrahiyyə şəhadətnaməsi alan tibbi işçilərinin siyahısı yayılıb və bildirilib ki, siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb.

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

ABŞ-da erkən səs verənlərin son sayı

Noyabrın 5-də ölkədə keçirilən ümumi seçkilərdə 83 milyona yaxın ABŞ vətəndaşı erkən səs verib. Sozcu.az xəbər verir ki, bu barədə Florida Universitetindən bildirilib. Universitetin ekspertlərinin hesablamalarına görə, ölkənin 82 713 594 vətəndaşı erkən səs verib - 45 milyona yaxını seçki məntəqələrində, 37.7 milyonu isə poçt vasitəsilə. Səs verənlərin 37.8 faizi Demokrat, 35.8 faizi isə Respublikaçılar Partiyasının üzvləri olub. Qalan 26.4 faiz seçici siyasi mənsubiyyəti barədə məlumat verməyib. Ən çox səs verən ştat Texas (8.9 milyon) olub. Florida (8.3 milyon) və Kaliforniya (8.1 milyon) ştatları isə sonrakı yerləri tutublar. Qeyd edək ki, ABŞ-da ümumi seçici sayı 168 milyon nəfərdir.

Rusiyanın itkiləri 702 minə yaxınlaşır

Ukrayna müharibənin 986-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 701 650 hərbçi, 9 208 ədəd tank, 18 581 ədəd zirehli döyüş maşını, 20 150 ədəd artilleriya sistemi, 1 245 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 996 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 28 278 ədəd avtomobil texnikası, 18 309 ədəd PUA, 2 631 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 587 xüsusi avadanlıq itirib.

Xaricdə təhsil alan 125 nəfərin diplomu tanınmadı

Oktyabr ayı üzrə xaricdə təhsil alan 540 nəfərin diplomu tanınıb, 125 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Sozcu.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb. Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 101, Dövlət nümunəli olmayan diplom səbəbilə 14, təhsil forması səbəbilə beş, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə bir, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbilə bir, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə bir, ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbilə bir, qısaldılmış proqram səbəbilə bir nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Ölkələr üzrə müraciətlərdə isə Ukraynadan 208, Rusiyadan 203, Türkiyədən 135, Belarusdan 41, Gürcüstandan 25, Birləşmiş Krallıqdan 12, ABŞ-dən 9, Almaniyadan 5, Qazaxıstandan 3, Çindən 3, İtaliyadan 3, Macarıstandan 3, İspaniyadan 2, İsveçdən 2, İrandan 1, Kanadadan 1, Şimali Kiprdən 1, Koreyadan 1, Latviyadan 1, Litvadan 1, Misirdən 1, Özbəkistandan 1, Pakistandan 1, Qırğızdan müraciətin olduğu müşahidə olunur. Ən çox müraciət olunan ixtisaslardan isə hüquqşünaslıq üzrə 129, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 66, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 35, biznesin idarə edilməsi üzrə 28, iqtisadiyyat üzrə 28 müraciət qeydə alınıb.

Son sorğu: Harris Trampı ciddi şəkildə qabaqlayır

Demokrat Kamala Harris son sorğuda Respublikaçı Donald Trampı 4 faiz bəndi qabaqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə PBS telekanalının NPR radioşirkəti və “Marist Pool” araşdırma şirkəti ilə birlikdə apardığı rəy sorğusunun nəticələrində qeyd olunub. Respondentlərin 51 faizi Harrisi, 47 faizi isə Trampı dəstəklədiyini bildirib. 31 oktyabr-2 noyabr tarixləri arasında 1297 nəfər arasında keçirilən sorğunun nəticələri göstərib ki, Harrisin reytinqi oktyabrın əvvəlindən bəri 2 faiz bəndi artıb. Qeyd edək ki, bu gün ABŞ-da prezident seçkiləri keçirilir.

Tramp bədbin danışdı: Məğlub ola bilərəm!

Seçkidə məğlub ola bilərəm. Sozcu.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib. “Fikirləşirəm ki, mənim ciddi üstünlüyüm var, amma məğlub da ola bilərəm. Pis şeylər baş verə bilər, amma maraqlı olacaq”, - Tramp bildirib. Onun sözlərinə görə, qalib elə seçki gecəsi məlum olacaq. Qeyd edək ki, ABŞ-da prezident seçkisi bu gün keçirilir.

İrəvan sülh müqaviləsinə dair təkliflərini Bakıya göndərdi

Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib. Sozcu.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan hazırda bu təkliflərə cavab gözləyir.

Kamala "Harris Putinin ən qorxulu yuxusudur" - Kamran Cəfərov

Kamala Harris Prezident olacaqsa Ukrayna-Rusiya müharibəsinin aqibəti necə olacaq? Strateji baxış. İlk növbədə bu müharibədə Rusiyanın səsləndirdiyi tələbləri və strateji hədəfləri xatırlayaq. 1) NATO-nun 1997-ci ildəki sərhədlərinə qayıtması(Litva, Latviya, Estoniya və Polşanın NATO-dan çıxarılması). 2) Ukraynanın neytral statusu və NATO-ya qoşulmaması barədə zəmanətin verilməsi. 3) Sanksiyaların ləğv edilməsi. 4) Rus dilinin və Donbasın statusunun Konstitusiyada əks olunması. 5) Ukraynanın demilitarizasiyası. 6) Hakimiyyətin dəyişdirilməsi. İndi gəlin təhlil edək, Rusiyanın Ukraynaya hücumu strateji hədəflərə necə təsir etdi. 1) Rusiyanın Ukraynaya hücumu nəticəsində NATO nəinki 1997-ci ilin sərhədlərinə qayıtmadı, daha da genişləndi(+Finlandiya+İsveç). 2) Rusiyanın Ukraynaya hücumu nəticəsində Ukraynanın NATO və Aİ-yə yolu qısaldı və kəskin sürətləndi. 3) Sanksiyalar məsələsini heç şərh etməyə də ehtiyac yoxdur. Deyəcəksiniz ki, Rusiya sanksiyalardan yan keçməyə öyrənib və qismən haqlı olacaqsınız. Prosesin 1-ci mərhələsində(Baydenin prezidentliyi) sanksiyaların tətbiqi mexanizmi qurulurdu, amma sanksiyaların riayət olunmasına mexanizmində yetərli boşluqlar var idi. Hal-hazırda bunun üzərində iş gedir. Mahiyyət isə ondan ibarətdir ki, Rusiya sanksiyaların ləğvini istəyirdi, nəticə də isə? Bilirsiniz. 4) İstər məişətdə, istərsə də dövlət səviyyəsində rus dili önəmini tamamilə itirməkdədir. 5) Ukrayna NATO-nun hərbi infrastrukturuna inteqrasiya etməkdədir(aviasiya və HHM daxil), bundan əlavə Ukrayna ərazisində artıq nəhəng hərbi sənaye kompleksi qurulur və Ukrayna çox ciddi silah istehsalı potensialına malik olacaq. 6) Putinin Ukraynada hakimiyyətin dəyişdirilməsi arzusu da ürəyində qaldı. Rusiyanın strateji hədəflərini və onlara çatıb çatmamağını xatırlatdıq, indi gələ Harrisin potensial qələbəsi təqdirdə müharibənin proqnozlaşdırılan gedişatına. *ABŞ-ın Ukraynaya dəstəyi zərrə qədər də azalmayacaq və ABŞ Rusiya ilə qlobal qarşıdurmanı nəinki davam etdirəcək(bunu Harrisin komandasında kimlərin yer almasını təhlil edərək görə bilərik, komandanın əsas üzvləri Rusiyaya patoloji nifrət edən adamlardır), hətta kəskin aqressivləşmək niyyətindədir. * Tam əminliklə deyirəm ki, demokratlar hətta Konqresin hər 2 palatasını uduzsalar belə, Harris Ukraynaya yardımı Konqresə qəbul etdirə biləcək, başqa sözlərlə keçən dəfəki rəzalət artıq yaşanmayacaq(bunun səbəbləri var, bu barədə ayrıca danışacağıq). * Yuxarıda qeyd etdiyimiz kimi, Harrisin komandası Rusiyanın sanksiyalardan yayınmaq mexanizmlərini məhv edilməsi üzrə işləyəcək. Bu, müharibədə ən vacib məsələlərdə biridir. Ona görə ki yaxınlarda Rusiyada faiz dərəcəsi 21%-ə qədər artıb, iqtisadiyyat ilk çatları verməyə başlayıb. İnflyasiya artır, hərbi xərcləri qarşılamaq üçün pullar çap olunur, iqtisadiyyat "quruyur". * Bir çox hərbi ekspertlər deyirlər ki, 2025-ci ildə Rusiyanı hərbi texniki rezervləri kritik minimuma çatacaq. * Son aylar ərzində Rusiya sürünərək irəliləyir. Rusiya propaqandası ABŞ-da seçkilər öncəsi bu sürünməyi şişirtməyə və informasiya dalğası yaratmağa çalışır. Reallıq isə bilirsiniz nədən ibarətdir? Bu sürətlə təkcə Donbas vilayətini tamamilə nəzarətə götürmək üçün rusiyalılara 2 il lazım olacaq. 2 il! Təsəvvür edirsiniz?  Putin hərbi-texniki baxımından, canlı qüvvədə itkilərin baxımından və iqtisadi zərər baxımından dözməyə hazırdırmı? Hazırdırmı sualı bir yana, dözə biləcəkmi? Və burda söhbət təkcə Donbas vilayətinin işğalından gedir. Müharibəyə strateji baxış, tamamilə fərqli mənzərə ortaya qoyur, emosiyassız və pafossuz.  Bizdə olan məlumata görə, Putin təsəvvür etmədiyiniz qədər fantastik məbləğdə pulları Trampın kampaniyasına yatırıb, sizcə niyə? Harrisin seçilməsi avtoritarlar üçün maksimal gücdə zəlzələ olacaq. Kamran Cəfərov, siyasi şərhçi 

Müsavat Partiyası Divanının iclası keçirilib

Noyabrın 4-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda əvvəlcə görülən işlər müzakirə olunub. Bildirilib ki, noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsi Müsavat rəhbərliyinin “Qafqazinfo” saytının partiyaya böhtan atması ilə bağlı apelyasiya şikayətini təmin etməyib. Saytın rəhbərliyi bu dəfə də məhkəmə prosesinə qatılmayıb. Bununla da yazdıqları ittihamların əsassız olduğunu etiraf etmiş olublar. Məhkəmə orqanları Müsavat rəhbərliyinin şikayətini təmin etməməklə bu böhtanların arxasında hakimiyyətin durduğunu təsdiqləyir. Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçirilməsi haqda bu günə qədər qərar verilməməsi ciddi qanun pozuntusu kimi qiymətləndirilib. Qeyd olunub ki, mövcud bələdiyyələrin səlahiyyətləri bu ilin dekabr ayının 23-də başa çatır. Seçki Məcəlləsinə əsasən növbəti bələdiyyə seçkiləri ən geci oktyabr ayının 24-dək təyin edilməli idi. Müsavat Partiyası Azərbaycan hakimiyyətindən qanunlara əməl olunmasını, vətəndaşların seçki hüququnun kobud şəkildə pozulması ilə bağlı izahat verilməsini tələb edir. Divan noyabrın 8-də saat 12:00-da Şuşanın işğaldan azad olunmasının ildönümü ilə əlaqədar İkinci Fəxri Xiyabanın ziyarət olunması haqda qərar qəbul edib. Müsavat Partiyası Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi ilə bağlı Çərçivə Konvensiyasına üzv olan ölkələrin illik iqlim konfransının (COP29) Azərbaycanda keçirilməsini dünyada və ölkədə mövcud olan ekoloji problemlərin həllində irəliləyişə nail olmaq üçün bir şans kimi kimi qiymətləndirir. Eyni zamanda təəssüflə qeyd edir ki, bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamda ölkədə ekoloji problemləri qaldırdıqdan sonra həbs olunan Nazim Bəydəmirli də daxil olmaqla, cəzaçəkmə müəssisələrində çoxlu sayda siyasi məhbus var. Yerli hüquq-müdafiə təşkilatları onların sayının 300-dən artıq olduğunu bildirir. Müsavat Partiyası günahsız insanların həbs və təqib olunmalarını yolverilməz sayır, Azərbaycan hakimiyyətindən həm də dövlətin maraqlarını nəzərə alaraq COP29 ərəfəsində bütün siyasi məhbusların azad olunmasını tələb edir. Moldovada və Gürcüstanda keçirilən seçkilər mövzusunda fikir mübadiləsi aparılıb. Moldovada Avropaya İnteqrasiya tərəfdarlarının qələbəsi müsbət hal kimi qiymətləndirilib. Sonda cari məsələlər müzakirə olunub.

Kərimov nazirlikdəki vəzifəsindən kənarlaşdırıldı

Mədəniyyət Nazirliyinin tabeliyindəki "Əsaslı Tikinti və Təchizat" MMC-nin direktoru Rüstəm Kərimov vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, şirkətə rəhbərlik Rafiq Vəliyevə həvalə olunub. Qeyd edək ki, "Əsaslı Tikinti və Təchizat" 2023-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır.

Sadıqovun əmrlərini yerinə yetirmişəm - Qurbanov

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq şöbə rəisi Məlikməmməd Qurbanov barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə keçirilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Elfanə Bayramova bildirib ki, Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən cəza cinayət işi üzrə maddələrin tələbindən 2 dəfədən çox azdır: “Təqsirləndirilən şəxs dövlətə dəyən ziyanın çox cüzi hissəsini ödəyib. Ümumi ziyan 25 456 438 manat təşkil edir. Lakin təqsirləndirilən Məlikməmməd Qurbanov 542 438 manat ödəyib. Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı şəxsin hərbi rütbəsi alınmaqla 12 il 6 ay azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə 4 il azadlıqdan məhrum edilmə hökmü çıxarıb”. İclasda təqsirləndirilən şəxs çıxış edib. M.Qurbanov deyib ki, ömrünün çox hissəsini Azərbaycan Silahlı Qüvvələrində xidmət edib: “Mən 4 il həmin vəzifədə xidmət etmişəm. Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin əmrlərini yerinə yetirmişəm. Fərqi yoxdur əmrlər şifahidir, ya yazılı. Mənə çatan pulu ziyan olaraq ödəmişəm”. Həmçinin təqsirləndirilən şəxsin vəkili Ceyhun Məmmədov çıxış edərək vurğulayıb ki, prokurorun protesti əsassızdır: “Müdafiə etdiyim şəxs özünün mənimsədiyi pulu tam olaraq ödəyib. Biz araşdırma zamanı bildirdik ki, Nəcməddin Sadıqovu çağırıb dindirmək lazımdır. O, artıq hərbçi deyil, sadə vətəndaşdır. Lakin istəyimiz təmin olunmadı. Hətta müdafiə etdiyim şəxsin cəzasının şərti olması üçün də vəsatət qaldırsaq da, vəsatət təmin edilmədi”. Proses dekabrın 2-də davam etdiriləcək.

İZ" müsahibə layihəsi: Nəsib bəy Yusifbəylinin nəvəsi Şahika Kürdəmir ilə

"İZ" müsahibə layihəsinin qonağı Azərbaycan Cümhuriyyətinin qurucularından biri, iki dönəm hökümət kabinəsinə rəhbərlik etmiş Nəsib bəy Yusifbəylinin nəvəsi Şahika xanım Kürdəmirdir.  Şahika xanım, sizinlə "İZ" müsahibə layihəsində görüşməkdən şərəf duyuruq. İsmayıl bəy Qaspıralının, Nəsib bəy Yusifbəyli və türk-müsəlman qadın hərəkatının öncüsü Şəfiqə Xanım Qaspıralının varisi olaraq sizdən məlumat almaq bizim üçün böyük şərəfdir. İnanırıq ki, sizinlə söhbətdən milli tariximizin böyük bir hissəsini təşkil edən babalarınız və nənələriniz haqqında çox vacib məlumatlar əldə edəcəyik. — Əvvəlcə özünüzü təqdim etməyinizi istərdik? Harada doğulmusunuz, təhsiliniz? Bütün "İZ" oxucularına salam və sevgilərimi göndərərək başlamaq istəyirəm. Mən Ankarada tərkibi 4 nəfərdən ibarət olan ailədə doğulmuşam. Atam Niyazi 1964, anam Nəzakət 1978, qardaşım Nəsib 2015-ci ildə rəhmətə gediblər. Təhsilimə Türk Təhsil Dərnəyi Ankara Kollecində başlayaraq məzun olmuşam. Ankara Hüquq fakultəsini bitirib, vəkillik peşəsinə başlamışam. — Şahika adı Şəfiqə xanımla bağlı bir addırmı? Sizə nənənizin adını veriblər? Tam adım Şahika Elmas Kürdəmirdir. Bu adı mənə rəhmətlik anam və atam birlikdə veriblər.  —Soyadınız “Kürdəmirdir”, bu ad haradan gəlir? Soyadımız olan "Kürdəmir" babam Nəsib bəy Yusifbəylidən nənəm Şəfiqə xanım Qaspıralının son xəbər aldığı yerdən, Azərbaycanın Kürdəmir bölgəsindən götürülüb.  —Türk dünyasına böyük xidmətlər göstərmiş ailə böyüklərinizin millətimiz üçün xidmətləri nələrdi? Hər zaman varlığı ilə qürur duyduğum atalarımın Türk dünyasına xidmətləri düşünürəm ki, hamımıza məlumdur. Babam Nəsib bəy Yusifbəyli nə qədər qısa ömürlü olsada, o günün şərtlərində, özünə inanan dostları ilə qurduğu cümhuriyyətlə türk dünyasında gerçək anlamda bir sıçrayış etmişdir. Ölkənin müstəqilliyini hədəfləmiş vətənpərvər, siyasət adamı və gerçək bir aydın olaraq bir çox ölkəyə örnək ola biləcək işlər həyata keçirmişdi. Hər kəsin bərabər hüquqlara sahib olmasını özüdə bir vəkil olaraq müdafiə etmiş, məhkəmələrin müstəqil olmasını, türk dilinin genişlənməsini hədəfləmişdi. Digər bir deyişlə Azərbaycanın müstəqilliyini hədəfləmiş bir vətənsevərdir. Dövri olaraq Təhsil, Maliyyə, Daxili İşlər və Baş nazir vəzifələrini həyata keçirmiş bir siyasət adamıdır. Digər böyük babam İsmayıl bəy Qaspıralı isə nənəm Şəfiqə xanım Qaspıralının atası olub, pedaqoq, yazar, naşir, məfkurə sahibi kırımlı düşüncə adamı idi.  Gerçək bir türk böyüklərindən olan Qaspıralı türkçülük və yeniləşmə hərəkatına öncüllük etmiş böyük bir şəxsiyyətdir. "Dildə, işdə, fikirdə birlik" şüarı ilə nə qədər uzaqgörən və əhəmiyyətli irəliləyişlər əldə etmək istəyini bildirmişdir. Qurduğu "Tərcüman" qəzeti ilə Kırım türklərini bir məfkurə ətrafında birləşdirməyə böyük səy göstərmiş, qadın haqqlarının təmin olunmasına çalışmış və qızı Şəfiqə xanımı bu ideallara uyğun olaraq cəmiyyətə örnək olaraq yetişdirmişdir.  Fərqli ləhcələrdə danışan türk millətini bir dil ətrafında birləşdirməyə çox səy göstərmişdi.  Ümumiləşdirmiş olsaq türkçülük və yeniləşmə hərəkatını özünə prinsip müəyyən etmiş Atatürklə də sıx-sıx təmasda olan bir türk böyüyü olduğu görülməkdədir.  —Türk millətinin böyük övladı və qadın öncüsü Şəfiqə xanım Qaspıralını görmüsünüzmü? Xatirələrinizdə nələr qaldı? Nənəm rəhmətlik Şəfiqə xanım Qaspıralı ile yaz tətillərində görüşə bilirdim. O İstanbulda qızının yanında yaşamaqda idi. Biz isə rəhmətlik atamın işi ilə bağlı Ankarada yaşayırdıq və həmin zamanlarda şəhərlərarası səyahət maddi səbəblərdən tez-tez olmurdu.  Onunla hər görüşümüzdə Türkiyədəki siyasi sağ-sol qarşıdurmasını vurğulayaraq, bunu edənlərin nə qədər yanlış yolda olduqlarını deyər, diqqətli olmağımızı bildirərdi.  O zaman bolşeviklərin Rusiyada hakimiyyətə gəlməsinin də analoji hərəkətlərin nəticəsi olduğunu, istədikləri nizam-intizam qurulanda ilk növbədə bu əməlləri törədənlərin aradan götürüldüyünü bildirirdi. Hər zaman çox qəşəng, diqqətli və təmiz geyinən Şəfiqə xanımın bu baxımdan mənə nümunə olduğunu deyə bilərəm. Yadımdadır, həmişə məhdud büdcəsi ilə aldığı kiçik hədiyyələrin məni çox sevindirdiyini xatırlayıram. Türkiyəyə gəldikdən sonra təhsilinə, biliyinə baxmayaraq iş tapa bilmədiyi, iki övladını təqaüdlə oxutmağı, həyatın digər çətinlikləri, rəhmətlik Nəsib bəyin acısı, yaşadığı faciə, rəhmətlik atamın çox gənc yaşlarında vəfat etməsi və saysız-hesabsız sağlamlıq problemlərindən heç vaxt gülümsəmədiyini və həmişə kədərli bir ifadəsi olduğunu xatırlayıram. Rəhmətlik atamın 54 yaşında vəfat etməsi ilə yıxıldığını, həyat bağlarının qopduğunu və sağlamlığının da geridönülməz şəkildə pozulduğunu görmüşdüm.  Xatırladığım digər bir məqam da Azərbaycandan özü kimi uşaqları ilə gələn, adlarını xatırlamadığım çoxlu ziyarətçilərin əskik olmadığı idi.  Nənəm çox işgüzar bir insan idi, davamlı olaraq yazır, oxuyur və bibimin uşaqlarının yetişdirilməsinə yardımçı olurdu.  89 yaşına qədər davam edən və çox kədərli həyatı 1975-ci ildə bitdi... Bu vəsilə ilə bir daha ruhu şad, məkanı cənnət olsun ! —Uşaqlığınızda Azərbaycandan gələn siyasi mühacirlərdən kimləri görmüsünüz? Atanızla birlikdə Azərbaycan Milliyyətçilər Dərnəyini, “Türk izi” jurnalını, “Mücahid”i təsis ediblər. Atanız Niyazi bəy həmin jurnallarda məqalələr yazırdı. Bu haqda nə demək istərdiniz? Rəhmətlik atamı 10 yaşında itirdiyim üçün başda "Türk izi" dərgisi olmaqla müxtəlif dərgilərdəki yazılarını görərdim, amma içini o zamanlar anlamırdım. Rəhmətlik atamın evimizə gələn mühacir dostları olardı. Amma mən ya qonaqların yanında olmazdım, yada ki, dərslərimlə məşğul olar və ya istirahət edərdim.  Xatırladıqlarımdan Mirzə Göygöl(bibimin həyat yoldaşı) yaxınımız idi. Çingiz Göygöl və ailəsi ilə tez-tez görüşdüyümüzü xatırlayıram.  Birdə yaddaşımda Ziyad Əbuziyya( tanınmış Seramika ustası - Alev Əbuziyyanın atası) qalmışdır. Ancaq bunu bildirməliyəm ki, atam rəhmətə gedəndən sonra gəlib-gedən olduğunu xatırlamıram. Rəhmətlik atam Ankaradakı Azərbaycan Dərnəyinin və Kırım Dərnəyinin qurucularından idi. Ancaq vəzifəsi ilə bağlı(Futbol Federasiyası Xarici Əlaqələr Şöbəsinin müdiri idi) tez-tez xaricdə olduğundan dərnəklərə kənardan maddi dəstək və fikri olaraq dəstək verməklə fəaliyyətini davam etdirmişdi. —Babanız Nəsib bəy Yusifbəyli Azərbaycan Cümhuriyyətinin qurucularından biri və iki müddət baş nazir olmuş mühüm şəxsiyyətdir. O, millətsevər olmaqla yanaşı, həm də böyük demokratdır. O, bütün həyatını Azərbaycanın gələcəyinə sərf edib. Onun şəhid olması ilə bağlı nə demək istərdiniz? Azərbaycanda onun xidmətləri yaxşı təbliğ olunurmu? Babam Nəsib bəy Yusifbəylinin gənc yaşında ölümü çox faciəlidir. Belə ki, cinayət gizli olaraq qalmış, həmçinin cəsədi tapılmamışdır. Deyilmişdir ki, bolşeviklər həyata keçirib və ya ermənilər edib və yaxud yanında daşıdığı qiymətli əşyaları almaq məqsədi ilə quldurlar edib... Bunlar hamısı şayiələrdir. Gerçəyi heç kim araşdırmamış, üstü örtülüb getmişdir.  Bu qədər böyük ölkə sevdalısı dövlət adamının kədərli sonunun olması məncə anlaşılan və qəbuledilən deyil. Təəssüf ki, gerçək budur. Rəhmət oxumaqdan başqa nə edə bilərik ki...!!! Nəsib bəy Yusifbəylinin öz ölkəsinə xidmətləri dursun kənara, adının belə rəsmi dairələrdə, tarix kitablarında yer almadığını görmək, az qala yox sayılmağa çalışıldığına şahid olmaq da mənim üçün ayrı bir üzüntü mənbəyidir.  Belə ki, Azərbaycana ziyarətim zamanı onun xidmətlərinin tanıtımına şahid olmadım. Ümid edirəm və arzulayıram ki, indi vəziyyət dəyişmiş, anılan olmuşdur.  —Şəfiqə xanım Qaspıralı türk qadınları haqqında nə düşünürdü və nələr etmək istəyirdi? Rəhmətlik nənəm Şəfiqə xanım Qaspıralı Kırım parlamentində divan üzvü, iki dönəm də millət vəkili olmuş, zamanının çox üstündə yetişdirilmiş aydın bir türk qadını idi. Özü İsmayıl bəy Qaspıralının nəşr etdirdiyi ilk türk qadın dərgisi "Aləmi-Nisvanı" çapa hazırlamışdı. Şəfiqə xanım qadınların seçmək və seçilmək hüquqlarına sahib olduğu Kırım Xalq Cümhuriyyətində keçirilmiş parlament seçkilərində seçilmiş 5 qadın millət vəkilindən biri olmuşdur.  Şəfiqə xanım Qaspıralı türk qadın hərəkatında önəmli bir rol oynamış, qadınların təhsil, iş, incəsənət, siyasət sahələrində daha aktiv olmaları üçün çalışmışdır.  Nənəm bu istiqamətdə mənimdə ən yaxşı formada və hər tərəfli formalaşmağımı, piano, balet, xarici dil və ciddi bir məslək sahibi olmağımı vurğulamışdır.  Beləliklə babam Nəsib bəy kimi vəkil olmağımla çox qürurlandığını söyləyərək təqdir etmişdir. Məni çox duyğulandıran bir məqamda uşaqları ilə qatara minib Türkiyəyə gələrkən çantasına uşaqların geyimləri və qalan bütün ailə şəkillərini qoymuş olmasıdır. Düşünün ki, o qədər varlı bir insan, Türkiyəyə sadəcə bunları gətirmişdir.  Əminəm ki, yurdunda daha çox qala bilsəydi, çox qadının önə çıxa bilməsinə örnək ola bilərdi. –Atanız Niyazi bəy Nəzakət xanım Arıklı ilə ailə həyatı qurub. Nəzakət xanımı və onun mənsub olduğu Arıklı ailəsini daha yaxından tanımaq istərdik ? Rəhmətlik atam Niyazi Kürdəmir, anam rəhmətlik Nəzakət Arıklı ilə 1944-cü ildə İstanbulda evlənmişdir. Rəhmətlik anamın atası Əli Arıklı da Qafqazdan köçmüş bir ailənin övladı idi. Anamgil 6 uşaq idilər. 4 qız, iki oğlan.  Başda dayım Qəhrəman Arıklı İstanbulda tanınmış bir iş adamı idi, qardaşlar onun himayəsində bir-birinə bağlı idilər.  Taleyin təzahürü ana tərəfimdə sadəcə anamın, mən və rəhmətlik qardaşım Nəsib olmaqla iki övladı, dayımında Tuncer, Gündüz, Ercan(tanınmış yayıncı) adlı 3 övladı var idi.  Bu bu adlarını sadaladığım ailə üzvülərinin təəssüf ki, çox gənc yaşda olmaqla həyata vəda etmişlər. Bu vəsilə ilə hamısını rəhmətlə anıram... —Siz bir dəfə Gəncədə olmusunuz. Babanızın və atanızın doğulduğu evdə. Yenidən Azərbaycanda, Gəncədə olmaq istərdinizmi? 2004-cü ildə Kırım(Baxçasaray) və Yalta, 2005-ci ildə Bakı və Gəncəyə gəldim.  Babam Nəsib bəyin evindəki o evdə atamda doğulmuş, çox duyğulu saatlar yaşadığımı xatırlayıram. Çox ağladım, hüzünləndim...!!! Atamla keçən bütün 10 illik uşaqlığım boyunca doğulduğu evlə, böyüdüldüyü İsmayıl bəy Qaspıralının təvazökar evlərindəki xatirələrini dinləməklə keçmişdir. Bu dinlədiyim uşaqlıq xatirələri sanki canlandı... Gəncədə eyni duyğu ağırlığı ilə keçmişdir. Axan çayların səsi, havadakı ətirli ağac iyisi mənə hüzn və xoşbəxtliyi birgə yaşatdığını xatırlayıram.  Təkrar bu şəhərləri ziyarət etməyi çox istəyirəm. —Öz ideyaları və xidmətləri ilə türk millətini şöhrətləndirən İsmayıl bəy Qaspıralının varisi kimi “İZ” oxucularına nə məsləhət görərdiniz? "İZ" jurnalı inanıram ki, bir çox azərbaycanlı kimi mənidə dərindən təsirləndirən, zamanında atamında fikirlərinin yer aldığı önəmli bir nəşrdi. Son olaraq "İZ" oxuyucuları birlik-bərabərlik duyğularını heç itirmədən yollarına davam etməlidirlər. Sözlərimi bitirərkən böyük türk düşünürü İsmayıl bəy Qaspıralının ölümsüzləşmiş şüarını bir daha təkrar etmək istəyirəm - "Dildə, işdə, fikirdə birlik". Bu vəsilə ilə sənə, jurnal heyətinə sevgi və salamlarımı sunar, işlərinizdə uğurlar arzulayıram. Müsahibə üçün təşəkkür edirəm Şahika xanım! Müsahibəni aldı: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi

İspaniyada qorxulu ssenari: Yeraltı avtoparkda kütləvi məzarlıq!

İspaniyada güclü yağışlardan sonra baş verən sel fəlakətində həyatını itirənlərin sayı 200-ü keçib. Valensiya bölgəsində ən azı 2 min adamın itkin düşdüyü iddia edilir. Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, İspanyanın Baş naziri Pedro Sançes daşqın bölgəsinə ümumilikdə 5 min əsgərin göndəriləcəyini açıqlayıb. Həmçinin helikopterlərin təhvil verilməsi üçün əsgərlərlə yanaşı, İspaniya donanmasının gəmisi də cəlb olunacaq. Britaniyanın "The Sun" qəzetinin məlumatına görə, İspaniyada fəlakətlə bağlı dəhşətli ssenari mümkündür. Belə ki, yeraltı dayanacaqda bütöv bir məzarlıq ola bilər. Fəlakət baş verən gün yeraltı dayanacaqda olan hadisə şahidi deyib ki, avtoparkdan çıxarmaq ona nəsib olub: "Çıxdığım zaman yeraltı parkda insanlar və 30-a yaxın avtomobil var idi. Dayanacaqdakı suyu boşaldanda nə tapacaqlarını düşünmək məni qorxudur”. Ticarət mərkəzində çalışan işçilər bildiriblər ki, daşqın günü qırmızı həyəcan səbəbindən mərkəzdə həmişəkindən az adam olub. Lakin onlar hələ də suyun altında qalan insanların sayının yüzlərlə olduğunu deyirlər.

Azərbaycanda uşaq evində qoturluq aşkarlanıb

3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığı iddia olunur. Oxu.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatda 8 uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilir. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq qeyd olunub ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub: "Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər". Sosial Xidmətlər Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, qurumun balansındakı müəssisələrdə uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyəti səhiyyə qurumları ilə əməkdaşlıq edilir.

Zaqatalada yeni doğulan körpə öldü - Rəsmi AÇIQLAMA

Zaqatalada yeni doğulan körpə ölüb. Belə ki, Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində körpə ölümü qeydə alınıb. Modern.az mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, 31.10.2024 tarixində saat 10:30-da Zaqatala rayon Yengiyan kənd sakini 2000-ci il təvəllüdlü şəxs "38-39 həftəlik hamiləlik, baş gəlişi,  dölyanı mayenin vaxtından əvvəl getməsi" diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 01.11.2024-cü il tarixində saat 03:25-də doğuş baş tutub: “Doğuş fəsadsız keçib, lakin 3500 qr çəkidə ölü döl doğulub. 02.11.2024-cü il tarixdə zahı evə yazılıb. Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq”.