Bakıdakı məşhur “Şəki” restoranı sökülür

Bakıdakı məşhur “Şəki” restoranı sökülür. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, söküntü yol tikintisinə görə plana əsasən həyata keçirilir.

Birinci sinfə qəbul: Müsahibələrdə uşaqlara bu suallar veriləcək

 Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbul uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə təşkil olunan müsahibə komissiyalarının rəyi əsasında həyata keçirilir. Bu barədə Bakı Şəhər Təhsil İdarəsinin birinci siniflərə qəbulla bağlı məlumatında qeyd olunub. Bildirilib ki, digər dildə tədris aparılan bölmə üzrə birinci siniflərə qəbul üçün müsahibə komissiyaları tərəfindən uşaqların yalnız həmin dil üzrə şifahi nitq bacarıqları yoxlanılır. Burada uşaq fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur. Qeyd edək ki, şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 3 (üç) iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi əlaqə nömrəsinə və şəxsi kabinetinə göndərilir.  

Ukrayna ilə bağlı mühüm açıqlama: yaxın iki gündə...

Yaxın iki gün ərzində Ukraynada uzunmüddətli atəşkəslə bağlı razılaşma əldə oluna bilər. Sozcu.az xəbər verir ki, bunu “Bild”ə Almaniyanın yeni kansleri Fridrix Merzə istinadən yazıb. “Mən çox ümid edirəm ki, bu həftə sonu Ukraynada atəşkəs razılaşması əldə olunacaq”, - deyə o bildirib. Merzin sözlərinə görə, üç günlük atəşkəsin 30 günə qədər uzadılması ehtimalı var. O zaman sülh sazişi üzrə danışıqlar başlaya bilər. "Mən bu təşəbbüsü qətiyyətlə dəstəkləyirəm. Onu da bilirəm ki, Fransa, Böyük Britaniya və Polşa hökumətləri bu mövqeyi bölüşürlər. Bu həftə sonu, Moskvada böyük hərbi paradla qeyd olunan gündən sonra atəşkəsə nail olmaq şansı var.", - Merz deyib. Merz vurğulayıb ki, həm Ukrayna, həm də Avropanın böyük dövlətləri bu təşəbbüsü dəstəkləyir və onunla razılaşır.

20 manatlıq şirkət necə milyonluq tenderin qalibi olur?

İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən 4 il zaman keçir. Vətəndaşların səhiyyə ilə bağlı maliyyə yükünü azaltmaq məqsədi daşıyan bu xidmət ötən müddətdə büdcəyə milyonlara başa gəlməkdədir. Bunun üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tenderlərinə nəzər salmaq kifayətdir. Tibb müəssisələrinin tibbi avadanlıqlarla təchizatı, dərman preparatlarının alınması, bir sıra cərrahi əməliyyatların icrası ilə bağlı aidiyyəti qurum tərəfindən son 4 ildə minlərlə tender keçirilib. Şirkətlərlə milyonlarla manat dəyərində müqavilələr imzalanıb. Lakin xidmətin keyfiyyəti, əlçatanlığı hələ də aşağıdır. Səbəblər isə müxtəlifdir. Onların arasında şəffaflıqla bağlı nüanslar da var. Agentliyin keçiridiyi tenderlər üzrə bağlanan müqavilələr belə deməyə əsas verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mütəmadi olaraq müsabiqələrdə eyni şirkətləri seçir. Agentlik 2023-cü ilin noyabrından 2024-cü ilin sonuna qədər uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması çərçivəsində kardiocərrahi əməliyyat xidmətlərinin icrası ilə bağlı "Bona Dea” ilə 2.264.220 manat dəyərində müqavilə imzalayıb. Bu müqavilə çərçivəsində ümumilikdə 44 tibbi xidmət göstərilib. Xidmətlərə ürək qapaqlarının təmiri və ya dəyişdirilməsi, kardiostimulyatorların implantasiyası və dəyişdirilməsi, ürəkətrafı kisənin açılması və digər tibbi prosedurlar daxil olub. 2023-cü ilin noyabrından 2024-cü ilin aparelinə qədər 95 uşaq əməliyyat olunub. Tibbi ləvazımatların satın alınmasına xərclənən milyonlara gəlincə, bu yöndə müqavilələrin dəyərləri təzadlıdır. Ötən il tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması məqsədilə “Referans Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15.526.795,63, “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti ilə 6.844.583,69, “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti ilə 4.524.565,54 manatlıq müqavilə imzalanıb. 2024-cü il ərzində angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatların satın alınması üçün “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətə 6.988.700,71, “Besan” Məhdud Məsuliyyətli Cəmiyyətə isə 3.851.874 manat ödənilib. “Paşa-K” Firması ilə eyni xidmət üzə 134.938,81, “Arash Medical Company” ilə 339.747,39, “Kripto Lab” ilə 65.806,12, “Rinara Pharma” ilə 774.767,54 manat dəyərində müqavilə imzalanıb. Satınalmaların başlama tarixi 2023-cü ilin dekabrın 25-dən 2024-cü ilin 25 dekabrına qədərdir. Bütün bu müqavilələr üzrə tenderlərin nəticələri eyni gündə - yanvarın 9-u 2024-cü ildə elan edilib. Onu da qeyd edək ki, yuxarıda adları çəkilən şirkətlər illərdir Agentliyin, eləcə də Səhiyyə Nazirliyini tenderlərinin qalibidirlər. Garant Plus MMC-yə verilən milyonlar Tenderlərin eyni şirkətlərə verilməsindən söz düşmüşkən, illərdir "Garant Plus" Məhdud Məsuliyyətli Cəmiyyət agentliyin tenderlərində bir qayda olaraq qalib elan edilir. Məsələn, ötən il göz əməliyyatlarının aparılması üçün tibbi təyinatlı vasitələrin satın alınması üçün "Garant Plus" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN: 1304411071) 1.500.000,01 manat ödənib. Ardınca şirkətlə iki müqavilə imzalanıb. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə tibbi sərfiyyat və ləvazimat mallarının satın alınması üçün şirkətə 41.505,2 manat, uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı üzrə tibbi avadanlıqların və ləvazimatların satın alınması üçün 20.355 manat ödənib. Onu da bildirək ki, şirkətin rəsmi veb səhfəsi belə yoxdur. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında şirkətin sahibi İlyaslı Həsənağa Rövşən oğludur. MMC müxtəlif illərdə vergi öhdəliklərinə əməl etmədiyi üçün cərimələnib. Milyonluq tenderlərin qalibi olan şirkətin nizamnamə kapitalı cəmi 100 manatdır. “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətlə (VÖEN: 1502350481) də agentliyin əməkdaşlığı daimidir. 2024-cü il ərzində “angioqrafiya zamanı istifadə olunan tibbi ləvazimatlar”ın satın alınması üçün “Medsol” Məhdud Məsuliyyətli Cəmiyyətə 6.988.700,71, neyrocərrahiyyə əməliyyatları zamanı istifadə olunan ləvazimatların və cihazın satın alınması üçün 2.724.876,79 manat, ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatları”n satın alınması üçün isə 2.010.610,29 manat, ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə sərfiyyat mallarının satın alınması üçün 197.063,2 manat dəyərində müqavilə imzalanıb. 2023-cü ildə isə “Medsol” MMC-yə “Yeni Klinika” tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıqların ehtiyat hissələrinin satın alınmasına görə eyni tarixlərdə MMC ilə 2.560.905,74, əlavə olaraq 9.653.665 və 371.441,62 manat dəyərində müqavilələr bağlanıb. Məlumat üçün bildirək ki, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrində MMC-nin vergi ödəyicisi kimi üç dəfə adını dəyişdiyi göstərilir. İlk adı “PAY” MMC olub. 2016-cı ildə “Alo 24”, 2021-ci ildən isə “Medsol” adlandırılır. Şirkətin qanuni təmsilçisi Salmanov Qabil Nazim oğludur. Nizamnamə kapitalı 17 milyon 975 min manatdır. Şirkətin rəsmi veb səhfəsində “Medsol”un 2013-cü ildə yaradıldığı bildirilir. Görünür, MMC “Dövlət satınalmaları” haqqında qanunun 6-cı maddəsinin 6.2.6.bəndini “nəzərə alıb”. Qanuna görə, podradçılar satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində peşəkar fəaliyyətə malik olmalıdırlar. “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyət də agentliyin ənənəvi tərəfdaşıdır. 2023-cü ilin oktyabrından 2024-cü ilin eyni dövrünədək tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədilə “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.442.822,43 dəyərində müqavilə imzalanıb. 2023-cü ilin sentyabrından 2024-cü ilin sentyabrına qədərki dövrü əhatə edən ümumprofilli müalicə müəssisələrinin faəliyyətində istifadə olunan tibbi ləvazimatlar”n satın alınması ilə bağlı müqavilənin dəyəri isə 601.562,7 manat olub. 2023-cü ilin avqustundan 2024-cü ilin eyni dövrünədək tibb müəssisələri üçün dərman vasitələrinin satın alınması yönündə müqavilə 3.280.063,11 manat təşkil edib. Xatırladaq ki, 2023-cü ildə imtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələrinin satın alınması üçün “Zeytun Pharmaceuticals” MMC (VÖEN 1701688171) ilə 7 milyon 852 min 864 manatlıq tender müqaviləsi bağlanmışdı. Əsasən metrostansiyalarda fəaliyyət göstərən “Zeytun” apteklər şəbəkəsini özündə birləşdirən “Zeytun Pharmaceuticals” MMC 9 oktyabr 2014-cü ildə təsis edilib. Nizamnamə kapitalı 4000 manat olan qurum İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi “Rəvan” futbol klubunun keçmiş vitse-prezidenti Bəhruz Şirəliyevdir. MMC-yə qarşı müxtəlif illərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozduğu üçün 40 min manatdan çox maliyyə sanksiyası tətbiq edilib, 2017-ci ildə isə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən 2 hal üzrə ümumilikdə 80.000 manat maliyyə sanksiyası alıb. Nizamnamə kapitalı 20 manat olan şirkətlə milyonluq müqavilələr Agentliyin tenderlənin qalibləri arasında nizamnamə kapitalı 20 manat olmasına baxmayaraq, milyonların həvalə ediliyi "Keşəli" (VÖEN 1600100421) kimi şirkətlər də var. Bu, MMC ilə ötən il ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı”nın icrası məqsədilə tibbi sərfiyyat və ləvazimat mallarının satın alınması üzrə 38.375,96 manat, “Şəkərli diabet xəstəliyi Dövlət Proqramı üzrə tibbi ləvazimat və sərfiyat malları”nın satın alınması üçün 5.073.881,35 manat dəyərində müqavilə bağlanıb. "Keşəli" MMC bundan əlavə ümumilikdə agentliklə daha dörd tender müqaviləsi imzalayıb. Belə ki, şirkət "Vərəmlə mübarizə proqramına əsasən dərman vasitələrinin satın alınması" tenderi üzrə 1 185 105, "İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri"nin satın alınması" tenderi üzrə 255 218, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı” üzrə dərman vasitələrinin satın alınması" tenderi üzrə 962 697, "Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Hematologiya bölməsi üçün spesifik dərman vasitələrinin satın alınması" tenderi üzrə 21 033 manatlıq tender müqavilələri bağlayıb. Layihələndirmə və təmirə 20 milyon manata yaxın pul xərclənib “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 1 saylı korpusunun əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması ilə bağlı "TFM-SMART PROJECT" MMC ilə 125.166,14, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin 7 saylı korpus və mətbəx binasının əsaslı təmiri ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması üçün "HİNAL PROJE" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 41.772, “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxsin tabeliyində olan 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması ilə bağlı “ORN Group” ilə 14.819.295,14 manat dəyərində müqavilə imzalayıb. Qeyd edək ki, 5 nömrəli Kliniki Doğum Evinin əsaslı təmiri işlərinin satın alınması üzrə açıq tender müsabiqəsi 06.06.2023-cü ildə başlayıb. Tenderin nəticəsi 26.10.2023-cü ildə elan edilib. MMC 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi-4) ünvanında yerləşən ümumi sahəsi 3303.20 kvadrat metr olan inzibati binasının əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş bir açıq tenderin də qalibi olub. Bu tenderdə isə “ORN Group” MMC Tibbi Sığorta Agentliyindən 4.144.710,67 manat məbləğində dövlət sifarişi alıb. 26.07.2022-ci il tarixində satınalma müqaviləsi bağlanıb. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından belə aydın olur ki, “ORN Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 12.03.2007-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 285 120 manat olan MMC-nin qanuni təmsilçisinin isə Bağırov Qəzənfər Füzuli oğludur. Şirkətin özünün rəsmi ünvanında isə yaranma tarixi kimi 2004-cü il göstərilib. 2008-ci ildə MMC-nin Vyanada törəməsi də təsis edilib. “ORN Group”un qarışıq podrat xidmətləri göstərdiyi irəli sürülüb. Agentliyin icarə müqavilələri də diqqət çəkir. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ünvanında yerləşən ümumi sahəsi 1709.70 m2 olan 4 mərtəbəli qeyri yaşayış binasının icarə xidmətinin satın alınması ilə bağlı “Facility Management Group” MMC ilə 587.676 AZN dəyərində müqavilə bağlanılıb. 2017-ci ildə yaradılan şirkət əmlakın idarə edilməsi xidməti təklif edir. Nizamnamə kapitalı 2534147 manatdır. Portfelinə “Zefir Mall”, “BEGOC biznes mərkəzi”, “Çinar Plaza”, “Dalğa Plaza”, “Sahil Plaza”, “Bayıl Plaza” biznes mərkəzləri, “Hillside Residence”, “Vurğun Residence”, “Roseville Residence”, “Təbriz Evləri”, “Ambassador Suites”, “Motor Village” daxildir. 2023-cü ildən şirkətin qanunu təmsilçisi Allahverdiyev İlham Allahşükür oğludur. Ondan əvvəl təmsilçilik Kamran Məmmədovda olub. Yeri gəlmişkən, müxtəlif dövrlərdə qanuni təmsilçilik bu iki şəxs arasında dəyişib. 2025-ci ilin birinci rübündə elan edilən tenderlər və bağlanan müqavilələr Bu ilin əvvvəlindən Agentlik bir neçə tender elanı verib. Bunlar server-şəbəkə kompleksinin, fərdi istifadəçilərin təhlükəsizliyini təmin edən XDR təhlükəsizlik həlli (lisenziyaların)”nin satın alınması (69.768,54 AZN), layihə idarə olunması üçün lisenziyaların satın alınması (7.048,53 AZN), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması (1 otaq), malların və mebellərin satın alınması (733.408,81 AZN), eşitmə və nitq məhdudiyyəti olan şəxslərin icbari tibbi sığorta ilə bağlı məlumatlandırılması məqsədilə jest dili ilə video çarxların hazırlanması (4.550,00 AZN), yazılı tərcümə xidmətinin satın alınması(12.976,00 AZN) ilə bağlıdır. Qeyd edək ki, tenderlər arasında 3 müsabiqə nəzarət orqanının qərarı ilə ləğv edilib. Bunlardan biri də agentliyin yeni inzibati binasının divarlarının, sütunlarının dekorativ üzlənməsi, səs izolyasiyasının olunması (1 otaq), malların və mebellərin satın alınması ilə bağlı tenderdir. Bağlanan müqavilələrə gəlincə, Bakı Metropoliteninin stansiyalarında reklam lövhələrinin çapı, montajı və quraşdırılması xidmətlərinin, müxtəlif növ lisenziyaların, “e-Tabib” mobil tətbiqinin funksional inkişafı və 1 (bir) illik texniki dəstək xidmətinin satın alınması başa çatıb. “e-Tabib” mobil tətbiqinin funksional inkişafı və 1 (bir) illik texniki dəstək xidmətinin satın alınması üçün “ALL İN One Technologies” Qapalı Səhmdar Cəmiyyəti ilə 413.295 AZN, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ilə 232.106 AZN, müxtəlif növ lisenziyaların satın alınması ilə "Buz Tech" MMC 319.767,94 AZN dəyərində müqavilə imzalanıb. Xatırladaq ki, 2024-cü ildə Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğunun auditini aparmışdı. Sənəddə bağlanılan satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqların, bir-birini təkzib edən maddələrin olduğu əksini tapırdı. Eləcə də bildirilirdi ki, dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılan və icra olunan satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə icarə qiymətləri mövcud bazar qiymətindən yüksək olur. Dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiyməti düzgün müəyyən edilmir. Eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olur. Satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilmir.Teleqraf)

KT və MRT müayinəsinin QİYMƏTİ AÇIQLANDI

KT və MRT müayinəsinin qiyməti 10-24 manat aralığında olacaq. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi Sevil Əliyeva bildirib. O qeyd edib ki, tibbi xidmətin tarifi üzrə qalan məbləğ isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən qarşılanacaq. Nümunə olaraq qeyd edək ki, ambulator tibbi xidmətlər üzrə MRT və KT müayinələrinin tarifləri nahiyədən asılı olaraq 50-120 manat arası dəyişir. 50 manat olan xidmətlərdə müştərək maliyyələşmə məbləği 10 manat, 120 manat olanlarda isə 24 manat olacaq. Qeyd edək ki, müştərək maliyyələşmə məbləği ƏDV-yə cəlb olunur. Xatırladaq ki, bir neçə gün əvvəl Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği hesabına ödəniləcək. 

Paşinyan: Ermənistan və Azərbaycan arasında müharibə olmayacaq

Ermənistan və Azərbaycan arasında müharibə yox, sülh olacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar xalqa müraciətində deyib. “Bu gün regionumuzun dinc və firavan gələcəyinə töhfə vermək imkanımız var. Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir, bu yolla irəliləyəcəyik. Bölgəmiz sülh və firavan yaşamaq haqqını qazanıb və belə də olmalıdır”, - baş nazir bildirib. Nikol Paşinyan vurğulayıb ki, bütün daxili təxribatlara və digər amillərə baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq.

Nasistlər ruslar kimi vəhşilik etməmişdi - Tarixçi

2022-ci ilin fevralında Xarkov rus işğalçıları qarşısında möhkəm dayandı və indi də mübarizəni davam etdirir. Şəhər amansızcasına atəşə tutulur, hətta nasistlər də Xarkovu belə bombalamamışdı. Sozcu.az xəbər verir ki, bu sözləri ukraynalı tarixçi Andrey Paramonov İkinci Dünya müharibəsi dövründə nasist işğalı ilə hazırkı Rusiya qoşunlarının hücumlarını müqayisə edərkən deyib. O bildirib ki, II Dünya müharibəsi illərində Qırmızı ordunun Xarkovla bağlı hər hansı strategiyası olmayıb: “Qırmızı ordu hisssələrinin şəhəri tərk etməsi səbəbindən faktiki bir neçə saatlıq döyüş oldu və oktyabrın 24-də almanlar şəhərə daxil oldu”.

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

Ermənistan və Azərbaycan sülh sazişinin imzalanması ilə bağlı danışıqları birbaşa şəkildə aparırlar, Rusiya isə artıq vasitəçi rolunu oynayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. “O vaxt Rusiya vasitəçi idi. İndi isə hesab edirik ki, Azərbaycanla birbaşa danışıqlar daha məhsuldardır”, – deyə o qeyd edib və əlavə edib ki, sülh sazişinin imzalanması ilə bağlı hələlik yeni məlumat yoxdur.

Həvva Nazim poeziyasına baxış

​Aprel ayında rusiyanın paytaxtı Moskva şəhərində​ daha bir gənc şairəmiz, Həvva Nazimin Azərbaycan Yazarlar Birliyinin Moskva bölməsinin məsul katibi, şairə Afaq Şıxlı tərəfindən rus dilinə tərcümə olunmuş "ömür keçir" adlı kitabının təqdimat mərasimi keçirildi. Xoşbəxtlikdən mənə də bu tədbirdə iştirak etmək qismət oldu. İncə duyğularla dolu dünyasını poetik düşüncəli insanlarla paylaşan hər iki şairənin birgə ərsəyə gətirdiyi kitabın işığına yığılanlar​ bədii qiraətləri ilə tədbirə bir ayrı rəng qatmışdılar. Mənim də payıma düşən məhz bu rəngli aləmi oxucu dünyasıyla paylaşmaq oldu. ​ ​ Hər bir millətin mənəvi dünyası onun ədəbiyyatıyla ölçülür. Bu üzdən qürbətdə, azərbaycan yazarlarının ədəbi fikirlərinə çıraq tutan, onların yazılarını bir dildən başqa dilə çevirərək ayrı-ayrı millətlərə tanıdan şairəmiz, Afaq xanıma minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, bu çətin və məsuliyyətli əməyindən doğan ədəbiyyat incilərinin sayı daha da artıb çoxalsın. ​ Tədbirə dəvətli olsam da H.Nazim yaradıcılığı haqda heç bir tanışlığım yox idi. Ortaq dostlar vasitəsiylə kitabın elektron variantını əldə etdim və ilk andan kitaba tutuldum. ​ Həvvanın İncə və həssas notlar üzərində şaxələnən poetik fikirlərindən doğan "Böyüdüm" adlı şeirində Azərbaycan uşaq ədəbiyyatının ən dərin kökləri yaşayır. "Daha nağıllara inanmıram mən" deyən şairə, bu şeirdə acı reallığı əks etdirməklə yanaşı, ruhən öz zəngin ədəbiyyatımızın müdrik və mübariz Həvvasıyla amansızlığı qamçılayır. Eyni zamanda uşaq ədəbiyyatından bəhrələnən məsum Həvvasının bu günün acı reallığına olan küskünlüyünü əks etdirir.  Qorxuram, "ağ qoça" minmərəm daha, Kəndirlə quyuya enmərəm daha. Qızıl almalarla dönmərəm daha, Böyüdüm, nağıla inanmıram mən! Sehirli xalçanın sehri qaldımı? Bayquşlar şahları başa saldımı? Adamlar nağıldan bir dərs aldımı? Böyüdüm, nağıla inanmıram mən! Şeirdə o qədər dərin məna var ki, həmin mənada şirin anıları olmadan böyüyən insanların uşaqlığını​ yaşamadan böyüdüyünü görürük...Diktatorluğu qaranlıq quyudakı divlər olaraq göstərən şairə, içdən-içə o divlərin qaranlığından insanlığı, mərhəməti, şəfqəti çəkib çıxara biləcək Məlikməmmədin kəndirlə qaranlığı yaracağını xəyal edir. Axı bizim ruhumuzun qidası olan xalq nağıllarının sonunda xeyir hər zaman şərə qalib gəlir. Günümüzdəki acı reallığı poetik rənglərlə bir neçə bəndlik şeirdə əks etdirən şairəmiz xeyirxahlığını ruhuna çıraq edir. Onun üsyanı şərlədir. Axı həyat axar çay kimidir, şair gözündə. O çayın axınını dəyişmək üçün qarşısını kəsən və ya çevrəsinə dəyən kirli əllər də var, nə yazıq ki...Həvva xanımın mübarizliyi o kirli əlləri kəsəcək Məlikməmməd arzuladığı kimi, həmin Məlikməmmədlərin qıtlığından olan küskünlüyü də ümidinin üstünə kölgə salır. Məsumca küsür... ​ Fəqət hər birimizin içində incə bir yaşam səbəbidir uşaqlıq yaddaşımızın bir köşəsində adı keçən sehirli Simurq quşu. O bütün qaranlıqların, ümidimizin ən parlaq nəşəsidir. Canım Həvvam, istəsək də istəməsək də bizə ərmağan edilən bu həyatı yaşamaq kimi bir məsuliyyətimiz var. O qədər çətin bir dövr yaşayırıq ki, bu da bir zaman ələyidir bəlkə. Bizlər uşaqlıq yaddaşımızın incə simlərinə köklənmiş insanlarıq. Buna görə də son zamanların bayağılaşmış zövqlər qurbanı olan insanlığın acısı içimizi inlədir. Fəqət unutmayaq ki, hər birimizin yaranma səbəbi səbəb olduqlarımızın vasitəsilə yazılır əməl dəftərinə. İnsanlıq vəzifəmizin, var oluşumuzun ən vacib ən ümdə vəzifəsi əməli salehlikdir. Bunun açarı kainatda var olan hər şeyə qarşı həssas yanaşmaq və duyğusal davranmaqdır. Nə xoşbəxt insanlarıq ki, həsassiyət və duyğusallıq kimi bir poeziya burulğanındayıq. Mən sənə və bütün qələm dostlarımla bu burulğanda böyük coşqu və təlatüm dolu yaradıcılıq uğurları arzuluyarım. ​ ​ H.Nazim yaradıcılığında mən elimizin, obamızın, dadı-duzu danağımızda qalan qədim adət-ənənələrimizin və nənələrimizin əlinin zəhmətindən yaranan nemətlərimizin bədii bir ahəngini gördüm. Onun Kəlağayı, Darıxdım, Dağlar və s. başlıqlı şeirlərini xüsusi olaraq vurğulamaq istəyirəm. Və sonda Damlacıq! "Çiliklənmiş arzuları toplamağı bitir artıq, sevgisi həyatından ağır olan qız! Çünki sən onları topladıqca damla-d amla qanayırsan, gilə- gilə əriyirsən, yavaş- yavaş bitirsən..." Əslində həyat dediyimiz şey bir damlanın içində deyilmi? ​ Həvvanın yaradıcılığıyla o qədər yaxından tanışlığım olmasa da təkcə damlacıq​ adlı şeiri özünü axtarışlı yolun içində olduğunu, eyni yolda yürüdüyümüzü göstərdi mənə. Bütöv bir həyatı dərk etmənin yoludur bir damlanın hikməti. Həvva xanıma bu yolda uğurlar diləyiylə. Reyhana Aslan

Hindistanda Azərbaycana iqtisadi boykot

Hindistanda Azərbaycan əleyhinə kütləvi boykot kampaniyası başladılıb. Sozcu.az xəbər verir ki, buna səbəb Azərbaycanın Pakistana dəstəyi olub. Hindli rəsmilər Azərbaycana səfər etməməyi və Azərbaycan malları almamağa çağırıb.  İlin əvvəlindən Azərbaycana gələn turist sayına görə Hindistan 2-ci yerdədir.

Qəzza ilə bağlı ŞOK: Bir gündə 106 nəfər...

Qəzza zolağında son 24 saat ərzində İsrailin endirdiyi zərbələr nəticəsində 106 nəfər həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi bildirib. Nazirliyin məlumatına görə, İsrailin 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olanların ümumi sayı 52 760 nəfərə çatıb, daha 119 264 nəfər yaralanıb.

AB Ukraynaya 1 milyard avro ayıracaq

Mayın 9-da Avropa İttifaqının xarici işlər nazirləri Kiyevə səfəri zamanı Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayrılacağını elan edəcəklər. Sozcu.az xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

Bakıda 21 yolda TIXAC var

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 2. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 3. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 4. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində; 5. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində; 6. Babək prospekti, mərkəz istiqamətində; 7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 9. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 10. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində; 11. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 12. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində; 13. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində; 14. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində; 15. Bakıxanov küçəsi, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişmədən "Statistika" dairəsi istiqamətində; 16. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər; 17. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 18. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 19. Zərifə Əliyeva küçəsində; 20. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində; 21. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi

Ukrayna Ali Radası bu yaxınlarda Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar haqqında imzalanmış sazişi ratifikasiya edib. Sozcu.az xəbər verir ki, 338 xalq deputatı onun “lehinə” səs verib. Beləliklə, bu gün parlament məhz İnvestisiya Fondunun yaradılmasına imkan verəcək hökumətlərarası sazişi ratifikasiya edib. Bundan əvvəl ratifikasiya parlament komitələri tərəfindən təsdiq edilib, Nazirlər Kabineti isə izahat yazısı, sazişin mətninin özü və qeydiyyat kimi zəruri sənədləri təqdim edib. Ukraynanın iqtisadiyyat nazirinin müavini və ticarət nümayəndəsi Taras Kaçka daha əvvəl izah etmişdi ki, tərəflərin daha sonra imzalayacağı iki əlavə texniki saziş var. Lakin onları Ali Radada ratifikasiya etmək lazım deyil. Ratifikasiya olunmuş sənəd ikinci mərhələyə – iki “texniki” sazişin razılaşdırılmasına yol açır. Bu barədə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya telemarafonun efirində bildirib. O, bildirib ki, ABŞ qanunvericiliyi Ukrayna ilə tərəfdaşlıq sazişinin ratifikasiyasını tələb etmir. Lakin Ukrayna parlamenti sazişi ratifikasiya etməli olub, çünki o, vergilər, rüsumlar və İnvestisiyaların Bərpası Fonduna ödənişlər məsələsini özündə ehtiva edir. D.Araxamiya ümid edir ki, artıq sabah, mayın 9-da ratifikasiya haqqında qanun layihəsi Prezident Volodimir Zelenski tərəfindən imzalanacaq.

Mask kasıb uşaqları öldürür - Bill Qeyts

"Microsoft"un qurucusu və keçmiş baş direktoru Bill Qeyts qarşıdakı 20 il ərzində bütün şəxsi sərvətini yoxsullara bağışlayacağımı açıqlayıb. Sozcu.az xəbər verir ki, o, həmçinin dünyanın ən varlı adamı, prezident Donald Tramp administrasiyasının əsas fiqurlarından biri olan İlon Maskı sərt şəkildə tənqid edib. Qeyt onu ABŞ-nin yardım büdcəsində ixtisarlar etməklə “dünyanın ən kasıb uşaqlarını” öldürməkdə günahlandırıb.

Putin Ukrayna ilə "dayandolduruma" keçib - Ekspert

Rusiyanın Moskvada keçirilən 9 May paradında başı qarışması və 3 günlük atəşkəs elanından yararlanan Ukrayna Rusiyanın ən vacib strateji obyektlərinə dron hücumları edir. Bunu həm də çəkinmədən, Rusiyanın sonradan cavab vermə ehtimalını saya almadan edir, xeyli ziyan vurur.  Ukraynaya bu əsası və bu arxayınçılığı verən nə və kimdir? Birisi haqq-ədalətdir. Həm Rusiyanın Ukraynaya qarşı haqsız işğalçı müharibəsi, həm də Kremlin keyfi və istəyən vaxt, "atəşkəs edək, bayram eliyirəm" deməsidir. İlk "dayanoldurum" tüfənglər vardı bir atımlıq, düşmənə çığırırdılar ki, "ayə atma, dayan qoy patronumu doldurum!". Putin keçib indi, Ukrayna ilə "dayandolduruma". İkincisi, Ukraynanın bu dəfə, arxayın hücumları arxasında təbii ki, çox güclü qüvvə dayanır, əks halda Kiyev bu məqamda addıma çətin getsin. Bu qüvvə isə, təbii ki, Trampın Ukraynaya ciddi və güclü üstüörtülü ABŞ dəstəyidir. Görünür ki, Tramp Putinin uzantılı oyunundan bezib, artıq. Sozcu.az-ın xəbərinə görə, bunu ekspert İlqar Altay özünün feysbuk səhifəsində yazıb. 

Müxalifət Tofiq Yaqublu üçün bir araya gəldi

Bu gün Müsavat Partiyasının qərargahında siyasi, ictimai təşkilatları, ziyalılarının bir qrupu, siyasi məhbus ailələri, ictimai fəallar artıq 38 gündür ki, qanunsuz həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun müdafiəsi üçün bir araya gəldi.  Tofiq Yaqublunun həyatını xilas etmək, siyasi məhbusların azadlğı  uğrunda mübarizənin koordinasiyasə istimamətində çıxışlar edildi, konkret təkliflər səsləndi.  Tofiq Yaqublunun və digər siyasi məhbusların azadlığı naminə birgə fəaliyyəin bundan sonra da davam etdirilməsi barədə razılıq əldə olundu.

Kartlardan oğurluq: Bu dəfə 30 mindən çox!

Vətəndaşların bank kartlarından mayın 7-də 30 min manatdan çox pul oğurlanıb.  Sozcu.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR? - Bu əlamətlər varsa...

Son günlər ölkə ərazisində bir çox vətəndaşlar yüksək hərarət, boğaz ağrısı və digər oxşar əlamətlərlə müşayiət olunan narahatlıqlardan şikayətlənirlər. Vəziyyətin geniş vüsət alması ictimaiyyətdə müəyyən narahatlıq yaradıb. Sosial şəbəkələrdə və gündəlik müşahidələrdə bu halın mövsümi qripdən daha ağır keçdiyi, hətta yeni virusun yayıldığına dair iddialar irəli sürülür. Həkim-infeksionist Aytən Ziyadova iddialarla bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, havaların dəyişkən keçməsi və temperatur fərqlərinin artması fonunda müxtəlif infeksion xəstəliklərin müşahidə edilməsi artıb: “Bu infeksiyalar həm bağırsaq sistemi, həm də üst tənəffüs yolları ilə əlaqədar ola bilər. Mövsümi keçidlər zamanı orqanizmin immun sistemi zəiflədiyindən, virus və bakteriyaların yayılması üçün əlverişli şərait yaranır. Üst tənəffüs yolu infeksiyaları arasında daha çox rast gəlinən viruslar RSV (Respirator Sinsitial Virus) və RV (Rinovirus) kimi tanınır. Bu virusların klinik əlamətləri bir-birinə oxşardır – öskürək, burun axıntısı, boğaz ağrısı, bəzən isə nəfəs darlığı ilə müşayiət oluna bilər. Xüsusilə azyaşlı uşaqlarda və yaşlılarda bu infeksiyalar daha ağır keçə bilər. Belə hallarda "qırmızı bayraq" əlamətlərinə diqqət etmək tövsiyə olunur.  Bu əlamətlərə yüksək hərarətin 38.5 dərəcədən yuxarı olması, hərarət salıcı preparatların təsirsiz qalması, dəri səpkilərinin yaranması və onların bədəndə sürətlə yayılması daxildir. Belə hallarda mütləq həkimə müraciət edilməli və laborator diaqnostika aparılmalıdır”. Həkim bildirib ki, həm uşaqlar, həm də böyüklər arasında bu dövrdə müxtəlif bağırsaq viruslarına da rast gəlinir: “Bu viruslar arasında parvovirus B19 xüsusilə qeyd olunmalıdır. Parvovirus infeksiyası əsasən dəri səpkisi və qızdırma ilə başlayır, bəzi hallarda isə ürəkbulanma, qusma və ishal ilə özünü göstərir. Bu virus uşaqlarda "beşinci xəstəlik" kimi tanınan səpkili xəstəliklərə səbəb ola bilər. Eyni zamanda, influenza (qrip) virusunun da aktiv dövrüdür. Gərgin əzələ ağrısı, baş ağrısı, halsızlıq, yüksək hərarət və bəzən ishal ilə müşahidə olunan bu infeksiya da ciddi ağırlaşmalara yol aça bilər, xüsusilə də xroniki xəstəlikləri olan şəxslərdə. İnfluenza və digər mövsümi viruslara qarşı peyvəndlənmə və gigiyenik qaydalara ciddi əməl olunması vacibdir. Havaların qeyri-sabit olduğu bu dövrdə həm uşaqların, həm də böyüklərin sağlamlığına diqqətlə yanaşmaq, immuniteti gücləndirici tədbirlər görmək və ilk əlamətlərdə tibbi yardıma müraciət etmək mühüm əhəmiyyət daşıyır”.

Sumqayıtda emalatxanada partlayış: xəsarət alan var

Sumqayıt şəhərində fəaliyyət göstərən emalatxanalardan birində partlayış olub, xəsarət alan var. Sozcu.az xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb. Məlumata görə, hadisə emalatxanadakı sobanın partlaması nəticəsində baş verib. Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Kəlbəcərədə avtomobil çaya aşdı, sürücü xəsarət aldı

Kəlbəcərədə minik maşını çaya aşıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. "Niva" markalı minik maşını idarəetmədən çıxaraq çaya aşıb. Sürücü, Kəlbəcər şəhər sakini 1985-ci il təvəllüdlü N.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1170-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 961 970 hərbçi, 10 782 ədəd tank, 22 429 ədəd zirehli döyüş maşını, 27 552 ədəd artilleriya sistemi, 1 379 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 156 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 335 ədəd helikopter, 47 604 ədəd avtomobil texnikası, 35 407 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 875 xüsusi avadanlıq itirib.

İlham Əliyev Moskva paradında iştirak etməyəcək - Təcili

Azərbaycan Prezidenti İlham Əliyev 9 May paradında iştirak üçün Moskvaya səfər etməyəcək. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. O, səfərin hansı səbəbdən baş tutmayacağı barədə məlumat verməyib.

TƏCİLİ! Pakistan Hindistanın bu ərazisini VURDU

Pakistan ordusu Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisinin sıx məskunlaşmış Punç bölgəsində yerləşən məktəbə zərbə endirib. Hadisə nəticəsində ölən və ya yaralananların dəqiq sayı hələlik məlum deyil. Sozcu.az xəbər verir ki, hadisə ilə bağlı hind mənbələri yerli mediaya məlumat veriblər. Bildirilir ki, mülki obyektlərə, xüsusilə də təhsil müəssisələrinə qarşı edilən bu hücum bölgədə gərginliyi bir qədər də artırıb. Hələlik Pakistan tərəfi insidentlə bağlı rəsmi açıqlama yaymayıb. Qeyd edək ki, Cammu və Kəşmir bölgəsi uzun illərdir Hindistan və Pakistan arasında sərhəd münaqişəsi və silahlı toqquşmaların mərkəzindədir.