Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı məlumat yaydı

Bakının Xəzər rayonunda 1 nəfəri qəsdən öldürməyə cəhd etməkdə, digər şəxsi isə qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Xəzər rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulublar.

İsraildə hərbi xidmət müddəti uzadılır

İsrailin Baş naziri Benyamin Netanyahu orduda ciddi kadr çatışmazlığı yarandığını nəzərə alaraq məcburi hərbi xidmət müddətinin uzadılmasının planlaşdırıldığını bildirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin ictimai yayımçısı "KAN" məlumat yayıb. Netanyahu bu fikirləri təhlükəsizlik kabinetinin iclasında səsləndirərək, Baş Qərargah rəisi Eyal Zamirin böhranın aradan qaldırılmayacağı təqdirdə ordunun “çökə biləcəyi” ilə bağlı xəbərdarlığına cavab olaraq hökumətin addımlar atacağını deyib. Baş nazir qeyd edib ki, Pesax (yəhudi Pasxa) bayramından sonra hərbi çağırış qanunvericiliyinə dəyişiklik edilməsi və xidmət müddətinin artırılması istiqamətində addımlar atılacaq. Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin hüquq müşavirinin ultra-pravoslav yəhudilər (haredilər) üçün hərbi xidmət tələblərinin yumşaldılmasına etirazına münasibət bildirən Netanyahu deyib: “Onun işi məsləhət verməkdir, qərarı isə biz veririk”. Nazirlər Kabinetinin katibi Yossi Fuks da bildirib ki, bayramdan dərhal sonra həm xidmət müddətinin uzadılması, həm də yeni çağırış qanununun irəli aparılması məsələsinə baxılacaq. İsrail ordusunun sözçüsü Effi Defrin isə açıqlayıb ki, hazırda orduda təxminən 15 min hərbçi çatışmır, onların 8 mini döyüşçüdür. Hərbi rəsmilər bu vəziyyəti artan əməliyyat yükü ilə izah edirlər. Bildirilir ki, Qəzzada davam edən əməliyyatlar, İran və Livana qarşı hücumlar, həmçinin İordan çayının qərb sahilində yerləşən yaşayış məntəqələrinin qorunması ordunun yükünü artırır. Rəsmilər qeyd ediblər ki, tapşırıqlar artsa da, şəxsi heyətin sayı azalır. Ultra-pravoslav yəhudilərin hərbi xidmətə cəlb olunması məsələsi isə ölkədə siyasi böhrana səbəb olub. Netanyahu hökumətinin haredi tərəfdaşları təklif olunan qanuna etiraz olaraq parlament səsvermələrini boykot edirlər. Hazırda İsraildə kişilər üçün məcburi hərbi xidmət 32 ay, qadınlar üçün isə 24 ay davam edir. Təkliflərə görə, bu müddət 36 aya qədər artırıla bilər. Bu müzakirələr İsrailin Livanın cənubunda quru əməliyyatlarını genişləndirdiyi bir dövrə təsadüf edir. Ordu Litani çayının şimalına doğru mövqelərini genişləndirməyə çalışır, eyni zamanda Livana hava zərbələri və martın 2-də Hizbullahın sərhəd hücumundan sonra başladılan quru əməliyyatları davam etdirir. Gərginlik ABŞ və İsrailin İrana qarşı birgə hücumları fonunda daha da artıb. Məlumata görə, fevralın 28-dən bəri bu hücumlar nəticəsində 1340-dan çox insan həlak olub. İran isə buna cavab olaraq İsrailə, ABŞ bazalarına və Körfəz ölkələrinə qarşı pilotsuz uçuş aparatları və raketlərlə zərbələr endirib.

Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

Budapeştdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev "X" hesabında bildirib. “Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Prezidentin köməkçisi əlavə edib.

Goranboyda qohumların mübahisəsi qanla bitdi - Yeniyetmə saxlanıldı

Goranboyda qohumların mübahisəsi onlardan birinin bıçaqlanması ilə nəticələnib. Sozcu.az-ın məlumatına görə, rayon sakini 1992-ci il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə 34 yaşlı şəxsi yaxın qohumu 2009-cu il təvəllüdlü K.Əliyev aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 34 yaşlı M.Əliyevi bıçaqlamaqda şübhəli bilinən 2009-cu il təvəllüdlü K.Əliyev saxlanılıb. Hər iki şəxsin ataları əmioğludur. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

NATO-dan Azərbaycanla bağlı MÜHÜM AÇIQLAMA

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Azərbaycanla Ermənistan arasında sülhə doğru əhəmiyyətli irəliləyişi alqışlayır. Sozcu.az xəbər verir ki, bu barədə alyansın baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında deyilir. Sənəddə avqust ayında sülh sazişinin paraflanmasının münasibətlərin normallaşması və regional təhlükəsizliyin möhkəmləndirilməsi yolunda mühüm addım olduğu vurğulanır. Bu baxımdan alyans hər iki ölkə ilə dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır. "Xüsusilə regionun Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin nəticələrini öz üzərində davamlı olaraq hiss etməsini nəzərə alaraq Cənubi Qafqaz NATO-nun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir", - sənəddə qeyd olunur. Hesabatda deyilir ki, 2025-ci il üçün Hərbi Təhsilin Təkmilləşdirilməsi Proqramı çərçivəsində Azərbaycan tərəfdaş dövlətlərlə qabaqcıl təcrübə mübadiləsini intensivləşdirib. "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində NATO 16 ölkə, o cümlədən Azərbaycanla əməkdaşlıq edir. Bundan başqa, sənəddə NATO-nun mükəmməllik mərkəzlərinin - alyansın imkanların dəstəkləmək üçün milli və çoxmillətli səviyyələrdə yaradılan təşkilatların fəaliyyətinə də diqqət ayrılıb. Bu gün 30 mükəmməllik mərkəzi NATO akkreditasiyasına malikdir, daha 5-i isə qiymətləndirmə prosesinin müxtəlif mərhələlərindədir. "NATO-nun üzvü olan bütün 32 dövlət bu ekosistemə cəlb olunub və 8 tərəfdaş ölkə də (onların sırasına Azərbaycan da daxildir) öz töhfəsini verir", - hesabatda qeyd olunub.("Report")

Ukrayna ordusu daha bir kəndi azad etdi

Ukrayna hərbçiləri Donetsk bölgəsindəki Minkovka kəndini Rusiya ordusundan təmizləməyi bacarıblar. Bu, Baxmut-Slavyansk magistral yolundakı əsas yaşayış məntəqəsidir. Sozcu.az xəbər verir ki, bu barədə “Skelya” alayı Teleqram səhifəsində məlumat yayıb. Hərbçilər Rusiya qoşununun irəliləməsinin artıq dayandırıldığını və magistral yol boyunca vəziyyətin sabitləşdiyini bildiriblər.

İran ağlabatan mövqe tutur, lakin... - Tramp

İran danışıqlar zamanı ağlabatan mövqe tutur, lakin nüvə silahları Tehran üçün qəbuledilməz olaraq qalır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. “Onlar bizimlə danışır və ağlabatan şeylər deyirlər. Və unutmayın: onların nüvə silahı ola bilməz", - deyə Amerika lideri bildirib.

İsrail hücumları: Livanda ölənlərin sayı artdı

İsrail Hərbi Hava Qüvvələrinin gün ərzində Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 33 nəfər ölüb, 90 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin X sosial şəbəkəsində bildirilib. "Hərbi eskalasiyanın başlanğıcından bəri öldürülən vətəndaşların ümumi sayı 1072 nəfərə çatıb, 2966 nəfər yaralanıb", - nazirlik bildirib. Livanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hərbi əməliyyatlar zonasında 1 049 328 nəfər evlərini tərk edib.

Salyanda VAZ yük maşını ilə toqquşdu: yaralılar var

Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Sozcu.az-ın Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı minik avtomobili "Mersedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olanlar - Salyan rayon sakinləri; 1986-cı il təvəllüdlü Ramazanov Zaur Elxan oğlu, 1981-ci il təvəllüdlü Həsənov Zamin Hilal oğlu və 1984-cü il təvəllüdlü İslamov Pərvin Siyasət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

İsrail bombalayırdı, indi də İran raket atdı

İrandan atılan ballistik raket Livanın paytaxtına düşüb. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidməti məlumat yayıb. "İsrail hərbçiləri bu qənaətə vəziyyətin qiymətləndirilməsi və silahlı qüvvələrin əldə etdiyi məlumatlar əsasında gəliblər", - məlumatda deyilib. Qeyd edək ki, İrandan atılan raketin hansı səbəbdən Beyruta düşməsinə aydınlıq gətirilməyib.

Vens Netanyahuya zəng etdi: İranla razılaşma...

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bu gün İsrail Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb və onunla ABŞ və İran arasında danışıqlara başlamaq cəhdini müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid məlumat yayıb. “Vens və Netanyahu İranla müharibəyə son qoymaq üçün mümkün razılaşmanın komponentlərini müzakirə ediblər”, - Ravid bildirib.

ABŞ və İran Türkiyə vasitəsilə danışıb - KİV

Tehran və Vaşinqton arasında gərginliyi azaltmaq üçün Misir və Türkiyə vasitəsilə xoşməramlı münasibətlərə əsaslanan mesajlar mübadiləsi aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə İranın yüksək vəzifəli rəsmilərindən biri “Əl-Cəzirə” açıqlamasında deyib.

İranın 158 gəmisini məhv etdik - Tramp

ABŞ İranın 158 gəmisini məhv edib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, İranın PUA və raket buraxılışı 90 faiz azalıb.

İran ABŞ-la əvvəlki danışıqlara qayıtmayacaq – Rəsuli

Tehran ABŞ-la hərbi əməliyyatlar başlamazdan əvvəl aparılan danışıqlar formatına qayıtmayacaq. Sozcu.az xəbər verir ki, bunu İran parlamenti sədrinin siyasi məsələlər üzrə müşaviri Əmir İbrahim Rəsuli deyib. "Amerikalıların müharibədən əvvəl yaratdığı danışıqlar formatına qayıtmayacağıq" ,- o bildirib. O, həmçinin bu həftə İran və ABŞ nümayəndələri arasında üzbəüz danışıqlar barədə xəbərləri tamamilə yalan adlandırıb.

İrana hücumlarımız davam edir - Netanyahu

Prezident Tramp inanır ki, müharibənin məqsədlərinə çatmaq üçün İsrail və ABŞ ordusunun böyük nailiyyətlərindən istifadə etmək, həyati maraqlarımızı qoruyacaq bir razılaşma əldə etmək imkanı var. Sozcu.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Bununla paralel olaraq, həm İranda, həm də Livanda hücumlarımızı davam etdiririk. Raket proqramını və nüvə proqramını metodik şəkildə dağıdırıq və Hizbullaha sərt zərbələr endirməyə davam edirik. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini məhv etdik. Hər hansı bir razılaşmada həyati maraqlarımızı qoruyacağıq”, - Netanyahu bildirib.

SEPAH ABŞ bazalarını ilk dəfə bu raketlə vurdu

SEPAH regiondakı ABŞ bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" ballistik raketlərindən istifadə olunduğunu bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. "Gerçək Vəd 4" əməliyyatı çərçivəsində həyata keçirilən 76-cı və 77-ci hücum dalğaları zamanı SEPAH regiondakı Amerika maraqlarına və bazalarına zərbələr endirmək üçün ilk dəfə bərk yanacaqlı "Zülfüqar" raketlərindən istifadə edib", - məlumatda bildirilib. Məlumata görə, raketlər ABŞ-nin "Əl-Dafra" (BƏƏ), "Viktoriya" (İraq), ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahı (Bəhreyn), "Əli əs-Salem" (Küveyt) və "Əl-Xarc" (Səudiyyə Ərəbistanı) bazalarını "uğurla vurub".

Ömrün İki Rəngi

​Al rəngli səhərtək ötən günlərim, Atalı, analı, qayğısız anlar... Uzaq üfüqlərdə uçardı ruhum, Uşaqlıq anlarım - gözəl zamanlar. ​Qayğısız yaşardım, gözümdə gülüş, Nə çörək, nə də su dərdi çəkərdim. Atamın, anamın çəkdiyi dərdi, Sən demə, özümçün mən də əkərdim. ​Qabaqda böyük bir həyatım vardı, Dünya dağılsa da, vecə almazdım. Anamın, atamın çəkdiyi dərdi, Uşaq olduğum an mən anlamazdım. ​Yetişdi ömrümün xəzan sarısı, Aynada kölgəmə baxıb üşəndim. Bir anlıq qəlbimin tutdu ağrısı: "İlahi, görəsən, bu mən, o məndim?" ​Baharlı yağışdan yağmura düşdüm, Tozlu albom kimi heç açılmadım. Gənclikdə şəfəqtək nur verən Zakir, Qocalıq nuruyla heç saçılmadım. ​Tökülən yarpaqtək seyrəldi saçım, Üzümdə qırışlar şırıma döndü. Bilmirəm nədəndir bu dərd, bu acım, Payız yetişdikdə günəşim söndü. ​Qalmışam qapıda paslı açartək, Mən həmən mənəmmi, yoxsa deyiləm? Bilmirəm cəftəmi kimlər çəkəcək, Qərib kölgə kimi, mən də sönürəm. ​ Zakir İsmayıl

Tanınmış jurnalist mənzil problemi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib

Cənab Prezident İlham Əliyev. Sizi həyat yoldaşınızla qonağ dəvət edirəm. Mən, şair-jurnalist Rəhimli Xatirə Əziz qızı (XATİRƏ ƏZİZ) Bakı şəhərində yaşayıram.   25 ildir ki, mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm. Şair-jurnalist kimi xalqımın haqq səsiyəm. Ədəbiyyat adamı kimi haqqı qələmə alıram. Mənzilim yoxdur. Ailə üzvlərimlə birgə uzun illər ərzində 39 dəfə kirayə mənzillərə köçmüşük. Kirayədə ömür yaşamaq isə çox ağrı-acılıdır, çox dözülməzdir. Neçə ildir ki, sizi, həyat yoldaşınız, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə ailə üzvlərimlə birlikdə ömür yaşadığım zirzəmiyə qonağ dəvət edirəm.  Amma çox-çox təəssüf ki, gəlmirsiniz.  Xahiş edirəm ki, budəfəki təklifimi qəbul edin, Novruz bayramında qonağımız olun. Şair-jurnalist olaraq düşünürəm ki, yəqin Azərbaycanın maddi baxımdan ən kasıb şairi olduğum üçün, ən kasıb jurnalisti olduğum üçün bizə qonağ gəlmirsiniz? Rayonlarda, qəsəbələrdə, kəndlərdə vətəndaşların qonağı olursunuz, onları ziyarət edirsiniz. Mənim ailəmin niyə qonağı olmursunuz? Prezident İlham Əliyev. Zirzəmidə sosal-iqtisadi baxımdan səfalət içində yaşadığım üçünmü bizə qonağ gəlmək istəmirsiniz?  Şair-jurnalist kimi sizdən bir daha xahiş edirəm ki, Bahar bayramı günlərində-Novruz byramında yaşadığım zirzəmiyə gəlin, bizim də qonağımız olun. Gəlişiniz əlbəttə, bizlər üçün də çox xoş olar. Böyük məmnuniyyətlə Mehriban Əliyeva ilə birgə ailə üzvlərimlə yolunuzu gözləyəcəyik. Qonağımız olsanız, ailəmlə birlikdə hansı çətinliklər içində, hansı ağrı-acılarla, hansı əzab-əziyyətin içərisində, hansı dözülməz vəziyyətdə yaşadığımızı da görərsiniz. Yəqin ki, məni də mənzillə təmin edərsiniz. Mən də sizin mənə hədiyyə edəcəyiniz mənzildə ailə üzvlərimlə birlikdə ömür yaşayaram və rahat şəkildə şair kimi, jurnalist kimi yaradıcılığımı da davam etdirərəm.  Prezident İlham Əliyev.  Bir məsələni də vurğulayım ki, Azərbaycan xalqının 80 faizi bir çox problemlərlə üz-üzə qalıb. Uzun illərdir xalqın yanında olan jurnalist kimi bu problemləri də sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya  çatdıraram. Siz də xalqın neçə ildir üzləşdiyi bir çox problemlərdən xəbardar olarsınız. Hörmətlə: şair-jurnalist XATİRƏ ƏZİZ Rəhimli

İran 21 gün ərzində nələr itirib? - Statistika

İsrail və ABŞ mənbələrinə görə, müharibənin başladığı 3 həftə ərzində 3000-dən çox təhlükəsizlik qüvvəsi öldürülüb, 48 siyasi lider qətlə yetirilib, 20 hərbi təyyarə vurulub, 1 sualtı qayıq batırılıb. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz qeyd edib. O bildirib ki, ən azı 1 F-4E, 2 F-5E, 2 Su-22M4 və Qətərin məlumatına görə, 2 Su-24MK məhv edilib: “İran Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, ölü sayı 555, yaralı sayı isə 787-dir. İran Siyasi Haqları Aktivistlərinin (HRANA) iddiasına görə isə ən azı 4765 nəfər öldürülüb. Bunların böyük əksəriyyəti yüksək rütbəli zabitlərdir. Aralarında onlarla general da var. İsrail və ABŞ-a görə İsraildə: 12 nəfər həlak olub, 11 nəfər itkin düşüb, 1473 nəfər yaralanıb. ABŞ: 13 hərbçi həlak olub, ən azı 150 nəfər yaralanıb, 3 F-15E vurulub (Dost atəşi ilə), bir F-35-ə zərər dəyib. İrana görə: ABŞ - 650 hərbçi həlak olub və ya yaralanıb”. Politoloq vurğulayıb ki, bu statistika kimin nə qədər üstün olduğunu açıq şəkildə ortaya qoyur.

Ukrayna Belqorodu vurdu: ölənlərin sayı artdı

18:42 Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, ticarət mərkəzinə endirilən zərbə nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. *** Belqorod endirilən zərbə nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

ABŞ 1 aylıq İran neftinə qoyulan sanksiyaları ləğv etdi: bir tərəfdən İranla müharibə etmək, digər tərəfdən isə sanskiyaları ləğv etmək məntiqə nə dərəcədə uyğundur? Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib. O bildirib ki, ABŞ-ın İran neftinin satışına 30 günlük lisenziyası 20 mart 2026-cı il tarixinə qədər tankerlərə yüklənmiş İran neftinin alınmasına, daşınmasına və satışına icazə verir: “ABŞ-ın İrana qarşı maliyyə sanksiyaları qüvvədə qalır və satılan neftdən əldə olunan vəsaitlər İrana yox, ABŞ Maliyyə Nazirliyinin nəzarətində olan xüsusi hesablara (eskrou-hesablar) keçiriləcək. Bu vəsaitlərin gələcəkdə (məsələn, rejim dəyişikliyindən sonra) İrana ötürülməsi mümkündür. Başqa sözlə, İran neftinin satışına 1 aylıq lisenziyanın verilməsindən sonra satılan neftdən (söhbət dənizdə olan 140 milyon barreldən gedir) İran rejimi 1 dollar da qazanmayacaq”

ABŞ və İsrail Xameneini tapa bilmir

ABŞ və İsrailin xüsusi xidmət orqanları İranın yeni ali lideri Müctəba Xameneinin yerini müəyyənləşdirməyə çalışır. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. ABŞ kəşfiyyatının məlumatlarında bir neçə iranlı məmurun ali liderlə görüş təşkil etməyə cəhd göstərdiyi, lakin bu təşəbbüslərin uğursuz olduğu bildirilir.

İran rəhbərliyində ardıcıl itkilər: ikinci dalğa başlayıb

Sozcu.az xəbər verir ki, politoloq Şahin Cəfərli İranın siyasi və hərbi rəhbərliyində baş verən son hadisələri şərh edib. Onun sözlərinə görə, Əli Laricani və “Bəsic” komandanı, general Qulamhüseyn Süleymanidən sonra “Ettelaat”ın rəhbəri İsmayıl Xətib də öldürülüb. Bu hadisələr İranın ali siyasi və hərbi elitasına qarşı həyata keçirilən hücumların ikinci dalğası kimi qiymətləndirilir. Politoloq qeyd edir ki, Əli Laricani ölkə daxilində mühüm nüfuza malik fiqur idi və sistem daxilində balans yaradan əsas şəxslərdən biri sayılırdı. Onun aradan götürülməsi, eləcə də Əli Xamenei kimi liderlərin yoxluğu rejim daxilində konsensusun qorunmasını çətinləşdirə bilər. Ekspertin fikrincə, “İranda sistem şəxslərdən asılı deyil” yanaşması reallığı tam əks etdirmir. Formal olaraq vəzifələrə yeni şəxslər təyin etmək mümkün olsa da, uzun illər ərzində formalaşmış təcrübəli siyasi və hərbi kadrları qısa müddətdə əvəz etmək olduqca çətindir. Şahin Cəfərli vurğulayır ki, İranda tez-tez “Mossad agenti” ittihamı ilə edamların həyata keçirilməsi fonunda son hadisələr Mossadın ölkə daxilində geniş kəşfiyyat imkanlarına malik olduğunu göstərir. Hətta rejimin təhlükəsizliyinə cavabdeh olan şəxslərin belə qoruna bilməməsi ciddi suallar doğurur. Politoloq hesab edir ki, müharibənin uzanması İran üçün daha ağır nəticələr vəd edir. Bu vəziyyət ABŞ üçün müəyyən iqtisadi üstünlüklər yaratsa da, İranın daxili sabitliyini ciddi şəkildə sarsıdır. Uzanan qarşıdurma İsrailə İran daxilində müxtəlif hədəflərə zərbə endirmək imkanı verir. Ekspert həmçinin xəbərdarlıq edir ki, enerji infrastrukturu hədəfə alınarsa, xüsusilə “Cənubi Pars” kimi strateji obyektlərə zərbələr İran iqtisadiyyatını çöküşə sürükləyə bilər. Bu halda dövlət maaşlarının ödənilməsində problemlər yarana və bu da geniş narazılığa səbəb ola bilər. Sonda politoloq qeyd edir ki, mövcud vəziyyətdə İran rəhbərliyində rasional düşünən qüvvələr diplomatiyaya üstünlük verməli və ABŞ-la anlaşma yollarını axtarmalıdır. Əks halda, ölkənin “süquta uğramış dövlət” vəziyyətinə düşməsi riski artır.

KİV: Vaşinqton Yaxın Şərqə minlərlə hərbçi göndərmək variantlarını nəzərdən keçirir

ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatda mümkün iştirak da daxil olmaqla, Yaxın Şərq regionuna əlavə minlərlə Amerika hərbçisinin göndərilməsi məsələsini nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Amerika tərəfi Yaxın Şərqdəki fəaliyyətləri dəstəkləmək məqsədilə minlərlə ABŞ hərbçisinin yerləşdirilməsi variantlarını təhlil edir. Nəşr qeyd edib ki, bu addım xüsusilə Birləşmiş Ştatlara Hürmüz boğazından neft tankerlərinin maneəsiz keçidinin təminində kömək edə bilər. Nəşr bildirib ki, bu planları həyata keçirmək üçün ABŞ öz hərbçilərini İran sahillərində yerləşdirməyə cəhd edə bilər. Vaşinqton administrasiyasının silahlı qüvvələrin İranın Xarq adasına mümkün göndərilməsini müzakirə etdiyi də əlavə olunub. Daha əvvəl "Axios" portalı xəbər vermişdi ki, ABŞ ölkənin xam neft ixracının 90 %-ə qədərinin keçdiyi İranın Xarq adasındakı strateji neft terminalını ələ keçirməyi planlaşdırır. Nəşr qeyd edib ki, söhbət konkret tapşırıqları yerinə yetirmək üçün kiçik xüsusi təyinatlı qrupların reydlərindən gedir. Daha sonra "The Wall Street Journal" (WSJ) qəzeti yazıb ki, Pentaqon rəhbəri Pit Heqset ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Yaxın Şərqə Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun əlavə bölmələrinin göndərilməsi ilə bağlı sorğusunu təsdiqləyib.