Tramp əsəbidir, Putinin addım atmasını gözləməkdən yorulub - Rubio

ABŞ prezidenti Donald Tramp Rusiya hakimiyyətinə qarşı səbrini itirir, çünki Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqların ləngiməsi onu narahat edir. Sozcu.az xəbər verir ki,bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio Fox News telekanalında çıxışı zamanı bildirib. Dövlət katibi qeyd edib ki, Tramp sülh razılaşmasına nail olmaq və nəhayət Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək istəyir. Lakin Rubionun sözlərinə görə, hazırda ABŞ prezidenti getdikcə daha da əsəbiləşir, çünki Vladimir Putinlə aparılan müsbət telefon danışıqları real nəticə vermir. “O, səbrini və Rusiya tərəfinin hər hansı addım atmasını gözləmə əzmini itirir”, – deyə Rubio vurğulayıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1250-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 049 250 hərbçi, 11 057 ədəd tank, 23 063 ədəd zirehli döyüş maşını, 30 822 ədəd artilleriya sistemi, 1 449 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 201 hava hücumundan müdafiə sistemi, 421 ədəd hərbi təyyarə, 340 ədəd helikopter, 56 493 ədəd avtomobil texnikası, 48 158 ədəd PUA, 3 546 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 935 xüsusi avadanlıq itirib.

İranda iki siyasi fəal edam edildi

İranda ölüm cəzasına məhkum edilən siyasi fəallar – Mehdi Həsəni və Bəhruz Ehsani İslamlu edam ediliblər. Sozcu.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. Məlumata görə, onlar bu gün səhər İran Ali Məhkəməsində cinayət işi üzrə tam mühakimə və hökmün təsdiqindən sonra asılıblar.

Britaniyalılar Rusiyanı ən böyük düşmən elan etdilər

Britaniyalıların 65%-i Rusiyanı öz ölkələrinin əsas düşməni hesab edir. Sozcu.az xəbər verir ki, bu barədə “More in Common” analitik mərkəzinin araşdırmasında deyilib. Aşardırmaya görə, britaniyalılar Rusiyadan sonra İranı (51 faiz) və Çini (33 faiz) özlərinə düşmən görürlər.

Azərbaycanda bir gündə ikinci zəlzələ oldu

10:09 Yerli vaxtla saat 5:46-da Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib. *** Zaqatala-Qax sərhədində zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 04:59-da 3.3 maqnitudalı və 17 km dərinlikdə qeydə alınıb.

Kiməm mən?

Zülmətdən yol soruşduqca, Duman ilə qovuşduqca, Bir çınqıdan alışdıqca- Səda qopdu öz içimdən: – Kiməm mən? Durulmayır, qara qanım, Nə evim var, nə ünvanım. Sıxıldıqca hər an canım- Səda qopdu öz içimdən: – Kiməm mən? Könlüm içində min qapı, Gəlmir ələ açam sapı. Odda yandırdım tamahı – Səda qopdu öz içimdən: – Kiməm mən? Əvvəl harda, son hardadı? Meşə yanır, qar dagdadı. İsmət gedir, ar dardadı – Səda qopdu öz içimdən: – Kiməm mən? Haqq arayan bir bəndəyəm, Dərd, qəm soyan bir rəndəyəm. Bilməm məndə, ya səndəyəm- Səda qopdu öz içimdən: – Kiməm mən? Zakir İsmayil

Yavan çörəklə imtahana çəkilənlər...

Zəngin ölkənin yoxslluqda üzülənləri... Yavan çörəklə imtahana çəkilənlər... Birbaşa mətləbə keçirəm. Şair-jurnalist olaraq düşünürəm ki, illərdir üzləşdiyim bir çox ədalətsizliyə, qarşılaşdığım haqsızlığa görə ana VƏTƏNi tərk etmək zamanı çatıb. Səbr kasası dolub daşır daha...  Azərbaycan adlı məmləkətin nəfiskar məmurları düzələn deyil heç vaxt... Çünki var-dövlət, milyonlar, milyardlar  yığmaqdan ac gözləri doymur... Nə vaxtadək zəngin neft-qaz ölkəsində sürünərək məşəqqət içində yaşamalıyıq? Biz kirayə daxmalarda çərləyib çürüyürük, məmurlar, vəzifəli şəxslər isə bər-bəzəkli villada lüks, komfortlu həyat yaşayırlar.  Vətəndaş kimi, şair-jurnalist kimi, ziyalı xanım kimi Azərbaycanın vəzifəli şəxslərindən, məmurlarından o qədər ədalətsizlik, o qədər haqsızlıq görürəm ki... Bu ədalətsizliyə, bu haqsızlığa etiraz olaraq qəti qərara gəlmişəm ki, ana dediyim, əziz bildiyim, çox sevdiyim doğma VƏTƏNimi tezliklə tərk edib Avropaya köçüm. Məncə çıxış yolu ancaq budur. Çünki korrupsioner, oliqarx məmurlarnan mübarizə aparmaq qətiyən mümkün olmur. Neynəyim axı, çox-çox əlacsız, çıxılmaz bir vəziyyətdəyəm. Məmurlarınsa vecinə deyil. Bir çox məmurlar, vəzifəli şəxslər neçə ildir ki, korrupsiya içində üzür. Kasıb, yoxsul XALQın sosial-iqtisadi durumu isə çox dəhşətli dərəcədə acınacaqlı gündədir. Xalq yoxsulluq girdabında əzab-əziyyət çəkir.  Pul-para, sərvət toplamaqdan gözü heç vaxt doymur bu nəfsiiti, pulpərəst məmurların... Xalq da ac-yalavac, səfalət içində, dilənçi günündə sürünə-sürünə ömür sürür... Zavallı XALQ. Niyə axı bu günlərə düşdün? Ağlamalı gününə ağlaya bilməyən XALQ... Dözülməz həyatını sakitcə seyr edən XALQ. Hüququ pozulanda, haqqı əziləndə susan Xalq.  Acı reallıq... Daha nə deyək ki...  Sözün bitdiyi andı. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

Bu ağacın dərdi nədir görəsən?

Bu ağacın dərdi nədir görəsən? Gövdəsinə xırda-xırda xal düşür. Əsə-əsə soyuqlara tələsən, yaşıllığı quraqlıqda büzüşür. Bu ağacın dərdi dərə qədərdi. Qabığından soyulubdur budağı. Ömrü solur, üstü başı kədərdi, saplağlndan qopub  düşür yarpağı. Bu ağacın təpəsindən qəm yağır, Torpağında çən bağlayır kökləri. Bu ağacın dərdi payız boydadı, Payızın da yoxdu bundan xəbəri. Bu ağacın xal-xal olan gövdəsi, yara-yara yaraların yarğanı. Ağır-ağır solğunlaşan nəfəsi, tükəndikcə soyuq alır cahanı. Bu ağaca balta çalan ağacın, yox xəbəri, öz-özünü dağlayır. Ömür adlı ötüb keçən sayğacın, əqrəbini dəmir əllə bağlayır. Bu ağacın ömrü-günü tükənir. sola-sola dərd qurudur canını. Bu ağacın dərdi dünya qədərdi, Günü doğmaz, bir də görməz danını. Bu ağacla nəfəs alan nəfəslər, nəfəs -nəfəs nəfəsləri tükətir. Ağaclara odun deyən nakəslər, odun-odun kainatı qətl edir. Bu ağacın dərdi nədir bilirsən? Yerin Göyün qan bürümüş çöhrəsi. Nəfəs verib nəfəsini dilərsən, görərsən ki, ölüm udmuş nəfəsi. Bu ağacı yol eylədim gözümə, Gecə-gündüz dayanmadan yürüdüm. Bu ağacdan yolum döndü özümə, Ah eylədim, öz ömrümə büründüm. Reyhana Aslan

Zelenski azad edilən ərazidən danışdı

Təkcə son 24 saat ərzində 51 şiddətli toqquşma olub. Ukrayna bölmələri öz mövqelərini müdafiə edir və işğalçıların hər bir üzvünün məhvi çox dəyərlidir. Sum vilayətində aktiv fəaliyyətimiz davam edir və mən Rusiya qüvvələrini tədricən sıxışdırıb çıxaran hər bir qüvvəmizə minnətdaram. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Onun sözlərinə görə, Rusiyanın Sum vilayəti ilə bağlı planını pozmaq mümkün olub, lakin bu bölgə ruslar üçün prioritet ərazilərdən biri olaraq qalır: "Bizim qüvvələrimiz ardıcıl olaraq Rusiyanın sərhəd bölgəsindən Suma dərin irəliləyiş cəhdlərinin qarşısını alır. Həmçinin biz Rusiya ərazisində əməliyyatları davam etdiririk". Qeyd edək ki, Ukrayna ordusu Sum vilayətinin Kondratyevka yaşayış məntəqəsini işğaldan azad edib.

Rusiya Ermənistandakı bazasına çox sayda hərbi texnika və sursat daşıyır...-KİV

“Gümrüdəki mənbələrimiz bildirir ki, son həftələr Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasına çoxlu sayda hərbi texnika və sursat gətirilib". Sozcu.az xəbər verir ki, bunu "Hraparak” qəzeti yazır. "Hər gün yüklə dolu bir neçə yük təyyarəsi enir. Bu əlavə silah-sursat daşınmasının məqsədinə gəlincə, Gümrüdə  bu haqda yalnız fərziyyələr dolaşır", -deyə davamında bildirən erməni nəşri Rusiya bazası ətrafında baş verənlərlə bağlı bir neçə versiya sadalayır: "Biri odur ki, Rusiya hakimiyyətinin Ermənistanı buraxmaq məsələsi ilə bağlı soyuqqanlı davranışı sadəcə görüntüdür, əslində, reallıqda ruslar müxtəlif hadisələrin baş verməsi ehtimalı qarşısında “sığortalanırlar". Üstəlik, bizə dedilər ki, Ermənistan hakimiyyətinin bundan xəbərsiz olması demək olar ki, mümkün deyil. Sadəcə olaraq, "kosmik" suverenliyə malik Ermənistan Respublikası hökumətinin bu haqda danışmağa cəsarəti çatmır", -deyə Ermənistan qəzeti vurğulayır.

İran sərhədində silahlı qarşıdurma: 1 sərhədçi öldü

Ötən gün İran-İraq sərhədində silahlı qarşıdurma olub. Sarıdaş (Sərdəşt) bölgəsində yerləşən “Ağlan” sərhəd-keçid məntəqəsində SEPAH qüvvələri ilə PJAK (PKK-nın İran qanadı) arasında silahlı toqquşma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə İran Hüquq-Müdafiə Təşkilatı yayıb. Atışma nəticəsində Miandoab (Qoşaçay) Polis Şöbəsinin zabiti Meysəm Kəbiri həlak olub, daha iki sərhədçi isə yaralanıb. Qeyd edək ki, bir neçə gün əvvəl Banə sərhəd bölgəsində də iki silahlı qarşıdurma qeydə alınıb. Nəticədə 3 polis əməkdaşı həyatını itirib , 2 nəfər isə yaralanıb.

Azərbaycanda bu ərazilərdə də yanğın başladı

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb. Sozcu.az Report-a istinadla xəbər verir ki, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb. Yanğın əsasən quru ot və kolluq ərazidədir. Hadisə yerinə FHN-nin yanğınsöndürən briqadaları cəlb edilib. Yanğının geniş əraziyə yayılmasının qarşısı almaq məqsədilə tədbirlər görülür.

Bəzi ərazilərə leysan yağır

İyulun 26-sı saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Qaxda 5, Bakıda və Abşeron yarımadası, eyni zamanda Yevlaxda 3, Gədəbəy, Daşkəsən, Naftalan, Şəki, Oğuz, Zaqatala, Tərtər, Bərdə, Qazax, Ağstafa, Şəmkir, Tovuz və Mingəçevirdə 1 mm-dir. İyulun 25-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da və Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti qeydə alınıb.

Türkiyədə 2 hərbçi qızdırmadan öldü

Türkiyədə İsgəndərun Dəniz Alay Təlim Komandanlığında ibtidai hərbi hazırlıq keçən 7 hərbçi qızdırma səbəbindən xəstəxanaya yerləşdirilib, onlardan ikisi bu gün vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, digər 5 nəfərin müalicə davam etdirilir.

HƏMAS razılığa gəlmək istəmir, liderləri də... - Tramp

HƏMAS atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığa gəlmək istəmir. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, HƏMAS liderləri təqib edilməlidirlər. Qeyd edək ki, ötən gün həm ABŞ, həm də İsrail Qətərdə HƏMAS-la danışıqlar aparan vasitəçiləri geri çağırıb.

Ruhunuz şad olsun, dövlət quran babalarımız

Bir yaz günü Kəlbəcərə gedirdim. Tərtərdən Ağdərəyə keçəndə, yolun kənarından bir az aralıda, yeni tikilən bir evin həyətində yaşlı bir kişinin böyük bir həvəslə ağac əkdiyini gördüm. Maşını saxlayıb bir müddət onu izlədim. Əlləri torpağa bulaşmışdı, amma üzündə qəribə bir rahatlıq, bir sevinc vardı. Yaxınlaşıb dedim: – İçin avand olsun, əmi. O da gülümsəyərək cavab verdi: – Çox sağ ol, bala. Keç bəri, gedək evə, qonağım ol. Təşəkkür edib, maraqla soruşdum: – Əmi, Allah sizə ömür versin, çox həvəslə ağac əkirsiniz. İnşallah, bəhrəsini görərsiniz. Ağsaqqal dayanıb mənə baxdı. Gözlərində dərin bir fikir vardı. Sakitcə dedi: – Bala, bu yurdu övladım üçün qururam. Bu ağacları da onun və onun övladları üçün əkirəm. Bax o çinarları yurdun kənarına əkirəm ki, bir neçə nəsil onların kölgəsində oturub mənim ruhuma dua etsin. O an hiss etdim ki, bu sadə ağsaqqal dediyi sözlə bir fəlsəfə, bir həyat anlamı söylədi. Onun dediklərini yazı ilə ifadə etmək çətindir. Hər sözündə bir nəsil, dərin bir məna yatırdı. Dövlət də həmin o çinar kimidir. Onu əkənlərin çox zaman ömrü kölgəsində sərinləməyə çatmaz. Amma nəsillər onun bəhrəsini görər. Bəziləri anlayar, bəziləri isə “belə ağac əkərlər? ” deyə, qınayar... Dövlətin nə olduğunu həqiqətən anlayan, onun varlığı üçün canını fəda edən insanlar bilirlər ki, bəzən qurduqları dövlətin nemətini görməyə ömürləri çatmayacaq. Bəlkə də adı onların, dadı başqalarının olacaq. Amma yenə də canla-başla qururlar o dövləti. Həyatlarını, nüfuzlarını, bəzən də ailələrini övladlarını qurban verirlər. Çünki dövlət beş illik, on illik söyüd ağacı deyil. Dövlət yüz illər, min illər üçün qurulan yurddur. Bu kişilər nə qurduqlarını çox gözəl bilirlər.  O, fədakar insanlar bilirlər ki, dövləti risqə atmadıqları üçün  cəmiyyət onları anlamayacaq, hətta bəzən daş-qalaq edəcəklər. Amma onlar yenə də "təki dövlət yaşasın" deyib, sinələrini daşların qabağına verirlər. Əbülfəz Elçibəy kimi... Bu gün anlayanlar da var, hələ düzgün başa düşməyənlər də. Amma əminəm ki, çox tezliklə bu xalq o çinarların kölgəsində oturub “ruhunuz şad olsun, biz sizi anlamamışıq, dövlət quran babalarımız” deyəcəklər. Onu da deyim ki, yol kənarında əkilən çinarları quruduğunu görüb, onların dibinə su tökməyən hər kəs, çinarların qurumasında günahkardır.   Ruhunuz şad olsun, dövlət quran babalarımız. Elşən Əlisoy, "Sozcu.az" saytının rəhbəri

Şamaxıda ana və qızını maşın vurdu

Şamaxıda magistral yolun şəhər ərazisindən keçən hissəsində yol qəzası olub. Sozcu.az xəbər verir ki, maşın yolu keçmək istəyən piyadalar 46 yaşlı Kəmalə Rəfiyeva və onun 18 yaşlı qızı Leyla Rəfizadəni vurub. Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyadalar şəhər mərkəzi xəstəxanasına çatdırılıb.

20 yaşlı oğlan kanalda batdı

Sabirabadda 20 yaşlı oğlan kanalda batıb. Sozcu.az xəbər verir ki, hadisə Qaragüney kəndində qeydə alınıb. Kənd sakini Səfərağa Musayev suvarma kanalında boğulub.  Hazırda onun axtarışları davam edir. 

Sənədi var, amma satıla bilməz – Bu torpaq elanlarına ALDANMAYIN!

“Bəzən torpaq sahələrinin qeydiyyatında və hüquqi sənədləşmələrində ciddi uyğunsuzluqlar müşahidə olunur. Bu uyğunsuzluqlar, əsasən, illər öncə aparılmış natamam və ya qeyri-dəqiq sənədləşmələrin nəticəsində meydana çıxır. Vaxtilə buraxılmış texniki qüsurlar bu gün torpaq sahələrinin yenidən araşdırılmasına və təkrar yoxlanmasına səbəb olur. Məhz bu səbəbdən bir çox vətəndaşın əlində olan torpaq sənədləri, torpağın faktiki mövcudluğu ilə uyğun gəlmir və nəticədə ciddi narazılıqlar yaranır”. Bu fikirləri Yenisabah.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib. Qeyd edib ki, bəzi hallarda kadastr sənədləri vətəndaşlara verilsə də, həmin sənədlərdə koordinatların yanlış göstərilməsi, ölçülərin qeyri-dəqiq olması və torpağın yerləşdiyi real coğrafi mövqeyin düzgün müəyyənləşdirilməməsi nəticəsində ərazilərdə 200-400 metrə qədər fərq qeydə alınır: “Bu cür uyğunsuzluqlar, əsasən, köhnə sənədlərdə daha çox müşahidə olunur. Nəticədə bir çox ərazidə torpaq sahəsi kiçik olsa da, həmin sahəyə bir neçə vətəndaşın iddiası yaranır, çünki torpağın sərhədləri bir-birinin ərazisinə düşür. Belə vəziyyətlərdə torpaq sahiblərinin hüquqları pozulur, bəzən isə bir şəxsin torpaq sahəsi həm yola, həm də qonşulara aid ərazilərə düşür.  Bu cür hallarla qarşılaşan vətəndaşlar aidiyyəti qurumlara müraciət etdikdə, onlara bildirilsə də ki, məsələ araşdırılır və uyğunsuzluq var, praktiki olaraq bu işlər illərlə uzanır və problem öz həllini tapmır. Ərazilərin yenidən ölçülməsi, kadastr xəritələrinin yenilənməsi və müvafiq hüquqi dəqiqləşdirmələrin aparılması isə kifayət qədər vaxt və resurs tələb edir”. E.Azadov vurğulayıb ki, bəzi hallarda torpaq sahələrinin koordinatları o qədər uyğunsuzluqla göstərilib ki, nəticədə həmin sahələr faktiki olaraq bir neçə kilometr sürüşmə ilə başqa bir əraziyə düşür: “Bu sürüşmə torpaq sahəsinin yolun kənarında, meyilli ərazidə və ya çətin relyefli yerdə yerləşməsinə görə daha da dəyişkən ola bilir. Belə hallarda 4-5-6 sotluq fərdi sahələrin sərhədləri bir-birinin ərazisinə qarışır, bəzən isə tamamilə digər şəxslərə məxsus torpağın üzərinə düşür. Bütün bu səbəblər nəticəsində bir çox vətəndaşlar aldıqları torpaq sahəsində ev tikmək, sənədləşmə işlərini tamamlayaraq hüquqi mülkiyyətlərini rəsmiləşdirməkdə ciddi çətinliklərlə qarşılaşırlar. Bu isə onların illərlə yığdığı vəsaiti risk altına atır, eyni zamanda sosial və hüquqi münaqişələrin yaranmasına səbəb olur”.

Məhbus azərbaycanlı alim yoxa çıxdı

Tehrada həbsdə saxlanılan İsveç-İran ikili vətəndaşı Əhmədrza Cəlali barədə 1 aydır məlumat əldə etmək mümkün olmayıb. Sozcu.az xəbər verir ki, bu haqda onun həyat yoldaşı Vida Mehranniya özünün X səhifəsində paylaşım edib. Əhmədrza barədə son dəfə 1 ay əvvəl məlumat əldqılarını deyən Mehranniya Tehran hökumətinin alimə qarşı münasibətini qeyri-insani adlandırıb: “Onun taleyi barədə suallarımz qarşısındakı bu susqunluq qəddar və qeyri-insanidir. Cavab tələb edirik: Əhməd Rza haradadır? O necədir?” Tehranın Evin həbsxanasında saxlanılan Ə.Cəlali iyunun 23-də İsrailin həbsxananın inzibati binasına zərbəsindən sonra oradan naməlum yerə köçürülüb. Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Cəlali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib. 2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən təsdiq olunub.

Universitetlərdə təhsil haqqı artırılır? - Rəsmi cavab

Təhsil haqlarının artırılması ilə bağlı hər hansı məsələ hazırda gündəmdə deyil. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, təhsil haqları Nazirlər Kabinetinin müvafiq qərarı əsasında təsdiqlənir.

Göranboyda öldürülən ana və qızının FOTOSU

Xəbər verdiyimiz kimi, Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində iki qadın - 1978-ci il təvəllüdlü İsmayılova Lalə Saleh qızı və onun anası, 1948-ci il təvəllüdlü İsmayılova Tamella Dilənçi qızı bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən Lalə İsmayılovanın 15 yaşlı S.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib. Bakupost.az qətlə yetirilən ana və qızının fotosunu təqdim edir.

Goranboyda məktəbli anasını və nənəsini öldürdü

Goranboyda iki qadın qətlə yetirilib. Sozcu.az bildirir ki, "Unikal"ın məlumatına görə, hadisə Goranboy şəhərinin Mirzə Fətəli Axundov küçəsində baş verib. İki qadın - 1978-ci il təvəllüdlü İsmayılova Lalə Saleh qızı və onun anası, 1948-ci il təvəllüdlü İsmayılova Tamella Dilənçi qızı bıçaqlanaraq qətlə yetirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qətli törədən şəxs tutulub. Belə ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı S.Abdullayev saxlanılaraq istintaqa təhvil verilib.

Sənədsiz evlərin qeydiyyata alınması hansı tikililərə aid olmayacaq? - AÇIQLAMA

Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı fərman 100 minə yaxın vətəndaşa sənədsiz evlərini qeydiyyatdan keçirmək imkanı yaradacaq. Amma sənədsiz evlərin leqallaşdırılması bəzi tikililərə şamil olunmayacaq. Belə ki, bəzi sənədsiz evlər yüksək təzyiqli qaz kəmərlərinin, neft boru xətlərinin, yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonalarında yerləşir. Həmçinin, sənədi olmayan, dövlət və ya bələdiyyə torpaqlarının zəbt olunması yolu ilə inşa edilən evlərin də qeydiyyatı mümkün deyil və bu tikililərə hüquq tanınmayacaq.  Bəs görəsən, bu evlərlə bağlı hansı addımlar atıla bilər? Sozcu.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Unikal"a açıqlamasında bildirib ki, yaxın gələcəkdə bələdiyyə və digər qurumların ayırdığı torpaqlarla bağlı problemlər öz həllini tapacaq.  Onun sözlərinə görə, ilkin mərhələdə fərman təxminən 2000-ci ilin əvvəllərinə qədər ayrılmış torpaq sahələrində tikilən evlərə şamil olunur: "Yəqin ki, növbəti mərhələdə bələdiyyə və digər təyinatlı torpaqlarla da bağlı olacaq. Bəzi ərazilər var ki, oralar qadağan olunub. Qadağan olunmuş ərazilərdə inşa olunmuş yaşayış evlərinə çıxarışların verilməsi mümkünsüzdür. O zamana qədər ki, həmin əmlak üzərindən qadağan olunma statusu götürülsün. Yəni, əmlak üzərindən hər hansı yüksək gərginlikli elektrik naqilləri və yaxud digər kommunikasiya xətləri keçirsə, onların yeri dəyişdirilərsə, bu halda əmlaklar çıxarışla təmin oluna bilər. Əks halda onlara çıxarışların verilməsi mümkün deyil. Ən böyük problemlərdən biri də neft ərazilərində tikilmiş fərdi yaşayış evləri ilə bağlıdır. Onlar neft buruqlarının ətrafında olduğuna görə bu tip ərazilər çıxarışla təmin oluna bilməyəcək. Bu da böyük sayda əmlakları özündə əks etdirir. Düşünürəm ki, gələcəkdə bununla bağlı hər hansı tədbirlər planı görülə bilər. Ya həmin əmlakların sökülməsi və yaxud çıxarış verilməsə də, vətəndaşlara yaşamaq hüququ verilərsə, yaşama hüququ bir sənəddir. Vətəndaş həmin sənədlə ən azından qeydiyyat və digər problemlərini həll edə bilər".