Bakı metrosunda ÖLÜM

Bakı metrosunun "Memar Əcəmi" stansiyasının keçidində təxminən 60-65 yaşlarında bir qadın epilepsiya tutmasından dünyasını dəyişib. Bu barədə Sozcu.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Qeyd olunub ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib.

Azərbaycanda TikTok ləğv edilir? - Gözlənilməz qərar

ABŞ-da TikTok platforması bağlanıb. Bu şəbəkənin Azərbaycanda da bağlanması çağırışlarına vaxtaşırı rast gəlinir. İctimaiyyət orada yerli tiktokçuların əxlaqa zidd hərəkət etdiyini bildirir və narazılıq edir. İndiyə kimi bir neçə tiktoker sutkalıq həbs edilib. Onlar qanunsuz çağırışlar etdikləri və əxlaqsız davranışlara yol verdikləri üçün hüquqi şəkildə cəzalandırılıblar.  Yeri gəlmişkən, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi son sorğularından birində respondentlərin 75 faizi bu sosial şəbəkə platformasının qapadılmasına razı olduğunu bildirib. Mövzunu Globalinfo.az-a şərh edən Ovqat.com saytının baş redaktoru Heydər Oğuz deyib ki, müasir çağımızda sosial şəbəkələr ən dağıdıcı silah hesab olunurlar. Onun sözlərinə görə, böyük dövlətlər bu şəbəkələr vasitəsilə insanın fitrətindən gələn ünsiyyət ehtiyacından və basdırılmış güclərindən faydalanıb, öz təsir dairələrini yaradırlar: “Bu mənada nəzarət altına ala bilmədiyin istənilən sosial şəbəkə dövlətlərin milli təhlükəsizlik probleminə çevrilə bilər. Düşmən dövlətlər həmin silahla sənin ölkənin insanlarını özünə qarşı qaldırar, böyük dağıntılara yol aça, nəticədə səni özündən asılı vəziyyətə sala bilər. ABŞ da əslində TikTok bu səbəbdən bağlamağa qərar verdi. ABŞ Senatının Kəşfiyyat Komitəsinin üzvü Marko Rubio bu faktı açıq şəkildə etiraf edərək deyib: “İllər boyu Çin Kommunist Partiyasına Amerikadakı ən məşhur proqramlardan birinə nəzarət etməyə icazə verdik, bu, təhlükəli bir uzaqgörənlik idi”. Senator bu təhlükənin qarşısını almaq üçün TikTok-un satın alınmasını istəyirdi. Çin də bununla razılaşmadığına görə, ABŞ TikTok-u qadağan etdi. Yəni demək istədiyim odur ki, TikTok-un əxlaqa zidd yayımlar etməsi, heç bir senzuraya əhəmiyyət verməməsi Vaşinqton üçün önəmli deyildi. Sadəcə, ona nəzarət edə bilmədiyindən öz ölkəsində mövcudluğunu da istəmədi”. TikTok, Telegram və s. kimi sosial şəbəkələrin ən zəruri senzuraları tətbiq etməməsinin düşünülmüş bir siyasət olduğunu bildirən Heydər Oğuz bu kimi naqis əməllərin əslində digər tətbiqlərdə də mövcud olduğunu qeyd edib:  “Sadəcə, birində daha bariz şəkildə görünür, başqalarında qismən nəzərə çarpmır. Belə əxlaqazidd qaydaların tətbiqi həmin sosial şəbəkələrin insanın fitrətindən doğan zəifliklərə uyğun şəkildə yaradılmasından irəli gəlir. Əvvəla, onu xatırladım ki, “insan” ərəbcə “ünsiyyət” sözündən irəli gəlir. Yəni bizim ilk özəlliyimiz ünsiyyətcilliyimizdir. İkinci mühüm özəlliyimiz azadlıq duyğumuzdur. Söhbət təkcə əxlaqi azadlıqdan getmir. Söhbət həm də ondan gedir ki, əxlaq qaydalarının özü belə insanın vəhşi azadlıq hissini məhdudlaşdırır. Təsadüfi deyil ki, bir çox əxlaq kodeksləri ilahi mesajlardan irəli gəlsə də, bəziləri sırf insanları istismar etmək üçün hakim rejimlər tərəfindən yaradılır. Bu da nəticə etibarilə insanların vəhşi azadlığa meylini artırır. Dünyanı idarə etmək istəyən güclər də məhz bu zəif nöqtəmizdən yapışıb bizi özünə bağlayır”. Heydər Oğuz bunun təkcə sosial şəbəkələr vasitəsilə yox, həm də bəzi ideoloji axımlar yolu ilə cəmiyyətə təlqin olunduğunu düşünür:  “Bilirsiniz ki, Avropada cinsi azlıqlar, qeyri-ənənəvi ailə münasibətləri insan hüquqları adı ilə cəmiyyətlərə sırınır və onların hüquqları ən yüksək səviyyədə qorunur. Bu da yeri gələndə klassik əxlaqa zidd hadisədir. Milli əxlaqları ortadan qaldırıb, onun yerinə vəhşi azadlıq təmayülləri gətirmək çinli, abş-lı bütün imperialist qüvvələrin başlıca siyasətləridir. TikTok-la bağlı ABŞ və Çin arasında çıxan qalmaqal da əslində bu imperialist silaha sahiblənmək uğrunda gedir”. Əxlaq və mədəniyyətimizi qorumağımızın əsas vəzifəmiz olduğunu bildirən H.Oğuz dünyada gedən qlobal dəyişikliklərdən də geri qala bilməyəcəyimizə inanır:  “Odur ki, bu cür sosial şəbəkələri bağlaya bilmərik. Əks halda bütün innovativ yeniliklərə qapımızı bağlamış olarıq. Nəticədə inkişaf tempimizi itirərik. ABŞ ona görə TikTok-u bağlaya bilir ki, onun yerinə özü nəsə yarada biləcəyini düşünür. Bəlkə də TikTok-la rəqabətdə ondan daha tərbiyəsiz və qayda-qanun tanımaz sosial şəbəkə meydana gətirəcək. Bizim isə belə şansımız yoxdur, hətta olsa belə, yaradacağımız həmin silah cəmiyyətimizin mental dəyərlərini qorumayacaq. Sadəcə biz də nəzəri olaraq başqa dövlətlərə təsir gücü qazana bilərik”.

ABŞ səfirliyi Şuşada mina partlaması ilə bağlı paylaşım etdi

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün Şuşada baş verən mina partlayışı barədə məlumat yayıb. Sozcu.az xəbər verir ki, bununla bağlı səfirliyin "X" hesabında paylaşım edilib. "Bu gün mina partlaması nəticəsində ANAMA əməkdaşının xəsarət alması xəbəri bizi kədərləndirdi. Birləşmiş Ştatlar ölkəni minalardan təmizləmək səylərində Azərbaycana dəstək vermək öhdəliyində qətiyyətlidir. Bütün mina qurbanlarının və onların ailələrinin kədərini bölüşürük", - məlumatda bildirilib. Qeyd edək ki, aprelin 27-də ANAMA-nın əməkdaşı, 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Sozcu.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlar məntəqəsində suyun səviyyəsi 2 santimetr azalıb, Kürəkçay-Toğana, Gəncəçay-Zurnabad və Əsrikçay-Əsrik Cırdaxan məntəqələrində isə dəyişməyib. Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Həkəriçay-Balasoltanlı, Zabuxçay-Bozlu məntəqələrində suyun səviyyəsi 2, Tərtərçay-Vəngdə 1 santimetr artıb. Bərgüşadçay-Əliquluuşağı, Bəsitçay-Rəzdərədə və Tutqunçay-Comərddə suyun səviyyəsi 1 santimetr azalıb, Tərtərçay-Kəlbəcər məntəqəsində isə dəyişiklik müşahidə olunmayıb. Lənkəran-Astara bölgəsindən axan Təngərüdçay-Vaqo və Lənkərançay-Sifidor məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Gilançay-Nürgüt məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb, Naxçıvançay-Qarababa, Əlincəçay-Ərəfsə məntəqələrində isə suyun səviyyəsi dəyişməyib. Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi saniyədə 498 kubmetr qeydə alınıb ki, bu da ongünlük normanın 70 faiz təşkil edir. Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb və su sərfi 148 kubmetr/saniyə olub. Bu da ongünlük normanın 83 faizinə bərabərdir. Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 5 santimetr azalıb, su sərfi saniyədə 279 kubmetr təşkil edib. Bu da ongünlük normanın 34 faizini təşkil edir. Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10, Kür-Salyanda 1, Kür-Bankədə isə 3 santimetr azalıb.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 794-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 465 054 hərbçi, 7 268 ədəd tank, 13 971 ədəd zirehli döyüş maşını, 11 905 ədəd artilleriya sistemi, 1 049 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 775 hava hücumundan müdafiə sistemi, 348 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 019 ədəd avtomobil texnikası, 9 485 ədəd PUA, 2 124 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 1 968 xüsusi avadanlıq itirib.

"Dövlət orqanlarına girib, hər kəsi güllələmək istəyirdim"

Deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində DİN-in əməliyyat qrupunda iştirak edən əməkdaşı ifadə verib. "Rəşad Əhmədovun psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra dərhal mənim rəhbərlik etdiyim əməliyyat qrupu yaradıldı. 2023-cü il aprelin 14-də Ələt qəsəbəsində əməliyyat keçirdik, Rəşad Əhmədov şübhəli şəxs qismində saxlanıldı", - o bildirib. Daha sonra hakim işdə olan sənədlərin tədqiqi mərhələsinə başlanıldığını elan edib. Azər Səricanov deyib ki, Fazil Mustafanı cəzalandırmaq istəyiblər: "Fazil Mustafanın dini çıxışlarına etiraz edib, buna görə də onu cəzalandırmaq istəyirdik. Sonra başqa dövlət orqanlarına da silahla girib, hər kəsi güllələmək istəyirdim". Sonra onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib. Azər Səricanov 2 iyun 2023-cü il tarixdə istintaqa verdiyi ifadəsində bildirib ki, Rəşad Əhmədovu 2023-cü ildə tanıyıb: "Rəşada kərə yağı sata biləcəyimi söylədim, razılaşandan sonra hər 10-15 gündən bir 15-20 kiloqram çəkidə kərə yağı vermişdim. Bu münasibətlərlə bağlı əlaqələrimiz daha da yaxşılaşıb. Təxminən 2023-cü ilin yanvar ayında Rəşadla söhbət edən zaman sərhədyanı ərazilərdə əsgərlikdə olduğunu dedi. Ondan həmin əraziləri yaxşı tanıyıb-tanımadığını soruşdum. O da yaxşı tanıdığını söylədi. Rəşada lazım olsa, sərhəddən qeyri-qanuni yollarla İrana adam keçirə bilib-bilməyəcəyini soruşdum. Rəşad da mənim üçün bunu edə biləcəyini bildirdi. Nə üçün bunu soruşduğumu maraqlandıqda ona həmin vaxt heç nə demədim". A.Səricanov həmçinin istintaqda deyib ki, həmin zaman da Fazil Mustafaya qarşı terror aktı törətmək üçün plan qurmaqla məşğul olub. Bununla əlaqədar, Rəşad Əhmədova Fazil Mustafa ilə bağlı sosial şəbəkələrdə olan paylaşımları tapmasını və özündə fikir formalaşdırılmasını tapşırıb. Onun sözlərinə görə, görüşlərində Fazil Mustafa ilə bağlı danışanda Rəşad özü də onun fikirləri ilə razılaşmadığını bildirib: "Əsas məqsədim Rəşadda Fazil Mustafaya qarşı nifrət və kin oyatmaq olub. Daha sonra həmin ərəfələrdə Rəşada açıq olaraq Fazil Mustafanı cəzalandırmaq niyyətində olduğumu açıqladım. O özünün Valeh adlı uşaqlıq dostunun İranda “Hüseyniyyun” təşkilatı ilə əlaqəsinin olduğunu bildirdi. Mən də Fazil Mustafaya qarşı sui-qəsd törətmək fikrimin olduğunu, bu cinayətdə iştirak edən şəxslərin İranda himayə olunması üçün Rəşada Valehlə gedib danışmasını və bu işdə iştirak edə biləcək adamları Rəşadın qeyri-qanuni yollarla İrana keçirməsini istədim. Rəşad da Fazil Mustafaya qarşı həyata keçirilməli olan sui-qəsddə iştirak edən adamları qeyri-qanuni yollarla İrana keçirməyinə və İrana gedib Valehlə bu məsələni danışacağına söz verdi". Məhkəmənin növbəti iclası mayın 10-a təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Azərbaycanda zərərlə işləyən zavod BAĞLANIR

“Qazax Konserv Zavodu” ASC bağlanır.  Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, yığıncağın iyunun 10-da keçirilməsi planlaşdırılan illik yığıncağında müzakirə ediləcək. Səhmdarların ümumi yığıncağında, həmçinin aşağıdakı məsələlər müzakirə ediləcək: - 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi. - Cəmiyyətin ləğvi. - Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi. - Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər. - Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər. Xatırladaq ki, "Qazax Konserv Zavodu” 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1 158 572 milyon manatdır. “Azərsun Holdinq” MMC-yə məxsus müəssissə son illər zərərlə işləyir. 

Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü

Bakıda qadın intihar edib. Sozcu.az xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. 35 yaşlı Y.B. yaşadığı evin həyətindəki ağacdan özünü asaraq, həyatına son qoyub. Qadının ailədaxili mübahisələrdən bezərək özünü öldürməsi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək. (Lent.az)

Aprelin sonuncu bazar günü hava yenə isti olacaq

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

ABŞ Ukrayna üçün 6 milyardlıq silah sifariş edir

ABŞ Ukraynaya 6 milyard dollar dəyərində hərbi yardım paketini tamamlayıb və bu gün elan edə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” ABŞ dövlət qurumlarındakı mənbələrə istinadən məlumat yayıb. “Paket Ukrayna üçün yeni silah və sursatların istehsalı üçün Amerika şirkətləri ilə müqavilələri əks etdirir. Bu baxımdan sözügedən yardım partiyaları gecikə, hətta proses bir neçə il çəkə bilər. Vaşinqton Kiyev üçün “Patriot” raketləri, PUA-lar, dronlarla mübarizə vasitələri, eləcə də Ukrayna təyyarələri üçün “hava-hava” tipli raketlər sifariş edir. Sifarişlərə ödəniləcək 6 milyard dollar Ukrayna üçün təsdiqlənmiş 61 milyard dollarlıq yardım paketindən götürüləcək. Sadalanan silah və sursat növləri ilə yanaşı, Ukrayna üçün əks-akkumulyator radarları, artilleriya, taktiki maşınlar və dəqiq idarə olunan sursatlar sifariş ediləcək”, - mənbə bildirib.

Pomidor turşusundan zəhərlənən şəxs öldü

Aprelin 15-də saat 10:15-də Zaqatala rayon sakini Murad Ramazan oğlu Ramazanov “Botulizm (turşu) zəhərlənməsi” diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə daxil olub. Baş Prokurorluqdan Sozcu.az-a verilən məlumata görə, Zaqatala rayon sakini aprelin 25-də saat 23:00 radələrində müalicə aldığı xəstəxananın Toksikologiya şöbəsində vəfat edib. İlkin araşdırma zamanı müəyyən edilib ki, M.Ramazanov pomidor turşusu yedikdən sonra özünü narahat hiss etdiyi üçün xəstəxanaya müraciət edib. Araşdırma aparılır.

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Yayılan xəritəyə əsasən, Kirants istiqamətində yolun, xüsusən də körpünün bir hissəsi Azərbaycanın nəzarəti altında olacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. “Dünən səhər saatlarında bəzi kənd sakinləri körpüdə avtomobil görüblər. Sakinlərdən biri bildirdi ki, kənddə ağır texnika da peyda olub. Bu da artıq mövqelərin söküntüsü prosesinə başlanıldığını göstərir”, - nəşr bildirib.

Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yeni faktlar - VİDEO

Bir neçə gün öncə odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda dəfn edilib. Dəfndən sonra mərhumun yaşadığı evində yas mərasimi keçirilib. Sozcu.az xəbər verir ki, yasda iştirak edən Musavat.com-un əməkdaşlarının məlumatına görə, sabiq baş pediatrın yas mərasimində xanımı və övladları iştirak etməyib.

Bakı və İrəvan arasında yeni razılıq: Tarixi tezliklə açıqlanacaq

Qazaxıstanın təklif etdiyi Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mümkün görüşün tarixi razılıq əldə olunan kimi elan ediləcək. Sozcu.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib. “Ermənistan həqiqətən Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə yönəlmiş vasitəçilik səylərini və ya danışıqlar platformalarını nəzərdən keçirir, fundamental prinsipləri və qarşılıqlı razılaşdırılmış sənədləri, o cümlədən Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasında qarşılıqlı tanınma prosesini dəstəkləyir”, - deyə o qeyd edib. Yada salaq, Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl bəyan etmişdi ki, Bakı Qazaxıstanda görüşə razıdır.

Məktəb və bağçalarda yaz tətili başlayır - Tarix AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarında və ibtidai siniflərində əlavə yaz tətili başlanır. Bu barədə Sozcu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, tətildən sonra ilk dərs günü mayın 6-da olacaq.

Rusiya NATO ilə müharibəni uduzacaq - Sikorski

Rusiya NATO üzvü olan hər hansı dövlətə hücum edərsə, mütləq məğlub olacaq. Sozcu.az xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski deyib. "Alyans Rusiyadan üç dəfə çox hərbi personala, üç dəfə çox hava resursuna və dörd dəfə çox gəmiyə malikdir. Birinci səfərbərlik dalğasından sonra Rusiyada 1 milyon 300 mindən bir qədər çox hərbi qulluqçu oldu. NATO-nun hərbi personalı əlavə səfərbərlik olmadan 3,5 milyondan çoxdur. NATO və AB ölkələrinin nominal ÜDM-i 45 trilyon dollardan çoxdur. Rusiya və Belarusun ümumi ÜDM-i cəmi 2,2 trilyon ABŞ dolları, yəni 20 dəfə azdır”, - o bildirib.

Bakıda narkotik satışının yeni forması - Divarlara ünvan yazırlar

“Çox dəhşətli bir məsələ var. Bakının küçələrində divarlarda, qarajların üzərində naməlum Teleqram kanallarının ünvanı yazılır. Sən demə məlum olub ki, bu kanallar narkotik vasitə satışının təşkili üçündür. Elə bir sistem qurulub ki, bu kanallar vasitəsilə satıcını görmədən narkotik vasitələr əldə etmək olur. Belə yazılar yavaş-yavaş məktəblərə yaxın yerlərdə də peyda olmağa başlayıb”. Sozcu.az xəbər verir ki, bunu bloger Fərid Pərdəşunas öz sosial şəbəkə hesabında yazıb. "Azercell və Azərbaycan Cüdo Federasiyası isə #DoğruYolBudur sosial təşəbbüs layihəsinin bir hissəsində bu yazıları qapatmağa başlayıb. Artıq o yazılar silinir və üzərinə belə mesaj ifadə edən posterlər yapışdırlır. Bu məsələ ictimailəşməlidir. Gözümüzün önündə, küçədə, evimizdə gizli təbliğat gedirmiş. Müvafiq qurumlar dərhal həmin Teleqram kanallarına yönələn linki bloklamalıdır. Mən baxdım, link aktivdir. Sayta, oradan teleqrama yönəldir. Birmənalı link bağlanmalıdır. Hələlik, linklər bloklanana qədər əgər belə link olan yazılar gördüyünüz küçə, divar, qarajlar varsa, rəydə fotolarını atın və adreslərini yazın, üzərini bu formada bağlatdıraq”-deyə o, bildirib.BakuPost)

Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA

AQTA Gürcüstanda yetişdirilən qoyunlarda taun xəstəliyinin qeydə alındığını nəzərə alaraq, bu ölkədən xırdabuynuzlu heyvan idxalına məhdudiyyət qoyub.  Sozcu.az xəbər verir ki, ölkəmizdə qoyun ətinə tələbatın bir hissəsi Gürcüstandan idxalın hesabına ödənilir. Bəs bu ölkədən idxalın dayandırılması yerli bazarda qiymətlərə necə təsir edəcək?  İqtisadçı Eyyub Kərimli bildirib ki, idxalın dayandırılması qiymətlərdə artıma yol açacaq.  Daha ətraflı "Baku TV"nin süjetində: 

Azərbaycan - Ermənistan sərhəddindən yeni xəbər - RƏSMİ

Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-dək 20 sərhəd dirəyi quraşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin yaydığı məlumatda bildirilib. Bildirilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir. “Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının səkkizinci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədində iki ölkənin ekspert qrupları ərazidə geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar”, - məlumatda qeyd olunub.

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

Xarici İşlər Nazirliyi Təbrizdə Baş Konsulluq açacaq. Sozcu.az xəbər verir ki, bu barədə qərar hökumətin cümə axşamı keçirilən iclasında qəbul edilib. “Xərclər smetası da təsdiq edilib. O cümlədən, baş konsulun maaşı 2565 dollar və ya Tehrandakı səfirin maaşının təxminən 5/6-i məbləğində təsdiq edilib”, - qərarda deyilir. Qeyd edək ki, İranla sərhədə yaxın Qafan şəhərində İranın Baş Konsulluğunun açılışı zamanı Tehranla Təbrizdə də Baş Konsulluğun açılması barədə razılıq əldə olunub.

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı

Bexterev xəstəliyinin müalicəsi üçün nəzərdə tutulan ilk dərman preparatı Rusiyada sınaqdan keçirilib. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Klinik sınaqların nəticələrinə görə, preparat yüksək effektivlik və təhlükəsizlik profilini göstərib. Qeyd edək ki, Bexterev xəstəliyi fəqərəarası oynaqların xroniki iltihabi xəstəliyidir. Nəticədə onurğada ağrı və sərtlik meydana gəlir ki, bu da hərəkətliliyin məhdudlaşdırılmasına səbəb ola bilər. Xəstəlik omba kimi digər oynaqlarda özünü göstərir, xəstəlik ən çox 40 yaşdan aşağı yaşlı insanlarda özünü göstərir. Xəstəlik rus psixiatr, nevroloq və fizioloq Vladimir Bexterevin adını daşıyır. Mənbə: Rbc

Mayın 1-dən balıq ovu qadağan edilir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dənölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.  Sozcu.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.  Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək.  Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.  “Sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.  Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.  A.Babayevanın sözlərinə görə, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin, Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.  Xidmət rəsmisi vətəndaşları ETSN tərəfindən start verilən "Təmiz hövzələr” aksiyasında fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri qanunsuz balıq ovu halları ilə bağlı Nazirliyə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırıb. 

Vətəndaşlar fərdi maşınla Laçına gedə biləcəklər

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilib. Qeyd edilib ki, aprelin 27-dən etibarən vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni aprelin 26-dan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər. Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

Nəsib Quliyev bu qadına görə intihar edib - Sensasion fakt

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nasib Quliyevin özünün öldürməsinin səbəbləri haqda sensasion məlumat daxil olub. Axar.az-ın əldə etdiyi məlumata görə, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlamırıq – red.) göstərib. O xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır. Xatırladaq ki, N.Quliyevin ailə üzvləri ilə münasibətləri soyuq olub. 73 yaşlı pediator Abşeron rayonu, Görədil qəsəbəsindəki bağ evində tək yaşayırmış. Onun uzun illərdir Ukraynada yaşayan oğlu ilə də heç bir əlaqəsi olmadığı bildirilir. Qeyd edək ki, Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi aparılır.