Minimum əməkhaqqı ilə bağlı pis xəbər – Artım olmayacaq

Xəbər verdiyimiz kimi, Azərbaycanda aylıq minimum əməkhaqqı saatlıq minimum əməkhaqqı ilə əvəz edilə bilər. Bəs saatlıq minimum əməkhaqqının hesablanması aylıq minimum əməkhaqqının məbləğinə təsir edəcəkmi? Valyuta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyir ki, saatlıq minimum əməkhaqqının hesablanması aylıq minimum əməkhaqqının məbləğinə təsir etməyəcək: “Yəni, işçi həftədə 40 saat işləyib minimum əməkhaqqı məbləği olan 345 manat qazanır. Amma elə işçilər də var ki, həftədə 8-10 saat işləyir. Həmin işçilərin əməkhaqqısının hesablanması zamanı saatlıq minimum standartların olmaması əlavə problem yarada bilər. Çox güman ki, minimum saatlıq əməkhaqqına keçilməsi bunu daha rahat tənzimləmək üçündür”.   Ekspert onu da qeyd edib ki, minimum aylıq əməkhaqqı artmasa, onun saatlıq və ya həftəlik bölünməsinin təsiri yoxdur:  “Minimum əməkhaqqı az olduğu üçün bu qərar da əhaliyə ciddi təsir etməyəcək, gələcəkdə minimum əməkhaqqı artarsa, bunun hesablanma qaydasının dəyişməsi əhalinin hüquqlarının qorunması baxımından uğurlu addım olacaq. Güman edirəm ki, bu il minimum əməkhaqqının artırılması gözlənilmir. Ola bilsin ki, bu, gələn il müzakirə olunsun”. 

İli köhnə avtomobil sürənlərin nəzərinə!

Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması ilə bağlı təkliflər hazırlanacaq. Sozcu.az report-a istinadən xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb. Məlumata görə, layihə iyunun 1-dək hazırlanaraq Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinə (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi) və Dövlət Gömrük Komitəsinə təqdim edilməlidir.

Günü-gündən kriminallaşan məktəb: "Səbəb sosial şəbəkələrdir" - Açıqlama

“Elə bir ay olmur ki, hansısa məktəbin şagirdləri arasında dava düşməsi, kiminsə bıçaqlanması (bəzən bu hadisələr ölümlə nəticələnir) barədə məlumatlar yayılmasın. Hər dəfə də səbəbləri araşdırmaq əvəzinə, nəticəni qabardırıq. Halbuki, sözügedən nəticələr bir çox hallarda təkcə məktəblə deyil, bilavasitə valideyn etinasızlığı, ailə-məişət problemləri, sosial şəbəkələrdəki mənfi trendlərlə bağlı olur”. Sozcu.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında təhsil üzrə ekspert Nadir İsrafilov məktəblərdə şagirdlər arasında baş verən münaqişələr haqda danışarkən deyib. O qeyd edib ki, bəzi yeniyetmə və gənclərin naqisliklərini məktəbin obrazında ümumiləşdirmək ədalətsizlik olardı: "Elə götürək, son olaraq Tərtərdə iki məktəbli arasında düşən davada onlardan birinin ölümü ilə nəticələnən hadisəni. Araşdırma aparılmadan konkret fikir bildirmək yanlışlıqlara yol aça bilər. Bunun üçün hüquq-mühafizə orqanları, digər səlahiyyətli qurumlar var. Mübahisə hansı zəmində baş verib, valideyn hara baxıb, sinif rəhbəri bundan niyə vaxtında xəbər tutmayıb?”. Ekspert baş verən neqativ hadisələrə sosial şəbəkələrin səbəb olduğunu bildirib: “Ümumiyyətlə, bu kimi məsələlərə şəxsi mülahizələr, hansısa ehtimallar əsasında yanaşmağı düzgün hesab etmirəm. Təkcə onu deyə bilərəm ki, məktəblərdə baş verən bütün neqativ hadisələrin əsas və başlıca səbəbkarı sosial şəbəkələrdir. Nə qədər ki, bu istiqamətdə radikal addımlar atılmayacaq belə halların baş verməsi qaçılmaz olacaq. Buna görə də araşdırmanın aparılması, hadisə ilə bağlı ictimaiyyətin məlumatlandırılmasında operativlik və mobillik təmin olunmalıdır. Nəticə ilə bağlı istənilən ləngimələr cəmiyyət tərəfindən birmənalı qarşılanmır, ictimaiyyətin bu mövzuda daha həssas davranmasında ikitirəlik yaranır, müxtəlif yorumlara yol açılır”.

Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  (Azəravtoyol) 13 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəisinin ölkədən çıxışına məhdudiyyət qoyula bilər.  Buna səbəb idarənin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 5092012.36 manat vergi borcunun olmasıdır.  DVX tərəfindən idarənin direktoru, qanuni təmsilçisi Pərviz Bəhramov Fərman oğlu barəsində məhkəməyə müraciət edilib.  Məhkəmədə idarə barəsində “Vergilərin, Rüsumlarin Ödənilməsi, Maliyyə Və Siğorta Qaydalari Əleyhinə Olan Inzibati Xətalar - 469.3 maddəsi” ilə iddia qaldırılıb.  İşə 21.05.2024-cü il tarixində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə baxılacaq.  Ehtimal edilir ki, vergilər xidməti tərəfindən "13 №Li Xüsusi Təyinnatlı Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinə yoxlama aparılıb. Yoxlama nəticəsində 5 milyondan çox vergidən yayınma halı aşkarlanıb.   Qeyd edək ki, Pərviz Bəhrəmov 2019-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovun əmri ilə sözügedən idarəyə rəis təyin edilib.

Yay aylarında əhalini gözləyən TƏHLÜKƏ - Ölümcüldür...

Artıq yay fəslinin gəlməsinə çox az vaxt qalıb. Havaların isinməsi ilə bərabər bu fəsildə bir çox xəstəliklər də ortaya çıxır. Mütəxəssislər belə xəstəliklərdən qorunmaq üçün bəzi qaydalara əməl etməyi tövsiyə edir. Yay aylarında qidalanmadan tutmuş bayram planlarına kimi bir çox məsələlərə hər zamankindən daha çox diqqət yetirmək lazımdır. Yay aylarında ortaya çıxan xəstəlikləri təqdim edirik: DİZENTERİYA Nəcis, zəif yuyulmuş əllər və qida ilə ötürülür. Yüksək hərarət, qusma, qanlı ishal, iştahsızlıq və halsızlıq var. Qorunmaq üçün əl və tualet gigiyenasına diqqət yetirilməli, meyvə və tərəvəzlər bol sirkəli su ilə yuyulmalıdır. Onun müalicəsində mütləq həkim tərəfindən təyin olunan antimikrob dərmanlardan istifadə edilməlidir. Bəzən xəstəxanada müalicə tələb oluna bilər. QİDA ZƏHƏRLƏNMƏSİ Əsasən stafilokok adlı bakteriyaların toksinləri səbəb olur. Nadir hallarda E.coli və salmonella da buna səbəb ola bilər. Stafilokok toksinləri ən çox çiy/bişmiş ət, qaymaq, dondurma və açıq saxlanılan qidalarda olur. Qusma, ishal və halsızlıq çirklənmiş yeməkdən 6-8 saat sonra başlayır. Bu proses səs-küylü olsa da, təxminən 12 saat ərzində özbaşına tamamlanır. Antibiotik müalicəsinə ehtiyac yoxdur. İtirilmiş maye və elektrolitlər ağızdan və ya venadaxili olaraq doldurulur. ROTA VİRUSU Rota virusu xüsusilə 5 yaşa qədər uşaqlarda bağırsaq iltihabına səbəb olan virusdur. Xəstəlik şiddətli qızdırma, ishal və qusma ilə özünü göstərir, nəcislə keçir, bütün fəsillərdə müşahidə olunur. Şiddətli susuzlaşdırma səbəbiylə ölümə səbəb ola bilər. Xüsusi dərman yoxdur, qorunmaq üçün peyvənd hazırlanıb. TURİST VİRUSU Səyahət, tətil və ya iş səfəri kimi səbəblərlə səyahət edən insanlarda görülür. Xəstəliyə E.coli və ya giardia adlı mikroblar səbəb olur. Ümumiyyətlə, inkişaf etməmiş coğrafiyalara səfərlər zamanı daha tez-tez müşahidə olunur. Onun müalicəsində antimikrobiyal preparatlar istifadə olunur. Əsas səbəb əl və tualet gigiyenasına riayət edilməməsidir. SALMONELLA İNFEKSİYASI Ən tipik nümunələr tif və paratifdir. Yüksək hərarət, halsızlıq, ishal, oynaq ağrısı və qarın ağrısı tez-tez rast gəlinir. Nəcislə ötürülür. Onun vasitəçiləri əllər və yeməklərdir. Ümumiyyətlə, xəstəxanaya yerləşdirmə və antibiotik dəstəyi ilə müalicə tələb olunur. ƏL-AYAQ-AĞIZ XƏSTƏLİYİ Bu, ən çox uşaqlarda rast gəlinən, yaxın təmasla ötürülən və ən çox koksiki və enterovirusların səbəb olduğu bir xəstəlikdir. Adından da göründüyü kimi, ağızda çox ağrılı yaralar və əl və ayaqların daxili hissəsində ağrılı şişliklər ilə xarakterizə olunur. Xüsusi müalicə yoxdur. Müalicə zamanı ağrıkəsicilərdən istifadə olunur. KONJUNKTİVİT Bu, gözün ağ cizgilərini çəkən konyunktivanın iltihabıdır. Çox ağrılıdır. Adətən exoviruslar, enteroviruslar səbəb olur. Üzgüçülük hovuzları, ortaq dəsmallar və çirkli əllər vasitəsilə ötürülür. Bakterial infeksiya tez-tez əlavə olunduğundan, müalicə antibiotik göz damlaları ilə həyata keçirilir. SU ÇİÇƏYİ Varicella zoster virusu törədicidir, çox yoluxucu xəstəlikdir. Kontakt və ya hava yolu ilə ötürülür. Xüsusi müalicə yoxdur. Peyvənd 1995-ci ildən səmərəli şəkildə həyata keçirilir. LYME XƏSTƏLİYİ Çox geniş simptomlar qrupuna malikdir və hər bir sistemə təsir göstərir. Borrelia adlı mikroorqanizm tərəfindən ötürülür. Antibiotik müalicəsi ilə uğurlu nəticələr əldə edilir. XARİCİ QULAQ KANALININ XƏSTƏLİKLƏRİ Onlar xarici otit və ya "üzgüçü qulağı" kimi tanınır. Yaz aylarında çox tez-tez görünürlər. Onlar bakterial və ya mantar infeksiyalarıdır. Onlar çox ağrılıdır və eşitmə itkisinə səbəb olur. Onlar üzgüçülük, suya dalma və ya qulağı yad cisimlə qarışdırmaq nəticəsində baş verir. Onlar ağrıkəsicilər və antimikrobiyal qulaq damcıları ilə müalicə olunur. Üzgüçülük zamanı qulaqcıqlardan istifadə etmək və qulaq kirini xarici qulaq kanalına salmaqdan çəkinmək lazımdır./Yenisabah.az

Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA

Bakıda 4 dostun oteldə zəhərlənməsi mövzusu hələ də gündəmdədir. Ailələr dostların oteldəki qidadan zəhərləndiklərini iddia etsələr də, 1 saylı Şəhər Klinik Xəstəxanasının həkimləri bu zəhərlənmədə şübhəli məqamların olduğunu istisna etmir. Bundan başqa, iddia olunur ki, gənclər potensiyanı artıran dərmanlarla spirtli içki qəbul ediblər, nəticədə ürəkləri dayanıb. Qidadan və ya içkidən zəhərlənmə halında ani ölüm baş verə bilərmi? İçki ilə dərmanı qarışdırmağın fəsadı nədir? Mövzunu Globalinfo.az-a şərh edən tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib ki, istənilən ölüm halı evdə, müxtəlif yerlərdə, o cümlədən stasionarda baş veribsə, bu, mütləq autopsiya edilməlidir. Onun sözlərinə görə, ölümün birbaşa səbəbi ekspertizadan sonra məlum olur: “İstər qidadan, istər alkoqoldan qəfləti ölüm mümkündür. Bunlar orqanizmdə həyatla bir araya sığmayan situasiyalara bağlıdır. Məsələn, qidadan zəhərləndikdən dərhal sonra baş verən ölüm halı xüsusilə vakulist xəstəliyindən baş verir. Bu, qida toksiki infeksiyalarıdır. Hansı ki, həmin mikrob müəyyən optimal dozalarda ölüm həddinə çatdıra bilir. Digər hal isə alkoqola bağlıdır. Alkoqol əgər texniki standartlardan kənar hazırlanıbsa, əlbəttə, orada müəyyən fəsadlar, o cümlədən də ölüm baş verə bilər. Müxtəlif versiyalar irəli sürülür. Hər halda son sözü Məhkəmə Tibbi Ekspertizası deməlidir”. A.Qeybulla deyib ki, ekspertiza rəyindən sonra konkret fikir bildirmək olar: “Bəzən insanlar özləri müəyyən səhvlərə yol verə bilirlər. Məsələn, əgər hansısa spirtli içki ilə birgə dərman da qəbul ediblərsə, o zaman faktiki olaraq məsuliyyət həmin şəxslərin öz üzərinə düşür. Burada qəsd və xüsusilə də hüquqi məsuliyyət yaradan ciddi bir səhlənkarlıq varsa, əlbəttə, həmin işdə məsul olan kəslər məsuliyyət daşıyırlar. Gənclərin nədən ölməsi ilə bağlı çox iddia ortaya atıla bilər, amma hər biri konkret araşdırılmalıdır. Şayiələr ona görə ortaya çıxır ki, ölümün səbəbi hələ araşdırılmayıb”. Redaksiya deyilənlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğunu bildirir.

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayəti ilə bağlı bu günə təyin edilmiş məhkəmə prosesi keçirilməyib. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, buna səbəb cinayət işini araşdıran hakimlərdən birinin - Kamran Muxtarovun səhhətinin qəfil pisləşməsi olub. Belə ki, hakimin təzyiqi yüksəlib, məhkəməyə təcili yardım briqadası çağırılıb. Həkim müayinəsindən sonra hakimin hələlik işini davam etdirməsi məqbul hesab olunmayıb. Məhkəməyə sədrlik edən hakim Elnur Nuriyev prosesin gələn həftəyə kimi təxirə salındığını elan edib. Qeyd edək ki, millət vəkili Fazil Mustafa ötən ilin martında güllələnib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Təqsirləndirilən beş nəfərə - Azər Səricanov, Səbuhi Şirinov, Emin Əliyarov, Rəşad Əhmədov və Elşad Əsgərova qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Gənc yazar vəfat etdi

Gənc yazıçı Murad Muradov vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə yazıçı İlham Əziz məlumat yayıb. Qeyd edək ki, yazıçı bu yaxınlarda insult keçirmiş və xəstəxanaya yerləşdirilmişdi.

“Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik” - İlham Əliyev

“Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi”. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı danışıb. “Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər”, - deyə dövlətimizin başçısı əlavə edib.

Veteran pulları ilə bağlı təklif: 160 manat...

Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib.  Sozcu.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov da veteran pulunun artırılması ilə bağlı parlamentə təklif təqdim edib.  Deputat qeyd edib ki, təklif zamanı müavinətin iki dəfə artırılaraq 160 manata çatdırılmasını irəli sürüb: "Veteran pulunun artırılması ilə bağlı büdcə müzakirələri zamanı təklifimizi etmişik. Biz veteran pulunun iki dəfə artırılmasını təklif edirik. Çünki veteran pulu müəyyənləşəndən sonra iki dəfəyə yaxın artımlar olub. Veteran pulu əlilliyi olmayan və müharibədə iştirak edənlərə ödənilən müavinətdir. Bu vəsaitin ödənilməsində məqsəd kommunal və digər xərlərin qarşılanmasıdır. Dövlət bir növ bu yolla kompensasiya edir.  Veteran pulu ödənilməyə başlayandan sonra pul xərclərinin strukturunda iki dəfə yaxın artım var. Bu səbəbdən veteran puulunun iki dəfə artırılmasını təklif edirik. Nəzərə almaq lazımdır ki, ombudsman institutunun illik hesabatındakı təkliflərdən biri də müharibə iştirakçılarına verilən müavinətin artırılması olub.  Hesab edirəm ki, qiymətləndirmə aparıldıqdan sonra bu istiqamətdə addımların atılması mümükün olacaq".

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 807-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 479 710 hərbçi, 7 434 ədəd tank, 14 313 ədəd zirehli döyüş maşını, 12 387 ədəd artilleriya sistemi, 1 062 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 795 hava hücumundan müdafiə sistemi, 349 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 16 691 ədəd avtomobil texnikası, 9 826 ədəd PUA, 2 151 qanadlı raket, 26 gəmi/kater, 1 sualtı qayıq, 2 031 xüsusi avadanlıq itirib.

Bakıda bu küçə və prospekt tam bağlandı

Bakının Ziya Bünyadov prospektində - 20 Yanvar istiqamətində hərəkət tam dayanıb. Sozcu.az xəbər verir ki, prospektə paralel olaraq yan küçə - Əhməd Rəcəbli ilə kəsişmədə də ciddi tıxac var və maşınların hərəkəti tam məhdudlaşıb. Belə ki, Ziya Bünyadov prospektinin köməkçi yolu ilə hərəkət edən marşrut avtobusları işıqfordan sonra hərəkəti davam etdirə bilmirlər, qarşıdakı tıxac buna imkan vermir. Nəticədə yolu tam bağlayan marşrut avtobusları avtomobillərin Əhməd Rəcəbli küçəsinə hərəkətini də bloklayıb. Ziya Bünyadov prospektində 20 Yanvar istiqamətində tam tıxanmanın səbəbi bəlli deyil.

Bakıda ən güclü geomaqnit qasırğası başlayır

Bu gündən etibarən paytaxt Bakıda şiddətli geomaqnit qasırğası müşahidə olunacaq. Qasırğanın şiddəti zaman-zaman ekstremal dərəcədə şiddətlənəcək. Sozcu.az xəbər veir ki, zəif səviyyəli qasırğa bu gecə saat 00:00-dan etibarən hiss edilməyə başlayacaq, günorta saat 15:00-18:00 aralıqlarında nisbətən güclənərək yerini orta geomaqnit qasırğasına verəcək. Axşam saat 21:00-dan isə müşahidə ediləcək qasırğasnın təsiri daha da artacaq və şiddətli geomaqnit qasırğasına çevriləcək. Mayın 10-dan 11-nə keçən gecə geomaqnit qasırğası şiddətlənərək ən yüksək həddə çatacaq - 8. Belə geomaqnit dalğalarına ekstremal fırtına deyilir ki, bu da ən güclü hesab olunur. Qasırğa tədricən zəifləsə də, səhər saat 6-da özünün orta həddinə çatacaq. Günorta 12-dən sonra bir qədər də azalan maqnit dalğaları axşama doğru kiçik pozuntular olaraq qalacaq. Geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər. Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Rəsmi

Respublika üzrə seysmogen bölgələrdə seysmiklik fon səviyyəsindədir. Sozcu.az xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, hazırda elə bir aktiv ərazi yoxdur ki, güclü, dağıdıcı seysmik təkanlar olsun: “Bu gün respublika ərazisində 20-dən çox yeraltı təkan qeydə alınıb. Hamısı hiss olunmayan, zəif təkanlardır”.

Paşinyan XƏBƏRDARLIQ ETDİ - "...statusundan asılı olmayaraq..."

Paşinyan İrəvandakı etirazlarla bağlı hökumətə xəbərdarlıq edib. Sozcu.az bu barədə erməni mediasına istinadən xəbər verir. "Bizdə olan məlumata görə, hüquq-mühafizə sistemi bütün lazımi vasitələrə malikdir və mümkün təxribat və iğtişaşlara qarşı sərt tədbirlər görməyə hazırdır. Bütün təxribatçılar statusundan asılı olmayaraq saxlanılacaq”. - , deyə Ermənistanın baş naziri bildirib.

Delimitasiyaya qarşı çıxanlar İrəvana çatdılar – Mitinq keçirilir

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edən yürüşünün iştirakçıları İrəvana çatıblar. Sozcu.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, 16:00-dan etibarən Respublika meydanında minlərlə insanın iştirakı ilə mitinq keçirilir. Onlarla siyasi və ictimai təşkilat, həmçinin bir sıra ziyalılar müxalifət hərəkatı ilə həmrəy olduqlarını bildiriblər. “Bu hərəkat zorakılıq haqqında deyil, bizim xalqımız, ölkəmiz alçaldılmış vəziyyətdədir”, - deyə Baqrat Qalstanyan bildirib. Qeyd edək ki, “Vətən üçün Tavuş” hərəkatı sərhədlərin delimitasiyasına, həmçinin iki ölkə arasında dörd kəndin Azərbaycana qaytarılmasını nəzərdə tutan razılaşmaya etiraz edir.

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - AÇIQLAMA

Anaları tərəfindən küçəyə atılan qız uşaqlarının kiçik bacısı da sığınacağa yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat paylaşıb. “Ötən gün anaları tərəfindən küçəyə tərk edilən 2 qız uşağı sığınacağımıza gətirilmişdi. Uşaqların ən balacası isə evdə qalmışdı. Sosial Xidmətlər Agentliyi tərəfindən ən kiçik körpə anadan götürülüb. Artıq 3 bacı sığınacaqda qalacaq. Bacılar gələn gündən DYP əməkdaşı onları himayəyə götürüb və bütün ehtiyaclarını özü qarşılayır. Tezliklə uşaqların təhsilləri bərpa olunacaq”. Oxu.Az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə əlaqə saxlayıb. M.Zeynalova məlumatı təsdiqləyib: “Bacıları əvvəl də paylaşmışdıq. Onlar uşaq evində qalıblar. Daha sonra qızlardan biri analarını istəyib. Uşaq evi tərəfindən analarına təhvil verilib. Bir müddət sonra ana ona şiddət və zorakıllıq tətbiq edib. Sonra baxımsız vəziyyətdə küçəyə tərk edib. Kiçik uşaqları özündə saxlamışdı. əvvəlcə iki bacı Sosial Xidmət agentliyinin əməkdaşları tərəfindən buraya gətirildi. Daha sonra digərini də bizim sığınacağa yerləşdirdi. Üç bacı sığınacağımızda qorunur. Ümumilikdə beş uşaqdırlar. Böyüyü oğlandır. Gəlmək istəmir. Digəri isə xəstəxanada müalicə alır. Ananın yanında qalmaları təhlükəlidir. Hələ təhsilləri bərpa olunmayıb. Hazırda psixoloji yardım alırlar. Geyimlə təmin olunublar. Binəqədi rayonunda yaşayırdılar. Ataları bunları tərk edib. Analarının da psixoloji problemi var. Qohumları belə, körpələrə sahib çıxmaq istəmirlər”.

Kürdəmirdə bədbəxt hadisə: 5 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı

Kürdəmirdə 5 yaşlı uşaq yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb. "Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə məcburi köçkünlərin yaşadığı şəhərçikdə yerləşən binalardan birində baş verib. Belə ki, nəzarətsiz qalan 2019-cu il təvəllüdlü N.Mustafazadə yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılıb . Yaxınları onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Azyaşlının vəziyyəti ağır olduğundan onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi planlaşdırılır. Qeyd edək ki, N.Mustafazadə autizm sindromlu uşaqdır. Faktla bağlı araşdırma aparılır.

Bakının məşhur bazarı söküləcək - Detallar

Ötən ilin dekabr ayında Nizami rayonunda yerləşən və “Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi”nin sökülməsinə dair məlumatlar dolaşırdı. Bu xəbər çox ciddi sosial təlatüm yaratdı. Həmin bazarda çalışan ticarətçilər narazılıq və narahatlıq ifadə etdilər. Sonradan “Vosmoy” bazarının sökülməyəcəyi ilə bağlı açıqlamalar oldu. Hazırda da sökülmə prosesinin təxirə salındığını görürük. Amma belə bazarların ömürlərini başa vurduğu və onların plana düşəcəyi ilə bağlı söz-söhbətlər və ehtimallar hələ də dövriyyədədir. Son günlər “Keşlə” bazarının söküləcəyi deyilir. Bu xəbər doğru olarsa, oradakı ticarətçilər hara köçürülə bilər? Belə hallarda ticarət mərkəzinin qiymətləndirilməsi hansı şəkildə aparılır? Mövzu ilə bağlı Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, “Keşlə” bazarının sökülməsi artıq öz təsdiqini tapıb. Onun sözlərinə görə, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə qədər olan hissədə yeni avtomobil yolunun çəkilişinə start verilib: “Həmin işlər çərçivəsində “Keşlə” bazarı da layihəyə düşən obyektlər sırasındadır. Hesab edirəm ki, ən azı bazarın bir hissəsi və ya hamısı söküləcək. Çünki yolun keçdiyi ərazi “Keşlə” bazarından keçir. Belə olan halda təbii ki, bazar da qiymətləndiriləcək. Bazarın qiymətləndirilməsi Azərbaycan Respublikasının Qiymətləndirmə Fəaliyyəti Haqqında qanunla, eyni zamanda milli və beynəlxalq qiymətləndirmə standartlarına uyğun olaraq müvafiq qurumların cəlb etdiyi müstəqil qiymətləndirici tərəfindən həyata keçiriləcək. Buna uyğun olaraq da bazar rəhbərliyinə ödəniş olunmaqla o ərazilər dövlət ehtiyacları üçün mülkiyyətçidən alınacaq”. R.Osmanlı deyib ki, bazarla bağlı ümumi məlumat tərəflərə bildiriləcək: “Qiymətləndirmə məsələsi isə müvafiq sənədlər təqdim olunduqdan sonra qiymətləndirici tərəfindən prosesin necə həyata keçirilməsi sifarişçi və tərəflərə bildiriləcək. “Keşlə” bazarında çalışanların hara köçürüləcəyi təəssüf ki, mənə məlum deyil. Bilirəm ki, orada kifayət qədər çoxsaylı ticarət obyektləri var. Hər halda hökumət ticarətçilərin yerləşdirilməsi ilə bağlı da addımlar atacaq”.

Özü II Dünya müharibəsində, oğlu I Qarabağ savaşında döyüşdü, nəvəsi şəhid oldu - 100 yaşlı VETERAN

Bu gün faşizm üzərində qələbənin 79 ili tamam olur. Tarixə İkinci Dünya müharibəsi kimi düşmüş savaşda Azərbaycandan da 600 min nəfər iştirak edib. Hazırda onlardan cəmi 30 nəfəri həyatdadır – sağdır. Sozcu.az-ın məlumatına görə, faşizm üzərində qələbədə payı olanlardan biri də Füzuli rayonunun sakini Rəşid Mənsim oğlu Qasımovdur. Maraqlıdır ki, Rəşid kişi Qələbə günündə həm də yubileyini qeyd edir - onun 100 yaşı tamam olub. Rəşid Qasımov 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, hitlerçilərlə döyüşlərin birində sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib. Müharibədən qayıdandan sonra rayonun təsərrüfat həyatının ön sıralarında olan Rəşid Qasımov aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb. Rəşid kişinin oğlu və nəvəsi də Qarabağ savaşında iştirak ediblər. Belə ki, onun oğlu Nofəl Qasımov I Qarabağ savaşı dövründə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Nofəl Qasımov 1992-1993-cü illər arasında – müharibənin ən qızğın vaxtlarında təxminən 9 ay Füzuli rayonunun müdafiəsinə rəhbərlik edib. Daha sonra ata və oğulun yolunu nəvə davam etdirib. Belə ki, Rəşid Qasımovun nəvəsi Səid Rəşidzadə 44 günlük Vətən müharibəsində zabit kimi iştirak edib. Babasının adını soyad götürən Səid 2016-cı ildə baş verən Aprel döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun rəhbərliyi altında vuruşub. Talış yüksəkliyinin düşməndən geri alınmasında iştirak edib. 2018-ci ildə Ordudan tərxis olunub, ehtiyata buraxılıb. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid xəbərini eşidəndən sonra könüllü olaraq hərbiyə qayıdıb. Baş leytenant Səid Rəşidzadə Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Hadrutun girişində Şişqaya deyilən yüksəkliyinə bayraq sancan zaman snayper gülləsi ilə vurulub. Oktyabrın 11-də Səid şəhid olub, 12-də isə Hadrutun azad olunduğu elan edilib. Səidin şəhid olduğunu babasından gizlədiblər. Rəşid kişi nəvəsinin şəhidlik zirvəsinə yüksəlməsindən televiziya vasitəsilə xəbər tutub. Keçmiş icra başçısı, şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımov 100 yaşlı atası Rəşid kişi haqqında belə deyib: “Atam əvvəlcə 50-ni də aşırdı, indi də 100 də çatdı, gerisi uca Allaha bağlıdır. Haqqına yaşadı, ədalətli yaşadı, zəhmətlə yaşadı, İkinci Dünya müharibəsində vuruşdu, Qarabağ müharibəsinin acılarını gördü, amma əyilmədi. Həyatımda nəyi düz etmişəmsə, atamdan öyrənmişəm, səhvlərim öz günahımdı. Doğma Füzuli rayonunda 100 yaşı keçən 3 kişi vardı, atam Rəşid Mənsim oğlu Qasımov 4-cü kişi oldu”.(Modern)

Türkiyədə dəhşətli zəlzələ gözlənilir: 16 şəhər təhlükə altındadır - ADLAR

Türkiyədə zəlzələ ilə bağlı anonslar verilməyə davam edir.  Yenisabah.az bildirir ki, Prof. Dr. Ahmet Ercan Türkiyənin zəlzələ riski ilə bağlı növbəti dəfə açıqlama verib. Qeyd edib ki, ölkənin bir sıra ərazilərində 7 bal gücündə zəlzələ ehtimalı yüksəkdir.  "Hər zəlzələ yeni bir enerji, bir geotermal doğuşdur" deyən professor riskli ərazilərin adının bir-bir sadalayıb. Ahmet Ercan Afyon, Germencik, Nazilli, Aydın, Dənizli, Buharkent, Salihli, Bursa, Balıkəsir, Simav, Dikili, Gümüldür, Ərzincan, Ərzurum, Ladik və Bolu şəhərlərinin adını deyərək, bu bölgələrə diqqət çəkib. 

Bu ərazilərə qar yağdı

Mayın 9-u saat 10:00-a olan məlumata əsasən, Şahdağa qar, Xınalıqda isə sulu qar yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub. Qar örtüyünün hündürlüyü Şahdağda 5 sm-ə çatıb. Düşən yağıntının miqdarı Qəbələdə 31 mm, Kürdəmirdə 27 mm, Cəfərxanda 19 mm, Biləsuvar, İmişlidə 16 mm, Neftçala, Şamaxıda 14 mm, Qrız, Oğuzda 12 mm, Lənkəranda 11 mm, Yevlax, Göygöl, Ordubad, Qobustan, Xaltan, Şəki, Mingəçevir, Lerik, Naftalan, Qax, Tərtər, Gədəbəy, Şahbuz, Sabirabadda, Altıağac, Göyçay, Yardımlı, İsmayıllı, Astara, Naxçıvan, Sədərək, Qusar, Zərdab, Beyləqan, Gəncə, Balakən, Şərurda 8 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 2 mm, Maştağa, Sumqayıt, Neft Daşları, Binədə 1 mm-dək olub. Naftalan, Gəncə, Şəmkir, Qrız, Biləsuvar, Lerikdə duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11-14, Naxçıvan MR-da 6-11, Aran rayonlarında 11-14, dağlıq rayonlarda 4-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta olub.

Rus səfirdən təxribat: "Köçəri"ni erməni rəqsi adlandırdı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a müsahibəsində 9 May günü ilə bağlı açıqlama verib. Sozcu.az xəbər verir ki, o, müsahibəsində "Köçəri" rəqsinin ermənilərə məxsus olduğunu iddia edib. "Böyük Vətən Müharibəsində Sovet İttifaqı xalqlarının Qələbəsinin ən parlaq görüntülərindən biri də Reyxstaqın divarlarında ermənilətin "Köçəri" rəqsi olub", - səfir deyib. Qeyd edək ki, “Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim “Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də “Yallı” rəqsinin təsvirləri verilmişdir. “Köçəri” rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları yoxdur.