Rusiyanın mina gəmisi məhv edildi

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya Qara dəniz donanmasına məxsus “Kovrovets” mina gəmisini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Türkiyədə partlayış - 5 polis yaralandı

Türkiyənin Tokat vilayətində mayın 19-u bazar günü gecə yaşayış binasında baş verən partlayış nəticəsində 7 nəfər xəsarət alıb. Sozcu.az “TRT Haber”ə istinadən xəbər verir ki, qonşuların yüksək səsə dair şikayəti əsasında polis Hürmüzlü məhəlləsində yerləşən bağ evinə gəlib. Jandarmlar evə girəndə partlayış baş verib. Nəticədə beşi polis əməkdaşı olmaqla 7 nəfər yaralanıb. Partlayışın səbəbi ilə bağlı hələlik məlumat yoxdur. Əyalət valisi Numan Hatipoğlu fövqəladə vəziyyətlə bağlı istintaqın başladığını açıqlayıb. İlkin məlumatlara görə, söhbət ailələr arasında ədavət zəminində yaranan münaqişədən gedir.

Tovuzda 3 nəfər dəm qazından ZƏHƏRLƏNDİ

Tovuzda bədbəxt hadisə baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Kənd sakini 1970-ci il təvəllüdlü Gülşən Əmrahova dəm qazından boğularaq ölüb. Mərhumun oğlu 2000-ci il təvəllüdlü Əmrahov Əmrah və onun həyat yoldaşı 2004-cü il təvəllüdlü Aysun Əmrahova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun SON GÖRÜNTÜSÜ

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun son görüntüsü yayılıb. Sozcu.az "modern.az"a istinadən xəbər verir ki, T.Əhmədov 6 ildən çoxdur səhhətindəki problemlərlə mübarizə aparır. O, qan təzyiqi, şəkər, kəskin ürək ağrılarından əziyyət çəkir. Sabiq rəisə ən çox əziyyət verən isə ayaqlarındakı ağrıların şiddətlənməsidir. Məlumatlara görə, 3 ildən çoxdur T.Əhmədovun hərəkət imkanları məhdudlaşıb. Hazırda onun əlil arabasına möhtac qaldığı deyilir. Bakıdakı klinikaların birinin daimi pasiyenti olan sabiq rəisin hərəkət imkanlarını itirəndən sonra yaxın ətrafı ilə əlaqəni kəsdiyi, dostları və keçmiş iş yoldaşları ilə telefon vasitəsilə əlaqə saxladığı bildirilir.

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Bu məşhur şirkət Rusiya bazarını tərk edir

“Danone” şirkəti Rusiya bazarını tərk edir. Sozcu.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Məlumata görə, “Danone” aktivlərinin satışını başa çatdırıb və şirkətin qlobal satışlarının təxminən 5%-ni təşkil edən Rusiyadakı fəaliyyətini dayandırır. Qeyd edək ki, şirkət Rusiyada 30 ildən artıqdır ki, fəaliyyət göstərir.

Ekoloq- Urmu gölünün rənginin dəyişməsi göölün quruması ilə bağlıdır

Urmu gğlünün rəngininyenidən dəyişərək qırımızya çalması gölün quruması və toplanan nisbi suyun azalması ilə bağlıdır. Bunu tanınmış ekoloq və ətraf mühit fəalı Məhəmməd Dərviş deyib. O, son vaxtlar göldə nisbi su artımının təbiət hadisəsi olduğunu, cari ildə düşən yağıntının miqdarının çox olduğunu söyləyib. "Yağıntıların şiddətli olmasına görə, çaylar, bəndlər daşdı və Urmu gölündə su həcminin artmasına səbəb oldu. Göl sentyabr ayına kimi yenidən quruyacaq",- ekoloq bildirib. O, hakimiyyətin gölün bərpası ilə bağlı iddialarının doğru olmadığını diqqətə çatdırıb. Məhəmməd Dərviş Urmu gölü ətrafında 680 min hektar ərazinin bölgənin vəziyyəti ilə zidiyyət təşkil edən məhsulların əkilməsinə ixtisas verildiyini deyib. Ətraf mühit fəalı bildirib ki, bu qədər geniş ərazilərdə çox su tələb edən kənd təsərrüfatı məhsullarının əkilməsi yanlışdır və hakimiyyət bu ərazilərin əvvəlki təyinatına qaytarılması üçün iş görmür. "Buna görə də, dövlət qurumlarının Urmu gölünün bərpası ilə bağlı iş apardıqları barədə iddiaları absurddur",- Dərviş vurğulayıb. Qeyd edək ki, mövsümi yağıntılardan sonra hazırda Urmiya gölünün sahəsi 1790 kvadrat kilometrə, su həcmi isə 2 milyard 34 milyon kubmetrə çatıb. Nəzərə almaq lazımdır ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır. GünazTV

Əməkdar artist vəfat edən xanımından danışdı

"İlahiyə təşəkkür edirdim bu sevgi, xoşbəxtlik və İranə üçün. Çünki Allah mənə nə yaxşı şey veribsə, hamısı İranənin timsalında olub. Ən böyük sevgini onunla yaşamışam. Mənim həyatım İranə ilə rastlaşandan başlayıb. Tale bizi birləşdirib. Amma mənə elə gəlir ki, bizim birləşməyimiz lap əvvəldən, biz anadan olmazdan öncə olub. Gözləyirdik o anı ki, biz bir yerdə olacağıq. Mən onu axtarana qədər nəiləsə məşğul olub, eləcə də o məni axtarana qədər mən. Bəlkə də fərqli-fərqli dalanlardan, küçələrdən keçmişik ki, bir gün bir-birimizi görəcəyik və həyatımızı birləşdirəcəyik".  Sozcu.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firdovsi Atakişiyev mərhum həyat yoldaşı, Xalq artisti İranə Tağızadə haqqında "Retro Baku" layihəsində söyləyib. "Ürəyi çox geniş biri idi. Pandemiya vaxtı ova çıxmışdı. Kimin evində çörəyi, çayı, nəyisə yox idi, baxırdı. Deyirdi, Firdovsi, tez ol, filan yerə bu şey getməlidir. Müharibə vaxtı qruplar var idi, filan yerə nələr getməli idi. İranə orada birinci idi. Nə qədər küçə it və pişiklərini klinikalarda müalicə elətdirmişik. O demək olar gəzə bilmirdi. Ona görə gizlin yerdə istirahət edirdik. Orada 2 ay 10 gün qaldıq. Oradakı pişiklər artıq eyvanımızda yaşayırdılar. Biz köçəndə dedi ki, pişikləri burada qoymayacağam. Adamlar var ki, aylıq ödəniş müqabilində onlara baxırlar. İndiyə qədər də mən və oğlum, hər ayın 16-sı həmin o insana ödəniş edirik. Heç o pişiklər bizi tanımır. Sadəcə İranənin xətrinə indi də o pişiklər həmin o evdə rahat yaşayırlar.  Allah tərəfindən bizə pandemiya bəxşiş idi ki, iki il ərzində evdən çıxmırdıq, birlikdə olurduq. Pandemiyada kimsə əlinə qələm alıb boşanma haqqında ərizə yazırdı, mən isə İranəyə sevgi şeirləri. Artıq xəstəlik vaxtı, 2 il onun yanından heç yana getmədim. İstəyirdim hər dəqiqəm onunla olsun. Fikirləşirdim ki, əlimizdə nə qədər vaxt qalıbsa, birlikdə olaq ki, heç olmasa gözüm doymasa da, ürəyimi ovudum. O mənə deyirdi ki, hər şeyi mənə görə qurban verir, imtina edirsən. Söyləyirdim ki, bəs sən mənə xoşbəxtlik verəndə bunu niyə demirdin? Onda yaxşı idi, amma gedib indi başqa işlə məşğul olmalıyam? İndi ikimizin yerinə yaşayıram. Oğlumuzu ikimizin yerinə sevirəm. Tez-tez bir-birimizə "Səni sevirəm" deyirdik. Gedirdim-gəlirdim, adi söhbətdə bunu ona deyirdim. Gündə 50-60 dəfə bu cümlə evimizdə səslənirdi. Hətta o, əsəbiləşəndə də "Mən də səni sevirəm" deyirdim. Bu, onun ürəyini yumşaldırdı. Allaha təşəkkür edirəm ki, bu sevgini mənə yaşamağa imkan verdi. İranə mənim və oğlumun mələyidir" deyə, F.Atakişiyev bildirib. 

Rəşad Sadıqov: "Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq"

“Gərgin oyunun şahidi olduq. Matça yaxşı köklənmişdik”.  Sozcu.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 35-ci turunda səfərdə "Kəpəz"i 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında bildiri . O deyib ki, meydanın şəraitini nəzərə alsaq, regionlarda günəşdə oynamaq çətindir: “Bunu oyunun gedişatında hiss edirdik. Lazım olan qələbəni qazandıq. Təhlükəli hücumlarımız var idi. Qapımızda qol epizodu vermədən oyunu başa vura bildik. Qarşıda bizi "Səbail"lə bundan da vacib oyun gözləyir”. O əcnəbi VAR hakimkərinin Premyer Liqa oyunlarına təyinatına da münasibət bildirib. “Məsələ bizim hakimlərim səhv etməsi ilə bağlı deyil. Cəmiyyətdə qəribə fikir formalaşıb ki, əcnəbilər gəlib deyə biz öz hakimlərmizə güvənmirik. Əcnəbi məşqçi, futbolçu gətirə biliriksə, hakim də gətirmək olar. Çempionatda 5-6 səviyyəli hakim var. Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq. Bu təcrübəni Türkiyədə də reallaşdırdılar. Son turlarda gərginlik artır. Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq. Sabah ola bilər ki, 10-12 yaxşı hakimimiz oldu. O zaman xaricilərə ehtiyac qalmayacaq” - deyə R.Sadıqov qeyd edib.

Şamaxıda dəm qazı can aldı

Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb. Report-un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qurdtəpə kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1961-ci il təvəllüdlü Xanməmmədova Şaaxanım dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır.

Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!

Ermənistanın Azərbaycanla həmsərhəd Kirants kəndində iki evin sakinlərinə iyunun 24-dək evlərini tərk etmək əmri verilib. Sozcu.az xəbər verir ki, bu barədə "Sputnik" agentliyi kənd sakinlərindən biri Artak Kazaryana istinadən məlumat yayıb. "Sərhəddə yerləşən Kirants kəndində iki evin sakinlərinə evlərini boşaltmaq üçün iyunun 24-dək vaxt verilib: kəndin bu hissəsi Ermənistan-Azərbaycan sərhədinin o tayında qalır", - agentlik Kazaryandan sitat gətirib. Qeyd edək ki, mayın 15-də Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası üzrə Dövlət Komissiyalarının iclası keçirilib, bundan sonra protokol imzalanıb. Delimitasiyadan sonra Kirants kəndində iki evin, bir mağaza və bir qarajın Azərbaycan ərazisinə düşdüyü məlum olub.

Şolts İsrailin bu əməliyyatına qarşı xəbərdarlıq etdi

Almaniya kansleri Olaf Şolts Qəzza zolağının Rəfah şəhərində genişmiqyaslı quru əməliyyatına qarşı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, Şolts Fələstin əhalisinə daha çox yardım göstərilməsi ilə bağlı çağırış edib. “Biz Almaniyada, Avropada, eləcə də ABŞ hökumətində yekdil fikirdəyik: milyonlarla qaçqının sığındığı və müdafiəsiz qaldığı Rəfaha hücum barədə düşünmək indi məsuliyyətsizlikdir. Bunun sonu yaxşı ola bilməz”, - Şolts bildirib.

Ukrayna daha bir Su-25-i məhv etdi

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus Su-25 hücum təyyarəsini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, Su-25 Donetsk vilayətində məhv edilib.

Mirzoyan Kassislə görüşdə Bakı ilə danışıqlardan söz açdı

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isveçrəli həmkarı İqnasio Kassis ilə Avropa Şurasının nazirlər sessiyası çərçivəsində görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Mirzoyan həmkarı ilə Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində son hadisələri, o cümlədən Almatıda aparılan danışıqlarda müzakirə olunan əsas məsələləri müzakirə edib.

Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edildi

Lerikdə uçqun nəticəsində bağlanan yolda hərəkət qismən bərpa edilib. "Report"un Cənub bürosunun məlumatına görə, gün ərzində ərazidə yol istismar idarəsinin daxili imkanları hesabına təmizlik işləri aparılıb. Rayonun Çayrud kəndi üzrə icra nümayəndəsi İlkin Hüseynovun bildirdiyinə görə, səhər saatlarından görülən işlər nəticəsində yolda hərəkət qismən bərpa olunub: "İri qaya parçalarını götürmək üçün əlavə texnikalara ehtiyac var. Ərazidə təhlükəli vəziyyət qalmaqdadır. Bu səbəbdən ərazidə təhlükəsizlik zolağı yaradılıb və polis növbəli xidmət aparır". Mayın 17-də Lerikdə dağda baş verən uçqun nəticəsində qaya parçaları yolu bağlayıb. Belə ki, dağdan qopan qaya parçaları rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən kəndin yolunu bağlayıb.

143 milyonluq cinayət işində adıkeçən idarə rəisi işdən çıxarıldı

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi polkovnik Nəriman Cabbarov vəzifəsindən azad edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Qeyd edək ki, Nəriman Cabbarov hazırda həbsdə olan Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovdan sonra bir müddət həmin vəzifəni icra edib, sonra isə nazirin əmri ilə adıçəkilən idarəyə rəis təyin olunub. MN-dəki 143 milyonluq cinayət işində Nəriman Cabbarovun adı keçib və polkovnik məhkəmədə şahid qismində dindirilib.

Xaçmaz-Quba yolunda sel suları hərəkəti çətinləşdirdi - Foto

Sel suları Xaçmaz-Quba yolunda avtomobillərin hərəkətini çətinləşdirib. Sozcu.az Report-a istinadən xəbər verir ki,bu gün Xaçmazda yağan qısamüddətli leysan nəticəsində yaranan sel suları avtomobil yolunda böyük gölməçə yaradıb. Belə ki, sürücülər Xaçmaz-Quba yolunun Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni avtomobil yolu ilə kəsişməsindəki keçiddə çətinliklə hərəkət edirlər. Suyun axarı olmadığından ərazidə 10-15 metr məsafədə 30-40 santimetr dərinliyində sel suları toplanıb. Əraziyə avtomobillərin hərəkətin bərpa etmək üçün Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub. Sozcu.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi. Bildirildi ki, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq. Dövlət başçısına Horadiz–Zəngilan avtomobil yolunda görülən əsaslı təmir işləri barədə də məlumat verildi. Qeyd edək ki, Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsi ötən əsrin 80-ci illərində inşa edilib və otuz illik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb. Uzunluğu 61 kilometr olan Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsində aparılıb. Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metrdir. Yolboyu mövcud asfalt-beton örtüyü qazılaraq kənarlaşdırılıb, yol yatağının və yol əsasının tikintisi, müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülüb. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub. Sonra Prezident İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu.

Bu gecədən başlayaraq mayın 25-dək... - Əhaliyə MÜHÜM XƏBƏRDARLIQ

Bu gündən Bakıda geomaqnit qasırğası müşahidə olunacaq. Sozcu.az Sfera.az-a istinadən xəbər verir ki, qasırğa öz təsirini gecə saatlarından etibarən göstərməyə başlayacaq. Mayın 20-də isə geomaqnit qasırğası səngiyəcək. 22 maydan isə yenidən müşahidə olunmağa başlayacaq və ayın 25-dək davam edəcək. Qeyd edək ki, hava şəraitindən asılı olaraq, yaşlı insanlar, hamilə qadınlar və xroniki xəstəlikləri olan insanların səhhəti pisləşə bilər. Xüsusilə baş ağrısı, başgicəllənmə, ürəkbulanma, oynaq ağrıları, yorğunluq və yuxusuzluqdan əziyyət çəkə bilərlər.

Müsavatda seçkilərin nəticələri - Fotolar

Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyası başa çatdı. Sessiyada  Məclisin sədri, katibi və Divan üzvlüyünə seçkilər keçirilib. Gizli səsvermənin nəticələrinə görə, Arif Hacılı Məclisin sədri, Fəridə Ələsgərli Məclisin katibi seçiliblər. Divan üzvülyünə 13 nəfər seçilib: Almaz Əliqızı Fərəc Kərimov Fəridə Ələsgərli Gülağa Aslanlı Hidayət İsmayıl Könül Alıyeva Mirbaba Babayev Mustafa Hacıbəyli Nemət Kərimli Nüşabə Sadıxlı Razim Əmiraslanlı Səxavət Soltanlı Yusif Mehdi Daha sonra partiya başqanı İsa Qəmbər öz müavinlərini təqdim edib. Məclis təqdimatları təsdiqləyib. Altı nəfər müavin təyin olunub. Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Fərəc Kərimli, Mustafa Hacıbəyli

Bakıda kişi nənəsini və arvadını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub. Sozcu.az -ın məlumatına görə, hadisə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. E. Əliyev yaşadıqları evdə aralarında yaranan mübahisə zamanı nənəsi L. Tatilovanı və arvadı E. Məmmədovanı bıçaqlayıb. Faktla bağlı cinayət işi başlanıb, E. Əliyev şübhəli şəxs qismində saxlanılıb.

150 bal toplayan da ali məktəbə qəbul ola bilər

Dövlət İmtahan Mərkəzinin psixoloqları imtahana bir-iki gün qalmış onların hansı rejimdə işləmələrini məsləhət verirlər. Abituriyent imtahana bir-iki gün qalmış istirahət etməlidir və imtahan günü biliyinə uyğun nəticəni toplamalıdır. Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZƏRTAC-a müsahibəsində söyləyib. DİM rəhbəri qeyd edib ki, bizdə ali məktəbə qəbul olmaq kifayət qədər sadədir, 150 bal toplayan şəxs ali məktəbə qəbul ola bilər.

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi ona HƏVALƏ EDİLDİ

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə edilib. Sozcu.az xəbər verir ki, bu təyinatadək Namiq İslamzadə Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində xidmət edib. Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb. N.İslamzadə 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Qeyd edək ki, bu barədə ilk xəbəri "manset.az" saytı yayıb.

Ziya Məmmədovun yaxın qohumu Gəncədə məktəbliləri çölə atdı

Gəncə şəhərində yerləşən Telman Hacıyev adına 2 saylı uşaq musiqi məktəbində dərslər dayandırılıb.  Modern.az-ın məlumatına görə, musiqi məktəbinin 16 sinif otağının yerləşdiyi ərazi 2007-ci ildə özəlləşdirilib. Məlumata görə, uzun müddət davam edən məhkəmə çəkişməsindən sonra sinif otaqlarının boşaldılması haqqında qətnamə qəbul olunub və hazırda qərar icra olunur. Bu, tədris ilinin yekunu ilə bağlı imtahanlara hazırlaşan şagird, müəllim heyətinin narazılığına səbəb olub. Artıq 3 gündən çoxdur tədris prosesi dayandırılıb, alətlər, şkaflar, stollar çölə atılıb. 60 işdən çoxdur fəaliyyət göstərən məktəbin binasına bitişik ərazi Məmmədova Yaqut Tofiq qızı tərəfindən alınıb. İddia əsasında məktəb binasının boşaldılması barədə qərar çıxarılıb. Otaqlardan çıxarılan invertar məktəbin əsas binasına toplanıb, lakin daha sonra iddiaçının nümayəndəsi əsas binanın da onlara məxsus olduğunu və buranı da boşaltmağı tələb edib. 80 müəllim, 500-dən çox şagirdin olduğu məktəbin satılması valideynləri də narahat edib. Məlumata görə, binanın sahibi sabiq nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur. O, vəzifədə olan zaman bina özəlləşdirilib. Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov deyib ki, onlar məktəbin bir hissəsinin icarə haqqı ödənilməsi şərti ilə cari tədris ilinin sonunadək istifadə olunmasını təklif etsələr də, qarşı tərəf bu təklifi qəbul etməyib. Ona görə də məhkəmənin qərarının icra etmək məcburiyyəti yaranıb.